Cənubi Azərbaycanlı muğam ifaçısı, bir zamanlar
Muğam müsabisindən də yaxşı tanıdığımız Nasir Atapurun Moderator.az-a verdiyi müsahibəni oxucularımıza təqdim edirik:
-Nasir bəy, ilk öncə muğama olan sevginizdən
danışaq.
-Çox kiçik yaşlarımdan Azərbaycan musiqisinə marağım var idi. Bu ondan irəli gəlirdi ki, mənim anam da Qarabağlı idi. Əksər Qarabağlılar kimi anamın da gözəl səsi var idi. Anam hər zaman evdə, ailə şənliklərində ifa edər, mən isə heyranlıqla onu dinləyərdim. Düşünürəm ki, muğama, musiqiyə olan sevgi mənə anamdan keçib. Bundan əalavə evimizdə daim Arif Babayevin mahnı və muğamları səslənərdı, demək olar ki Arif müəllimin bütün repertuarını əzbər bilirəm və bu sehrli səs məni muğama həvəsləndirdi.
- Ilk Muğam dərslərin kimdən aldınız?
-Ilk müəllimim Azərbaycanın
dahi sənətkarlarının lentə aldıqları mahnı və muğamlar olmuşdur.Təbrizdə dövlət
səviyyəsində musiqi məktəbi olmadığına görə, kiçik yaşlarımdan özəl dərnəklərdə
öyrənməyə başladım və bu yolda mənim müəllimlərim mərhum Mahmud Şatiriyan,
Hasan Dəmirçi, Nemət Cavanşir, Əli Cavadpur, Böyük Süleymani olmuşdur.
-Gözəl səsiniz var. Sənətinizlə Azərbaycanda
tanındınız. Niyə məhz Azərbaycan?
-Hər zaman muğamın akademik beşiyi Azərbaycan olduğunu düşünmüşəm. Orda
olan böyük və dəyərli ustadlar savadlı bir xanəndə olmağım üçün məni tam qane
edirdi. Məhz buna görə də təhsil alıb musiqi savadımı artırmaq üçün Bakıya yola
düşdüm.
-Bilirik ki, Muğam Müsabiqəsində iştirak etmisiniz. Bu
müsabiqə sizin həyatınızda nələri dəyişdi, hansı rol oynadı?
-Müsabiqə mənim püxtələşməmə və eləcə də xalq arasında sevilib
sayılmağıma çox böyük kömək etdi. Təbrizdən olduğumu bilən və orda
yaşayan Azərbaycanlılar ifamı hər zaman izləyib, təqib edirdilər. Tamaşaçılar
sevgilərini, alqışlarını, dəstəklərini məndən heç vaxt əsirgəmədilər. Bu müsabiqə
gələcək sənətkarlığıma böyük bir körpü oldu. Buna görə həm bütün ustadlarıma, həm də
təşkilatçılara dərin minnətdarlığımı bildirirəm.
-Musabiqə zamanı Cənubdan sizə dəstək olanlar var
idimi?
-Demək olar 90 faiz İranda yaşayan Azərbaycanlılar bu müsabiqəni izlədilər
və çox həvəs və maraqla mənə mənəvi dəstək oldular.
-Müsahibələrinizdə qeyd etmisiniz ki, ölkəmizdə
yaşayan xanəndələr orada çox sevilir. Siz hansı xanəndəni özünüzə örnək bilmisiniz?
-Yuxarıda qeyd etdiyim kimi İranda dövlət səviyyəsində Azərbaycan
musiqisinə məktəb yoxdur və orada yaşayan Azərbaycanlılar musiqi qidalarını Azərbaycan
Respublikasında yaşayıb yaradan sənətkarlardan almışlar. Məndə bu qaydadan müstəsna
olmamışam və demək olar ki, bütün xanəndələrdən öyrənmışəm.
-Ifanız haqqında nə vaxtsa tənqid eşitmisinizmi?
-Sənətdə yaşayıb yaradıcılığı olan hər kəs səmimi və dəyərli tənqidlərə
çox böyük ehtiyacı var. Tənqid sənət adamını püxtələşdirib inkişafa doğru
aparar. Mənə də tənqidlər olur və çalışıram bu tənqidlərdən yaxşı bir nəticə
çıxaram.
-Azərbaycanda müasir muğam ifaçılarından kimlərin
ifasını bəyənirsiniz?
-Keçmiş nəsl yeni nəsldən fərqli olaraq, muğama və Azərbaycan ədəbiyyatına
və bir sözlə tam mənəvi valığımıza hörməti çox idi yəni savad və dünya görüşü
keçmiş nəslin arasında geniş yayılmışdır. Lakin indiki dövrdə texnikanın
artması ucbatından və eləcədə həyatın rahatlaşmasına görə mütaliə və dünya
görüşü yeni nəsldə azalmışdır. Amma bununla belə yaxşı istedadlı xanəndələr ərsəyə
gəlməkdədir və muğam müsabiqələri bu nəslin doğru-düzgün formalaşmasında çox
böyük rol oynayır.Mən yeni nəslin bir üzvü olaraq bütün sənət dostlarımı dəstəkləyib
və hamısını dinləyib uğurlar diləyirəm.
-Bildiyimizə görə Cənubi Azərbaycanda musiqi məktəblər və konservatoriya yoxdur. Bu orada muğamın inkişafına mane olurmu?
-Bilirsiniz, insanların həyatında bir əksiklik olanda onlarda həmin varlığa maraq artar. İranda yaşayan Azərbaycanlılarda da musiqi məktəblərinin olmadığına görə musiqi və muğama həvəs və maraq qat-qat çoxdur. Muğam müsabiqələridə bu marağın tam yüksəlməsində əsas rol oynayır.
-Ananız da Qarabağlıdır. Deyirlər Qarabağlıların
ifaları fərqli, daha yanqılı və ürəyə yaxın olur. Bu fikirlə razısınızmı?
-Abu- havanın və eləcə də suyun təsiri çoxdur. Qarabağın havası və suyu
elədir ki, yaxşı səslər yetirir. Bundan irəli gəlir ki, Qarabağı muğamın beşiyi
adlandırırlar. Mən də fəxr edirəm ki, köküm Qarabağlıdır.
-Ümumiyyətlə, Şimali və Cənubi Azərbaycan muğamları
arasında hansı fərqlər var?
-Azərbaycan Azərbaycandır, heç bir fərqi yoxdur. Amma güman edirəm siz
Fars musiqisi ilə Azərbaycan musiqisini nəzərdə tutursunuz. Demək olar ki, şərq
xalqlarının musiqilərinin qaynaqları eynidir. Sadəcə hər xalq öz milli-mənəvi dəyərlərinə
görə ondan yararlanmışdır. Bu Azərbaycan və İran(Fars) musiqisi arasında da
hakimdir.
-Nə vaxtsa Şimali Azərbaycana köçməyi
düşünmüsünüzmü?
-Hər ikisi də mənə doğmadır. Ancaq Təbrizdə və İranda yaşayan Azərbaycanlılara musiqi və muğam köməkliyim çox ola bilər deyə
Təbrizdəyəm.Ya nəsib, ya qismət.
-Şimali Azərbaycan dedikdə Cənubda yaşayan bir insan
kimi illər boyu hansı hisləri keçirmisiniz?
-Doğma şəxs doğmasından ayrı düşəndə nə hissi olar? Bizlərdə tam o
hislərlə yaşamışıq. İllər boyu Araz qırağına gələndə çox dərin kədər hisləri
yaşamışıq. Ancaq şükürlər olsun ki, indi
gəlib ”“ getmə azaddır və keçmiş hislərdən əsər - əlamət qalmamışdır.
Lalə Novruzlu



































































































