"Əgər dünya yeni modellər axtarırsa..."

Hazırda oxunan: "Əgər dünya yeni modellər axtarırsa..."

63288
" Əgər dünya yeni modellər axtarırsa, Azərbaycanda onlar artıq çoxdan mövcuddur..."

Rəbiyyət Aslanova : "Bu gün Avropa ölkələrinin üzləşdiyi problemlər ölkəmiz üçün səciyyəvi deyil, yəni,  Azərbaycan bir çox ölkələr kimi “immiqrant dövlət”x9d deyil"


Müsahibimiz Milli Məclisin İnsan hüquqları komitəsinin sədri, professor Rəbiyyət Aslanovadır

-Rəbiyyət xanım, bu gün bəşəriyyət, necə adlandırılmasından asılı olmayaraq, fərqli bir mərhələyə daxil olub. Bu mərhələnin özəlliklərindən biri də ondan ibarətdir ki, son bir neçə onilliyi əhatə edən bu mərhələdə insanlar, xalqlar, dövlətlər, mədəniyyətlər və dinlər arasında mövcud olan qarşılıqlı münasibətlər keyfiyyət dəyişikliyinə uğrayıb. Sizin bir ziyalı, bir filosof kimi bu barədə mövqeyiniz necədir?

-Bilirsiniz, belə demək mümkünsə, 21-ci əsrin mədəni kosmosu - sıxlaşmış zaman içərisində qlobal mədəni reallıq və cavabını gözləyən çağırışlar fonunda formalaşır. Yəni, mədəniyyətlərarası münasibətlərdə bu vaxta qədər mövcud olan “mədəni hegemonluq”x9d, üstünlük, “hakim mədəniyyət”x9d, “biz və qeyrilər”x9d kimi paradiqmalar ömrünü başa vurmaqdadır. Yeni düşüncə tərzinin formalaşması, düşüncə böhranının dəf edilməsi üçün isə hələ zaman lazım olacaq. Bəşəriyyətin özünü qlobal - tam kimi hiss etməsi, əsrlər boyu insanlığın arzusunda olduğu bu ideyanın gerçəkləşməsi tarixi zərurətə çevrilsə də, ona doğru irəliləmək o qədər də asan deyil.
Lakin təkzibedilməz bir həqiqət var: öz varlığını davam etdirmək üçün bəşəriyyət birgəyaşayış yollarının axtarışında ümumi tale üçün birgə məsuliyyət hissini bərabər bölüşməlidir. Bu axtarışın uğurunu isə yalnız tolerantlıq, həmrəylik, yüksək mədəniyyət, multikulturalizm təmin edə bilər. Heç təsadüfi deyil ki, ulu öndər Heydər Əliyev zamanında söyləyirdi: “Yüksək tolerantlıq ilk növbədə yüksək mədəniyyətin təzahürüdür”x9d. Məhz bu baxımdan dünyanın elm adamları, din xadimləri, siyasi liderlər bir araya gəlir, sivil birgəyaşayış prinsiplərinin bərqərar olması üçün yollar, modellər axtarırlar.Təşkil olunan hər görüşün, konfransın amalı da mədəniyyət və sivilizasiyaların qarşılıqlı anlaşması istiqamətində səmərəli fəaliyyət yollarını aramaqdır.

Dünyada etnik münaqişələrin kəskinləşməsi, böyük regionların müharibə alovuna büründürülməsi, təkcə müxtəlif dinlərə deyil, eyni dinə mənsub insanların bir-birinə qarşı dəhşətli zorakılıq hallarının artması, ölkəsinə gələn miqrantlara qarşı avropalıların bir araya sığmazlıq hisslərinin güclənməsi şəraitində ümumi qüvvələrin səfərbər edilməsinin böyük əhəmiyyəti var. Bu baxımdan, çox sevindirici və əlamətdar haldır ki,  özünü artıq tolerantlığın ideoloji mərkəzi və praktik təcəssümü kimi təsdiq etmiş Bakıda bu xarakterli görüşlərin keçirilməsi ənənə şəklini alıb.Müasir cəmiyyətlərdə birgəyaşayış təcrübəsinin lokal və qlobal səviyyədə təşviq edilməsində Prezident İlham Əliyevin şəxsi təşəbbüskarlığı dünyanın diqqət mərkəzindədir. Müxtəlif mədəniyyətlər arasında əməkdaşlıq üçün qlobal platformanın təsis edilməsi və Azərbaycan xalqının mədəniyyətinin, tarixi ənənələrinin beynəlxalq aləmə tanıdılması məqsədilə ümumdünya mədəniyyətlərarası dialoq forumlarının Bakıda keçirilməsi dövlətin tolerantlıq prinsiplərinə verdiyi dəyərin təzahürüdür. Bu toplantılarda əldə olunan uğurlarla, nailiyyətlərlə yanaşı, bəşəriyyətin qarşılaşa biləcəyi təhlükələr, təhdidlər müzakirə olunur, onları önləyəcək vasitələr aranır.

Hələ 1971-ci ildə Kanadada rəsmi ideologiya statusu alan multikulturalizmin sonralar dünya ölkələrində sürətlə yayılması problemin bütün ölkələr üçün önəmindən xəbər verirdi. Uzun illər keçməsinə baxmayaraq, dünyada bu sahədə narahatlıq üçün yenə də əsas olduğu gerçəklikdir. Bu gün isə narahatlığa səbəb olan şərtlərin dərinləşməsi problemə daha ciddi yanaşma tələb edir...



" Hər bir cəmiyyətdə formalaşan birgəyaşayış prinsipinin əsası kimi tolerantlıq ənənəsinin dəyəri bu mərhələdə qarşıdurma və münaqişələri aradan qaldırmağın mexanizmi kimi çıxış edir"


- O da sirr deyil və qloballaşmanın gerçəkliyi də bundan ibarətdir ki, ən müxtəlif mədəniyyətlər bir-biri ilə daha da “sıxlaşıb”x9d üz-üzə durub...

-Tamamilə, doğrudur.  Böyük meqapolislərdə müxtəlif din və mədəniyyətlərin daşıyıcılarının nisbəti yarıbayarını təşkil edir. Məhz belə məqamda onların qarşılıqlı dinamikasını təhlil edərkən “kultur-şok”x9d adlandırılan mərhələni yaşamaq lazım gəlir. Hər bir cəmiyyətdə formalaşan birgəyaşayış prinsipinin əsası kimi tolerantlıq ənənəsinin dəyəri bu mərhələdə qarşıdurma və münaqişələri aradan qaldırmağın mexanizmi kimi çıxış edir. Yaranmaqda olan qlobal mədəniyyət tipi çeşidli mədəniyyətlərin istər-istəməz reaksiya verməsini şərtləndirir, onların mahiyyətinə də, formasına da təsir edir. Sivilizasiyalararası inteqrasiyanın intensivliyi bir tərəfdən mədəni müxtəliflik amilinə yüksələn diqqəti, digər tərəfdən problemin həm də praktiki həlli mexanizmlərinin müəyyən edilməsini gündəmə gətirib. Çoxmilli, çoxdinli cəmiyyətlərdə sabitlik və ünsiyyət - bir-biri ilə son dərəcə sıx bağlı, həm də mürəkkəb münasibətlərdə olan fenomenlərdir və mədəniyyətlərin ahəngdar qarşılıqlı təsirinin təmin edilməsini nəzərdə tutur. Buna hər yerdə və hər zaman nail oluna bilinmədiyi üçün mədəniyyətlərarası münasibətlərin siyasi-ideoloji modelləri və mexanizmləri geniş müzakirələr doğurub. Bu gün dünyada 200-ə qədər dövlət, 5-7 min arası tayfa, xalq, millət mövcuddur.

Müasir dövlətlərin əksəriyyəti mürəkkəb və çoxçalarlı - etnik, dini və irqi mürəkkəbliyə malik olub, mədəni müxtəlif cəmiyyətlər hesab edilirlər. Bu, son əsrlərdə həmişə belə olub. Lakin dövlətlərin siyasi-ictimai quruluşlarından asılı olaraq ya etiraf edilib, ya da yox. Məsələn, sovetlər dövründə “vahid sovet xalqı”x9d anlayışı olub və başqa millətlər haqda danışmaq, milli kimliyi önə çəkmək yasaq hesab edilib. Düşüncələrdə formalaşdırılan “sovet adamı”x9d obrazı hansı millətə mənsubluğunu kölgədə qoymağa hesablanmışdı. Demokratiyanın inkişafı ilə dövlətlərin çoxçalarlı olduğu həqiqəti qəbul edildi. Qlobal mədəni məkanda mədəni ünsiyyətin “plüralist paradiqması”x9d kimi məlum olan “tolerantlıq, multikultur, polikultur, transkultur”x9d yanaşmalar formalaşıb. Eyni zamanda, o da həqiqətdir ki, bu günə qədər müxtəlif qarşılıqlı təsir strategiyalarının irəli sürülməsinə baxmayaraq, hələ də universal inteqrasiya probleminin həlli mexanizmləri formalaşmayıb. Ümumiləşdirmə aparılarsa, üç ssenarinin mövcudluğunu qeyd etmək olar. Bunlar:  qarşıdurma (toqquşma),  dialoq və  lokal mədəniyyətlərin “əriyib qarışması”x9d istiqamətləridir.
Qeyd edilən bütün mövqelər üçün ümumilikdə səciyyəvi olan xüsusiyyət - “mədəniyyətlərin bir-birinə qarışması”x9d təhlükəsinin mövcudluğu, qloballaşma, miqrasiya və demoqrafik dinamika proseslərinin təsiri altında “mədəni azlıqların çoxluqlara çevrilməsindən duyulan təşviş və narahatlıq”x9d hissidir. Ölkəyə gələn miqrantların Avropanın tarixi simasını dəyişdirə biləcəyi qorxusudur.Bütün tərəflər mədəniyyətlərin “fərqliliklərinin”x9d saxlanılması tərəfdarıdırlar...


" Bu gün xalqımız dünyada özünütəsdiq mərhələsini keçən, daha sabit və sabahından əmin olan cəmiyyətdir və təbii ki, daha çox mənəvi inkişaf və seçim imkanlarına, həm də müstəqillik kimi əvəzsiz təcrübəyə malikdir"

 
- Bunların fonunda isə Azərbaycan müstəqilliyin əldə edilməsi ilə sivilizasiyaların toqquşması ideyasına qarşı özünün tarixən formalaşmış tolerantlıq modelini, dialoqun məkanı olmaq missiyasını irəli sürdü...


 -Bu, heç kimdə etiraz doğurmayacaq bir gerçəklikdir və hər birimiz də bundan qürur hissi keçirirk. Çünki bu çətin, lakin şərəfli missiyanı üzərimizə götürməyi mümkün edən müqəddəm şərtlər sırasında tolerantlıq ön cərgədə durur. Bu gün xalqımız dünyada özünütəsdiq mərhələsini keçən, daha sabit və sabahından əmin olan cəmiyyətdir və təbii ki, daha çox mənəvi inkişaf və seçim imkanlarına, həm də müstəqillik kimi əvəzsiz təcrübəyə malikdir. Qloballaşan dünyada milli-mədəni kimliyə olan çağırışlar mövcuddur və onlar könüllü seçim məsələsi deyil, bu çağırışlara konkret milli cavablar deməkdir. Bu gün milli dövlətlə “qlobal dünya dövləti”x9d (mondializm) adlanan qeyri-bərabər güc üz-üzə durur. Çağırışların bəziləri isə bunlardır: Siyasi çağırışlar - milli dövlətin tədrici olaraq zəiflədilməsi, səlahiyyətlərinin fövqəlmilli strukturlara ötürülməsi; Sosial mədəni çağırışlar - milli mədəniyyətlərin etnik komponentinin qabardılması, “ekzotik”x9d planda təqdimatı; Etnosiyasi çağırışlar - inkişaf gedişində təbii olan sosial gərginlik məqamlarının informasiya və immiqrasiya siyasəti ilə sivilizasion-mədəni müstəviyə keçirilməsi;  Mədəni çağırışlar - mədəni hegemoniya və kosmopolit dünyagörüşün yayılması; Geosiyasi çağırışlar - qloballaşma meyillərinə qarşı dura biləcək hər hansı səmərəli regional qurumların yaranmasını əngəlləmək.

Hər bir cəmiyyətin yaradıcı başlanğıcı - fəal, təşəbbüskar, dünyada gedən proseslərə həssas, eyni zamanda mədəni və tolerant şəxsiyyətdir. Rəqabətədavamlı dövlətin mövcudluğu bu cür vətəndaşdan, onun aydın məqsədlərə ünvanlanan tolerant dünyagörüşündən başlanır. 
Yeni yüzillikdə qloballaşma, inteqrasiya və beynəlxalq miqrasiya prosesləri çoxmilli, çoxkonfessiyalı bütün dövlətlər qarşısında multietnik əhalinin yüksək tolerantlıq səviyyəsinə nail olmaqla milli konsolidasiyanın təmin edilməsi vəzifəsini irəli sürüb. Azərbaycan tarix boyu həm bölgədə, həm də qlobal miqyasda baş verən hadisələrin gedişatına təsir edə bilən ölkələr sırasında olmuşdur. Son iki əsrdə isə onun bu yöndə fəallığı dünyanın, demək olar, bütün qitələrinə yayılmışdır. Bəşəriyyətin mədəni-mənəvi irsinə olan töhfələri ölkəmizi xüsusilə dünyada tanınan dövlətə çevirib. Təbii ki, belə bir ölkədə tolerantlıq ənənələri də çox qədimdir. 

Eyni zamanda, qeyd etmək lazımdır ki, mənəvi dəyərlər güclü dövlətçiliyin əsas sütunudur. Yalnız davamlı mənəvi ənənələrə malik dövlət öz gələcəyini qurmağa, müasir dünyanın inkişaf və tərəqqi karvanına qoşulmağa qadirdir. Azərbaycan xalqının dünyada etiraf edilən zəngin milli-mənəvi irsinin himayədarı olan dövlətimiz bu irsin qorunması, inkişafı və tanıdılması yönündə örnək sayılacaq fəaliyyətini ortaya qoyub. Təsadüfi deyil ki, müasir cəmiyyətlərdə birgəyaşayış təcrübələrinin lokal və qlobal səviyyələrdə təşviq edilməsində Prezident İlham Əliyevin şəxsi təşəbbüskarlığı dünyanın diqqət mərkəzindədir. Müxtəlif mədəniyyətlər arasında əməkdaşlıq üçün qlobal platformanın təsis edilməsi və Azərbaycan xalqının tolerant mədəniyyətinin, tarixi ənənələrinin beynəlxalq aləmə tanıdılması məqsədilə Azərbaycan Respublikasında 2011-ci ildən başlayaraq hər iki ildən bir ümumdünya mədəniyyətlərarası dialoq forumları təşkil edilir...


"Tolerantlıq cəmiyyətdə və mədəniyyətlər arasında dialoq və sülhün yaranması mexanizmidir"

 
-Belə demək mümkünsə, tolerant düşüncə tərzi cəmiyyətin tarixi inkişafının məhsulu, müxtəlif mədəniyyət və lokal insan birliklərinin birgəyaşayışının nəticəsidir...


 -Elədir ki, var. Tolerantlığın əsasını müxtəlif fəlsəfi-tarixi, mədəni-mənəvi prinsiplər təşkil edir. Tolerantlığın fəlsəfi-əxlaqi kateqoriya kimi məzmununu aşkar etmək onun əhəmiyyətini müəyyənləşdirməyə kömək edir. Əgər tolerantlığın mənəvi qiymətləndirilməsi xeyir və ya şər mövqeyindən aparılırsa, onun siyasi qiymətləndirilməsi artıq başqa prizmadan - müəyyən sosial qrupların maraqlarına uyğun olub-olmaması baxımından həyata keçirilir. Burada yalnız gündəlik güzəran səviyyəsində insanlar arasındakı münasibətlərdə dözümlülük və ya dözümsüzlükdən söhbət getmir. Həm də ictimai həyatın bütün sahələrində- (iqtisadi, sosial, siyasi, mənəvi və s.) sosial müstəvilərdə: millətlərarası, mədəniyyətlərarası, sosial qruplar, bütün rütbələrdən olan dövlət məmurları və sair arasında dözümlü münasibətlər də əhatə olunur. Müasir dövrdə tolerantlıq probleminin daha geniş araşdırılan aspektləri sırasında tolerantlıq və intolerantlıq (dözümsüzlük), qeyri-tolerantlıq, antitolerantlıq, tolerantlığın başqa dəyərlərlə (həqiqət, əxlaq, azadlıq, mənəvi seçim və s.) bağlılığı, onun növləri və tiplərinin öyrənilməsi və s. təfərrüatlı təhlilləri qeyd etmək olar.

Müxtəlif sosial, mədəni, iqtisadi, demoqrafik və s. göstəricilərin, xüsusilə də təhsil və tərbiyə sahəsində tolerantlığın formalaşması, şəxsiyyətin sosiallaşması prosesində tolerantlığın formalaşmasına təsir edən amillər sosioloq və psixoloqlar tərəfindən geniş tədqiq olunur. Tolerantlığın elmi-nəzəri konsepsiya kimi formalaşdırılması və praktiki reallaşdırılması istiqamətində dünyanın, demək olar ki, bütün inkişaf etmiş ölkələrində mərkəzlər, institutlar təsis edilib. Tolerantlıq və “multikulturalizm”x9d - mədəni müxtəliflik anlayışları çox yaxınmənalı, sıx bağlı təsir bağışlasa da, eyniyyət təşkil etmir. Əlbəttə, etnik-milli birgəyaşam və ünsiyyət ənənələri qısa müddətdə, birdən-birə formalaşmır. Tolerantlığın formalaşması mürəkkəb fenomen kimi hər yeni gələn nəsillə sıfırdan başlayır. Əsrlər boyu davam edən, ənənəviləşən, qərarlaşan ünsiyyət formaları tədricən cəmiyyətdə stabil sosial normalar, əxlaqi və estetik meyarlar sistemi yaradır və düşüncə tərzinin özünə də təsir edir.

Tolerantlıq anlayışının ictimai-fəlsəfi fikir tarixində təhlilinin ən ümumi istiqamətlərini qısa xatırlamaq yerinə düşərdi. Fəlsəfi baxımdan tolerantlıq dedikdə, müxtəliflik və fərqlərin qəbul edilməsi, onlara hörmət və rəğbət nəzərdə tutulur. Tolerantlıq həm də başqalarının hüquqlarını tanımaq, fərqli düşüncə tərzinə malik olduğunu anlamaq əsasında münaqişə və ziddiyyətlərin həlli imkanlarının axtarılmasını təmin edən əxlaqi imperativ, maksimadır. Çox hallarda tolerantlıq deyəndə, özgəsinin qüsurlarını güzəştə getmək, nəyə isə dözümlü olaraq barış yolunu tutmaq, başqa fikrin mövcudluğunu obyektiv fakt kimi qəbul etmək və s. başa düşülür.Tolerantlıq həm psixoloji, həm sosioloji, həm də kulturoloji məna və məzmun kəsb edir, mütləq qarşılıqlı ünsiyyət və əlaqələrdə özünü büruzə verir. Digər tərəfdən, hələlik bitkin tolerantlıq nəzəriyyəsinin formalaşmasından söhbət gedə bilməz. Nə Qərb elmində, nə də qeyri-Qərb məkanında hələlik tolerantlığın mənəvi-əxlaqi dəyər kimi statusu və rolu aydın müəyyənləşdirilməyib.
Tolerantlıq cəmiyyətdə və mədəniyyətlər arasında dialoq və sülhün yaranması mexanizmidir. Tolerantlıq mexanizmlərinin formalaşması və reallaşması mürəkkəb bir proses olub, nəinki bütün 21-ci əsr boyu, hətta əsrlərlə davam edəcək. Bu sahədə müxtəlif ölkələrin təcrübəsi, tolerantlıq ənənələri əvəzi olmayan dəyər kimi öyrənilməlidir. Bu baxımdan ölkəmizdə mövcud olan azərbaycançılığın birləşdirdiyi tolerantlıq ənənəsi mükəmməl model axtarışları aspektində böyük əhəmiyyətə malikdir.

Bu gün Avropa ölkələrinin üzləşdiyi problemlər ölkəmiz üçün səciyyəvi deyil. Azərbaycan bir çox ölkələr kimi “immiqrant dövlət”x9d deyil. Azərbaycanda etnoslar və konfessiyalararası tolerantlıq ənənəsi “miqrantlara olan ehtiyac”x9d üzərində deyil, tarixən formalaşdığı üçün dərin köklərə malikdir və bütün xalqların tarixi yaddaşı kimi təmələ əsaslanır.Bir neçə əsrlik yaşı olan “immiqrant”x9d dövlətlərin böhran yaşayan tolerantlıq modellərinə Azərbaycanın çoxəsrlik təcrübəsinin öyrənilməsi yeni nəfəs verə bilər. Multikulturalizmin də təməl prinsiplərindən biri kimi məhz tolerantlıq çıxış edir və bu zaman başqa mədəniyyətlərə biganəlik deyil, onlara həssaslıq, onları olduğu kimi anlamaq formasında təzahür edir. Adətən, multikulturalizm tolerantlıq səviyyəsinin yüksəlməsinə olan töhfəsi ilə gərəkli hesab edilir...


"Avropanı ümumiyyətlə, Avropa edən xalqların müxtəlifliyi olub"
 
-Bəs, proseslərin təhlili nə göstərir? 

-Multikulturalizm siyasətinin böhran yaşadığı ölkələr Şərqi Avropa və keçmiş SSRİ məkanı da daxil olmaqla, başlıca olaraq Avratlantik sivilizasiya dövlətləridir. Miqrasiya faktoru əsas amillərdən hesab edildiyi üçün prosesin yalnız siyasi deyil, həm də iqtisadi müqəddəm şərtlər yaratdığını qeyd etmək lazımdır. Bu gün çoxsaylı ölkələrdə demokratiya müxtəliflik və vəhdət formuluna əsaslanır. Lakin günlərin bir günü buna qarşı bir ideya ortaya çıxır və bu formul şübhə altına alınır və deyilir ki, hamı eyni olmalıdır.Avropanı ümumiyyətlə, Avropa edən xalqların müxtəlifliyi olub. Bu olmadan təsəvvür belə etmək olmaz ki, Avropa əvvəllər necə olub və indi necədir. Multikulturalizm müəyyən mənada bütün müasir cəmiyyətlərin çoxçalarlığını ifadə etmək üçün tətbiq edilən anlayışdır. Bu, geriyə dönüşü olmayan labüd prosesdir. Qloballaşma və multikulturalizmin ən çox üz-üzə gəldiyi məqam milli-mədəni identikliyin qorunub saxlanması məsələsidir. Tarixi-siyasi irs, etnik köklər, ənənə, yaddaş, dil, din və s. kollektiv yaddaşda milli-mədəni birliyin təcəssümü olan bu amillərdən insanın mədəni identikliyi formalaşır. Çoxşaxəli mənbələrdən olan təsirlər müasir insanın “multiidentiklik”x9d şəraitində yaşayaraq “kimliyini”x9d seçim etməsini çətinləşdirir və “identiklik vakuumunu”x9d formalaşdırır. Multi - “çoxçalarlı, çeşidli”x9d deməkdir. Lakin bəzən onun “müxtəlifliklərin mexaniki cəmi”x9d kimi anlamı üstünlük təşkil edir və bu, yolverilməzdir. Belə halda mövcud ənənələrin yalnız muzey eksponatı kimi qorunması olsa da, onların ümumi yeni mədəniyyət kosmosunun formalaşmasında canlı iştirakı, dialoqu və inkişafı mövcud olmur. 


Yaşanılan dövr müxtəlif mədəniyyətlərə mənsub olan insanları ünsiyyət və identiklik seçimi qarşısında qoyur. Bu seçimə alternativ yoxdur. Babil qülləsi haqda rəvayəti xatırlayaq. Multikulturalizm unikal, çeşidli fərqliliklərə rəğbət və hörməti nəzərdə tutmaqla yanaşı, universallıq axtarışlarından da imtina etmir. Belə də demək olar ki, multikulturalizm nöqteyi-nəzərindən mədəniyyətlərin qarşılıqlı əlaqəsi subordinasiya vasitəsilə deyil, koordinasiya vasitəsilə baş tutur. Ən ümumi şəkildə multikulturalizm mədəni plüralizmin dəyər kimi qəbul edilməsini və buna görə də etnik, dini və mədəni azlıqlara dövlətin bərabər sosial status təmin etməsini nəzərdə tutan nöqteyi-nəzərdir. 

Multikulturalizm ilkin mənada hər kəsin öz identikliyinə malik olmaq haqqıdır. Bəziləri deyir ki, multikulturalizm fərqlilikləri mütləqləşdirir, digərlərinə görə, əksinə, multikulturalizm şoxşaxəli identikliyi nəzərdə tutur. Avropalıların “özgələrə”x9d qarşı olan komplekslərinin aradan qaldırılmasına yönəlmiş multikulturalizm İkinci Dünya müharibəsindən sonrakı onilliklərdə gündəmə gəlmişdir. Avropada bu siyasətin yarım əsrdən bir qədər çox yaşı olmasına baxmayaraq, onun nəticələri göz önündədir. Multikulturalizm ideyalarının və siyasətinin təbliğində tolerantlığın aqressiv təbliği mütləq atribut kimi seçilir.

“Multikulturalizmin iflası ideyası nədən qaynaqlanır”x9d sualına iki cavab var: Miqrant probleminin həlli və islam aləmi ilə münasibətlərin tənzimlənməsi problemi;  Qərbdə və Avropada baş qaldıran bir tərəfdən qiyamçı və ekstremist meyillərin, digər tərəfdən isə, radikal millətçiliyin və ksenofobiyanın baş qaldırması; mədəni kimliklərin metamorfoza uğramasını başlıca olaraq üçüncü ölkələrdən emiqrasiya faktoru şərtləndirir. Azərbaycanda mədəniyyətlərarası münasibət modelinin özəlliyindən və örnək xüsusiyyətlərindən danışarkən üç arqument əsas kimi diqqəti cəlb edir:  Azərbaycanda polietnik və polikonfessional cəmiyyətin tarixən formalaşmış və əsrlərin sınağından çıxmış obyektiv təcrübəsi mövcuddur. Azərbaycanda heç vaxt etnik-dini zəmində qarşıdurma olmayıb. Müstəqillik dövründə ölkəmizdə tolerantlıq və dialoq ənənələrinin keyfiyyət mərhələsinə yüksəlməsi, gerçək uğurlar göz önündədir. Azərbaycanda mədəniyyətlərarası münasibətlərdə hər bir mədəni birliyin obyektiv təbii haqqı və özünüreallaşdırma ehtiyaclarına dövlət qayğısı siyasəti mövcuddur. Azərbaycançılıq bu mövqeyin cilalanmış çıxış nöqtəsini təşkil edir. 

Müxtəliflik və vəhdətin həqiqi fəlsəfəsi dialoq və tolerantlıq, azərbaycançılıq fəlsəfəsidir. Belə dinamik modeldə mədəniyyətlərin mozaikasında hər bir element “donmuş eksponat”x9d vəziyyətində deyil, canlı “çələng”x9d kimi dialoqdadır, inkişaf və sintezdədir.Multikulturalizm yalnız ideologiya və siyasət müstəvisində qəbul edilərsə, mükəmməl ola bilməz. Onun təkmil model olması üçün tarixən formalaşan, neçə-neçə xalqların yaddaşında həkk olunan mədəni birgəyaşayış modelinin artıq “genetik”x9d səviyyədə oturması, ünsiyyət və tolerantlıq mədəniyyətinin ənənəyə çevrilməsi lazımdır. Azərbaycan modelində bu var. Məhz bu anlamda Azərbaycanın tolerantlıq modeli, azərbaycançılıq multikulturalizmdən, şübhəsiz ki, daha üstündür. Multikulturalizm Azərbaycan kimi Şərqin və Qərbin qovşağında yerləşən ölkələrin çoxəsrlik təcrübəsindən bəhrələnə bilər.
Avropa liderləri multikulturalizmin hazırkı formada böhran yaşadığını, şəxsiyyət azadlığına zərərli olduğunu, onun: “dözümsüzlüyə dözümlülük”x9d kimi ağır nəticələrə gətirib çıxardığını hesab edirlər. Konkret ölkənin siyasi liderindən sitat: “Buraya gələnlər xalqın bir hissəsi olmalıdır, əgər bunu istəmirsə, o zaman burada ona yer yoxdur”x9d, - deyə bəyanatlar verib.

Xatırlatmaq istərdik ki, ölkəmizin işğala məruz qalmasına və 1 milyon insanın didərgin həyatı yaşamasına rəğmən Azərbaycan dövlətinin rəsmi mövqeyi heç bir zaman belə kəskin səslənməmiş, “Azərbaycan xalqının bir hissəsi olmaq istəməyənlərə Azərbaycanda yer yoxdur”x9d deməmişik. Biz bu gün də onlara ən yüksək muxtariyyət verilməsinin tərəfdarıyıq. Budur millətlərarası inteqrasiyanın, tolerantlığın və dialoqun Azərbaycan modeli. Azərbaycançılığın mahiyyəti bundan ibarətdir və inteqrasiya modellərinin böhran yaşadığı dünyada bu modelin alternativi yoxdur. Çoxçalarlı cəmiyyətlərdə etnik-milli münasibətlərin yollarını arayan Avropada bu gün intensiv müzakirə edilən tolerantlıq məsələləri Azərbaycanda dövlətçilik tarixi və ənənələrimiz tərəfindən həll edilib desək, yanılmarıq. Əgər dünya yeni modellər axtarırsa, Azərbaycanda onlar artıq çoxdan mövcuddur...


"Azərbaycan Yer kürəsindəki ən demokratik dövlətlərə belə nümunə ola biləcək bəşəri bir tolerantlıq məkanıdır"
 
-Bu gün həm də  Şərqdə bəzi dövlətlər dini və mənəvi identiklik böhranı yaşayırlar...


 -Haqlısınız.Müxtəlif qlobal güclərin də marağı olan qeyri-sabitlik vəziyyəti bu cəmiyyətlərdə vətəndaş konsensusuna mane olur. Azərbaycan ötən əsrin 90-cı illərində bu problemlə üzləşmişdi.Ancaq bu vəziyyətin aradan qaldırılması üçün, qeyd etdiyimiz kimi, “azərbaycançılıq”x9d ideyası misilsiz rol oynadı. Demokratik, dünyəvi dövlət quruculuğu insanların bir identiklik formasını inkar edərək, digərini qəbul etdiyi cəmiyyət demək deyil. Bu, mənəvi və hüquqi sanksiyaların ahəngini təmin edən cəmiyyət deməkdir. İctimai şüurda dünyəvi və dini idealların sintezi Azərbaycanda özünəməxsus milli mənəvi identikliyi təmin etməklə, dövlətin müəyyən etdiyi modernləşmə kursunun hədəflərindən biri, cəmiyyətdə inkişaf və sabitliyin qarantıdır.

Dövlət səviyyəsində dözümlülük ədalətli və qərəzsiz qanunvericilik, qanunçuluğa, məhkəmə-prosessual və inzibati normalara əməl edilməsi deməkdir. Tolerantlıq hər bir insana heç bir diskriminasiya olmadan iqtisadi və sosial inkişaf imkanı yaradılmasını tələb edir. Bu gün Azərbaycan Yer kürəsindəki ən demokratik dövlətlərə belə nümunə ola biləcək bəşəri bir tolerantlıq məkanıdır. O, ənənəvi dini icmaların konstruktiv fəaliyyətindən və qarşılıqlı ünsiyyətindən yaranmış dünyəvi hakimiyyət və dövlət-din münasibətlərinin nadir modelinin yarandığı ölkədir. Müqəddəs islami dəyərlərdən bəhrələnib, qarşılıqlı hörmət, faydalı ünsiyyət və sarsılmaz əməkdaşlığa söykənən tolerantlıq Azərbaycanda çox qədim tarixi köklərə və zəngin ənənələrə malikdir...
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin