Qadın Krizis Mərkəzinin rəhbəri Mətanət Əzizova 10 aydan çoxdur ki, Azərbaycanı tərk edib. Buna səbəb Leyla Yunusla bağlı istintaqa cəlb olunması və həbs təhlükəsinin yaranması olub. O, hazırda Praqada Azərbaycanı tərk etmək qadağası üzərlərindən götürülən həyat yoldaşı və oğlu ilə birlikdə yaşayır.
Hüquq müdafiəçisinin son durumu, işləri ilə bağlı sosial şəbəkə vasitəsilə söhbət etdik.
- 10 aydır ölkəni tərk etmisiniz. Bu müddət Mətanət Əzizova üçün necə keçdi?
- Bu 10 ay çox emosional, müxtəlif hisslərlə dolu keçsə də, mənim üçün faydalı oldu. Mənfi tərəflərinə toxunmaq istəməzdim. Bunun haqqında çox yazılıb. Bu 10 ay həyat dərsi ilə dolu keçdi. Öz üzərimdə çox çalışmalarım oldu. Sağlamlığımı qaydaya saldım. İşlərimlə əlaqədar praktiki görüşlər keçirdim, bilgilərim artdı. Yeni insanlarla tanışlıq imkanım oldu, dostlar qazandım. Ən əsası, yeni mədəniyyətlə tanış oldum. Yəni həyatım baxımından önəmli dəyərlərlə dolu aylar oldu.
- Azərbaycanda olmadığınız müddət ərzində ölkədə nələr dəyişdi?
- 13 ildir ki, QHT-də çalışıram. Vətəndaş cəmiyyətinin vacibliyini dərk edirəm. Bu sahənin ölkəmdə yox dərəcəsində olduğunu görəndə, çox məyus oluram. Qazandığımız nailiyyətlərə baxaq. Gender bərabərliyi, insan alveri, ailə zorakılığı, erkən nikah, qadın problemləri və.s kimi məsələləri qabartdıq. İnsanları bu haqda məlumatlandırdıq. Qanunvericilik bazasının hazırlanmasında iştirak etdik. Edəcəyimiz işlər hələ çox idi. Amma təəssüf ki, bu gün QHT-lərin rolu cəmiyyətdə azdır. Azərbaycanı KİV-lər və facebook üzərindən müşahidə edirəm. İnsanlar depressiya və aqressiya içindədirlər. Ölkədə olarkən, buna çox fikir vermirdim. Bir-birilərinə qarışıqlı ittihamlar, təhqirlər səsləndirilir. İnsanlar satqın axtarışındadırlar. Çoxları bu oyunun bataqlığındadır. Bir addım kənara çəkiləndə situasiyaya fərqli baxmağa başlayırsan.
- Ailəniz artıq yanınızdadır. Bunu gözləyirdiniz?
- Əlbəttə gözləyirdim. Heç zaman ümidimi kəsmədim. Ömür boyu Azərbaycanda saxlamayacaqdılar ki...
- Hazırda nə işlə məşğulsunuz?
- Hazırda QHT-lərin birində təcrübə mübadiləsindəyəm. Öyrənirəm, öyrədirəm, xarici dil kursuna gedirəm. Müxtəlif peşə sahibi olan insanlarla ünsiyyət qururam. Bu mənə yeni bilikləri qazanmağa yardımçı olur. Şənbə-bazar günlərini ailəmə sərf edirəm. Bunu avropalılardan öyrəndim. Gəzməli yerləri ailəmlə birlikdə gəzirəm. Darıxmağa vaxtım yoxdur.
- Azərbaycana qayıtmağı düşünürsünüz?
- Ümumiyyətlə, mənim üçün hər hansı bir dəyişiklik etmək çətin olur. Yeniliyə çətin öyrəşirəm. Artıq Azərbaycanı tərk etməyimdən 10 ay keçib. Buna adaptasiya olunmuşam. Hazırda Praqada yaşayıram. Sabah nə qərar verəcəm, deyə bilmərəm.
- Deputatlığa namizəd olacağınızı demisiniz. Fikriniz qətidir?
- Zaman bunu göstərəcək. Amma bir məsələni qeyd etmək istərdim ki, mən Azərbaycan vətəndaşıyam. Ölkədə olmadığıma baxmayaraq, bütün hüquqlara malikəm və istifadə etməyə haqqım var.
- Azərbaycanda hələ də həbs təhlükəniz davam edirmi?
- Bu haqda düşünmürəm. Aktrisa Vivyen Linin qəhrəmanı bir filmdə problemlərlə qarşılaşanda deyirdi ki, bu haqda mən sabah düşünərəm. Ölkədə olsaydım, bu sualın cavabını axtarardım. Burada isə belə sualın cavabı mənə maraqlı deyil.
- Hazırda yaşadığınız ölkədə sığınacaq almısınız?
- Yaşadığım ölkədə yaşamaq hüququm var.
- Uzun illər yaşadığınız ölkə üçün darıxırsınız?
- İnsanlar üçün darıxıram. Cansız şeylərə bağlılığım heç vaxt olmayıb.
- Azərbaycanda yaşayan yaxınlarınızla əlaqələriniz var?
- İnformasiya texnologiyaları var. Sosial şəbəkələr, skype-dan istifadə edirəm. Anam (Mirvari Qəhrəmanlı) yanıma gələ bilir. Bir də Praqa QHT-lərin tədbir keçirdikləri məkan olub. Dostlarım buralara gələndə, görüşürəm.
- Azərbaycanda QHT sektorundakı həbslərlə bağlı fikirləriniz...
- Təəssüf ki, ölkəm bu gün insan haqlarının pozulduğu məkan kimi dünyada tanınır. Dost və həmkarlarım həbsdədir. Rəsul Cəfərov və İntiqam Əliyevin məhkəmələri barədə oxuyuram. Onlar həbsdə yox, azadlıqda olmalıdırlar. Onların bilik, təcrübələrindən ölkəmiz, insanlarımız fayda görməlidir. Ümid edirəm ki, onları yaxın zamanda azadlıqda qucaqlayıb “xoş gəlmisiniz”x9d deyəcəm.
- Sonda ölkənizdə yaşayan yaxınlarınıza və dostlarınıza sözünüz var?
- Qarşıdan gələn Novruz bayramı münasibətilə təbrik etmək istərdim. Xoşbəxt, azad olsunlar. İmkan, arzuları gerçəkləşsin. Həbsdə olan dostlarıma, kolleqalarıma, yaxınlarıma, əzizlərimə “sizi sevirəm”x9d demək istərdim. Bayramınız mübarək!
Sonda qeyd edək ki, Mətanət Əzizova ötən il mayın 2-də gecə ikən ölkəni tərk etmişdi. Uzun müddət hüquq müdafiəçisindən xəbər tutmaq mümkün olmamışdı. Onun xaricdə gizlənməsinə səbəb uzun müddət bir ofisdə çalışdığı Leyla Yunusun barəsində cinayət işinin qaldırılması və onun da istintaqa cəlb olunması idi.
musavat.com



























































































