Müğənnilər Niyaməddin Musayevin cavabını verdilər: “Bunu sübut etmək üçün...”

Hazırda oxunan: Müğənnilər Niyaməddin Musayevin cavabını verdilər: “Bunu sübut etmək üçün...”

10080

Xəbər verildiyi kimi, Xalq artisti Niyaməddin Musayev gənc müğənniləri tənqid edib. O deyib ki, gənc ifaçılar bir mahnı ilə populyarlaşdıqdan sonra gündəmdən itir. Xalq artisti bunu gənc nəslin yetərincə zəhmət çəkmədikləri, inkişafa can atmadıqları ilə əlaqələndirib. 

Mövzu ilə bağlı Bizim.Media müğənnilər arasında sorğu keçirib. 

Xanəndə İlahə İbadovanın fikrincə, inkişaf etmək və gündəmdə qalmaq fərdin özündən asılıdır. 

“Hər insanın özünə görə problemləri olur. Bütün bunları ümumiləşdirmək düzgün deyil  Bu, həmçinin müğənnilərin maddi durumu ilə də bağlıdır. Sıxıntı olduqda ifaçı yeni mahnı yazdıra və gündəmdə qala bilmir”, - deyə o bildirib.

“Eurovision 2011”in qalibi Eldar Qasımov isə bunu zamanın tələbi ilə əlaqələndirib:

“Bu, incəsənətin hər sahəsində belədir. Bəlkə də gündəmdə olmayan müğənni bir mahnı ilə uzun müddət gündəmdə qalmağı bacarır, sonra isə yoxa çıxır. Hər dövrdə belə olub”.

Əməkdar artist Abbas Bağırov gileylənib ki, istedadlı gənclərin əvəzinə istedadsızlar efirə çağırılaraq daha çox təbliğ olunurlar:

“İstedadlılar isə gündəmdə qala bilmirlər, çünki gündəmdə qalmaq üçün daima öz üzərində işləməlisən. Onlar maddi sıxıntıları olduğu üçün yeni musiqilər yazdıra bilmirlər. Ona görə də itbat olub gedirlər. Televiziyalar da istedadlı müğənnilərdən daha çox istedadsız insanları gündəmə gətirməklə məşğuldurlar”.

Gənc müğənni Tofiq  Hacıyev də Niyaməddin Musayevin fikiri ilə razılaşmır:

“Gənclərin gündəmdə qalmamasının  səbəbləri müxtəlifdir. Sadəcə indi dəyərlər dəyişib. Keyfiyyətli iş görənlərə dəstək yetərincə olmur. Araşdırsaq, efirə gündəmdə olmayan gənclər çıxır. İzləyicilər də onları görməyə öyrəşiblər. Yeni sifətləri bəzən qəbul etmək istəmirlər”. 

Xalq artisti Cavan Zeynallı gənclərin gündəmdə qalmamasını zamanla əlaqələndirib.

“Hazırda gündəmin tələblərinə uyğun keyfiyyətli işlər televiziyalarda göstərilmir. Həmçinin pandemiya gəncləri arxaya atıb. Konsertlər təşkil edilmir, kliplər çəkilmir. Ona görə gündəmə gəlmək bir az çətindir”, - deyə Xalq artisti fikrini tamamlayıb.

Məsələ ilə bağlı müğənni Nura Surinin fikri həmkarlarından fərqlənir. 

Onun fikrincə, istedadlı insan hər yerdə özünü biruzə verir:

“Bunu hamıya sübut etmək üçün efirə çıxmaq şərt deyil. Şərt o deyil ki, daima televiziyalarda olasan, bütün günü efirlərdə görünəsən.  Elə gənclər var ki, efirə çıxır, məşhurdur, lakin bu işdən pul qazana bilmirlər. Elə gənclər də var ki, efirə çıxmır, lakin pulunu daşdan da olsa qazanır”. 

Aliyə İlyas, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin