"Biz 2007-ci ildə aprel ayında aşkar edilmiş Qubadakı kütləvi məzarlıqda həmin ilin iyul ayından sentyabr ayının 8-ə kimi arxeoloji qazıntı aparmışıq. Bu zaman məzarlığın üst hissəsində, cənub qərbində 20 kvadratmetr sahəni işlənilməmiş saxladıq. Bunu ona görə etdik ki, burada basdırılan insanların ermənilər tərəfindən xüsusi amansızlıqla öldürülən dinc sakinlər olduğuna şübhə edən beynəlxalq ekspertlər, beynəlxalq tədqiqatçılar özləri buranı gəlib qazsınlar. Görsünlər ki, burada erməni vandallarının öldürdüyü günahsız insanlar yatır".
Bu sözləri Bizim.Media-ya açıqlamasında Milli Elmlər Akademiyasının Arxeologiya,Etnoqrafiya və Antropologiya İnstitutunun arxeoloji xidmət və yeni qazıntı sahələrinin arxeoloji tədqiqi şöbəsinin müdiri Qəhrəman Ağayev səsləndirib.
MÖVZU İLƏ BAĞLI:
Quba Soyqırımı Memorial Kompleksini bu gün 5 mindən çox insan ziyarət edəcək - FOTO
Belə ki, 2007-ci ildə Quba soyqırımı kompleksini ekspedisiyasının rəhbəri olmuş Qəhrəman Ağayev həmin qazıntılar zamanı 394 kvadratmetr sahədə qazıntı apardıqlarını və 600 dinc insanın xüsusi qəddarlıqla öldürüldüyünü müəyyən etdiklərini bildirib:
"Biz həmin vaxt bütün dünyaya bir mənalı olaraq car çəkdik ki, burada qalaqlanaraq basdırılan, gözü çıxarılan, başına mismar çaxılan, hamamda buxarda boğularaq öldürülən insanların qalıqları 1918-ci il may ayının 1-dən 9-dək ermənilərin Quba qəzasında törətdiyi qanlı cinayətin izləridir. Eləcə də erməni vəhşiliyinin əyani sübutu olan izləri hamı görsün, hamı tanısın-deyə əlavə yer saxladıq."
Arxeoloq-alim Qəhrəman Ağayev qazıntı zamanı onlara edilən təzyiqlərə də diqqət çəkib:
"Həmin vaxt ermənilər, ermənipərəst qüvvələr bizə çox basqı, zənglər edirdilər, məktub yazırdılar. Biz də onlara faktlarla və tapılan insan sümüklərinin hərtərəfli ekspertizasının rəyləri ilə tutarlı cavab verirdik. Nəhayət, biz onlara haray-həşirlə yox, dolğun və əsaslı faktlarla buradakı insan sümüklərinin 1918-ci il hadisələrində ermənilərin soyqırıma məruz qoyduğu günahsız Quba sakinlərinə məxsus olduğunu sübut etdik".
Arxeologiya ,Etnoqrafiya və Antropologiya İnstitutunun şöbə müdiri Qəhrəman Ağayev istənilən vaxt "Quba Soyqırımı Kompleksi"nin ətrafında və mühafizə zolağında qazıntı aparmağa hazır olduqlarını da vurğulayıb.
Arxeoloq alim son günlər kompleksin mühafizə zolağında özbaşına tikinti aparılmasın yolverilməz olduğunu bildirib. Onun sözlərinə görə, bu işlə məşğul olan şəxslər haqqında lazımi tədbirlər görülməlidir.
Qeyd edək ki, "Quba Soyqırımı Memorial Kompleksi"nin mühafizə zolağında qanunsuz aparılan tikinti işləri artıq dayandırılıb. Quba Rayon İcra Hakimiyyəti müvafiq iddia ilə rayon məhkəməsinə rəsmi müraciət edib. Məhkəmə 40 gün ərzində işə baxmalıdır.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu