Qədim simli musiqi aləti olan tambur ifaçısı Məhəmməd Məmmədovu Şimal-Qərb bölgəsində az insan olar ki, tanımasın. Vətən Müharibəsi günlərində bu el adamının “Millətin nə fərqi var” bəstəsinin sosial şəbəkələrdə yayınlanmasından sonra ona uğur gətirməklə yanaşı həm də ölkəmizin tolerant, multikultural dəyərlərə nə qədər sadir və önəm verdiyi bir daha aydın oldu.
Digər tərəfdən bu, düşmənin azsaylı xalqlarla bağlı yürütmək istədiyi təxribatçı təbliğata tutarlı cavabdır. Zəfər günü ərəfəsində yenidən bu sənət adamı ilə görüşdük. Dedik bir az da ruhumuz dincəlsin, bayatı və bəstələrini dinləyək.
Bizim.Media xəbər verir ki, vətəninə, elinə, ümumən doğma Azərbaycana qəlbən bağlı olan tambur ifaçısı Məhəmməd iştirak etdiyi bütün el şənliklərində, rəsmi tədbirlərdə ancaq Müzəffər ordumuzun şücaətindən bəhs edir, şeir və bayatılar söyləyir, insanlarda vətənə, dövlətə sevgi aşılayır.
Şöhrətim, şanım mənim,
Vətənim, canım, mənim.
Gözəlliklər məskənim,
Azərbaycanım mənim.
Tambur ifaçısının Azərbaycanla bağlı bu bayatısını şanlı zəfəri bizlərə yaşadan şəhidlərə ithaf etdiyi digər bir bayatı əvəzləyir.
Salam olsun, Vətənə can deyənə,
Bu Vətən çün canın qurban edənə.
Salam olsun, şəhid olub gedənə,
Siz ölmədiz, siz həmişə varsınız.
Ürəklərdə daima yaşarsınız .
Siz ölmədiz, siz həmişə haqsınız,
Tarixlərdə daima yaşarsınız.
Artıq iki ildir şəhidlərin qanı, qazilərin canı bahasına Şuşada üçrəngli bayrağımız dalğalanır. Tambur ifaçısı bu qürurlu anı belə qələmə alıb.
Salam olsun, aranıma, dağıma,
Salam olsun, gözəl Qarabağıma.
Salam olsun, üçrəngli bayrağıma,
Qoy hər yanda bayrağımız ucalsın,
Şuşada, Xankəndində dalğalansın.
Tarixdə olduğu kimi bu gün də dünya Azərbaycan-Türkiyə qardaşlığına, müttəfiqliyinə həsəd apara bilər.
Haydı əsgər, irəliyə,
Türk oğlu baxmaz geriyə.
Eşq olsun bu birliyə,
Azərbaycan-Türkiyə!
Tambur ifaçısı milli birlik və bərabərlik haqda bəstəsindən danışarkən deyir ki, bu ifa ona şöhrət gətirib, dünyanın dörd bir yanından Can Azərbaycan adına yüzlərlə, minlərlə insandan zənglər, mesajlar təşəkkürlər alıb.
Və əlbəttə Azərbaycanda milli birlik və bərabərliyi əks etdirən bu bəstənin ilk bəndi belədir.
Millətin nə fərqi var,
Talış, ləzgi ya avar.
Hamımızın bir yurdu var,
O da Azərbaycandır!
Azərbaycanın mədəniyyət paytaxtı Şuşada keçirilən ilk festivalın iştirakçısı olan Məhəmməd Məmmədov Zəfər həftəsi boyunca Zaqatalanın müxtəlif məkanlarında, orta məktəblərdə vətənpərvərlik ruhunda ifaları ilə çıxış edib. Bütün görüşlərini isə bu bayatı ilə yekunlaşdırıb.
Hər yan gül, abad oldu,
Torpaqlar azad oldu.
Ordumuz zəfər çaldı,
Millətimiz şad oldu.
Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu