“Subay olsaydım, boşanmış qadınla evlənərdim” – PRoMete - MÜSAHİBƏ

Hazırda oxunan: “Subay olsaydım, boşanmış qadınla evlənərdim” – PRoMete - MÜSAHİBƏ

102826

Keçmiş “H.O.S.T” qrupunun üzvü, repçi Pərviz İsaqov (PRoMete) Bizim.Media-ya MÜSAHİBƏSİ

 ⁃ Bir neçə həftə əvvəl Şuşaya getmişdiniz. Orada Polad Bülbül oğlunun qızı Leyla xanımla bir araya gəldiniz. Bu səfəriniz və görüşünüz nə ilə bağlı idi?

 ⁃ Bu iş əsnasında olan görüş idi. Şuşaya Zəfər günü ilə bağlı çəkilən reklam çarxı üçün getmişdik. Orada Bül-Bülün ev muzeyinə girəndə Leyla xanımla görüşdüm. Onunla tanış oldum. Leyla xanım bildirdi ki, atası Polad Bül-Bül oğlunun da həmtəsisçisi olduğum musiqi yayım şirkəti "Mikpro" ilə çalışmasını istəyir. Elə bu məsələ üzərində səmimi söhbətimiz oldu. Düşünürəm ki, bu iş birliyi alınacaq. Təbii ki, mən bunu gözləmirdim. Açığı gözləmirdim ki, illərlə Polad müəllimin dövründə və ya ondan sonrakı illərdə yaşamış insanların əksəriyyətinin məişətdə də danışıqları rus dilindədir. Leyla xanımın Azərbaycan dilində bu qədər mükəmməl və səlist danışması məni sözün əsl mənasında təəccübləndirdi. Çox sadə bir xanımdır. Təbii ki, mənə düşməz bunu demək, amma yenə də deyəcəyəm. Polad Bül-Bül oğluna afərin düşür ki, bu cür övlad yetişdirib. 

 ⁃ Ötən il noyabrın 10-da güclü külək başlayan zaman ananız Pərvanə xanımın üzərinə böyük ağac aşmışdı. Ciddi xəsarət aldığından onun ayağı amputasiya edilmişdi. Hazırda Pərvanə xanımın səhhəti necədir? Baş verən ürək dağlayan hadisə ilə bağlı hüquq-mühafizə orqanları hansı qərarı qəbul etdi? 

 ⁃ Anamın ayağına protez taxılıb. Gəzir. Hər şey qaydasındadır. Anam ikinci reabilitasiya dövrünü də bitirdi. Yetərincə gümrah və nikbindir. Artıq əvvəlki bədbinliyi keçib. İndi nəvəsini məktəbə aparır-gətirir. Ümümi vəziyyəti qənaətbəxşdir. Amma təəssüflər olsun ki, məsələ ilə bağlı heç nə həll olunmadı. Prokuratura bildirdi ki, baş verən hadisədə heç kimin günahı yoxdur. Bu qədər şahidlər dindirildi, ifadələr alındı, hadisə nəticəsində anam ayağını itirdi və zərər çəkdi. Sonda isə bizə bildirdilər ki, ağac aşmalı idi. Halbuki, bu kiminsə məsuliyyətsizliyi ucbatından baş verdi. Hadisə iə bağlı hələ proses davam edir. Prokurluqdan sonra məhkəmə mərhələsi başlayır. İşimiz məhkəmədədir. 



 ⁃ Eşitdiyimizə görə, yeni treklər üzərində çalışırsınız. Nə yeniliklər var? 

⁃ Uzun fasilədən sonra noyabrın dördü birinci trekimi təqdim edəcəyəm. Özümü kökləmişəm yaradıcılığa. Hazırda səkkiz hazır trek var. Əvvəlcə köhnə üslubda olan trekləri yayımlayacağam, ardından isə "Yaradan" adlanan "funk rap" üslubunda repi. Məhz bu replə mənim yeni yaradıcılıq mərhələm başlayacaq. 

 ⁃ Duetlər olacaq?

 ⁃ Kiminlə ki, arzu edirəm duet oxumaq, o insanlar hazırda deyirlər ki, yaz ver, oxuyaq. Məsələn, Xalq artisti Faiq Ağayevlə demək olar ki, duetimiz hazırdır. Yaşar Baxış həmin mahnını aranjiman edib, bitirib. Sadəcə, mənim hissəm yazılmalıdır. Artıq bir ilə yaxındır ki, biznesdən başımı ayıra bilmirəm ki, studiyaya girib həmin treki yazdırım. 

Faiq Ağayevlə oxuduğumuz duet "Zəfər" günü ilə bağlıdır. Bu mahnı "Qaya" qrupunun repertuarındandır. Dinləyəndə xoş xatirələrə dalacaqsınız. Eyni zamanda, "Səs Azərbaycan" mahnı müsabiqəsinin qalibi Emiliya Yaqubova ilə də duetimiz olacaq. Duet təklifi Emiliyanın şəxsən özündən gəlib. Yazdığım treki bəyənib və onu mənimlə duet şəklində oxumaq istəyib. Müraciətini də müsbət qarşılamışam. İllər əvvəl qaralamam vardı. Bəstəkar İsmayıl Əsədovun "Hər cümləmdə" adlı mahnısı var. O nəğməni Xalq artisti Zülfiyyə Xanbabayeva ifa edib. Həmin duetə Zülfiyyə xanım isti baxmadı. Elə cızma-qaralama şəklində də qaldı. Amma istərdim Xalq artisti Tünzalə Ağayeva, Əməkdar artist Abbas Bağırovla duet layihə edim. Abbas yeniliklərə və fərqliliklərə çox açıq və hazır sənətçidir.

 ⁃ Daha əvvəl və indi yazıb dediyiniz replərdən “PRoMete” pul qazana bilir?

⁃ Təbii ki, qazanıram. Rəqəmsal platformalara ilk mahnı yerləşdirən ifaçılardan biri elə özüməm. 2011-ci ildə replərimi yerləşdirəndə orada Xalq artisti Emin Ağalarovun, Əməkdar artist Səbinə Babayevanın və "Yuxu" qrupunun mahnıları vardı. Azərbaycan həştəqləri altında mahnılar axtaranda başqa mahnı tapa bilməzdin.

2011-ci ildən 2022-ci ilə kimi hesablasaq, təxmini 70-80 min dollar qazanmışam. Ola bilər ki, hansısa ay və ya günlərdə oxuduğun mahnıdakı mövzu hansısa yaşanan aktual hadisələrlə üst-üstə düşə bilər ki, nəticə etibarı ilə daha çox dinlənilərsən və yaxşı pul qazanarsan.

 ⁃ Sizin sözünüzdən belə çıxır ki, o müğənnilər ki, ifa etdikləri nəğmələri rəqəmsal platformada yayımdadır, onlar "qaz vurub, qazan doldurur"? Çünki ifaçılardan qazanclarını soruşanda dərhal "Toy olmasa acından ölərik" sözlərini söyləyirlər.

 ⁃ Mənimlə çalışan bir sıra ifaçılar var. Onlar arasında rəqəmsal platformadan aya 10.000 avro pul qazanan müğənnilər var. Amma o ifaçılar toya gedib oradan o məbləği bir günə götürürlər. Belə olan təqdirdə isə onun rəqəmsal platformadan qazandığı pullar gözünə görünmür. 

 ⁃ Müğənnilərə yazdığınız mahnıları neçəyə satırsınız?

⁃ Bu zamana kimi yazıb satdığım mahnı olmayıb. Daha çox reklam və kommersiya məqsədləri üçün hər hansısa mahnılar yazmışam. Onun da təbii ki, pulunu almışam. Bu isə kommersiya sirri olduğundan sizə məbləği açıqlaya bilməyəcəyəm. Amma elə repçilər ki, hansı ki mahnı yazırlar, müğənnilərlə onların arasında vasitəçi olmuşam. Mahnılarının alış-verişində yardım əlimi uzatmışam.

 ⁃ Rep Azərbaycanda nə zaman dirçələcək?

 ⁃ Artıq dirçəlib. Bir çox gənc repçilər treklərini "Youtube", "Instagram" və "TikTok" vasitəsi ilə yayımlayırlar. Onlar yazdığı treklərdən yaxşı pul qazanırlar.

 ⁃ Amma biz onları əvvəlki vaxtlarda olduğu kimi indi televiziya kanallarında, verilişlərdə görmürük. Sizcə bunun səbəbi nədir?

 ⁃ Teviziyalarımızda elə bir platforma yoxdur ki, repçilər özlərini və sənətlərini orada nümayiş etdirsinlər. Sosial platformalarda isə azadlıq var. Məsələn, repçi "Paster" efirdə söyüşlə rep deyə bilmir, amma "Youtube"da bunu asanlıqla edir.

⁃ Sizi cəmiyyətimizdə hansı məsələlər daha çox narahat edir?

⁃ Bir vətəndaş kimi məni ciddi şəkildə narahat edən fərdiləşmək məsələsidir. Hər kəs özünə hesabat vermək üçün nələrsə etməlidir. Çünki əksər hallarda o, bunu özü üçün yox, kənar şəxslər üçün edir. Kənar şəxslər üçün yaşayır. Bizi başa düşmək olar, "ok", biz səhnə insanlarıyıq. Amma hər hansı bir addım atanda belə dinləyicinin, tamaşaçının necə qəbul edəcəyini düşünürük. Amma insanlar bunu ailəsində niyə hesablamalıdırlar ki, sabah qonşum bizə nə deyər? Qonşunun öz həyatı var, sənin isə öz. 

⁃ Həyat yoldaşınıza və qızınıza sərhədlər çəkib, yasaqlar qoyursunuz?

⁃ Artıq 10 ildir ki, evliyəm. Xeyr, onlara sərhədlər çəkmirəm. Evdə "Gestapo" rejimi hökm sürmür. Xanımımın vermək istədiyi qərarları birlikdə müzakirə edirik. Mən necə ona deyə bilərəm ki, filan şeyi etmə.



⁃ Qızınıza sosial şəbəkələri qadağan etmisiniz? 

⁃ Xeyr, heç bir qadağa yoxdur. Qızım Sofiyanın səkkiz yaşı var. Onunla "TikTok"da videolara bir yerdə baxırıq. Hətta bir də görürsən ki, Sofiyanın önünə "TikTok"da xoşagəlməz kontent və ya video çıxır, dərhal baxmaq istəmədiyini söyləyir. Biz ona necə yanaşırıqsa, o da hər şeyə elə yanaşır.

⁃ Necə düşünürsünüz, son zamanlar boşanmaların sayı niyə artıb? 

⁃ Əgər insan qarşı tərəflə yaşaya bilmirsə, niyə bunu məcbur etməlidir ki?! Niyə sonra özlərini vurub-öldürsünlər ki? Münasibətləri alınmırsa, boşansınlar. Rahatlıq deyilmi? Ayaqyoluna getmək istəyəndə, ora getmirik ki? Ayaqyoluna getməklə biz lazım olmayan maddələrdən azad oluruq. İki insan əgər yaşayıb anladılar ki, onlar bir-biri üçün deyil, o zaman ayrılsınlar. Burada pis nə var? Əlbəttə, boşanmanın çox olması yaxşı deyil. Boşanmaq leqal prosesdirsə, niyə olmasın? Bu məsələlərə cəmiyyət rahat yanaşmalıdır. Boşanmaq dünyanın sonu deyil.

⁃ Qızınıza icazə verərsiniz boşanmış oğlanla ailə qursun? 

⁃ Ailə qurmaq məsələlərində qızımın işinə qarışmayacağam. Amma ona ata öyüd-nəsihəti hər zaman verəcəyəm. Amma qızım seçimini etdiyi an müdaxilə etməyəcəyik. Çünki seçim edən biz yox, odur

⁃ Evli olmasaydınız, boşanmış qadınla evlənərdiniz?

⁃ Bu dünyanın sonu deyil. Əlbəttə, boşanmış qadınla ailə qurardım. Axı burada qeyri-adi bir şey yoxdur. Əgər bu sualın arxasında qızın bakirəlik məsələsi dayanırsa, cəmiyyət bu faktordan azad və rahat olmalıdır. Azadlıq insanların şüurunda, ruhundadır. Cəmiyyətdə daha ciddiyə alınası məqamlar var

 ⁃ Televiziya rəhbəri olsaydınız, kimlərin üzünə efirin qapısını bağlayardınız?

 ⁃ Televiziya rəhbəri olsaydım, Xalq artisti və "Xəzər" telekanalının rəhbəri Murad Dadaşov kimi müşahidə rejimində qalardım.

 ⁃ Zaur Baxşəliyev, Zaur Kamal, Xoşqədəm Hidayətqızı və Elgiz Əkbər kimi ictimai-sosial verilişlər aparan aparıcılar efirlərdə olmalıdırlar? 

⁃ Xoşqədəmlə şəxsi tanışlığım yoxdur. Zaur Kamalın radio formatını çox bəyənirəm. Onun radioda aparıcılığından həzz alıram. Səsi də yaxşıdır, veriliş aparması da. Zaur radio efirinə çox yaraşır. Amma televiziyada, ekranlarda Zaur Kamala baxmağı xoşlamıram. Zaur Baxşəliyev isə ciddi televiziya mütəxəssisidir. O, özünü sıfırdan inşa edib. Zaur efirdə nə etdiyinin fərqindədir.

Rəşad Əliyev, Bizim.Media





© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin