Məlumat verdiyimiz kimi Müsavatın Qubadlı rayon təşkilatı öz üzvü Məhəbbət Muradovu partiya sıralarından çıxarıb. Bu cür qərarın verilməsinin səbəbi nədir və nə qədər qanunidir?
Moderator.az Məhəbbət Muradovun mövqeyini öyrənib:
-Məhəbbət bəy, illərlə üzv olduğunuz partiya sıralarından uzaqlaşdırılmısınız...
-Partiyadan Nizamnaməyə zidd olaraq uzaqlaşdırılmağımın səbəbi sosial mediada çıxışlarımla bağlıdır. Əslində rayon təşkilatı bu qərarı çoxdan vermək istəyirdi. Mən aktiv facebook istifadəçisiyəm və ətrafımda baş verən neqativ halları dilə gətirir, öz münasibətimi bildirən statuslar paylaşıram. Partiyanın qurultayı ərəfəsində və qurultaydan sonra baş verən ədalətsizliklər barədə də öz mövqeyimi açıq şəkildə ifadə edirdim. Mövqeyim Arif Hacılı tərəfdarlarını xeyli qıcılandırırdı. Onlar hələ qurultaydan öncə məni partiyadan uzaqlaşdırmaq haqqında düşünürdülər. Hətta bu istiqamətdə müəyyən addımlar da atmışdılar. Əvvəl sədrin təşkilati məsələlər üzrə müavinliyindən və şuradan uzaqlaşdırdılar. Qurultayda açıq şəkildə Qubad İbadoğlunun tərəfindən çıxış etməyim və baş verən neqativliklər haqqında media orqanlarına verdiyim açıqlamalar qarşı tərəfi xeyli narahat etdiklərindən bu addım atıldı. Açığı, onlara ən acıq gələn çıxışım Moderator.az-a verdiyim müsahibə oldu. Təsadüfi deyil ki, həmin müsahibə yayımlanandan az sonra rayon təşkilatının şura üzvləri toplanaraq bu haqda qərar verdilər. Amma bu qərarın heç bir qanuni əsası yoxdur və mən partiyaya qayıtmaq deyil, tapdanan haqqımı təmin etmək üçün mübarizəmi davam etdirəcəyəm.
-Niyə hesab edirsiniz ki, bu qərarın qanuni əsası yoxdur?
-Hər bir təşkilat özünün müəyyənləşdirdiyi və Ədliyyə Nazirliyi tərəfindən qeydiyyata alınan Nizamnaməsinə görə fəaliyyət göstərir. Müsavat Partiyası da həmçinin. Nizamnaməyə görə, rayon təşkilatının şurasının iclası şura üzvünün ən azı 3/1 hissəsi toplanarsa iclas keçirə bilər. Qubadlı rayon təşkilatının şurasının 24 üzvü var. Bunun 3/1-i 8 nəfər edər. Düzdür, məsələm müzakirə onunan iclasda da 8 nəfər iştirak edib. Amma onun 4-ü özək nümayəndələri olub. Təşkilatın özəkləri isə 2005-ci ildən faktiki olaraq fəaliyyətlərini dayandırıblar. Nizamnaməyə görə, hər bir özək ayda ən azı bir dəfə toplanıb iclas keçirməlidir. Keçmiş təşkilat məsələləri üzrə sədr müavini olduğumdan yaxşı bilirəm ki, son 9 il ərzində o özəklərin heç biri bir dəfə də olsun iclas keçirməyiblər. Bütün israrlarımıza rəğmən iclas keçirməyən özək rəhbərləri 9 ildən sonra birdən-birə peyda olub mənim haqqımda mübahisəli qərara səs verirlər. Mənəvi məsuliyyəti bir kənara buraxıram. Ayda bir dəfə iclas keçirməyən özəklər Nizamnaməyə əsasən buraxılmalıdır. Buraxılan özəyin necə nümayəndəsi ola bilər ki, hansısa qərara da səs versin? Üstəlik, yenə eyni Nizamnaməyə görə, məsələsi müzakirəyə çıxarılan şəxs də toplantıda iştirak etməlidir. Mənsə bu iclasa dəvət olunmamışam. Toplantı məndən xəbərsiz keçirilib və nəticələrindən yalnız facebook paylaşımlarından xəbər tutmuşam. Deməli, mənim məsələm də müzakirə oluna bilməzdi. Ən azı bu iki məqama görə, rayon partiya şurasının qərarının legitimliyi şübhə altındadır. Şikayətim yalnız özümün partiyaya bərpa edilməyimlə də bağlı olmayacaq. Tələbim rayon təşkilatı şurasının özünün ləğv olunmasıdır. Faktiki mövcud olmayan özəklərlə, NTK-yla bir partiya təşkilatından söhbət gedə bilməz. Üç il ərzində NTK bir iclas keçirməyibsə təşkilatın fəaliyyətinə kim qiymət verir? Müsavat Partiyası hüquqi dövlətçilik prinsipini öz idealına çevirən siyasi qurumdur. O zaman zəhmət çəkib ilk işi də öz daxilində həyata keçirməlidir. Hərçənd ki, "seçilmişlərın" legitimliyinə inanmıram. Buna baxmayaraq sosial şəbəkədən müraciət edəcəyəm.
-Legitimliyinə inanmadığınız bir quruma müraciət etməyiniz nə dərəcədə məntiqlidir?
-Nə edə bilərəm? Mən elə sizin vasitənizlə də muraciət edirəm və facebook səhifəmdə də edəcəm. Nizamnamə bu cür şikayətlərin ünvanı olaraq MNTK-nı göstərib. Mən də öz ideallarına sadiq bir adam kimi bu yola baş vurmalıyam. Artıq MNTK nə qərar verəcək, bu onun üzvlərinin vicdanına qalıb. Onlar ya haqq etmədikləri halda oturduqları masaya hörmətlə yanaşacaqlar, ya da Müsavat kimi köklü bir partiyanın qəsb olunmasında iştirak etdiklərini öz əməlləriylə rəsmən təsdiqləyəcəklər. Tarix qarşısında mühakimə olunacaqlar. Mənim bir müsavatçı kimi illərimi verdiyim bir partiyanın taleyinə biganə qalacağımı heç kim gözləməsin.
-Bir zamanlar öz liderinə ən sadiq partiya kimi tanınan Müsavat niyə bu günlərə düşdü? Ötən illər ərzində İbrahim İbrahimli, Sülhəddin Əkbər kimi funksionerlər partiyadan ayrıldılar. İndi isə sizlər eyni yolu tutdunuz.
-Bunun bir neçə səbəbi var. Başlıca səbəblərdən biri bu gün başqanlığı ələ keçirmiş Arif Hacılının kaprizləri, başqanlıq uğrunda mübarizədə hər hansı qayda-qanun tanımayan mövqeyidir. Adını çəkdiyiniz siyasilərin də uzaqlaşmasında bu adamın müstəsna rolu olmuşdur. 2010-cu ildə Sülhəddin Əkbərin üzünə demişəm, mən o adamı bir siyasətçi kimi təqdir etməmişəm. Amma Sülhəddin bəy partiyadan uzaqlaşarkən özüylə bərabər ən azı 30 qurultay nümayəndəsini apardı. Həmin üzvlər bu gün partiyada olsaydılar, Arif Hacılının başqan seçilməsi mümkün olmazdı. Qubad bəy qurultay pozuntularının qurultaydan öncə başladığını bildirir. Mən də bu məsələdə onunla razıyam. Amma dərindən baxanda bu saxtakarlıq Sülhəddin, Qabil və İbrahim bəylərin sıxışdırılaraq partiyadan uzaqlaşdırılması anından başlamışdı. Hamısı da Hacıyev qardaşlarının ucbatından baş verdi. Onlar bununla da kifayətlənmədilər. Partiyada qalan Qubad İbadoğlu tərəfdarlarını da bacara bildikləri qədər sıxışdırdılar. Sırf Arif bəy başqan olsun deyə. Bu cür başqan seçilməyə nə var ki? Amma etiraf edim ki, İsa bəyin Arif Hacılıya öz yerini göstərməməsi də incikliklərin yaranmasının başlıca səbəblərindəndir. Bir çox müsavatçı məhz buna görə İsa Qəmbərdən də haqlı olaraq narazı qaldılar. Müsavatın bu vəziyyətə gəlməsinin başlıca səbəblərindən biri də 2003-cü il prezident seçkilərində gözlədiyimiz və qazandığımız qələbənin təmin olunmaması oldu. Faktiki olaraq bütün müxalifətin dəstəyini qazanan əski başqan öz halal qələbəsini reallaşdira bilmədi. Mübariz müsavatçılar indiyə qədər görünməmiş repressiyalara məruz qaldılar. Yaşadığımız məhrumiyyətlərdən çox bizi perspektivə bağladığımız ümidlərin tükənməsi üzdü. Bu qədər əlverişli imkan və fürsətlərlə hakimiyyətə gələ bilməyən İsa bəyin nə zamansa arzuladığımız hədəfi rellaşdıracağına inamımız azaldı. Daha sonra 2005-ci ildə partiyamızın 4 üzvünün qeyri-legitim parlamentdə iştiraka razı olması sıravi müsavatçıların şübhələrini daha da artırdı. Parlamentə getmək bizə nə verdi?- məncə, ictimai qinaq. Açığını deyim, İsa bəyin getməsini istəmirdim. Amma Qubad bəyi yaxından tanıdığım zaman düşündüm ki. başqan dəyişikliyi lazımdır. Çox təəssüf ki, ümidlərimizi yenə də heçə endirdilər. Arif bəyin muavinləri ictimayətdə deyil, heç masavatçılar tərəfindən də qəbul olunmurlar.
-Belə çıxır ki, müsavatçılar da 2003-cü ildən sonra ictimai rəydə hakim olan “İsa bəy hakimiyyətin adamıdır” ehtimalına inanırlar.
-Xeyr, qətiyyən belə düşünmürəm. Əminəm ki, İsa bəy səmimi olaraq hakimiyyəti dəyişmək uğrunda mübarizə aparır. Fəqət onun buna sadəcə gücü çatmır. Ən böyük zəifliyi isə beynəlxalq dəstəyimizin olmamasıdır. Sirr deyil ki, 2003-cü ildə İsa bəy seçkiləri böyük səs çoxluğu ilə qazanmışdı. Beynəlxalq qüvvələrin dəstəyini qazana bilmədiyindən bu üstünlüyü real hakimiyyətə çevirə bilmədi. Biz istəsək də, istəməsək də beynəlxalq güc mərkəzlərinin mövqeyiylə razılaşırıq. Azərbaycanda baş verən siyasi proseslərin çoxu daxili faktorlardan deyil, xarici amillərdən asılıdır. İsa bəy isə beynəlxalq qüvvələr tərəfindən hakimiyyətə gəlmək üçün yetərli özəlliklərə sahib şəxsiyyət kimi dəstək ala bilmədi. Odur ki, müsavatçılar yeni lider axtarışına başladılar. Qubad İbadoğlunun beynəlxalq arenada nüfuzu bizim diqqətimizin onun ətrafında toplanmasına səbəb oldu. Hesab edirdik ki, Qubad bəy İsa Qəmbərin bu zəif nöqtəsini tamamlayacaq. Təəssüf ki, Müsavatın bu perspektivini də əlindən aldılar.
-Qubad İbadoğlu tərəfdarlarının açıqlamalarından belə anlaşılır ki, əski başqan da Arif Hacılının tərəfindən çıxış edib. Sizin gördüyünüz bu amili onun görməməsi imkansızdır. Niyə o zaman İsa bəy bu seçimi etdi? Ona öz partiyasının beynəlxalq dəstək qazanaraq əskik tərəflərini ortadan qaldırmaq niyə sərf etmirdi?
-Açığı, bu barədə çox danışmaq və düşünmək istəmirəm. Uzun illər İsa bəyi lider bilib arxasınca getmiş adam kimi bu mövzuda fikirləşmək və ələlxüsus da fikirlərimi ictimailəşdirmək mənim üçün asan deyil. Sadəcə bir amil üzərində dayanmaq istəyirəm. Bilirsiniz ki, biz azərbaycanlıların ən böyük problemi şöhrətpərəstlikdir. Sovet psixologiyasının bizə bəxş etdiyi bu sağalmaz yara belə görünür ki, İsa bəydən də yan keçməyib. İsa bəy başa düşür ki, onun postunda Qubad İbadoğlu əyləşsə özü kölgədə qalacaq. O, ictimai dəstəklə beynəlxalq dəstəyi qazanıb hakimiyyətə gələrsə əski başqan yeni başqanın yanında ümumiyyətlə bacarıqsız adam kimi görünəcək, qinaqdan qaçışı da imkansız olacaq. İsa bəy də alışdığı əvəzolunmazlıq statusunu itirmək istəmir. Elə buna görə də siyasi çəkisi Qubad bəylə uzlaşmayan, ətrafında yalnız öz qohum-əqrəbalarını və qaraquruhçu partiya üzvlərini toplayan Arif Hacılıya üstünlük verdi və dəstəyini davam etdirir.

































































































