Kann Festivalına nəylə gedək? - Kinoşünasdan AÇIQLAMA

Hazırda oxunan: Kann Festivalına nəylə gedək? - Kinoşünasdan AÇIQLAMA

10251

2021-ci il 6-17 iyul tarixlərində kinosevərlərin gözü 74-cü Kann Film Festivalına yönələcək. Bu festival rejissorlar üçün Oskardan sonra “əsil savaş meydanıdır” desək, yanılmarıq.

Maraqlıdır, Qarabağ savaşından qalib çıxan bir ölkə kimi Azərbaycan bu festivalda hansı filmi ilə öz gücünü sınayacaq? Sualı cavablandırmaq üçün Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının direktoru Fariz Əhmədovla əlaqə saxladıq.

O, Bizim.Media-ya açıqlamasında festivala film göndərmədiklərini dedi:

“Çünki yeni film istehsal etməmişik”.

Direktor əlavə etdi ki, “Azərfilm”dən söhbət gedirsə, bir ildən artıqdır ki, film istehsalı tamamilə dayanıb: 

”Müsabiqələrlə yenidən bərpa etməyə çalışırıq. Məsələn, bu yaxınlarda Mədəniyyət Nazirliyinin “Qayıdış” filmini çəkmək anonsu verildi. 10-na yaxın bədii filmin nümayişi nəzərdə tutulur. Özəl şirkətlərin istehsalı olan filmlərin isə Kannda iştirak edəcəyini bilmirik”.

Fariz Əhmədov vurğuladı ki, “Suqranın uşaqları” filmi “Buta film” və Bakı Media Mərkəzinin birgə istehsalı olub:

“Onların bu filminin də Kann Film Festivalına təqdim ediləcəyi bəlli deyil:

“Salnamə” filmimiz var. Biz onu festivallara göndəririk. İndi bilirsiniz ki, festivallar keçirilmir. Hətta bəzi film festivalları online oldu. Hər bir istehsal edilən filmin piar və reklam dövrü başlayır, ondan sonra festivallara göndərilir. Biz də arzulayırıq ki, pandemiya dövrü  bitsin, yeni filmlərin istehsalına başlayaq. Hər bir  azərbaycanlı rejissorun arzusudur ki, Kann Film Festivalında iştirak etsin”.

Mövzu ilə bağlı prodüser, rejissor İlqar Nəcəfin fikrini öyrəndik. O, “Suqranın uşaqları” filminin Kann Film Festivalına getməyəcəyini bildirdi.

Kinoşünas Aydın Kazımov isə vurğuladı ki, Azərbaycan filminin Kann Film Festivalında iştirak etməsi üçün səviyyə lazımdır:

“1 milyonla, 500 minlə film çəkmək olmur. Güclü ssenarisi, rejissor işi, aktyor ifası olan filmin qabağını almaq olmur. Oskar Film Festivalına bizim filmlərdən bir neçəsi getdi, lakin geri qaytarıldı. Heç olmasa qapını açdılar''.

''Filmlər elə çəkilməlidir ki, beynəlxalq film müsabiqələrinə gedib çıxa bilsin. “Günəşdən usanmışlar” filminin ssenari müəllifi Rüstəm İbrahimbəyov idi. O filmi Nikita Mixalkov elə güclü çəkdi ki, Oskar aldı. Lazımi vəsait ayıranda, mövzu maraqlı olanda film Oskar da alır, Kann Film Festivalında da iştirak edir”.

Gülşanə Mustafayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin