Milli-mədəni irsin qorunması, ölkədə turizmin inkişafı baxımından muzeylər, qoruqlar, tarixi-memarlıq abidələri mühim əhəmiyyət kəsb edir.
Bakıya gəzməyə gələn əcnəbi turist mütləq "Qız qalası", "Şirvanşahlar sarayı", "Yanardağ" kimi digər qədim tarixi ənənələri əks etdirən məkanlarla tanış olmaq istəyir.
Bəs maraqlıdır ki, tariximizi ziyarət etmək həm yerli həm də əcnəbi turistlərə neçəyə başa gəlir? Qiymətlər münasibdir, yoxsa baha?
Səyyah, telejurnalist Mir Səməd mövzumuza şərh verərək söyləyir ki, iki ay əvvəl işlə əlaqədar Xalça Muzeyini ziyarət edib.
Deyir ki, işçilərdən muzeyə gələnlərin olması ilə maraqlanıb:
“Dedilər vallah yox, əvvəl xarici turistlər vardı, onlar gəlirdilər, indi onlar da yoxdur. Dedim bəs niyə? Cavab verdilər ki, girişin qiyməti 10 manatdır. Hər adam o qədər pul verib, xalçalara baxmaq istəmir. Bir adamın muzeyi ziyarət etməsi üçün, 10 manat bahadır. Dörd nəfərlik ailə 40 manat pul verməlidir ki, xalçalara baxsınlar?”
Müsahibimiz təklif edir ki, muzeylərə giriş yerli vətəndaşlara əcnəbilərdən fərqli olaraq nisbətən ucuz qiymətə olsun:
“Sankt- Peterburqda “Ermitaj” adlı muzeyə giriş xarici vətəndaşlar üçün 800 rubl təşkil edir. Rusiya və Belarusiyadan olan vətəndaşlar üçün isə 400 rubla endirilib. Bu təcrübə İtaliya, İngiltərə, Türkiyə praktikasında da var. Biz bunu ola bilər ki, xarici turist kimi görə bilmirik. Amma qiymət fərqini yerli vətəndaşlar hiss edirlər. Hətta, jurnalist kartı ilə muzeylərə giriş pulsuzdur. Ona görə pulsuzdur ki, muzeyə gələn jurnalist oradan maraqlı təsürratlarla ayrıla bilər və öz düşüncələrini yazmaq ehtimalı var”.
Turizm üzrə ekspert Samir Dübəndi isə fikirləşir ki, bəzi muzeylərə giriş yerli əhali üçün o qədər də baha deyil. Ancaq aralarında giriş qiyməti baha olanlar da var:
“Məsələn, Tarix Muzeyində giriş qiymətini baha hesab edirəm. Tarix Muzeyinə giriş qiymətini azaltmaq lazımdır. Bu qiymətlər xarici turistlər üçün də bahadır. Muzeylər təsərrüfat hesablı müəssisə deyil ki, qazandığı ilə maaş versin, inzibati xərclərini ödəsin. Bu siyasətə yenidən baxmaq lazımdır”.
Mədəniyyət Nazirliyindən əldə etdiyimiz məlumata görə Bakı şəhəri üzrə 22 muzey fəaliyyət göstərir.
Aparıcı muzeylərə (Milli Xalça, Milli İncəsənət, İstiqlal, Musiqi Mədəniyyəti Dövlət və Dövlət Teatr muzeyləri) əsasən giriş ödənişlidir.
Araşdırmamız zamanı real qiymətləri öyrənmək üçün bir çox muzeylərlə əlaqə saxladıq.
Məsələn, Xalça Muzeyinə giriş yerli vətəndaşlar üçün giriş 7 manatdır. Xarici turist üçün 10, Tələbə və az yaşlılar üçün isə qiymət 3 manatdır.
Milli İncəsənət Muzeyində yerli vətəndaşlar bu tarixi məkanı 5 manat ödəməklə ziyarət edə bilərlər. İncəsəntimizin tarixindən məlumatlı olmaq istəyən tələbələr 2, məktəblilər 1, xarici vətəndaşlar isə 10 manat ödəməlidirlər.
“Qız Qalası”nda isə giriş qiymətləri belədir. Tələbələr 1, yerli vətəndaşlar 2 , xarici vətəndaşlar15 azn, azyaşlılar üçün isə 20 qəpikdir.
Şirvanşahlar Saray Kompleksini ziyarət etmək istəyənlər yerli vətənaşlarımız 2, uşaqlar 20 qəpik, tələbələr 60 qəpik, xarici vətənaşlar üçün isə 15 manat ödəməlidir.
Nizami Gəncəvi adına Azərbaycan Ədəbiyyat Muzeyini isə yerli vətəndaşlar 5, əcnəbilər 7 manat ödəməklə ziyarət edə bilərlər.
Araşdırmamız zamanı məlum oldu ki, onsuz da muzeylərə biganə xalq olduğumuzdan qiymətlərin bahalığı az da olsa həvəsi olanları bu məkanlara üz tutmaqdan məhrum edir.
Turistlər isə pandemiya səbəbindən hələ heç üfiqdə də görünmürlər...
Gülşanə Mustafayeva, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
15:20 / 30.01.2021
Muzeylərə giriş bahadır: “Qiymət siyasəti dəyişməlidir”
Hazırda oxunan: Muzeylərə giriş bahadır: “Qiymət siyasəti dəyişməlidir”
Hazırda oxunan: Muzeylərə giriş bahadır: “Qiymət siyasəti dəyişməlidir”
10244
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.