“Bu saat mən oturmuşam Şəkidə. Qabağımdakı masanın üstündə də bilirsən nə var? ”x9dAzərbaycan" qəzetinin 20 avqust, 1919-cu il tarixli 256-cı sayı. Mən bu saat “Azərbaycan Məclisi-Məbusanında”x9d məqaləsi ilə məşğulam. 23 aylıq Cümhuriyyət dövrünün ensklopediyası “Azərbaycan”x9d qəzetidir...”x9d
Telefon zəngimə, salam-əleykdən sonra görüş təklifimə cavabında bunları söylədi. İstirahət adına üz tutduğu doğma Şəkidə də çalışmalarına ara vermir mətbuatımızın ağsaqqal nümayəndəsi, Cümhuriyyət dövrünün və milli mətbuatımızın gözəl araşdırmaçısı, professor Şirməmməd Hüseynov...
Əslində onunla görüş hər zaman maraqlıdır. Bu tarixi şəxsiyyətin hər sözü-söhbəti tarixdir. Bu dəfə isə milli mətbuatımızın 140 illiyi ilə bağlı müsahibə almaq, gənclərə öyüd-nəsihətini eşitmək istəyirdim. Ancaq “Bakıya sentyabrda qayıdacağam”x9d deyəndən sonra telefonla da olsa, danışdıq.
- Şirməmməd müəllim, milli mətbuatın 140 illik tarixi sizin üçün nə deməkdir?
- Bilirsən, gərək əvvəl baxasan ki, hansı ölkələrdə mətbuatın neçə yaşı var, bizdə neçə yaşı var. Bizim mətbuatın 140 yaşı var. Almaniyada ilk qəzet 1568-ci ildə, İngiltərədə 16-cı əsrdə, Fransada 1606-cı ildə, Rusiyada 1703-cü ildə nəşr olunub. Şərqə və Qərbdə baxanda ölkə var mətbuatın 500, 400, ya 350 illiyini qeyd edir. Nəşr işi əvvəl kitabla başlayıb, sonra jurnal, daha sonra qəzet gəlib. 1997-ci ildə Avropada bir sorğu keçirdilər ki, həm 20-ci yüzil, həm də 2-ci minillik tamam olacaq, dünyada ikinci minilliyin ən böyük kəşfi nə hesab olunur? Həmçinin soğru keçirdilər ki, ikinci minilliyin ən böyük ixtiraçısı kimdir?
Rəyi soruşulanların 82 faizi dedi ki, ən böyük kəşf kitabın, informasiyanın, texniki vasitələrlə biliklərin, elmin çoxaldılması, yəni kitab nəşridir. Niyə? Çünki indi bizim yaşadığımız cəmiyyət informasiya cəmiyyəti adlanır və bu, nəşriyyat işi ilə başlayıb, yəni maarifçiliyin qabağı açılıb. Ən böyük ixtiraçı da kitabı, nəşriyyatı, çap texnikasını yaradan - alman İohan Quttenberq sayılır. İndi baxaq, Almaniyada ilk kitab 1445-də, Rusiyada 1563-də, Türkiyədə 1729-da, Azərbaycanda isə 1818-ci ildə çap olunub. Vaxtilə ölkələrin inkişaf səviyyəsini kitab, jurnal, qəzet nəşri, yəni maarifçiliklə ölçürdülər. Məktəblər, ali məktəblər-filan da hamısı inqilab idi.
- Deməli, Həsən bəy Zərdabi “Əkinçi”x9dni nəşrə başlamaqla həm də millətin adının, imzasının imzalar içində olmasını istəyirdi?
- Həsən bəy yazırdı ki, körpü çaydan uzaq düşüb. Yəni vaxtilə bəşəri inkişafın məcrası Şərqdən başlayıb, elm mərkəzi Şərq olub. Xüsusilə də İslam və Türk dünyası. Amma sonra məcra keçib Qərbə. Bizim Şərqdə tikdiyimiz körpü durur, amma altından elm, maarif, tərəqqi çayı axmır... Ona görə də deyirdi körpü çaydan uzaq düşüb. Biz körpümüzü “çay”x9dın üstündə, dərin bəşəri inkişafın elmi-texniki məcrası üstündə tikməliyik.
- Bu gün bizim körpülərin altından çay axırmı?
- Təkcə biz yox, bütün Qafqaz bəşəri inkişafın məcrasından kənarda qalıb. Bəs Pyotr Avropaya niyə pəncərə açırdı? Avropaya pəncərə açmaq, körpü salmaq üçün... Bu körpünün salınmasının ilk yolu mətbuatdır.
- Mətbuatın ilk yarandığı dövrdə parlaq simalar daha çox oldu, nəinki sonra. Sizcə, niyə?
- Bəşəriyyət, insanlar öyrəndikləri, gözlərini açıb sahib olduqları həyat tərzini, dünyagörüşünü dəyişməyə o qədər də meylli olmurlar. Yalnız tək-tək adamlar o maneəni aşmaq istəyir, tərəqqiyə meylli olur. Cəmiyyətdə daim atalar-oğullar mübarizəsi gedib. Çörçil deyirdi ki, cəmiyyətin tarazlığı o vaxt ola bilər ki, cavanlar mühafizəkarların yerində möhkəm oturmalı, dəyişikliyə meylli olmayanları yerindən tərpətməlidir. Cavanların vəzifəsi durğunluğa son qoymaqdır, inkişafın qabağını açmaqdır, səddi, mühafizəkarlığı, fanatizmi yarmaqdır. Amma deyir yaşlı nəslin vəzifəsi odur ki, cavanların ipini çəksinlər ki, həddən artıq radikalist olmasınlar. Bax, cəmiyyət onda tarazlaşır. Mətbuatın da vəzifəsi budur haaa... Durğunluğa son qoymaq, elmin, maarifin, tərəqqinin qabağını açmaq, harda yenilik varsa, bu yeniliyə meylli olmaq vacibdir.
- Müasir mətbuat dediyiniz rolu oynaya bilirmi? Yaxud necə etməlidir ki, o rolu oynaya bilsin?
- Mətbuat cəmiyyətin qvardiyaçısı olmalıdır. Qvardiya həmişə istehkamlara qarşı ilk döyüş meydanına girənlərdir. Ona görə mətbuata “dördüncü hakimiyyət”x9d deyirlər. Yəni qanunverici, icra, məhkəmə var, amma bu üç sistem necə işləyir, onun üstündə xalqın nəzarətini həyata keçirən mətbuat, “dördüncü hakimiyyət”x9ddir. Ona görə də Üzeyir bəy, Məhəmməd Əmin Cümhuriyyət yaradanda mətbuatın vəzifəsini müəyyənləşdirdilər. O məşhur formula var ha, türkləşmək, islamlaşmaq, müasirləşmək. Məhəmməd Əmin birinci yerə qoydu müasirləşməyi, sonra türkləşmək və islamlaşmağı. Azərbaycan mətbuatı 20-ci əsrdə bu meyldə olub. Yəni yeniləşmək, o körpünü çayın üstündə tikmək üçün gərək müasirləşəsən, türkləşəsən, islamlaşasan. Özü də nə Əli bəy Hüseynzadə, nə Əhməd bəy Ağayev Məhəmməd Əminə qədər bu formulanı bu şəkildə verməyib. Məsələn, Əli bəy Hüseynzadə yazırdı: Türk qanlı, İslam imanlı, Avropa qiyafəli. Bu, hələ nə türkləşmək, nə islamlaşmaq, nə müasirləşməkdir. Oktyabrın 2-də “Açıq söz”x9d qəzetinin 100 illiyidir. Bizim mətbuatımızın müstəqil Azərbaycan dövlətinin yaradılması ilə bağlı ilk dəfə bu ideyanı irəli sürən “Açıq söz”x9d qəzetidir. Ondan əvvəlki qəzetlər hamısı hazırlıq dövrünün mətbuatıdır. Bir də var o şüarı həyata keçirənlər, müstəqil dövlət yaradanlar. Türkləşmək bilirsən nədir? Türklər tarix boyu azad, müstəqil olmaq tərəfdarı olub. Ona görə türklər tarixdə 128 dövlət yaradıb. Heç bir dünya xalqı tarixində bu qədər dövlət yaratmayıb. Türkləşmək azad olmaq, müstəqil olmaq deməkdir, o yolda vuruşmaqdır. İslamlaşmaq düz olmaqdır, halal, namuslu, əxlaqlı olmaq, halallıqla çörək yeməkdir. Yoxsa məscidə gedib namaz qılmaq, oruc tutmaqdan söhbət getmir. İnsaflı olmaq lazımdır. Niyə? Çünki “Quran”x9dda 960 dəfə “insaf”x9d sözü işlədilib. İslamlaşmaq düz olmaqdır, oğru olmaq, rüşvət almaq, yalançılıq, məddahlıq, satqınlıq deyil. İslamlaşmaq insaflılıq və mərhəmətlilikdir. Müasirləşmək də məlumdur, körpünü çayın üstündə tikmək, bəşəri inkişafdan kənarda qalmamaq...
Məhəmməd Əmin deyir, dünyaya baxırsan, iki cür millət var: bir var bəşəriyyəti irəli aparan millət. Necə ki, qatarın vaqonlarını dartıb aparan parovozdur, bəşəriyyəti də irəli aparan xalq, millət var. Bir də var müftəxor millətlər. Yəni onların kəşflərindən istifadə edib yaşayanlar. Özləri bir şey kəşf etmir, “hazıra nazir”x9d millətlərdir. Sən təsəvvür elə ki, elektrik, maşın, ya mobil telefonun hansını biz ixtira etmişik?
-Yəni deyirsiniz bizim bəşəriyyətə bəxş etdiyimiz heç nə, heç kimimiz yoxdur?
- Ona görə də Məhəmməd Əminin, müsavatçıların ən böyük idealı bu idi ki, biz müftəxor millət səviyyəsindən çıxaq. Çünki Nizami müftəxor olmayıb axı, bəşəriyyətə nələr verib. Yaxud Füzuli, İbn Sina, böyük sərkərdələr, Türk dünyası, İslam dünyası bəşəriyyətə nələr verib... Onlara sahib çıxmaq, onları müasirləşdirmək, yaşatmaq lazımdır.
- Ağsaqqal mətbuat nümayəndəsi olaraq necə düşünürsünüz, çağdaş dövrümüzdə milli mətbuatın əsas vəzifəsi nə olmalıdır?
- “Açıq söz”x9dün yazdığı kimi, müasirləşmək, türkləşmək, islamlaşmaq. Müstəqil dövlətdə hamının, o cümlədən mətbuatın devizi nə olmalıdır? Birinci, bu vətən də bizimdir; ikinci, bu millət də bizimdir; üçüncü, bu dövlət də bizimdir. Jurnalistlərin vəzifəsi budur ki, görsün ki, bu hakimiyyət nə ilə məşğul olmalıdır: Vətən abadlığı ilə. Bəs Vətən abadlığını bu hakimiyyət necə həyata keçirir? İkinci, millətin səlamətliyi ilə məşğul olmalıdır. Səlamətlik üçün də iş, mənzil, şərait olmalı, millət adam kimi yaşamalıdır. Üçüncüsü, camaatın tərəqqisi ilə məşğul olmalıdır. Nəhayət, hamı istiqlaliyyəti qorumalıdır. Müqəddəs olan istiqlaliyyət, müstəqillik, azadlıqdır. Bunlardır mətbuatın vəzifəsi. Məhəmməd Əminin, Üzeyir bəyin, müsavatçıların, o dövrün jurnalistlərinin devizi bu idi.
- “Jurnalist öncə vətəndaş olmalıdır”x9d fikri mübahisələr doğurur. Siz bu mübahisəni kəsmək üçün nə deyərdiniz?
- Nəinki jurnalist, çalışmaq lazımdır ki, hamı özünü bu vətənin doğma övladı hesab eləsin. Məhəmməd Əmin ona görə də deyirdi ki, bizdə doğma-ögey vətəndaş yoxdur, olmamalıdır, hamı bu torpağın, bu vətənin doğma övladı olmalı və bunu hiss etməlidir. Vətəndaş ona deyirlər ki, özünü dövlətin sahibi hesab eləsin. Bu da indiki dövrdə seçki ilə həyata keçirilir. Yəni öz hakimiyyətini seçsin. Bir türk tarixçisi kitabını nəyə həsr etsə, yaxşıdır? Deyir, bu kitabı namuslu, qeyrətli, istedadlı adamları dövləti idarə etməyə cəlb edənlərə ithaf edirəm. Fikir ver e! Çünki dövlətin, millətin, vətənin taleyi o adamlardan asılıdır. Xüsusən hakimiyyətdə namuslu, qeyrətli, istedadlı adamları dövləti idarə işinə cəlb edənlər ola. Belə məsələlər var e...
- Azərbaycanın müasir mətbuatına kənardan, Şirməmməd Hüseynov zirvəsindən baxanda hansı qənaətə gəlmək olur?
- Bilirsən necədir? Belə bir misal var: uşaq yatanda böyüyür, millət diri olanda. Məhəmməd Əminin 8 məqaləsi vardı “Milli dirilik”x9d adında. Millət gərək həmişə diri ola, ayıq ola, işgüzar ola. Jurnalist də o cümlədən. Əhməd bəy Ağayev 1899-da yazırdı ki, Avropa həyat-tərzi, yeniliyi Şərqə çox zorla daxil olur, şərqlilər Avropadan yalnız formanı, ikinci dərəcəli şeyi götürürlər. Deyirdi ki, Şərqdə özünə zorla yol açan mətbuatdır. Ona görə ki, jurnalistika operativlik, cəldlik, çeviklik, ayıqlıq, savad, dünyagörüşü tələb edir. Özü də bunlarla yanaşı, jurnalistdə iki keyfiyyət olmalıdır: ictimai təfəkkür, ictimai vicdan. Yəni bir şəxsi mənafe var, bir də milli, vətən, dövlət mənafeyi. Məhəmməd Əmin deyirdi ki, ictimai və milli təfəkkürü, ictimai və milli vicdanı olmayan adamdan jurnalist olmaz.(musavat.com)
































































































