"Badamdarda sürüşmə ərazisində proses hələ stabilləşməyib"

Hazırda oxunan: "Badamdarda sürüşmə ərazisində proses hələ stabilləşməyib"

10176

"Yanvarın 28-də saat 20:30 radələrində Badamdar 20-ci sahə yolunun 7-ci kilometrindəki hadisə klassik sürüşmə zonasında baş verib. Bir ay əvvəl sürüşmənin qaş hissəsində kiçik çatlar müşahidə edilirdi. Bu müddət ərzində baş vermiş atmosfer çöküntülərinin həcminin artması həmin çatlar vasitəsilə filtrasiyaya yığılaraq sürüşmə prosesinin aktivləşməsinə səbəb olub”. 

Bizim.Media xəbər verir ki, bunu açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Geoloji Kəşfiyyat Xidmətinin rəisi Əli Əliyev deyib.

 

MÖVZU İLƏ BAĞLI:

FHN-nin nazir müavini sürüşmə ərazisində oldu - VİDEO

Badamdarda sürüşmə oldu - obyektə ziyan dəydi - YENİLƏNDİ


O bildirib ki, eyni zamanda burada texnogen amillər də nəzərə alınmalıdır: "Əgər sürüşmə prosesinin baş verməsi üçün geoloji şərait əlverişlidirsə, prosesin sürətlənməsi, dinamikasında texnogen faktorlar da rol oynayır. Bu ərazidə su itkilərinin bilavasitə sürüşmə kütləsinin altında mövcud gil layı üzərində  toplanması süxurların kalloidləşməsinə və ağırlıq qüvvəsinin təsiri ilə aşağı axmasına səbəb olub.

"Burada mövcud 2 qoruyucu istinad divarlarından birincisi qırıldıqdan sonra axan kütlənin həcminin böyük olması ikinci istinad divarını da zədələyib. Sürüşmə kütləsi yolu və yoldan aşağı keçərək 50-60 metrlik ərazini qapadıb. Xoşbəxtlikdən tələfat yoxdur”. 

Ə. Əliyev qeyd edib ki, proses hələ stabilləşməyib: "Çünki qırılma qaşındakı sərt qopmanın oturma prosesi nəticəsində asılı bir blok yaranıb, eyni zamanda sürüşmə zonasının sağ və sol kəsimlərində hələ də asılı bloklar mövcuddur. Ümid edirik, yağış olmaz. Qərarlaşmış şəraitə uyğunlaşandan sonra ərazidə bərkitmə işlərinə başlanılacaq və bu, ən azından gələcək sürüşmələrin dinamikasını düzəldə bilər.

Bura klassik sürüşmə ərazisi olduğu üçün mövsümi aktivləşmələr ola bilər.  Davamlı olaraq bu aktivləşməni nəzərdə saxlayırıq və orada monitorinq, diaqnostika işləri aparırıq. 

İnsanlar da sürüşmənin inkişafının qarşısını almaqda bizə yardımçı olmalıdır. Burada su itkilərinin maksimal azaldılması, yamacların kəsilməsi məsələsi var. 

"Artıq Badamdar massivində bir sıra evlərdə kanalizasiya şəbəkəsi sistemlərinin qurulması üzrə işlər görülür. Məsələ tam həllini tapmasa da, bu istiqamətdə müəyyən işlər gedir. Güman edirəm ki, təsərrüfat suları tamam kəsilərsə, prosesin inkişaf dinamikası azala bilər. Bütün hallarda təbii geoloji proseslərin nəticəsi olduğuna görə, bunun sürətli inkişafının qarşısını almaq üçün müəyyən quruculuq və bərpa işləri görülməlidir. Əks təqdirdə proses sürətlənə bilər”. 

Xidmət rəisinin sözlərinə görə, baş vermiş prosesin qərarlaşması üçün bir neçə gün gözləmək lazımdır: "Qərarlaşmamış bir ərazidə hər hansı bərkidici tədbirlər icra edəriksə, bu, daha ciddi prosesə səbəb olmuş olar. Qərarlaşma mərhələsindən sonra müvafiq qurumlar orada müəyyən bərpa işlərinə başlayacaqlar. Təkliflər hazırlanandan sonra prosesin qarşısı alınacaq. 

Belə hallarda FHN, Bakı şəhər İcra Hakimiyyəti, ETSN mütəxəssisləri baş vermiş sürüşmə hadisəsini araşdırır. Bundan sonra vahid təkliflər paketi hazırlanır və dövlət artıq mərkəzi tədbirləri icra edir. Biz təkliflər vermək üçün monitorinq və diaqnostika işləri ilə məşğuluq. Sürüşmənin əsas səbəbi araşdırılmalıdır. Baş vermiş sürüşmənin səviyyəsi, həcmi müəyyənləşdirilməlidir. Sonra yamacda qərarlaşmış geoloji, geotexniki vəziyyətə uyğun olaraq təkliflər veriləcək”. (APA)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin