Milli Məclisin həkim deputatları – ARAŞDIRMA 

Hazırda oxunan: Milli Məclisin həkim deputatları – ARAŞDIRMA 

102473

Azərbaycan Respublikasında qanunverici hakimiyyəti təmsil edən Milli Məclisdə müxtəlif peşə sahibləri təmsil olunurlar. 

Maraqlıdır ki, onların içərisində həkimlərin sayı kifayət qədərdir. 

Bizim.Media həkim deputatları təqdim edir:

Əhliman Əmiraslanov   

Cərrah-onkoloq, tibb elmləri doktoru, professor Əhliman Əmiraslanov N.Nərimanov adına Dövlət Tibb Univeristetinin müalicə-profilaktika fakültəsinə daxil olub. Tələbəlik dönəmində Bakı şəhər Kliniki Onkologiya Xəstəxanasında tibb qardaşı vəzifəsində çalışmağa başlayıb. Universiteti bitirdikdən sonra həmin xəstəxananın cərrahiyyə şöbəsində həkim-ordinator və şöbənin müdiri vəzifələrində çalışıb,  1992-ci ildən 2015-ci ilədək Tibb Universitetinin rektoru olub.  

Rəşad Mahmudov

Tibb elmləri doktor Rəşad Mahmudov ürək-damar cərrahıdır. Türkiyədə 9 Eylül Universitetinin tibb fakültəsində oxuyub və 1997-2003-cü illərdə isə həmin universitetin ürək-damar cərrahiyyəsi Elmi Mərkəzinin doktoranturasında təhsil alıb. 

2006-cı ildə Ali Attestasiya Komissiyasında namizədlik dissertasiyası müdafiə edərək tibb elmləri namizədi alimlik dərəcəsi alıb. 1997-2002-ci illərdə Türkiyədə Ege Universitetinin ürək-damar cərrahiyyəsi mərkəzində, 2003-2004-cü illərdə Şifa Xəstəxanalar Qrupunda, 2004-2005-ci illərdə İzmir şəhərindəki Kent xəstəxanasında, 2005-ci ildən indiyə qədər Mərkəzi Neftçilər Xəstəxanasının Ürək-damar cərrahiyyəsi şöbəsinin müdiri və ürək-damar cərrahı işləyir. 

Müşfiq Məmmədli

Azərbaycan Dövlət Tibb Universitetinin Pediatriya fakültəsini bitirmiş, Sankt-Peterburq Dövlət İqtisad Universitetinin Ali İqtisad Məktəbində MBA proqramı çərçivəsində Səhiyyə təşkilatlarının menecmenti ixtisasına yiyələnib.

1996–1997-ci illərdə Sumqayıt Şəhər Uşaq Xəstəxanasında internatura keçmiş, 1997–2000-ci illərdə qəbul şöbəsinin həkimi vəzifəsində işləyib. 2000– 2003-cü illərdə Türkiyənin İstanbul şəhərində Bəylərbəyi Sağlıq Sarayının, daha sonra Bayramoğlu Bələdiyyə Xəstəxanasının həkim-pediatrı olub. 2006–2008-ci illərdə Sumqayıt şəhərində Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının həkim-pediatrı, 2008–2015-ci illərdə Sumqayıt Şəhər Uşaq Xəstəxanasının həkim-pediatrı, 2015–2016-cı illərdə pediatriya şöbəsinin müdiri vəzifələrində çalışmıb. 2016-cı ildən Sumqayıt Şəhər Uşaq Xəstəxanasının baş həkimidir.

Məlahət İbrahimqızı

Məlahət İbrahimqızı Azərbaycan Dövlət Tibb İnstitutunun pediatriya fakültəsini bitirib. Lakin fəaliyyətini bu sahədə davam etdirməyib və Bakı Dövlət Universitetinin hüquq fakültəsinə daxil olaraq ikinci ixtisasa yiyələnib və bu istiqamətdə fəaliyyət göstərib.    

Ülvi Quliyev

Azərbaycan Dövlət Tibb İnstitutunun əczaçılıq fakültəsini bitirən Ülvi Quliyev də sonradan Bakı Dövlət Universitetinin hüquq fakültəsində təhsil alıb.  

Asim Mollazadə

Həkim deputat, Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə 1980-1992-ci illərdə Moskva (Rusiya) Seçenov adına Tibb Akademiyasında Nevrologiya və davranış psixofiziologiyası ixtisası üzrə təhsil alıb. 1992-ci ilin iyun-dekabr aylarında Azərbaycan nevroloji psixogen və psixosomatik xəstəliklər mərkəzinin direktoru olub.  

Sədaqət Vəliyeva

Milli Məclisin digər həkim-deputatı Sədaqət Vəliyevadır. O 1972-ci ildə Dövlət Tibb Universitetinin müalicə-profilaktika fakültəsinə daxil olub, 1978-ci ildə bitirib. Əmək fəaliyyətinə döş qəfəsi cərrahiyyəsi xəstəxanasında tibb bacısı işləyərək başlayıb. Suraxanı 6 saylı Vərəm Xəstəxanasında həkim-ftiziatr, baş həkim, müxtəlif illərdə Suraxanı və Sabunçu rayonlarında səhiyyə şöbələrinin müdiri işləyib. 2006-cı ildən Sabunçu rayon 4 saylı Vərəm Əleyhinə Dispanserin baş həkimidir. Ali dərəcəli həkimdir.

Musa Urud  

Şair, tibb elmləri namizədi Musa Quliyev Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsini bitirib. İkinci təhsilini Dövlət İdarəçilik Akademiyasının dövlət və bələdiyyə idarəetməsi fakültəsində alıb. Əmək fəaliyyətinə təyinatla göndərildiyi Gəncə şəhərində, A.Səhhət adına 1 saylı xəstəxanada həkim kimi başlayıb. Gəncə Narkoloji Dispanserində həkim-narkoloq, Bakı şəhərindəki 7 saylı poliklinikada həkim nevropatoloq, Yasamal rayonunda həkim əmək ekspert komissiyasında ekspert nevropatoloq işləyib. 

Qənirə Paşayeva

Həkim, jurnalist, deputat olan Qənirə Paşayeva isə Tibb Universitetinin pediatriya fakültəsini bitirib. Lakin o, öz ixtoisası üzrə deyil, əvvəlcə jurnalist kimi fəaliyyət göstərib, daha sonra Milli Məclisə deputat seçilib. İkinci təhsilini isə Bakı Dövlət Universitetinin beynəlxalq hüquq fakültəsində alıb.  

Murad Əhmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin