Növbəti Zəfər Forumuna Ağdam ev sahibliyi etdi - FOTO

Hazırda oxunan: Növbəti Zəfər Forumuna Ağdam ev sahibliyi etdi - FOTO

101479

Biləsuvardan start götürən Zəfər Forumunun növbəti ünvanı Ağdam rayonu olub.

Bizim.Media-nın Qarabağ bürosu xəbər verir ki, Ağdam, Ağcabədi, Beyləqan, Füzuli, Bərdə, Tərtər, Zərdab, İmişli, Laçın və Xocavənd rayonlarının iştirakı ilə keçirilən Zəfər Forumu Ağdam Muğam Mərkəzində təşkil olunub.

Forumda Prezident Administrasiyasının məsul əməkdaşları, Müdafiə Nazirliyi və yerli icra hakimiyyəti orqanlarının rəsmiləri, şəhid ailələrinin üzvləri, müharibə iştirakçıları, Azərbaycan Ordusunun hərbi qulluqçuları, qeyri-hökumət təşkilatlarının, eləcə də ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Qonaqlar tədbirdən öncə ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzüb, Şəhidlər Xiyabanını ziyarət ediblər.

Əməkdar incəsənət xadimi, polkovnik Abdulla Qurbaninin moderatorluq etdiyi tədbirdə ənənəvi olaraq görkəmli dövlət xadimi Heydər Əliyevin və respublikanın suverenliyi, ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalan Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib, hərbi orkestrin müşayiəti ilə Dövlət Himni ifa olunub.

Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov etimad göstərilərək növbəti Zəfər Forumunun bu rayonda keçirilməsinə görə təşkilatçılara minnətdarlığını bildirib və Prezident İlham Əliyevin rəhbərliyi altında bundan sonra da şəhid ailələrinə, müharibə iştirakçılarına və xalqımıza böyük Qələbənin sevincini yaşadan döyüşçülərimizə diqqət və qayğının artırılmasında, rəşadətli Ordumuza mənəvi və maddi dəstək göstərilməsində səylərini əsgirəməyəcəklərini bildirib.

Prezident Administrasiyasının sektor müdiri Vüsal Quliyev forum iştirakçılarını salamlayaraq İkinci Qarabağ müharibəsində qazanılan möhtəşəm Qələbənin tarixi əhəmiyyətindən, rəşadətli Ordumuzun əsgər və zabitlərinin addım-addım irəliləyərək Ermənistanın uzun illər ərzində qurduğu mühəndis-istehkam sistemlərini yarıb keçdiklərini, torpaqlarımızın qəhrəman döyüşçülərimizin qanı və canı bahasına azad edildiyini, Azərbaycan xalqının əzmi və iradəsi, iqtisadi gücü, müasir ordu quruculuğu və xalq-iqtidar birliyinin ölkəmizin Qələbəsini təmin etdiyini xüsusilə nəzərə çatdırıb.

Azərbaycan Respublikasında Anım Gününün, Zəfər Gününün təsis edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin sərəncamlarının mühüm əhəmiyyəti barədə danışıb. 

Forumda iştirak edən şəhid ailələrinin üzvləri, müharibə iştirakçıları və müvafiq qurumların nümayəndələri çıxış edərək Müzəffər Ali Baş Komandanın Azərbaycan naminə əmrlərinə hər an hazır olduqlarını bəyan ediblər.

Həmçinin iştirakçılar adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət edilib, xalqımıza Zəfər sevincini yaşatdığına görə dərin ehtiram ifadə olunub.

Tədbir çərçivəsində Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə “Əsgərə Məktub” layihəsi də həyata keçirilib. 
Tədbir Həzi Aslanov adına Ordu İdeoloji İş və Mədəniyyət Mərkəzinin yaradıcı kollektivinin iştirakı ilə hərbi marş və vətənpərvərlik mahnıları ifa olunub.

Nümayəndə heyətlərinə Müdafiə Nazirliyinin adından A.Qurbaninin “Böyük gələcəyə baxış” və “Vətən müharibəsi şəhidləri” adlı kitabları hədiyyə edilib.

Qeyd edək ki, növbəti forumlar İsmayıllı, Sabirabad və Bakıda keçiriləcək.

Elgün Gəncimsoy, Bizim.Media, Qarabağ bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin