Baş prokurorun keçmiş müavini, keçmiş millət vəkili və Sosial Ədalət Partiyasının sədri Mətləb Mütəllimli Moderator.az-a "mehriban düşmənlər" haqqında bir müəllif yazısı göndərərək onu olduğu kimi oxuculara təqdim etməyimizi xahiş etmişdi, biz də olduğu kimi təqdim etmişdik.
Həmin yazı burada---moderator.az/?xeber=66916
Barəsində fikir bildirilənlərdən biri-mühacirətdə olan satirik yazar Mirzə Sakit Mətləb Mütəllimliyə cavab vermək istədiyini bildirəndə ona da məmnuniyyətlə bu haqqı tanıdığımızı bəyan etdik və həmin yazıdakı iddialardan çıxış edərək ona bir neçə sual verib ətraflı mövqe bildirməsini xahiş etdik:
-Mətləb müəllimin qənaətini bölüşürsünüzmü?
-Mən Mətləb müəllimi kifayət qədər tanıyıram. Onunla bir-neçə dəfə söhbətimiz də olub, Mətləb müəllim Azərbaycan cəmiyyətində kifayət qədər tanınmış insandır. Hüquq üzrə professordur, vaxtıylə dövlət orqanlarında yüksək vəzifə sahibi də olub, zamanında kimlərlə hansı razılığa, kimlərlə nəyisə bölüşübsə də o demək deyil ki, başqaları da onun fikri ilə bölüşüb razılaşmalıdırlar. Hər bir insan başqaları haqda söz deyəndə ilk öncə o adamların haqqında tam məlumata malik olmalıdır ki, dedikləri söz də arqumentli olsun. Bir halda ki, söhbət hüquqşünasdan gedir. Mətləb müəllimin "Davalı qardaşlar" haqda dedikləri sözlər onun və bəzilərinin təxəyyülüdür, söhbət qardaşlardan gedirsə o qardaşların öz aralarında siyasi didişmələrindən başqa şəxsi problemləri də ola bilər və bu şəxsi problemlər ictimai yük daşımamalıdır. Əgər Mətləb müəllim həvəslənərək "Davalı qardaşlar" kinosunu çəkmək istəyirsə də gərək o qardaşların davaları haqda dürüst məlumata malik olmalıdır ki, çəkdiyi kino da maraqlı olsun, insanlar da o kinoya verdikləri "pula" görə heyfslənməsinlər...
-Niyə siyasət qardaşları da bir-birinə düşmən edir?
-Siyasət nəmənə şeydir ki, qardaşları bir-birinə düşmən də edə. Əslində dediyiniz o siyasət qardaşların əsl simalarını üzə çıxardır. Həmin qardaşlar bilməlidirlər ki, siyasətdən də, qəzetdən də, qazancdan da ən yüksəklikdə dayanan cəmiyyətin əsasını qoyan ailə ittifaqıdır, o ailə ki, həmin qardaşlar zamanında körpə olarkən bir süfrənin arxasında bir qabdan yemək yeyərək, bir yorğan-döşəkdə yatıblar. Əgər siyasət alverçiləri həmin qardaşların arasına nifaq sala bilirlərsə və qardaşlardan da biri o birinə "Mən uzun incə bir yoldayam" deyib də həmin alverçinin fətvasına uyursa, deməli onun ağlı "beş barmaqdakı çəçələ barmağın yerindədir". Onunla baş barmaq arasında həmin siyasət alverçisinin orta barmaq rolunda oynamasını görmürsə, deməli çəçələ barmaqlıq ömrünü yaşamağa məhkumdur. Bu dünyada siyasət də, ticarət də gəldi gedərdir, lakin əsl əqidə adamının kim olmasını kələkbaz siyasilərdə görüb qardaşından imtina edənlərə ar olsun !!..
-Qurban bəy vaxtilə Etibar Məmmədov haqqında olduğu fikirə görə bu gün qınanıldmalıdırmı?
-Qətiyyən qınanılmamalıdır. İnsan kamil deyil, amma kamilləşməyə doğru hər zaman cəhd edir, beş il bundan öncə bilmədiklərimizi bu gün güzgü kimi görürük. İnsanın bir başqası haqda yalnış məlumata malik olması həmin insanın qınanılmasına gətirib çıxarmamalıdır. Amma əvvəllər bilməyib, sonralar isə əsl həqiqəti bildikdən sonra o adam haqda yenə əvvəlki fikrində qalarsa onda qınanılası olar..
-Sizcə Lefortovo görmüş Etibar Məmmədov niyə birdən-birə qeybə çəkildi?
-Ona görə qeybə çəkildi ki, əvvəlki fikirlərini Lefortova qeybə çəkdi, həm də əjdaha kimi kamına çəkdi...
-Niyə "Şöhrət" ordenindən imtina edən Sabir Rüstəmxanlı sonradan təklif olunan şöhrətə görə dondurma kimi əridi?
-Hələ bilmək olmaz ki, Sabir bəy "Şöhrət" ordenindən imtina etdi, yoxsa imtina etdirdilər. Siyasət "dərin elm"di, a qardaş. O "Şöhrət" ordeni gələcəkdə özü dil açıb danışacaq....
-Mətləb müəllim sizi xaricə qaçaraq burada həyatını riskə atan insanları təhqir etməkdə qınayır...
-Heç kim deyə bilməz ki, mən bu vaxta qədər xalqın hansısa sıravi üzvünü tənqid ya təhqir etmişəm, heç kim təsdiqləyə bilməz ki, mən metroda maşinisti, tikintidə fəhləni, ustanı, marşurutda sürücünü tənqid etmişəm. Mənim tənqid hədəfim oyunbaz siyasilər, harın məmurlar, quldurluq edən oliqarx nazirlər, Allahşükür kimi fırıldaqçı dindarlar, ölkə vətəndaşlarının sərvətini oğurlayan hakimiyyət, uzun illər bir-biri ilə birləşməyərək, xalqı çaşqınlıq içində saxlayan muxalifətin rəhbərləri və onlara bütpərəstlik edən nadan insanlar olublar...Bəli, mənim xaricə gəlməyimin bir baiskarı bu günkü hakimiyyətdirsə də ikincilər də vaxti ilə üzvü olduğum AXCP rəhbərliyi və işlədiyim "Azadlıq" qəzetinin rəhbərləri oldular. Adama deyərlər ki, sən bəs bu hakimiyyətə qarşı açıq savaş aparmaq istəyirdinsə mən də səninlə çiyin-çiyinə dayanıb bu mənfur hakimiyyətə sözlərimi açıq şəkildə deyirdim. Bəs nədən məni yanında görmək istəmədin, niyə görə işlədiyim qəzetdən məni uzaqlaşdırdın..
Bundan başqa Mətləb müəllim hüquqşünas olduğu halda burdan-bura mənim hüquqlarımın pozulmasına bəraət qazandırırsa, daha onun haqqında nə deyə bilərəm axı..
Bir də ki, keçən il mən adəti üzrə Allahşükür Paşazadəni tənqid etdiyimə görə Mətləb müəllim öz facebook səhifəsində mənim haqqımda çox təhqiramiz ifadələr işlətmişdi, Allahşükürü isə Azərbaycanın çox dəyərli ağsaqqalı, mötəbər din xadimi, vicdanlı insan və böyük şəxs kimi qələmə vermişdi..
Azərbaycan Konstitusiyasının birinci maddəsinin birinci bəndində belə bir maddə yazılıb:
"Azərbaycan dövlətinin mənbəyi Azərbaycan Xalqıdır".
Gedin qapı-qapı düşün və görün Azərbaycan xalqının neçə faiz nümayəndəsi Allahşükürü əsl din xadimi adlandıracaq..
Əgər bu rəqəm 2 faizdən yuxarı qalxsa, o zaman Mətləb müəllimin "Davalı qardaşlar" haqda və Allahşükür haqda dedikləri düzdür və mən də Allahşükürü tənqid etdiyimə görə Şeyxdən və Mətləb müəllimdən üzr istəyəcəm. Dediyimin əksi baş verərsə, Mətləb müəllimin üzr istəməsinə ehtiyac yoxdur, sadəcə ondan öz hüquq peşəsinə hörmətlə yanaşmasını xahiş edəcəm...
































































































