Yeni qanun layihəsi MÜXALİF DÜŞƏRGƏDƏ necə qarşılanıb? – Partiya sədrlərinin CAVABI

Hazırda oxunan: Yeni qanun layihəsi MÜXALİF DÜŞƏRGƏDƏ necə qarşılanıb? – Partiya sədrlərinin CAVABI

101064

Oktyabrın 24-də Milli Məclisdə parlamentdə təmsil olunan və dövlət qeydiyyatından keçmiş bir sıra siyasi partiyaların sədrləri və nümayəndələrinin iştirakı ilə “Siyasi partiyalar haqqında” yeni qanun layihəsi ilə bağlı ictimai dinləmə keçirilib. İşgüzar və qızğın müzakirələr şəraitində keçirilən tədbirdə əksər partiya lideri öz fikirlərini bildirib.

Bizim.Media ictimai dinləmədə iştirak edən bəzi partiya sədrlərinin fikirlərini öyrənib:

Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn:

“Qanun layihəsi ilə bağlı dinləmələrin təşkili çox müsbət və pozitiv hadisədir. Siyasi partiya sədrləri, deputatlar, Milli Məclisin rəhbərliyinin iştirakı ilə demokratik bir şəkildə, reqlamentdə müzakirələr aparıldı və rəylər dinlənildi. Qarşılıqlı sual-cavablar da oldu. Bir sözlə, bu cür dinləmələrin keçirilməsini biz çox yüksək qiymətləndiririk. Qanun layihəsi ilə bağlı fikirlərimizin bir qismini həmin müzakirələrdə söylədik. Fikirlərimizi daha geniş şəkildə isə öz Facebook səhifəmdə paylaşmışam”.
 

MÖVZU İLƏ BAĞLI:

"Siyasi partiyalar haqqında" qanuna TƏKLİFLƏR edilir - Sorğu aparılacaq  


​​​​​​​Ağ Partiyasının sədri Tural Abbaslı:

“Tədbirin təşkilini yüksək qiymətləndirirəm. Müxalifət partiyalarının dəvət olunması, onların fikirlərinin öyrənilməsi, iqtidar partiyaları ilə birgə müzakirələrin aparılması önəmlidir və ciddi addımdır. Bunu müsbət qiymətləndiririk. Zatən Azərbaycanda vətəndaş cəmiyyətinin formalaşması üçün atılmalı olan bir addım idi ki, bunu da elədilər.

O ki, qaldı qanun layihəsinə. Qısaca onu deyə bilərəm ki, layihə ilə bağlı xeyli irad və təkliflərimiz vardı və onları Milli Məclisin müvafiq komitəsinə təqdim etdik. Ümidvarıq ki, təkliflərimiz parlamentin müzakirələrində nəzərə alınacaq”.
Milli Cəbhə Partiyasının sədri Razi Nurullayev:

“Dünənki tədbirdə 50-yə yaxın siyasi partiyanın sədrləri iştirak edirdi. Bu son illərdə parlamentin 20-yə yaxın deputatın və Milli Məclis rəhbərinin iştirakı ilə keşirilən ən mötəbər tədbirlərdən biri idi. Tədbirdən sonra bir sıra partiya sədrləri ilə təkbətək ünsiyyətim oldu. Onlar da belə bir tədbirin keçiriləcəyini gözləmədiklərini söylədilər. Onlar da etiraf etdilər ki, bu çox səmərəli və işgüzar müzakirə oldu.

Nəticəsindən asılı olmayaraq belə bir müzakirənin keçirilməsi hüquqi dövlət quruculuğunda irəliyə atılmış mühüm bir addımdır. Layihədə hansısa partiyanın narazı qaldığı məqamlar var. Buna görə narahat olmağa dəyməz. Çünki, bu ilk müzakirə idi. İnanırıq ki, sonda çox təkmil və əksəriyyəti razı salacaq bir qanun qəbul ediləcək.
Burda yalnız o partiyalar narazı qala bilər ki, onlarda ağa qara demək vərdişi var. Onlara dünyanın ən ideal qanun layihəsini təqdim eləsən belə ona da bir bəhanə tapacaqlar”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin