Əhməd Cavad "Xuluqda" şeirini zarafatla yazıb? – TƏFƏRRÜAT - FOTO

Hazırda oxunan: Əhməd Cavad "Xuluqda" şeirini zarafatla yazıb? – TƏFƏRRÜAT - FOTO

102601

Bu günlər anadan olmasının 130 illiyi qeyd edilən istiqlal şairi, 1937-ci il qaragüruhunun qurbanı olan Əhməd Cavad 1920-22-ci illərdə Qusarda müəllim işləyib.

Bizim.Media xəbər verir ki, bu barədə həm tarixi mənbələrdə, həm də Qusardan olan yazarların kitablarında məlumat yer alıb.

Tanınmış jurnalist-yazıçı Sədaqət Kərimova "Qusar:Qusarlılar" kitabında  da böyük Əhməd Cavadın Xuluq həyatı barədə bölümə rast gəlinir.
Şairin Xuluqdakı kənd həyatından bəhs edən müəllif onun "Xuluqda" adlı şeirinin kəndə zarafatla yazılmış həcv olduğunu bildirir.

“Soyuq bir cəhənnəm, bir soyuq ölkə
Soyuq güc gəlirdi, sığındım kürkə,
Bu kürk olmasaydı, gəlməzdi bəlkə,
Bu imansız qışın yazı Xuluqda.

Bu misralarla başlayan şeiri oxuyan qohum-ərqəbanın qərarı kəsilir. Şeirdən belə məlum olur ki, soyuqdan canı əsən şairə kənddə bir cüt yun corab qıyan da yoxdur. Gəncə bazarından şairə isti pal-paltar alan bir dəstə adam Xuluqa yola düşür. Lakin onlar kənddə şairin yazdıqlarının  əksini görürlər. Burada hörmət və sevgi ilə əhatə olunan şairi kənd sakinləri növbə ilə evlərinə qonaq aparır”.

Sədaqət Kərimovanın məlumatından aydın olur ki, şair "Xuluqda" şeirini dostlarından ötrü darıxdığı və onları bura gətirmək üçün zarafatla qələmə alıbmış.

Əslən Xuluq kəndindən olan qusarlı müəllim Qorxmaz Muradov Bizim.Media-ya Əhməd Cavada bağışlanan kürk və neft lampasından danışıb.

Bildirib ki, şairə lampanı və kürkü rəhmətlik  Dəvrişəli babası bağışlayıb.

“Mən "Xuluqda" şeirini 1970-ci illərdə babama oxuyanda babam da narazı qalmışdı. Sonradan bildik ki, bu, böyük şairin  dostlarını Xuluqa yığmaq üçün bir zarafatı imiş. Babamın bağışladığı lampa indi Xuluqda sakinlərdən birinin evində saxlanılır".
1937-ci ilin 15 dəqiqəlik "məhkəmə"qərarı ilə "xalq düşməni" damğası ilə güllələnən Əhməd Cavadı qusarlılar indi  də hörmətlə xatırlayır, yad edir.

Onun ləzgi qızlarına həsr etdiyi məşhur "Pərizadə" şeirini də əzbərdən bilməyən Qusarda çətin tapılar:

"Süzər yaşılbaş sonalar kimi,
Oxur Pərizadə ləzgi qızları.
Dadmışlarmı nədir eşqin camını,
Gəlmişdir fəryadə ləzgi qızları".

Aytəkin  Alxaslı, Bizim.Media, Şimal bürosu

















© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin