Rəşid Mahmudovdan yodlu məsləhətlər...

Hazırda oxunan: Rəşid Mahmudovdan yodlu məsləhətlər...

59561
Hazırda qoynunda yaşadığımız dünyada xəstəliklərin günü-gündən artdığı, yeni-yeni xəstəliklərin meydana çıxdığı bir vaxtda ən önəmli məsələlərdən biri insanların sağlamlığı, onun əldə edilməsi, qorunması və profilaktiki cəhətdən adamlar arasında təbliğatının aparılmasıdır. 
Xəstəliklərdən qorunmaq və itirilmiş sağlamlığın əldə olunması üçün hansı profilaktik tədbirlər görmək, hansı qidalardan istifadə etmək  lazımdır?! 
Bütün bunlar haqda geniş məlumat əldə etmək üçün bu günlərdə əməkdaşlarımız Azərbaycan Dövlət Tibb Universitetinin dosenti, tibb elmləri namizədi, Əməkdar müəllim, hamımızın sevimlisi Rəşid Mahmudovla görüşüb ondan müsahibə alıblar. Həmin müsahibəni oxucularımıza təqdim edirik:

- Rəşid müəllim, oxucularımızı maraqlandıran ən əsas məsələlərdən biri kimi müasir xəstəliklərdən, bu xəstəliklərin yaranma səbəblərindən, onların orqanizmdə və cəmiyyətimiz arasında törətdiyi fəsadlardan qısaca da olsa söhbət açmağınızı xahiş edirik.

- Məmnunuyyətlə! Bu haqda nəinki qısa danışmaq, daha geniş danışmaq, təbliğat aparmaq, bir sözlə, hər birimizin atası-anası, qardaşı-bacısı, əmisi-dayısı, oğulu-qızı, nəvəsi-nəticəsi, yaxın qohumu olan bütün insanlar üçün hazırda böyük bəlaya çevrilmiş, sağlamlığımıza problem yaradan məsələlərdən söhbət açıb onları xəbərdar etmək lazımdır. Bu bəlaların başında hazırda qidalarımızda, içdiyimiz sularda yodun çatışmaması dayanır. Hazırda dünyada yaşayan insanların iki milyardı yod çatışmazlığından əziyyət çəkir. Normal halda bir insan bir gündə ən azı 100 mikroqram yod qəbul etməlidir. Yod, əslində bədəndə heç bir şey edə bilməz. O, qana keçdikdən sonra tiroksin hormonu əmələ gətirir.Tiroksin bir dənə amin turşusu ilə birləşir. Həmçinin onun özünün də 95%-i zülalla birləşir. Bu da bədənin şişməsinə imkan vermir. Əgər zülal sərbəst olsa, toxuma arasına yığılıb suyu özünə çəkər, orqanizm odemləşər və şişər. Ancaq 5% tiroksin qanla dövran edib, başın tükündən tutmuş dırnağına qədər bütün hüceyrələrə təsir edir. O, hüceyrələrin içərisinə daxil olaraq mizoxondirini qıcıqlandırır, maddələr mübadiləsini sürətləndirir. Tiroksin qanla beyinə gedərək sinir hüceyrəsinin yanında olan peyk hüceyrəsində qlükoza ilə birləşərək qlütamin turşusu əmələ gətirir. 
İnsanın beynində olan ən çox qlütamin turşusudur. İnsan ölənə qədər bu turşu əmələ gəlir, yaranır, artır və çoxalır. Bu, nədir? Bu, sinirin üzərində miyelin qişası əmələ gətirmək üçündür. Miyelin ağıl deməkdir. Somatikada üç yaşa qədər miyelinləşmə gedir. Bu, ayrı-ayrı kələflərdə tiroksinlə - qlükoza ilə birləşir və qlütamin turşusu əmələ gətirir. Qlütamin isə miyelin qişasını əmələ gətirir. 
Belə bir sual: nə üçün insanın balası olan kimi yeriyə bilmir. amma, ceyranın, cüyürün, atın və s. heyvanların balası anadan olan kimi qaçır? Çünki ana bətnində ikən ceyranın bütün somatika sinirlərinin üzəri miyelinlə örtülür. Heyvanlarda kələf olmur. İnsanlarda isə kələf var. Sinir buradan keçir. Bu kələflərdə qlütamin turşusu əmələ gəlir və sinirlərin üzərini örtür. Miyelin də buğum-buğum olur. Buğumlardan impulslar keçir. Əgər buğum zədələnsə impuls keçə bilmir. Və yaddaş itir. Hətta ən yaxın adamı belə yada salmaq olmur. Gərək impuls keçsin ki, yaddaş xatırlasın. İmpulsların keçib başa çatmasına “Beypes dövrəsi” deyilir. Baş beyində otuz yaşında miyelinləşmə başa çatır. Damar darala bilər və qan yaxşı işləməz, miyelin əmələ gələ, toxumalara qidasını çatdıra bilməz və  qlütamin azalar. Tiroksin artmasa qlütamin də artmaz və miyelin də yaranmaz. Daha doğrusu, yeni miyelin əmələ gəlməz. Qocalarda insanın xasiyyətcə uşaqlaşmasına, yəni uşaq kimi olmasına  səbəb miyelinin çatışmamasıdır. Bunun üçün 30 yaşdan sonra qidalanmaya ciddi fikir vermək lazımdır. Bu olmadıqda skleroz əmələ gəlir. Bəzi insanlarda tez, bəzilərində isə gec əmələ gəlir. 
 
- Bədəndə yodun  çatışmaması nəticəsində hansı xəstəliklər yaranır və orqanizmdə nə kimi əlamətlər özünü biruzə verir? Bu çatışmazlığı aradan qaldırmaq üçün nə, yaxud nələr etmək lazımdır?

- Yaddaş pozğunluğu, tükün tökülməsi, dırnağın qırılması, sifətin şişməsi ”“ bütün bunlar yodun çatışmazlığından irəli gələn əlamətlərdir. Yod çatışmazlığı təkcə bizdə deyil, dünyada 2 milyard insan bundan əziyyət çəkir. Sual oluna bilər: Adam nə zaman zob xəstəliyinə tutula bilər? Deməli, bir gündə on bir mikro qramdan az yod qəbul edən hər bir kəsdə zob olma ehtimalı böyükdür. Əgər bir qadın zoba meyllidirsə, onun uşağı qeyri-normal olacaq və uşaq anomaliyalı doğulacaq. Onu da bildirim ki, haqqında danışdığımız yod evdə işlətdiyimiz yod deyil. Bizim istifadə etdiyimiz yod əsasən ionlaşdırılmış yoddur ki, bu da 2000-ci ildə İsveçrə alimləri tərəfindən kəşf olunmuşdur. On ton suya müəyyənləşmiş dozada həmin yoddan qatıldıqda, onda qanda ən azı 100 mikroqram yod olacaq ki, bu da  orqanizmdə maddələr mübadiləsinin normal getməsinin təmin edər. Əgər  suya  yod qatılsa minlərlə insanın hər hansı ehtimal olunan xəstəliyə tutulmasının qarşısı alınmış olar. Bu, o qədər asan bir işdir ki, ona əməl etmək hər bir vətəndaşın sağlamlıq borcudur. Hətta, qidalara da yod tökülməlidir. Təəssüf  ki, bizdə buna əhəmiyyətsiz bir şey kimi baxırlar. Ona görə də yuxarıda adını çəkdiyim xəstəliklər günü-gündən çoxalır və insanlar bundan çox əziyyət çəkir.

- Rəşid müəllim, yodsuzluğun beyin-əsəb sisteminə də təsiri varmı?

- Əlbəttə. Əslində, bizim beynimiz həqiqətdə 30% işləyir. Əgər yod qəbulu normal olarsa, bu göstərici artacaq və normal olacaq. 

- Hər hansı bir suda yodun olub-olmadığını yoxlamaq üçün mütləq laboratoriyaya aparmaq lazımdır, yoxsa primitiv üsulla da olsa bunu hansısa yolla bilmək olar?

- Əslində, suyun tərkibində yodun olub-olmadığını hər bir adam yoxlaya bilər. Belə ki, adi qaydada hər gün ərzaq məhsulu kimi istifadə etdiyimiz kartofu götürüb ortadan kəsir və içərisini oyursan. Yoxlamaq istədiyin suyu oyulan çökəyə tökürsən. Bir müddətdən sonra yoxlayırsan, əgər kartofa tötülmüş su göyəribsə, demək, suyun tərkibində yod var, əgər suyun rəngində heç bir fərq olmayıbsa, onda dəqiq bilinir ki, su yodsuzdur. 

- Rəşid müəllim, sularımızın keyfiyyəti və hansı şəraitdə içilməsi ilə bağlı başqa nə kimi irad və təklifləriniz var?

- Azərbaycanda su ilə bağlı problemli bir məsələ yoxdur. Təbii ki, yaxşı içməli sularımız çoxdur. Sadəcə olaraq, bu suları ionlaşdırılmış yodla təmin edib vətəndaşlara çatdırmaq lazımdır.
Su ilə bağlı başqa bir çox adi şərtlər var ki, bunu hər birimiz eləyə bilərik. Məsələn, su bulaqdan çıxdıqdan sonra 20-30 metr axmalı, daha sonra boruya götürülməlidir. Su çəkən işçilər bu kimi sadə və çox da xərc tələb etməyən gigiyenik qaydalara mütləq riayət etməlidirlər. İndi gəlin görək bu şərtlərə əməl olunurmu?! Əsla! Su, yerdən çıxdıqdan sonra 20-30 metr axmalı, ona Günəş şüası dəyməlidir. Bundan sonra həmin su qablaşdırılmalıdır. Bu, mütləq əməl olunması vacib olan şərtlərdəndir. Belə ki, həmin günəş şüalarında hər birimizə yaxşı məlum olan insan orqanizmi üçün böyük əhəmiyyət kəsb edən ultrabənövşəyi şüalar var. Həmin şüalar bitki örtüyünə düşəndə hansı səviyyədə faydalı təsirə malik olursa, yerdən çıxan suya düşəndə də həmin səviyyədə əhəmiyyət kəsb edir. Digər tərəfdən Günəş şüalarının tərkibində olan ultrabənövşəyi şüalar suda olan mikroorqanizmləri, bakteriyaları məhv edir. Ona görə də əgər özümüzü sağlam görmək istəyiriksə içdiyimiz sulara mütləq Günəş şüası düşməlidir. Bizə ümid bağlayan insanlara da bunu başa salmalıyıq. Onu da qeyd edim ki, hamilə qadınlarda yod çatışmazlığı olduqda, doğulan uşaqlar zəif olur, tez-tez xəstələnir. Məktəbə gedən uşaqlarda yod çatışmazlığı olarsa şüuru, təfəkkürü zəif olur və diqqətsiz, yaddaşı olmadığı üçün dərslərini zəif oxuyur. Sonda üzümü insanlara tutub məsləhət görürəm: orqanizmdə maddələr mübadiləsinin düzgün getməsi üçün, uca boylu, ağıllı, səbrli, yaddaşlı, diqqətli, normal çəkidə olmaqdan ötrü yodlu su için!

-Faydalı məsləhətlərinizə görə sizə təşəkkür edirik. Çox sağ olun ki, hər birimizi düşündürən və hər birimiz üçün böyük əhəmiyyət kəsb edən məsələlərə toxunub, bilmədiyimiz bir çox məqamlara aydınlıq gətirdiniz.

- Siz də sağ olun ki, belə vacib və lazımlı söhbətləri oxucularımıza çatdırıb, onların sağlamlığına diqqət yetirmələrinə şərait yaradırsınız.

Müsahibəni apardılar: 

Füzuli Ramazanoğlu, 
Aygün Paşayeva
   

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin