“Əlcəzair xalqı illərlə amansız müstəmləkə əsarətində qalıb” – İlham Əliyev  

Hazırda oxunan: “Əlcəzair xalqı illərlə amansız müstəmləkə əsarətində qalıb” – İlham Əliyev  

102311

“Əlcəzair Xalq Demokratik Respublikasına ilk dəfə səfərə gəlməkdən və qardaş Əlcəzair xalqına dərin ehtiramımın ifadəsi olaraq Milli Mücahidlər Muzeyini ziyarət etməkdən şərəf hissi duyuram”. 

Bizim.Media xəbər verir ki, bunu Prezident İlham Əliyev Əlcəzair Xalq Demokratik Respublikasının paytaxtı Əlcəzair şəhərində Milli Mücahidlər Muzeyinin xatirə kitabına yazıb. 

Dövlətimizin başçısı qeyd edib ki, Milli Mücahidlər Muzeyi Əlcəzair xalqının şanlı tarixinin ən faciəli və eyni zamanda, ən qürurverici səhifələrindən birini özündə əks etdirən mühüm kompleksdir.  
“Bu muzey Əlcəzair xalqına qarşı misli görünməmiş qəddarlıqla və şiddətlə həyata keçirilən müstəmləkə siyasətinin, müharibə və insanlıq əleyhinə cinayətlərin, müstəmləkəçi qüvvələrə qarşı ümumxalq mübarizəsinin və bir milyon yarım şəhidin canı bahasına qazanılmış müstəqillik qələbəsinin yaddaşlarda qorunub saxlanması və gələcək nəsillərə ötürülməsi baxımından müstəsna əhəmiyyət kəsb edir”,-deyə ölkə başçısı qeyd edib. 

İlham Əliyev bildirib ki, amansız müstəmləkə əsarətindən qurtulmaq üçün başlanılan azadlıq və müstəqillik mübarizəsi Əlcəzair xalqının böyük şücaətinin, birliyinin, sarsılmaz iradəsinin və qətiyyətinin rəmzi kimi Əlcəzairin tarixinə əbədi olaraq həkk olunub. 
“Böyük qurbanlar verərək istiqlaliyyətə qovuşmuş qardaş Əlcəzairin bu gün inkişafını, rifahını görməkdən dost və qardaş ölkənin rəhbəri olaraq böyük qürur hissi keçirirəm”. 

Prezident xatirə kitabında səmimi qəbula görə təşəkkürünü də qeyd edib:

“Milli Mücahidlər Muzeyində mənə göstərilən səmimi qəbula görə təşəkkürümü bildirir, Əlcəzair xalqının qəhrəmanlıq irsinin əbədiləşdirilməsi işində muzeyin fəaliyyətinə uğurlar arzulayıram”. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin