“Çünki bizim ayrı qardaşımız yoxdur”x9d
Görkəmli
türkoloq alim, filologiya elmləri doktoru, professor Firudin Cəlilov Moderator.az-a müsahibə verib.
-70 illik yubileyinizə 2 il qaldı.
-Heç vaxt
nə ad günü keçirməmişəm, nə yubiley yada düşməyib. Heç nə 50 yaşımda, nə 60
yaşımda yubiley keçirmək ağlımın ucundan da keçməyib. Tale elə gətirdi ki,
sovetlərin çöküşünün ən çox zərbəsini alan biz olduq. Millət dərbədər oldu, əvvəl
Qərbi Azərbaycandan didərgin salındı, sonra Qarabağdan, ətraf rayonlardan. Bir
milyoin didərgini olan bir millətin ziyalısı özünə doğum günü töprənləri keçirməz,
istəsə də keçirə bilməz. Mən də heç vaxt millətin bu günündə xalqın qarşısına
çıxıb yubileylər keçirməyi özümə sığışdırmamışam.
-Amma 68 yaş da az deyil. Necə deyərələr, bir igid
ömrü yaşamısınız, keşməkeşli, iztirablı, qürurlu, bəzən ölümlə burun-buruna gəlmisiniz,
bəzən sadəcə sizi məhv etmək istəyiblər...
-Təbii ki, qaçıb gizlənmək mümkün də deyil. Doğum
tarixini bilirlərsə səni arayacaqlar, təbrik edəcəklər. Bax iki gündür ki, nə
telefon ara verir, nə feysbukdakı profilimə gələn təbrik mesajlarını oxuyub
sona çatdırmaq mümkün olur. Bəlkə də 5 min adam məni ya telefonla, ya sosial şəbəkə
üzərindən təbrik edib. Amma fiziki olaraq bunların hamısına cavab vermək
imkanım yoxdur. Hətta “sağ ol”x9d sözünü yazmağa da imkan yoxdur.
-Demək ancaq telefon zəngləri və
mesajlar. Şəxsən sizi arayıb mənim kimi üzbəüz təbrik edən olmayıb.
-Niyə
ki? Olub. Elə dünən Sabir bəylə evimizin yaxınlığında bir kafedə oturub keçmiş
günlərimizi xatırlamışıq. Açığı deyim ki, bir az da vurduq. Çünki çoxdan
vurmurduq.(gülüşürük)
-İstiqlalçı deputatlardan kimlər
zəng edib təbrik etdi?
-Səndən
bir az qabaq İsa bəy zəng etmişdi.
-Özünüzlə başbaşa qalanda
keçmişinizi tez-tezmi xatırlayırsınız?
-Allahıma
şükrlər edirəm ki, keçmişimdə utanc duyacaq bir qəbahət və günah işlətmədim. Keçmişim
hər zaman mənəvi qida almağımda dadıma çatıb, qürur hissindən başqa heç nə
yaşamamışam. Elə ona görə də mənimlə bağlı hansısa məsələ aktuallaşanda 10 minlərlə
insanımız münasibət bildirir. Bunun özü elə böyük göstəricidir. Amma təbii ki,
səhvlərim də olub. Səhvsiz insan olmaz. Həmişə çalışmışam ki, səhvlərin mümkün
olanını düzəldim, kimin könlünü qırmışamsa onu almağa çalışmışam. Bir sözlə,
keçmişimdən narazı deyiləm. Amma dəfələrlə ölümdən qayıtmışam, hər dəfə də məni
bir inam dik tutub ki, məni ölümdən saxlayan dualar olub.
-Etdiyiniz savab işlərə görə
edilən dualar...
-Elədir.
Mən 7 dəfə əməliyyat olunmuşam. 7 dəfə cərrah bıçağı altına girmişəm. İlk əməliyyatlarda
uşaqlar balaca idi və onda Allaha yalvarırdım ki, Ya Rəbbim, mənə uşaqları
böyütməyə möhlət ver. Rəbbimə şükrlər olsun ki, səsimi eşidib həmişə.
-Keşməkeşli həyat yaşamısınız.
Baş nazirin müavini, təhsil naziri, istiqlalçı deputat, AMİP liderlərindən biri
olmusunuz. Heç şübhəsiz zəngin bioqrafiyanız içərisində elə epizodlar var ki,
bu vaxtadək nə ailəniz, nə hərəkat yoldaşlarınız, nə də cəmiyyət bilmir. Allah
ömür versin, amma bəlkə bizim bilmədiyimiz çoxsaylı məqamlarla bağlı bir kitaba
sığacaq qeydlər yazasınız ki, ya sağlığınızda, ya da sizdən sonra çap olunanda
insanlar bilsin ki, belə bir kişi gəlib, yaşayıb və gedib...
-Bilirsən,
bu suala özüm özlüyümdə bir neçə dəfə cavab vermişəm. Təbii ki, bildiyim sirlərin
sayı-hesabı yoxdur. Amma o məsələləri ki, cəmiyyət bilmir, bundan sonra da bilməməsi
məsləhətdir. Yəni mənim bildiyim, amma cəmiyyətin bilmədiyi məsələləri yaza
bilmərəm. Çünki bəzən yeri gələndə susmaq lazım gəlir. Yəni elə məqamlar var
ki, onu açmaq, kiminsə haqqında nəsə demək həm birmənalı qarşılanmayacaq, həm də
dövlətçiliyimizə, milli mənliyimizə zərbə vuracaq, bir sözlə, xeyiri zərərindən
az olacaq. Ona görə də məcbur olub susmağa üstünlük verirsən. Təbii ki, elə məsələlər
var ki, rəhmətliklər Elçibəy də, Heydər Əliyev də, mən də özümüzlə aparmalıyıq.
Bunları açıb danışmaq mümkün deyil. Bilirsiniz, bəzən insanlar kimlərdənsə qəhrəman
obrazı yaradırlar. Həmin qəhrəmanın eyiblərini, etdiyi pislikləri açıb ortalığa
tökəndə artıq o obrazın qəhrəmanlığına elə xələl gəlir ki, insanlar bunu həzm
edə bilmirlər. Mən o obrazların məhv olmasını istəmirəm. Çünki səmimi olaraq
kimlərinsə əvəzolunmazlığına inanmış insanların daşlaşmış inamını qırmaq olmaz.
Necə ki, indi Şah İsmayıl Xətainin, Babəkin üstünə düşüblər, mən bunu doğru yol
hesab etmirəm. Onlar da insandır, Allah deyillər ki. Şah İsmayılın da, Babəkin
də çox böyük günahları olub. Amma onlar bir milli azadlıq hərəkatındakı qəhrəman
obrazı kimi millətin qan yaddaşına əbədi həkk olunublar. Bunları qoparıb atmaq
cəhdləri zərərdən başqa millətə heç nə verməz. Sözümün canı odur ki, dediyiniz
kimi xatirələrdən ibarət bir kitab yazmaq fikrində deyiləm.
-Tarixdə istiqlalçı deputat, keçmiş baş
nazirin müavini, yoxsa eks təhsil naziri kimi qalmaq istərdiniz? Hansı status qəlbinizə
daha yaxındır?
-Müəllimlik.
Hərdən keçmiş tələbələrimlə görüşürük, yazışırıq, onlar mənə o günlərimi bir
daha xatırladırlar. Deyirlər ki, o vaxt bizi milli ovqata kökləyirdiniz, buna
görə biz dünyaya açıq gözlə baxa bildik, millətimizi tanıdıq, tariximizi öyrəndik.
Yəni deməyim odur ki, mən müəllimliyi heç bir vəzifəyə dəyişmərəm. Vəzifə boş
şeydir, gəldi-gedərdi, bir-iki il işləyərsən, lap indikilər kimi 20 il də işləyərsən,
amma bir də var ki, sən müəllim kimi millətinə bir nəsil yetişdirirsən. Amma təəssüf
ki, mənə ləzzət verən, ən böyük həzz aldığım o sənətimdən məni ayırıblar.
1994-cü ildən məni universitetdən müəllimlikdən çıxarıblar və 21 ildir
auditoriya üzünə həsrətəm. -Yaxşı ki, həsrət qoyublar, indi o auiditoriyalar da
qalmayıb, indi müəllimin urvatı çox düşüb... -O da düzdür. Amma bir şey var ki,
yaxşı müəllimlərimiz də çoxdur. Bilirsən, sən auditoriyaya girib dərsini de,
övladlarımızı həyata hazırla, onların milli ziyalı kimi yetişməsinə yol aç, sən
hörmətini, urvatını saxlayacaqsan. İndi o böyründəki sinifdə müəllim nə qələt
edir, bu ayrı söhbətin mövzusudur.
-Ona görə sizi auditoriyaya həsrət
qoyublar ki, qorxurlar hər şeyə “Amin”x9d deyən yox, inqilabçı ziyalı nəsli
yetişdirərsiniz...
-Elə
ona görə də qoymurlar. Mənə açıq şəkildə deyirlər ki, vallah atamızı yandırarlar.
Hətta bir rektor dostuma dedim ki, professor adam 24 ildir dərs demirəm, imkan
yaradın gəlim uşaqlara dərs deyim də. Heç maaşınızı da istəmirəm. Mənə qayıtdı
ki, axı sən sıradan bir adam deyilsən, səni müəllim götürmək üçün gərək
yuxarıdan icazə alam. Mən də dedim ki, yuxarı təbəqə-təbəqədir, əgər birincidən
istəməyə ürək varsa get al, özü də bilirəm ki, o deyəcək ki, ayıb deyilmi, niyə
götürməmisiniz bu vaxtadək? Amma sən gedib o xırda məmurlardan razılıq istəyəcəksənsə,
alınmayacaq, çünki onlar məndən hürkürlər, qorxurlar.
-İstanbulda sonuncu dəfə müalicədə
olarkən fürsət tapıb DAK-ın qurultayında da iştirak etmisiniz.
-DAK-ın
Amerikadakı birinci və ikinci qurultaylarında iştirak etmişəm. Amma o vaxtdan mən
DAK-a qoşulmadım. Sadəcə son qurultayda Sabir bəy dəvət elədi, iştirak etdim.
-DAK-da da vəziyyət yaxşı deyil, monolit bir qurum ola bilmədi, dörd bir yana çəkdilər,
urvatdan saldılar o missiyanı... -Bilirsiniz, DAK çox ciddi məsələdir, bilirlər
ki, bu qurum güclənsə onlara ciddi problem yarada bilər. Ona görə də bu qurumun
güclənməməsi üçün əllərindən gələni edirlər. İran da çox narahatdır bu qurumun
fəaliyyətindən, burda da bəzi qüvvələr istəmirlər. Ümumiyyətlə, Azərbaycan
türklərini istəməyənlər az deyil və ona görə də bu cür dağıdıcı fəaliyyətlə
DAK-ın tərkibinə öz adamlarını salmaqla zərbə vurmaq istəyirlər. Amma son
qurultay çox yaxşı keçdi. Mən də qonaq kimi oturub axıra qədər də qulaq asdım.
-Bir neçə gün öncə Türkçülük
bayramı idi...
-O təqvimi
Türkçülük bayramı kimi adlandırmaq doğru deyil, baxmayaraq ki, elə bayram kimi
də adlandırırlar. O türkçülərə olan sitəm, zülm, basqı günüdür. Yəni Türkçülük
günü kimi qeyd edilməlidir əslində, bayram kimi yox. Bilirsən, türkçü, millətçi,
milliyyətçi ifadəsinin altında hər öz bildiyini, başa düşdüyünü təlqin etmək
istəyir. Məsələn, bəzən məni türkçü kimi qınayırlar, təpki göstərəndə
türkçülükdə ittiham edirlər. Axı bu zavallılar anlamır ki, türkçülük mənim sənətimdir,
mənə elmlər doktoru olarkən verilən diplomun içində türkoloq yazılıb. Türkoloq
da bizim dildə türkçü deməkdir. Yəni türk xalqları və türk dilləri üzrə uzman.
Bəziləri türkçülüyü hətta irqçilik, başqa millətlərə hörmətsizlik kimi başa
düşürlər. Bunlar hamısı yanlış şeylərdir. Hər millətin öz içindən millətçi kəsim
yetişir. Bu gün Avropa niyə Avropa olub? Onların hamısı bu millətçilikdən
keçiblər. Sən bu gün Parisdə bir dükana girib almanca və ya ingiliscə bir qutu
siqaret istəyə bilmərsən. Ən yaxşı halda sənə dodaq büzüb, üz turşudacaqlar. Sən
ondan ya fransızca soruşmalısan, ya da yanında fransız dilini bilənin köməyindən
istifadə etməlisən. Amma bizdə, eləcə də Türkiyədə belə şey yoxdur axı. Yəni
bizim millətçiliyimiz onlarınkı qədər şovinist deyil. Biz başqa millətlərə də həmişə
hörmətlə yanaşmışıq, bizdə nə qədər xalq yaşayır, şəxsən mən onların hamısına
hörmət edirəm, çoxlu dostlarım var onlar içərisində, qız almışıq, qız vermişik,
qohum olmuşuq o millətin nümayəndələri ilə. Bu mənada türkçülük deyəndə hürkənləri
başa düşmürəm.
-Ermənilərin 100 illik yalanının qondarma
yubileyi keçirildi. Hər şey bitdimi, yoxsa Türk dünyası yeni 100 ilə
hazırlaşmalıdır?
-Türkiyə
dövlətini hər zaman pressinq altında saxlamaq üçün bu oyunlar davam edəcək. Baxmayaraq
ki, ermənilərin iddiasını təsdiqləyən faktlar yoxdur və Türkiyəni istəməyən
qlobal güclər də arxivlərdən xəbərdardırlar deyə bilirlər ki, soyqırım deyə bir
şey olmayıb. Amma mən əminəm ki, bunlar şantaj yolu ilə bu iddiaları dünya
parlamentlərində tanıda-tanıda gedəcəklər. Buna qarşı hazırlıqlı olmaq
lazımdır. Bu məsələdə biz Türkiyənin tam yanındayıq. Ümumiyyətlə, Türkiyə
hardadırsa biz orda olmalıyıq. Çünki bizim ayrı qardaşımız yoxdur.
Zülfüqar
Hüseynzadə
































































































