İslamiadada uğur qazanan idmançıların mükafatları yarı-yarı veriləcək - SƏBƏB 

Hazırda oxunan: İslamiadada uğur qazanan idmançıların mükafatları yarı-yarı veriləcək - SƏBƏB 

100960

Türkiyənin Konya şəhərindəki V İslam Həmrəyliyi Oyunlarında ən yüksək nəticələr göstərmiş idmançılar, onların məşqçiləri və hazırlıq prosesində iştirak etmiş digər mütəxəssislərin mükafatlandırılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən, mükafatların ödənilməsinə başlanılıb. 

Bizim.Media xəbər verir ki, bu barədə Gənclər və İdman Nazirliyi məlumat yayıb. 

Məlumata görə, ümumilikdə, 188 idmançı, 94 məşqçi və idman mütəxəssisini əhatə edən mükafatlandırma qaydalarında bir sıra yeniliklər tətbiq edilir. Əsas yenilik idmançıların hazırlığında rolu olan hər kəsin mükafat almasıdır.  

Bildirilib ki, təkcə məşqçilər deyil, eyni zamanda, idmançıların yarışlara hazırlığı prosesində əməyi olan digər mütəxəssislər (həkim, fizioterapevt, menecerlər) və eləcə də həmin yarışlarda ölkəmizi təmsil etmiş hakimlərə də mükafat müəyyən edilib. İdmançıların qazandığı medalın əyarından asılı olmayaraq, həmin mütəxəssislər 10 000 manat məbləğində mükafatlandırılacaqlar. 

Digər yenilik odur ki, baş məşqçi, şəxsi məşqçi, köməkçi məşqçi və ya digər mütəxəssislər yalnız bir vəzifə üzrə mükafat alacaqlar.

Milliləşdirilmiş idmançıların əldə etdiyi ən yüksək nəticələrə görə onların şəxsi məşqçiləri mükafatlandırılmır. Komanda yarışlarında ən yüksək nəticələrə görə baş məşqçi və köməkçi məşqçilər komandanın tutduğu yerdən asılı olaraq, fərdi idman növlərində baş məşqçi və köməkçi məşqçilərlə eyni məbləğdə mükafatlandırılırlar. 
Daha bir yenilik idmançılara verilən mükafatların hissə-hissə ödənilməsidir. Əvvəlki illərin təcrübəsi göstərir ki, idmançıların böyük məbləğdə mükafatı bir dəfəyə alması bəzi hallarda onların idmançı karyerasını davam etdirməsinə marağı azaldır. Buna görə də onları sonrakı illərdə aktiv idman karyeralarını davam etdirməyə sövq etmək məqsədilə idmançılara verilən mükafatlar mərhələli şəkildə 3 il ərzində ödəniləcək. 

Belə ki, idmançılar üçün nəzərdə tutulan mükafatın 40%-i 2022-ci ildə, 30%-i 2023-cü ilin 4-cü rübündə; qalan 30%-i 2024-cü ilin 4-cü rübündə ödəniləcək.

İdmançıya antidopinq qayda pozuntusuna görə sanksiya tətbiq olunduğu halda mükafat ödənilməyəcək. 

İdmançılar və məşqçilər üçün nəzərdə tutulan mükafatların ödənilməsi 2 kateqoriya üzrə tənzimlənir. Fərdi yarışlarda qazanılan nəticələrə görə, birinci yer üçün mükafat 70 000 manat, ikinci yer üçün 50 000 manat, üçüncü yer üçün 30 000 manat müəyyən edilib.  

Cütlük, üçlük və ya komanda hesabı proqramı üzrə medal qazanan idmançılar arasında mükafatın məbləği onların sayına uyğun olaraq, bərabər şəkildə bölünür. 

Komanda idman növlərində verilən mükafat bir medala görə müəyyənləşdirilərək bölündüyü üçün və bu halda idmançılara düşən məbləğ nisbətən az olduğundan komanda üzvlərinə ayrılan mükafat fərqli yanaşma ilə nəzərə alınıb.

Basketbol (3x3), bədii gimnastika (qrup hərəkətləri üzrə komanda) həndbol, futbol və voleybol idman növləri üzrə qazanılan medallara görə, komandanın hər bir üzvünə birinci yer üçün 40 000 manat, ikinci yer üçün 30 000 manat, üçüncü yer üçün isə 20 000 manat ödənilir. 
Daha bir yenilik, bölgü zamanı əldə edilən uğurun çətinliyinin nəzərə alınmasıdır. Rəqabətin az olduğu çəki dərəcələrində medal qazanmış idmançılara verilən mükafat 5000 manat təşkil edir. 

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin