Xəbər verildiyi kimi noyabrın 1-də Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Mədəniyyət Nazirliyində xüsusi əməliyyat keçirib. Əməliyyat nəticəsində mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev, nazirliyin Təchizat və Əmlak Şöbəsinin müdiri İlkin Nəsibov və Protokol Şöbəsinin rəisi Kamil Rzayevin saxlanıldığı söylənilir. Siyahının 18 nəfərə qədər uzandığı da ehtimal olunur.
Qeyd edək ki, əməliyyat zamanı saxlanılan mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev prezidentin sərəncamı ilə vəzifəsindən kənarlaşdırılıb və istintaqa cəlb olunub.
Elnur Əliyev Cinayət Məcəlləsinin 179.4-cü (Xüsusilə külli miqdarda mənimsəmə) maddəsi ilə məsuliyyətə cəlb edilib və barəsində yaşayış yerini tərk etmək hüququnu məhdudlaşdıran qətimkan tədbiri seçilib. Protokol Şöbəsinin rəisi Kamil Rzayev barəsində hər hansı bir qətimkan növünün seçilməsi ilə bağlı məlumat yoxdur. Həbs edilən Mədəniyyət Nazirliyinin Təchizat və əmlak şöbəsinin müdiri İlkin Nəsibovun isə nədə ittiham olunması məlum olub.
Nazirliyinin şöbə müdiri Cinayət Məcəlləsinin 179.4-cü maddəsi ilə külli miqdarda mənimsəmədə ittiham olunur. Onun barəsində Səbail rayon Məhkəməsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.
Beləliklə DTX tərəfindən saxlanılan nazirlik vəzifəlilərinin hər biri külli miqdarda mənimsəmədə ittiham olunurlar.
Maraqlıdır, ağır maddə ilə ittiham olunan şəxsləri nə qədər həbs gözləyir?
Bizim.Media-ya danışan Vəkillər Kollegiyasının üzvü Əsabəli Mustafayev nazirlikdə saxlanılanlarla bağlı siyahının uzanacağını qeyd edib:
MÖVZU İLƏ BAĞLI:
Elnur Əliyevin işə çıxması xəbərləri doğru deyil - İstintaq davam edir
“Çox güman ki, siyahı böyüyəcək. Bunlar mütəşəkkil dəstə kimi tanınsa, ağırlaşdırıcı hal kimi, 179-un bir neçə maddəsi ilə ittiham oluncaq. Yəqin ki, ittihama həmin şəxslərin vəzifələrindən sui-istifadə etmələri barədə də maddə əlavə olunacaq. Hamıs birləşdirilib yekun hökm çıxarılacaq. Təcrübəyə əsaslanaraq deyə bilərəm ki, hər birini 12-15 ilə qədər azadlıqdan məhrumetmə cəzası gözləyir”.
Hüquqşünas qeyd edib ki, əsl pul silinmə Təchizat və Əmlak Şöbəsində gedir:
“Dəftərxana, kompüter və avadanlığın mənimsənilməsi zamanı böyük pullar yeyilir. Əsas pul indi təchizatda silinir. Praktikadan da görünür ki mənimsəmə və talan etmə cinayətləri heç vaxt təkbaşına edilmir. Burada mütləq qrup halı baş verir. Xüsusilə şöbə müdiri vəzifəsində olan şəxs heç vaxt bunu tək edə bilməz. Araşdırma aparıldıqca, dəstə ortaya çıxacaq”.
Alçina Amilqızı, Bizim.Media