"12-ci İmam Mehdi"nin işində zərərçəkmiş: "Onu gecələr yuxuda görürdüm"

Hazırda oxunan: "12-ci İmam Mehdi"nin işində zərərçəkmiş: "Onu gecələr yuxuda görürdüm"

101114

Bakıda özünü "12-ci İmam Mehdi" kimi təqdim edərək qırx nəfərə qarşı dələduzluq etməkdə təqsirləndirilən Aqil Babayevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Bizim.Media xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə baş tutan prosesdə müdafiə tərəfi vəsatətlə çıxış edib.

Onlar zərərçəkmişlərin bir-bir zala dəvət olunaraq ifadə vermələri tələb olunub. Vəkillər bunu zərərçəkmişlərin iclasda təhqiredici sözlər işlətməsi ilə əsaslandırıblar.
Məhkəmə vəsatəti təmin etməyib.

Bundan sonra zərərçəkmiş Kavə Rövşən ifadə verib. İttihama görə, Kavə Rövşən avtomobil və avtomobil aksesuarları ilə məşğul olub. Bu iş üzrə ona 72 min manat ziyan dəydiyi iddia olunur. O, həmin pulları zəkat qismində verdiyini deyib. 

Kavə Rövşən qeyd edib ki, Aqil Babayevlə tanış olduqdan sonra onun fikirlərini bəyənib. Sonralar isə hər gecə yuxuda onun imam olduğunu görüb:

"Sonralar Aqil Babayev  yuxularıma girməyə başladı. Tutaq ki, söhbət zamanı deyirdi qiyamət olacaq, bunu həmin gün yuxuda görürdüm. Deyirdi yağış yağacaq, gecəsi yuxuda görürdüm. Bundan əlavə hər dəfə yuxuda Aqil Babayevi imam olduğunu görürdüm. Belə deyək ki, məni ovsunlamışdı."

İttihama görə, Aqil Babayev 2007-ci ildən 2020-ci ilə qədər olan müddətdə Bakı və Abşeronda yerləşən bağ evlərində dini məslislər təşkil edərək inanclı insanları özünün Mehdi Sahib əz-Zaman olmasına inandırıb.

O, təşkil etdiyi dini məclislərdə özünü yer üzünə ilahi qüvvə tərəfindən yaxşılıqlar və maddi çətinliyi olan insanlara köməklik göstərmək məqsədilə göndərildiyini deyib, axirət əzabından xilas olmaq üçün ona inanmağın vacibliyini vurğulayıb.
Aqil Babayev insanları təsir altına salıb, hər ay ona pul ödənilməsini istəyib. Deyib ki, toplanan pullar kasıblara paylanır, şəhid ailələri, Qarabağ əlilləri üçün evlər tikilir. Tabeliyində olan insanlar onun sözündən çıxdığı təqdirdə isə, onlara müxtəlif zorakılıq hərəkətləri edərək şərəf və ləyaqətlərini alçaltdığı da müəyyən edilib.

Aqil Babayev Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən həbs edilib.

Eldar Məmmədli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin