Xəbər verdiyimiz kimi, oktyabrın 28-də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Kollektiv Təhlükəsizlik Şurasının növbədənkənar sessiyası baş tutub.
İclasda Ermənistanın son sərhəd toqquşmaları ilə bağlı Azərbaycana qarşı təşkilatdan dəstək almaq üçün etdiyi müraciətlər geniş müzakirə olunub.
Lakin iclas heç də rəsmi İrəvanın istədiyi kimi getməyib. Belə ki, Ermənistan guya Azərbaycanın “işğal etdiyi” ərazilərlə bağlı KTMT-dən yardım umsa da, üzv ölkələr İrəvana qarşı mövqe sərgiləyiblər. Hətta əksinə, Ermənistanın 10 noyabr bəyanatının şərtlərini yerinə yetirməməsi ilə bağlı Paşinyana iradlar bildirilib.
MÖVZU İLƏ BAĞLI:
“Qarabağ artıq Ermənistanın nəzarətində deyil" - Paşinyan
Bu vəziyyət Ermənistan mətbuatının uzun zamandır tirajladığı “KTMT-dən çıxmaq” ideyasının reallaşması ehtimalını xeyli artırıb.
Mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən politoloq Tural İsmayılov qeyd edib ki, Azərbaycanın apardığı fəal diplomatiya sayəsində Ermənistanın manevr imkanları daralıb:
“Azərbaycan KTMT-nin üvzü olan ölkələrlə kifayət qədər uğurlu münasibətlərə malikdir. Eyni zamanda, rəsmi Bakı bu dövlətlərlə bir sıra başqa təşkilatların nəzdində əməkdaşlıq edir.
Bundan əlavə, KTMT-yə üzv olan ölkələr Ermənistanın hazırki hakimiyyətini təşkilat əleyhinə fəaliyyət göstərən, eləcə də “sorosçu”ların əmrlərini yerinə yetirən qüvvə kimi görürlər. Paşinyan KTMT liderləri tərəfindən ciddi siyasətçi kimi qəbul olunmur.
Hesab edirəm ki, son görüşdən sonra Ermənistanın KTMT-dən çıxması ilə bağlı çağırışlar daha da artacaq. Bu gün hər kəs fərqindədir ki, İrəvan Qərbdən gələn təzyiqlər fonunda bu təşkilatı tərk etməyə çalışır. Nikol Paşinyanın addımları da onun KTMT-yə lazımsız təşkilat kimi yanaşıb, nifrət etdiyini göstərir. Yəqin ki, yaxın zamanda Ermənistanın bu hərbi təşkilatdan çıxması məsələsi reallaşa bilər”.
Politoloq Ermənistanın KTMT-ni tərk etməsinin hansı nəticələri doğuracağını da diqqətə çatdırıb:
“Zənnimcə, Rusiya ilk etapda bunu xoş qarşılamasa belə, Ermənistan qəti şəkildə tələb qoyarsa, KTMT-dən çıxış reallaşa bilər. Lakin daha sonra Kremlin cavab addımlarının olacağını düşünürəm. Ümumilikdə, KTMT-ni tərk etmək Ermənistanın təşkilata üzv ölkələrlə onsuz da olmayan əlaqələrini daha da sıfırlayacaq.
Məsələn, Belarus, Qazaxıstan kimi ölkələrin Ermənistanla iqtisadi-ticari əlaqələri yox səviyyəsindədir. Bu ölkələrin İrəvanla yeganə dialoq platforması məhz KTMT idi. Ermənistan bu təşkilatdan ayrıldıqdan sonra həmin ölkələrlə əlaqələrinin tamamilə dayanması ehtimalı mövcuddur”.
Murad Əhmədov, Bizim.Media