Rəqsanənin Azərbaycan saytlarına kiberhücumuna Mətbuat Şurasından MÜNASİBƏT

Hazırda oxunan: Rəqsanənin Azərbaycan saytlarına kiberhücumuna Mətbuat Şurasından MÜNASİBƏT

100353

Xəbər verildiyi kimi müğənni Rəqsanə İsmayılova Azərbaycanda fəaliyyət göstərən xəbər saytlarının “Instagram” hesablarını bağlatdırıb. Sənətçi bu barədə sosial şəbəkə hesabında videoaçıqlama yayıb.

Müğənni bəzi xəbər saytlarında şəxsi həyatı və ailə münasibətləri barədə gedən xəbərlərin reytinq xatirinə yayılmasına etiraz edib, hətta digər xəbər saytlarına da bununla bağlı xəbərdarlıq edib.

Qeyd edək ki, Azərbaycanda fəaliyyət göstərən media qurumları təkcə şou xəbərlər deyil, həm də ictimai siyasi-sosial məlumatlar  yayımlayırlar. Bu baxımdan Rəqsanə İsmayılovanın ümumilikdə medianı kiberhücumla hədələnməsi birmənalı qarşılanmayıb.
 

MÖVZU İLƏ BAĞLI:

Rəqsanədən Azərbaycan saytlarına KİBER HÜCUM - VİDEO 


Bizim.Media-ya açıqlamasında Mətbuat Şurasının icraçı katibi Əvəz Rüstəmov məsələyə münasibət bildirib.

O, qeyd edib ki, cəmiyyədə bu və ya digər dərəcədə populyar olan, gördüyü iş ictimai maraq müstəvisində dəyərləndirilən şəxslərin mediada özləri barədə yazılmış yazılara, eləcə də paylaşımlara dözümlü yanaşmaları şərtdir:

“Dünyanın hər yerində belədir. Eyni zamanda ictimai şəxslər və populyar adamların özlərinin də şəxsi həyatlarını qorumağa çalışmaları onlar üzərində öhdəlik kimi müəyyənləşdirilir. Bu o deməkdir ki, hər hansı tanınmış sima, müğənni ya qeyrisi, əgər şəxsi həyatı ilə bağlı gündəmə gəlmək istəmirsə, onu özü də gizli saxlamağa səy göstərməlidir.

Məsələn, “Facebook” və ya digər sosial şəbəkələr üzərindən paylaşımlar etməməli və ya bunu məhdudlaşdırmalıdır, şəxsi həyatına dair müsahibələr, açıqlamalar verməməlidir, gündəmə bu xüsusda gəlməkdən uzaq durmalıdır. Nəzərə alaq ki, kütləvi informasiya vasitələri onlar barədə məlumatı, görüntüləri heç də həmişə xüsusi texniki vasitələrdən, qurğulardan yararlanaraq, bilavasitə evlərinin içinə daxil olaraq, yaxud hansısa digər qeyri-qanuni yollarla əldə etmirlər. Bilgilərin bir çoxu nə vaxtsa həmin şəxslərin özləri tərəfindən dövriyyəyə buraxılıb. Təbii ki, jurnalist üçün bilgilərlə manipulyasiya yolverilməzdir”.

Əvəz Rüstəmovun sözlərinə görə jkütləvi informasiya vasitələri ictimai maraq daşıyan məsələlərlə şəxsi həyatı bir-birindən ayırmalıdırlar:

“”Azərbaycan Jurnalistlərinin Etik Davranış Qaydaları”nda da bu barədə kifayət qədər əhatəli qeydlər var. Müğənni Rəqsanə İsmayılovaya gəldikdə, o, yaydığı video-görüntüdə bildirir ki, media orqanları onun şəxsi həyatına, ailəsinə müdaxiləyə yol verirlər. Ən əsası isə belə görünür ki, müğənnini daha çox narahat edən bəzi KİV-lərin “İnstaqram” hesablarındakı paylaşımlarına ayrı-ayrı şəxslərin yazdıqları nalayiq ifadəli, söyüş və təhqir dolu şərhlərdir. Əlbəttə, bu cür hal, yaxud əsassız sensasiya yaratmaq, manipulyasiya cəhdləri varsa, müğənni haqlıdır. Hər bir KİV özünün sosial media hesabına ciddi şəkildə nəzarət etməlidir, söyüşlərin, qərəzli münasibətin ifadə olunmasına, mövzuya uyğun gəlməyin aşağılayıcı tonda deyilmiş sözlərin qarşısına sədd çəkməlidir. R.İsmayılova və ya qeyrisi belə əməllərə qarşı özü sosial şəbəkənin texniki imkanları daxilində, hər hansı qeyri-qanuni yollardan istifadə etməyərək tədbir görürsə, bu başadüşüləndir. Eyni addımı hər kəs ata bilər”.

İcraçı katib onu da əalvə edib ki, videodan da göründüyü kimi, müğənni həmkarlarını şəxsi həyata müdaxilə edən, iradlardan, narazılıqlardan nəticə çıxarmayan media quruluşlarına qarşı özünün mübarizə apardığı tərzdə mübarizəyə səsləyir:

“Onun çağırışı əsəb və hiddətə köklənib, amma ifadə olunması baxımından qeyri-etik sayıla bilməz.  Əlbəttə, yaxşı olardı ki, bu sayaq münaqişə ümumiyyətlə olmasın. Tanınmışlar əsəblərini cilovlaya bilsinlər, özlərinin media ilə münaqişə aparan obrazını, görüntüsünü yaratmasınlar. Bunun cəmiyyətə də, onların özlərinə də xeyri yoxdur”.
Qeyd edək ki, saytların bağlanan “Instagram” hesabları arasında “Olay.az” informasiya agentliyinin 300 minə yaxın izləycisi olan səhifəsi var.

Həmçinin Axşam.az saytının 624 minlik izləyicisi olan “Instagram” səhifəsi kütləvi şəkildə kiber hücumlara məruz qalıb.  Müğənni həmçinin, “Qafqazinfo.az” saytının “Instagram” hesabına mesaj yazaraq, onunla bağlı xəbərlər səhifədən silinməzsə, problemlərin yaranacağı ilə hədələyib.

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin