İlbəil nikaha girənlərin sayı azalır. Daha doğrusu normal yaş həddində nikaha girməmək halı artıq problemdir. Mütəxəssislərin fikrincə, gənclər arasında biri-birinə qarşı olan etimad və şübhələr evlənməyə əngəl törədir.
Həmçinin karyera qurmaq arzusunda olan gənclər var ki, nikah üçün normal yaş həddini ötürərək həyatlarını təhsil və işə həsr edirlər. Bu isə gənclərin ailə qurmamasına səbəbdir.
Statistika Komitəsinin məlumatına görə Azərbaycanda Ədliyyə Nazirliyinin qeydiyyat şöbələri tərəfindən ötən ilin yanvar-noyabr aylarında 32 437 nikah və 13 439 boşanma halları qeydə alınıb. Əhalinin hər 1 000 nəfərinə nikahların sayı 3,5, boşanmaların sayı isə 1,5 faiz olub.
MÖVZU İLƏ BAĞLI:
Pandemiya nikahların və boşanmaların sayına təsir edib
Doqquz ayda 11 mindən çox ailə boşanıb
2019-cu ildə nikaha girənlərin sayı 63869, boşananların sayı isə 17148 nəfər təşkil edib.
Əhalinin hər 1000 nəfərinə nikahların sayı 6,4, boşananların sayı isə 1,7 faizlə dəyişib.
Göründüyü kimi, 2020-ci ildə bir il əvvəlki dövrlə müqayisədə 2 dəfə az cütlük nikaha girib. Boşananların sayında da müvafiq dövrlə müqayisədə azalma var.
Məlumat üçün bildirək ki, 2018-ci ildə nikaha girənlərin sayı 62484, boşananların sayı isə 14857 nəfər olub.
Araşdırmalar göstərir ki, əvvəlki illərlə müqayisədə ən çox nikaha girmə və az boşanma 2011-ci ildə qeydə alınıb. Belə ki, 88145 cütlük il ərizndə nikaha daxil olub.
10747 cütlük isə nikahı pozanlardır. Ekspertlər ötən il nikaha girənlərin sayında azlıq təşkil etmə səbəbini pandemiya ilə əlaqələndiriblər.
Qeyd edək ki, Azərbaycanda ötən ilin fevral ayından mövcud olan pandemiya səbəbindən sərt karantin tətbiqi davam edir. Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı ilə ötən il mart ayından etibarən toyların, nişan və xınayaxtıların keçirilməsi məhdudlaşdırılıb.
Bu qərar hələ də qüvvədədir. Ailə daxilində, kağız üzərində rəsmi nigaha girənlər olsa da, göstəricilər say çoxluğuna təsir etmədiyini göstərir.
Amma söhbət təkcə ötən ildəki statistikadan deyil, son 10 ildə evlənən və boşananlarla bağlı saydan gedir. Statistika Komitəsinin bununla bağlı hər il açıqladığı rəqəmlərdən bəlli olur ki, son 10 ildə Azərbaycanda evlənmək istəyənlər azalma tendensiyası ilə davam edir. Bu isə ailə institutunun zəifləməsi və gələcəkdə ciddi problemlərlə qarşılaşacağımızdan xəbər verir.
Uzun zamandır ölkədə müvafiq qurumlar tərəfindən müəyyən maarifləndirmə işləri həyata keçirilsə də, rəqəmlərdən göründüyü kimi bunun bir nəticəsi olmayıb.
Maraqlıdır, insanlar son zamanlar niyə evlənməyə bu qədər meyilli deyillər? Buna zəmin yaradan əsas hansı səbəblərdir?
"Yeni Həyat” Hümanitar və Sosial Dayaq İctimai Birliyinin sədri Nailə İsmayılova Bizim.Media-ya açıqlamasında deyib ki, vətəndaş cəmiyyəti olaraq bu məsələləri gündəmdə saxlamalıyıq:
“Pandemiya iqtisadiyyata, insanların sosiallaşmasına, təhsilə və bir çox sahələrə təsir etdiyi kimi ailə institutundan da yan keçmədi. Yaxın ətrafımda gördüyüm və topladığım təcrübələr göstərdi ki, pandemiya dövründə toy baş tutmayan, amma rəsmi nigaha girən çox sayda cütlük ayrılıb. Faktiki ər-arvad olmayan, kağız üzərində nikaha girən nə qədər cütlüyün münasibətləri korlanıb.
Bu da boşanma statistikasına salınır və say artır. Bundan əlavə nişanlı olanlar var ki, pandemiya dövründə nikaha girə bilmədikləri üçün ailələri arasında mübahisə yaranıb. Bu da nişanın qaytarılması ilə nəticələnir. Müşahidələr göstərdi ki, daha çox toy həvəsində olanlar qızlardır. Ağ gəlinlik libası geyinmək və təmtəraqlı toy arzusunda olan qızlar məhz bu səbəbdən kağız üzərində nikaha girmirlər. Təbii ki, başadüşüləndir. Amma dövrl ayaqlaşmalıyıq. Vacib deyil ki, toy olsun.
Cütlüklər nikah masasına əyləşib, ailə münasibətlərini doğmaları ilə bağlaya bilərlər. Şərt deyil ki, orada onlarla və yüzlərlə insan iştirak etsin. Bu, bizə heç nə vermir və dərinə getsək mənfi tərəflərini üzə çıxarmış olacağıq. Toy əslində biznez növüdür və insanların marağında olan bir prosesdir”.
Nailə İsmayılova son illərdə nikaha girənlər arasında say nisbətinin aşağı düşməsini maddi çətinlik və gənclərin bir-birlərinə etimad göstərməmələri ilə əlaqələndirib:
“Müşahidələr göstərir ki, son vaxtlar sosial şəbəkələr üzərindən baş tutan nikahlar tez bir zamanda da boşanma ilə nəticələnir. İki tərəfin bir-biri ilə razılığa gəlməməsi, anlaşılmazlıq və maddiyyat nikah sayının azalması, boşanmaların isə artması ilə nəticələnir.
Boşanmalara səbəb çoxdur. İlk sırada dayanan isə xəyanətdir. Yenə də burada sosial şəbəkələrin rolu az deyil. Bu platformalar insanlar üçün iş xarakteri daşımalıdır. Amma insanların hamısı eyni fikirdə, əqidədə deyillər. İstədiyini ailəsindən ala bilməyənlər başqa yerdə macəra axtarışında olurlar. Bu da xəyanətə və qısqanclığa gətirib çıxarır ki, hər iki hal çox böyük ailə faciələrinə səbəb olur”.
QHT sədrinin sözlərinə görə ailə institunun dağılmasında ən çox zərəri uşaqlar görür:
“Ya valideynlərindən birini itirirlər, ya da ailə natamam olur. Uşaqlar natamam ailələrdə çox sıxılır, özlərini güvənsiz hiss edir və getdikcə cəmiyyət üçün problemə çevrilirlər. O uşaqlar ailələrində aldıqları travmanın qisasını cəmiyyətdən alırlar. Bu isə heç yaxşı hal deyil".
"İctimaiyyətdə yayılan bu cür xoşagəlməz hallar evlənmək istəyində olnları da yayındırır. Nikaha girənlərin sayında azlığın təşkil etməsinin digər səbəbi gənclərin təhsil və karyera arxasınca getmələridir".
"Daha çox xaricə təhsil almaq üçün yollanan gənclər vətənə döndükdən sonra öz dünyagörüşlərinə və ya kriteriyalarına uyğun həmfikir və yoldaş tapmaqda çətinlik çəkirlər. Bu da müəyyən qədər sözügedən problemə təsirsiz ötüşmür. Bütün bunları nəzərə alaraq ailə institutunun möhkəmləndirilməsi üçün dövlət maariflənidirici tədbirlərini gücləndirməlidir”.
Alçina Amilqızı, Bizim.Media