Sevgilisini şantaj edən müğənniyə HÖKM OXUNDU  

Hazırda oxunan: Sevgilisini şantaj edən müğənniyə HÖKM OXUNDU  

101284

Abşeron rayonunda sevgilisini şantaj etməkdə ittiham olunan 1994-cü il təvəllüdlü Sahil Naxçıvanlının cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.  

Bizim.Media xəbər verir ki, o, Cinayət Məcəlləsinin 182.1-ci (hədə-qorxu ilə tələb etmə, yəni zərərçəkmiş şəxsin və ya onun yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərmə, onların haqqında rüsvayedici məlumatlar yayma və ya onların əmlakını tələf etmə hədəsi ilə özgənin əmlakını və ya əmlaka olan hüququnu və ya əmlak xarakteri daşıyan digər hərəkətlər etməsini tələb etmə) maddəsi ilə ittiham elan edilib.

Cinayət işinə Abşeron rayon Məhkəməsində hakim Vaqif Həsənovun sədrliyi ilə baxılıb.  

Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə verən Sahil ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. O bildirib ki, zərərçəkmiş şəxs Səidə (ad şərti verilib – red.) ilə 2021-ci ilin avqust ayının sonlarında internet sosial şəbəkəsinin “Tik-tok” səhifəsində tanış olub:

“Həmin ərəfədə həyat yoldaşımın əmisinin Xırdalan şəhəri “Kristal-Abşeron-1” yaşayış kompleksindəki mənzilində yaşamışam. Səidə ilə tanış olduqdan sonra “WhatsApp”da ona öz şəklimi göndərdim. Biz təxminən 5-6 gün ərzində hər gün Səidə ilə telefon əlaqəsi saxladıq”.  

Təqsirləndirilən şəxsin sözlərinə görə, bir gün gecə saat 03 radələrində Səidənin təklifi ilə onun yaşadığı Xırdalan şəhəri, “Quşçuluq” yaşayış massivindəki evlərinə gedib:  

“Həyətin darvazası açıq olduğundan içəri girdim. Səidə mənimlə evin həyətində olan hamamda görüşdü. Səidə mənə yaxınlaşan zaman mobil telefonum ilə birlikdə şəkilimizi çəkdim. Elə bu zaman həyətdən səs gəldi. Səidə tez hamamdan çıxdı və qapını örtərək evlərinə tərəf getdi”.  
Təqsirləndirilən şəxs bildirib ki, Səidəyə heç vaxt hədə-qorxu gəlməyib, nə də onun haqqında rüsvayedici məlumatlar yayma hədəsi ilə ondan nəsə tələb etməyib.

Onun ifadəsinə görə, Səidə öz xoşu ilə ona 1000 manat, 1 ədəd “Z” hərfli medalyonu olan qızıl boyunbağı, 1 ədəd “zəncir” qızıl boyunbağı, 1 ədəd qızıl nişan üzüyü, 1 ədəd “fantaziya” qızıl üzüyü və 1 cüt qızıl sırğa verib. Təqsirləndirilən şəxs deyib ki, bundan bir neçə gün sonra Səidənin ondan polisə şikayət etdiyini eşidib.

Bildirib ki, tutulacağından qorxduğu üçün tez-tez yaşadığı yerləri dəyişib və gizlənməyə başlayıb.  
 

Zərərçəkmiş isə ifadəsində Sahil tərəfindən şantaj olunduğunu, pul və qızıl olmaqla ona ümumilikdə 3980 manat ziyan vurduğunu deyib. Məhkəmənin hökmü ilə Sahil 2 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum edilib.  


Qeyd edək ki, Sahil Naxçıvanlı müğənni kimi fəaliyyət göstərib.  

Eldar Məmmədli, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin