İrandan təhlükəli “NÜVƏ” həmləsi

Hazırda oxunan: İrandan təhlükəli “NÜVƏ” həmləsi

10062

Bizim.Media İranın “Mehr” agentliyinə istinadən məlumat verir ki, İran Atom Enerjisi Agentliyinin sözçüsü Behruz Kemalvəndi 3 aydan daha az müddətdə uranın daha sürətli zənginləşdirilməsinə imkan verən 1000 santrifuqanın quraşdıracaqlarını qeyd edib.
 

MÖVZU İLƏ BAĞLI:

Tehranla Moskva arasında vaksinləşmə – Politoloqların şərhi


İran parlamentinin sədri Məhəmməd Bəkir Kalibafın Fordoda yerləşən uran zənginləşdirmə stansiyasına ziyarətindən sonra mətbuata açıqlama verən Kemalvəndi nüvə fəaliyyətlərində əvvəlki illərlə "müqayisəolunmaz irəliləyiş" əldə etdiklərini qeyd edib.

Kemalvəndi uran zənginləşdirmə müəssisələrində uranın daha sürətli zənginləşdirilməsinə imkan verən inkişaf etmiş santrifuqalar quracaqlarını qeyd edərək, “IR-2m” santrifuqalarının İranın yerli istehsalı olduğuna da diqqət çəkib. 

Kemalvəndi İranın nüvə razılaşmasına əsasən 3.67 %-ə qədər zənginləşdirilmiş urana malik olmasına icazə verilməsinə baxmayaraq, İranın bu günə qədər 20 % zənginləşdirilmiş 17 kiloqram uran istehsal etdiyini də əlavə edib. 

Xatırladaq ki, İran parlamenti nüvə mütəxəssisi Muhsin Fahrizadənin 27 noyabr 2020-ci ildə öldürülməsindən qısa müddət sonra nüvə fəaliyyətlərini sürətləndirməyi hədəfləyən "İrana qarşı sanksiyalarının ləğvi və maraqlarının qorunması üçün Strateji Fəaliyyət Planı" qəbul etmişdi. 

Hazırda İran nüvə silahı əldə etmək üçün uranın zənginləşdirilməsini 90%-ə çatdırmalıdır. Yeni santrifüqaların sayının artırılmasının isə zənginləşdirilmə proqramını sürətləndirəcəyi şübhəsizdir.

Son günlərdə ABŞ və Fransa arasında İranla nüvə sazişinə qayıtmaq barədə razılaşmanın əldə olunduğu bir vaxtda İranın bu cür addım atması olduqca təəccüblə qarşılanır.

Analitiklərin fikrincə, İranın olduqca təhlükəli olan bir mövzuda bu cür ardıcıl fəaliyyəti ABŞ hökümətini “daha uyğun şərtlər”lə yenidən müqaviləyə qayıtması üçün atılmış addımdır.

İran diplomatik münasibətləri yenidən inkişaf etdirmək niyyətində olan ABŞ qarşısında masada daha güclü mövqe əldə etmək istəyir. Görünən odur ki, bu dəfə İran sanksiyaların qaldırılması ilə kifayətlənmək istəmir.

İranın “həmlə”sinə qarşı İsrailin mövqeyi isə birmənalıdır. İsrail rəhbərliyi ABŞ-ın nüvə sazişinə qayıdacağı vəziyyətdə İsrailin İranla təkbətək mübarizə aparmalı olacağını düşünür.

Hakim Likud Partiyasının nümayəndələri bu həftənin əvvəlində ABŞ-ın yeni rəhbərliyinin İranı “sakitləşdirməli” olduğunu bildirib.

Tehrana İsrailin Suriyadakı hərbi mövcudluğuna dözməyəcəyini və nüvə bombası hazırlamaq planlarını qəbul etməyəcəyi ilə bağlı xəbərdarlıq ediblər.

Rəvan Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin