Dövlət Statistika Komitəsinin bu ilin ilk 9 ayı üçün açıqladığı hesabatda əhalinin gəlirlərinin əsas istiqamətləri açıqlanıb. Hesabata görə, yanvar-sentyabr aylarında əhalinin gəlirlərinin 56,7%-i ərzaq məhsulları, tütün və spirtli içkilərə xərclənib.
Araşdırmalarımıza görə, dünya üzrə bu hədd 30-35% civarındadır. İnkişaf etmiş ölkələrdə isə gəlirlərin zəruri ərzaq məhsullarına xərclənən hissəsi 25%-dən aşağıdır.
Mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən iqtisadçı-ekspert Rəşad Həsənov qeyd edib ki, əhali gəlirlərinin nə qədər çox hissəsini ərzaq məhsullarına xərcləyirsə, bu gəlirlərin məhdud olmasını göstərən faktordur:
MÖVZU İLƏ BAĞLI:
Yanvarda ərzaq məhsulları, martda isə çörək BAHALAŞACAQ – Vacib PROQNOZ
“Amma məsələyə Azərbaycan aspektindən yanaşdıqda, bu rəqəm yenilik deyil. Ölkəmizdə hər zaman ərzaq xərclərinin cəmi xərclərdə payı 50%-dən yüksək olub. Bəzi hallarda 1-2 faizlik dəyişmələr olsa da, bu müşahidə olunan səviyyədədir. aşağı təbəqə gəlirlərinin daha böyük, 60-70 faizlik hissəsini ərzaq məhsullarının istehlakına xərcləyir. Bu da həmin insanların aclıq həddinə yaxın səviyyədə yaşadığının göstəricisidir”.
Ekspert yaxın perspektivdə problemin daha da böyüyə biləcəyini də istisna etməyib:
“Dövlət büdcəsinin strukturuna diqqət etsək görərik ki, əməkhaqqı fondu 4,9% artırılması nəzərdə tutulur. Düşünürəm ki, bu daha çox işğaldan azad olunmuş ərazilərdə dövlət infrastrukturu ilə bağlı yeni ştatlara yönələcək.
Digər tərəfdən, pensiyaların indeksləşdirilməsi səviyyəsi də ərzaq inflyasiyasını kompensasiya edəcək həddə deyil. Çünki rəsmi rəqəmlərə görə, ərzaq inflyasiyası 22 faizdir. Lakin bu rəqəmin də 40-50% həddində olduğu ehtimal olunur.
Bütün bunlar onu göstərir ki,2023-cü ildə əhalinin gəlirlərində ciddi artım olmayacaq. Eyni zamanda FAO dünyada ərzaq inflyasiyası ilə bağlı xəbərdarlıq edib. Xüsusilə də, son günlərdə Rusiya-Ukrayna konflikti fonunda müşahidə edilənlər bu böhrandan yayınma ehtimalını aşağı salır. Bu baxımdan, ərzaq xərclərinin artacağını gözləyə bilərik”.
Murad Əhmədov, Bizim.Media