Zaqatalada şəhid mayorun anım mərasimi keçirildi - FOTO-VİDEO

Hazırda oxunan: Zaqatalada şəhid mayorun anım mərasimi keçirildi - FOTO-VİDEO

101901

Bu gün Zaqatalanın Dardoqqaz kəndində Vətən Müharibəsi şəhidi, Azərbaycan Silahlı Qüvvələrinin mayoru Abakar Hacıyevin anım mərasimi keçirilib.

Anım mərasimində Zaqatala rayon İH-nin, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri və qazilər, ictimaiyyət nümayəndələri, şəhidin doğmaları iştirak edib. Məzarına tər güllər döşənən şəhid mayorun ruhuna dualar oxunub, əziz xatirəsi hörmət və ehtiramla anılıb.

Şəhidin anası Pirdas Hacıyeva oğlunun adını anan hər kəsə təşəkkür edib.

Abakar kimi oğulun itkisi ana üçün ağır olsa da Pirdas Hacıyeva illərini Azərbaycan Ordusuna vermiş igid oğlu ilə qürur duyduğunu dilə gətirib.

Məktəblilər vətənpərvərliyi tərənnüm edən şeirlər səsləndiriblər. Suraxanı məktəblisi, 232 saylı məktəbin 4-cü sinif şagirdi Dilbər Mustafayevanın şəhidlərə, Ali Baş Komandana həsr edilən şeirləri çox təsirli söyləməsi iştirakçıların xüsusi marağına səbəb olub.

Şeirlər şəhid atası, Vətən Müharibəsi Qəhrəmanı İsmayıl Səmədovun atası Məhəmməd Səmədovun  o qədər xoşuna gəlib ki, balaca məktəblini elə şeir deyərkən öpüb. Öz növbəsində  balaca  Dilbər şəhid Abakar Hacıyevin anası Pirdas xanımın əllərindən öpüb.

Abakar Məhəmmıd oğlu Hacıyev 24 il Azərbaycan Milli Ordusunda namus və vicdanla qulluq edib. Son iş yeri Qusardakı hərbi hissə olub.

Hərbi hissə komandirinin müavini olmuş igid avar balası Abakar Vətən Müharibəsi başlayanda "qoy əsgərlərim məndən nümunə götürsün" deyərək  ön sıralarda  gedib.

2020-ci il oktyabr ayının 27-də Xocavəndin Qırmızı Bazar kəndi istiqamətində gedən döyüşlərdə qəhrəmancasına həlak olub, 2 gün sonra doğulduğu Dardoqqaz kəndində son mənzilə yola salınıb 
Abakar Hacıyevin 3 övladı ondan yadigar qalıb. Hacı, Elvira və Eldar  indi şəhidin xanımı Arzu Hacıyevaya, doğmalarına əmanətdir. Bu il 1-ci sinfə gedən 6 yaşlı Eldar hələ də ata yolu gözləyir. Elə hey hamıdan atasının nə vaxt gələcəyini soruşan Eldar böyüdükcə atasının qəhrəman olduğuna inanır.

Abakar Hacıyev ölümündən bir müddət əvvəl polkovnik rütbəsinə təqdim edilmişdi. Amma bu rütbəni görmək ona nəsib olmadı. Vətən Müharibəsində göstərdiyi şücaətə görə Abakar Hacıyev Azərbaycan Prezidenti İlham Əliyev tətəfindən "Azərbaycan Bayrağı" ordeninə və 4 döyüş medalına layiq görülüb.


 

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin