Mehman Əliyev: “Vəziyyət ağırlaşdıqca, cinayətkarlıq da artacaq”x9d
Azərbaycanda parlament
seçkiləri yaxınlaşdıqca, seçki ilə bağlı səslənən siyasi bəyanat və
açıqlamaların da sayı artmaqdadır. Bəzi müxalifət partiyalarının seçkilərə
qatılmaqdan imtina etdiyi bir zamanda beynəlxalq təşkilatlar da seçkiləri izləmək
üçün müşahidəçi göndərməkdən imtina edib ki, bu da seçkilərin legitimliyi üçün
ciddi təhlükə yaratmaqdadır.
Parlament seçkiləri ərəfəsində
müşahidə edilən digər bir proses isə sosial-iqtisadi vəziyyətin durmadan
ağırlaşması və dözülməz səviyyəyə çatmasıdır. Moderator.az xəbər verir ki, “Hürriyyət”x9d
qəzeti məhz belə bir situasiyada reallaşacaq seçkilərlə bağlı fikirlərini öyrənmək,
ölkədaxili iqtisadi-siyasi proseslərlə bağlı gözləntiləri ilə tanış olmaq üçün
“Turan”x9d İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyevə müraciət edib.
-Mehman bəy, bəzi beynəlxalq təşkilatlar parlament
seçkilərini izləmək üçün ölkəmizə müşahidəçi göndərmək imtina edib. Sizcə Qərbin,
beynəlxalq təşkilatların məlum mövqeyi, habelə bəzi müxalifət partiyalarının
boykot mövqeyi sərgiləməsi fonunda keçirilən parlament seçkilərinin legitimliyi
tanınacaqmı?
-Məsələ bundadır ki, Azərbaycanda
keçirilən prezident seçkiləri də Qərb tərəfindən yarılegitim seçki kimi qəbul
edilmişdi. Qərbin bəyanatlarında da bu həqiqət özünü göstərirdi. Lakin buna
baxmayaraq Qərbin bəlli mövqeyi ölkənin prezident tərəfindən idarə edilməsinə
problem yaratmadı.
Parlament seçkiləri
müşahidə olunmayacaqsa, deməli nəticə də olmayacaq. O mənada ki, seçkilərin
legirim keçirilib-keçirilmədiyi müşahidə edilməyəcəksə, deməli bu haqda nə isə
demək mümkün olmayacaq. Təbii ki, tənqidlər olacaq. Lakin seçkilərdən sonra
Avropa ilə Azərbaycan arasında işgüzar münasibətlər yaranacaq. Mənim qənaətim
bundan ibarətdir.
-Sizcə seçkilərə qatılan müaxalifət partiya və təmsilçilərinin
şansı nə dərəcədədir? Kiminsə hakimiyyətlə hər hansı anlaşmada iştirak etmədən
parlamentdə təmsil olunması mümkündürmü?
-Mən bu seçkiləri azad
seçki saymıram. Azərbaycanda azad seçki şəraiti yoxdur. Buna görə də kim
parlamentə keçəcəksə, o, ancaq hakimiyyətlə əldə edilən razılığa əsasən orada təmsil
oluna bilər. Parlamentdə başqa cür təmsil olunmaq mümkün deyil.
-Hakimiyyətin seçkilərdən sonra yenidən Qərblə əməkdaşlıq
edəcəyini söyləyirsiniz. Lakin bir çoxları hesab edir ki, Qərblə gərginlik
fonunda Rusiyanın hakimiyyət üçün cazibliyi daha çox artır və Rusiya bu cür əməkdaşlıq
üçün başlıca namizəddir.
-Hesab edirəm ki, bütün
parametrlərə nəzər salsaq görərik ki, Azərbaycan Rusiya ilə müqayisədə Qərblə daha
çox əməkdaşlıq edir. Bu bir faktdır. Fikrimcə, bu gün hakimiyyət əsasən istədiyi
şəkildə parlament formalaşdırmaq və daha sonra bu parlamentin legitimliyinə
nail olmaq üçün Qərblə münasibətlərini bərpa etməyə çalışacaq. Hesab edirəm ki,
biz yaxın gələcəkdə proseslərin məhz bu istiqamətdə cərəyan etməsinə şahid
olacayıq. Zənnimcə, hakimiyyət məhz bu strategiyanın reallaşması istiqamətində
çalışır.
-Bugünlərdə ən çox müzakirə edilən məsələlərdən
biri də Mətbuat Şurasının sədri Əflatun Amaşovun parlament seçkilərinə namizəd
kimi qatılmasıdır. Necə hesab edirsiniz, Azərbaycan mətbuatının başında dayanan
bir şəxsin parlamentə can atması peşə əxlaqı baxımından nə dərəcədə normaldır?
-Əgər Azərbaycanda seçki
anormal keçirilirsə, o zaman bu kimi addımların nəyi anormal sayıla bilər ki?
Onsuz da bu ölkədə hər şey anormaldır. Medianın durumu da anormaldır. Ona rəhbərlik
edənlərin də durumu anormaldır. Ölkədə mövcud vəziyyət bundan ibarətdir.
-Mehman bəy, bu gün əhali sayı kifayət qədər çox
olan Bakı kəndlərinin heç birində bir dənə də olsun qəzet köşkü mövcud deyil.
Sizcə bu köşklərin yoxluğu hakimiyyətin məqsədli siyasətinin nəticəsidir, yoxsa
xalqın mütaliəyə olan marağının azlığının?
-Qəzet köşklərinin
yığışdırılması prosesi 90-cı illərin sonlarından, 2000-ci illərin əvvəllərindən
başlayıb. Bu, xüsusi planlaşdırılmış bir proses idi. Məqsəd də ondan ibarət idi
ki, insanlar qəzet oxuya bilməsin. Çünki o zaman internetin imkanları kifayət qədər
zəif idi. Son 4 ildə isə Bakı şəhərində köşklər qoyulmağa başladı. Qəzet satışı
adı ilə quraşdırılan bu köşklər isə əslində ticarət obyektləridir. Orada qəzet
demək olar ki, satılmır və əvəzində həmin köşklərdə hər şey tapmaq mümkündür.
Bakı kəndlərində köşklərin olmaması da dediyim siyasətin nəticəsidir. Köşklərin
qoyulmasına ayrıca bir qrup nəzarət edir. Mən bununla bağlı məhkəməyə də
verilmişəm. Bu qrupun arxasında kimlərin dayandığını dəqiqləşdirə bilmədik.
Lakin bu gün həmin şəxslər lazım hesab etdiyi məkanlarda o köşklərin yerlkəşdirilməsi
prosesini davam etdirməyə çalışırlar. Çünki bu köşklər çox ciddi gəlir mənbəyidir.
Əksər köşklər qara mühasibatlıqla işləyir. Mən bunu yoxlamışam. Orda qəzet
satışı formal olaraq həyata keçirilir. Qəzetin alınıb-alınmamasına gəlincə,
bunu ancaq cəmiyyət müəyyənləşdirə bilər. Qəzetləri və qəzet satışını elə hala
salıblar ki, qəzet tapmaq da, oxumaq da probılemə çevilib. Bildiyiniz kimi, qəzet
satışı metrolardan da yığışdırıldı. Əgər camaat həqiqətən də qəzet almırdısa, qəzet
oxumurdusa, qəzetə maraq yox idisə, o zaman qəzet oxunmasını əngəlləmək üçün bu
qədər tədbirlər niyə görülürdü? Bütün bu tədbirlər ona görə həyata keçirildi
ki, qəzet satışı məhdudlaşdırılsın, qəzetlərin daha az adama çatmasına nail
olunsun.
-Bəzi qəzetlərin satışının məqsədli şəkildə məhdudlaşdırıldığı,
süni şəkildə qəzet qıtlığının yaradıldığı da iddia olunur. Sizcə bu iddia həqiqətə
nə dərəcədə yaxındır?
-Mən bir neçə ay bundna
qabaq qəzetlərlə bağlı başqa bir monitorinq aparmışam. Bu monitorinq göstərdi
ki, hər bir köşkdə təxminən 150 manatlıq qəzet satılır. Müəyyən müxalifət qəzetləri
ilə bağlı həmin köşklər qarşsısnda tələb qoyulub ki, bu qəzetləri 5 dənədən
artıq sata bilmərsən. Qəzetin satılmasını məqsədli şəkildə məhdudlaşdırırlar. Vətəndaş
köşkə müraciət etsə də, orda qəzet tapa bilmir. Bu, məqsədli şəkildə, dövlətin
apardığı bir siyasətdir. Köşklərin artırılması məqsədi də şəxsi biznesi genişləndirmək
planıdır və bu, ictimai marağa xidmət etmir.
-Ölkədəki sosial-iqtisadi mənzərə ilə bağlı fikirləriniz
nədən ibarətdir? Sizcə proseslərin bu şəkildə inkişafı Azərbaycanın yaxın gələcəyinə
nə vəd edir? Sosial partlayış ehtimalı yenə də gündəmdədir, yoxsa xalq həmişə
olduğu kimi bu kəs də dözüm sərgiləyəcək?
-Yaxın gələcəkdə sosial
patlayışın baş verməsi ehtimalı mümkündür. Çünki vəziyyət durmadan ağırlaşır. Əgər
hakimiyyət lazımi tədbirlər görməsə, islahatlar həyata keçirməsə, vəziyyəti
yaxşılaşdırmaq üçün gərəkli addımlar atmasa, onda proseslər sosial partlayışa səbəb
olacaq. Çünki vəziyyət həqiqətən də gündən-günə pisləşir. Bütün sahələrdə buna
şahid olmaq mümkündür. Yoxsulların sayı artır, imkanlılar imkandan məhrum olur
və s. Yəni hər kəs itirir. Varlıdan tutmuş kasıbına qədər bütün ailələr itirməkdədir.
Olayların bu məcrada inkişafı isə təbii ki, sosial partlayışa gətirib çıxarda
bilər.
-Son vaxtlar ölkədə mütəşəkkil dəstələr tərəfindən
törədilən cinayətlərin, amansız qətllərin də sayı artmaqdadır. Bankomatların,
yanacaqdoldurma məntəqələrinin, marketlərin soyulması prosesi getdikcə adiləşməkdədir.
Sizcə bu tip cinayətlərin artması ilə gərginləşməkdə olan sosial-iqtisadi vəziyyət
arasında bir bağlılıq varmı?
-Əlbəttə ki, ağırlaşan
sosial-iqtisadi durum bu kimi cinayətlərin artmasına bilavasitə təsir edir. Baxın,
tutaq ki, hansısa ailədə bir nəfər narkoman var və ailə üzvləri ona pul verib
onun narkotikə olan ehtiyacını qarşılamasını təmin edir. Lakin vəziyyət
ağırlaşdıqca həmin ailənin də vəziyyəti pisləşir, pul gəlmir. Narkoman isə
narkotiksiz dayana bilmir. Orqanizm narkotik tələb edir. Buna görə də o,
narkotikə olan tələbatını ödəmək üçün pul əldə etməyə qərar verir və bunu da
hansısa cinayət yolu ilə təmin etməyə cəhd edir. Hər hansı bir şəxs leqal yolla
pul qazana bilmirsə, o zaman məcburdur ki, hansısa yolla pul qazansın. Bu bir
aksiomadır. Bütün dünyada cinayətkarlığa
qarşı mübarizəni gücləndirmək üçün atılan ən başlıca addımlardan biri ölkədəki
sosial-iqtisadi vəziyyəti yaxşılaşdırmaq hesab
olunur. Bu baxımdan Azərbaycanda da cinayətkarlıqla qarşı uğurlu mübarizə
üçün sosial-iqtisadi durumun yaxşılaşdırılmasına ciddi ehtiyac var. Əks təqdirdə
cinayətkarlığın artması qaçılmaz olacaq.
Seymur Əliyev


































































































