Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Qəbələ rayonunda 25 km uzunluğa malik və 4 istiqamət üzrə 13 min əhalinin yaşadığı 10 yaşayış məntəqəsini əhatə edən yerli əhəmiyyətli Bunud-Həzrə (5.3), Zarağan-Aydınqışlaq (3.2 km), Hacıalılı-Ovcullu-Mamaylı-Bayramkoxalı (10.4 km) və Şamlı-Tola (6,1 km) avtomobil yollarını yenidən qurub.
Bizim.Media xəbər verir ki, bu barədə Agentlik məlumat yayıb.
Məlumata görə, aparılan işlər çərçivəsində yolboyu yararsız quruntun qazılması, torpaq yatağının genişləndirilməsi, yeni dəmir-beton suötürücü boruların quraşdırılması, boru başlıqlarının dəmir-betonla tikilməsi həyata keçirilib.
Daha sonra lazımi hündürlükdə optimal qum-qırmadaş qarışığından yol əsasının tikintisi, yola yeni asfalt-beton örtüyünün döşənməsi işləri icra olunub.
Sonda yol nişanı və məlumatverici lövhələr quraşdırılıb, üfüqi nişanlanma xətləri çəkilib.
Bizim.Media