“Türk dövlətləri heç vaxt bir-birləri ilə işğal məqsədi ilə müharibə aparmayıb”
Dilavər Əzimli: “Onların məqsədi Turan
dövləti yaratmaq olub”
AMEA-nın
Tarix İnstitunun baş elmi işçisi, tarixçi alim Dilavər Əzimli Moderator.az və “Hürriyyət”
qəzetinin suallarını cavablandırıb.
-Dilavər müəllim, öncə sizin də
iştirak etdiyiniz Türk Tarix Qurumunun Ankaradakı toplantısı ilə bağlı fikir və
təəssüratlarınızı bilmək istərdik.
-Bu
toplantı Atatürkün təşəbbüsü ilə yaradılıb. Bir zaman Osmanlı imperiyası süqut
edəndən sonra Atatürk anladı ki, Türkiyədə elmə, xüsusilə də tarixə lazımi əhəmiyyət
veriilməsə gələcəkdə ciddi problemlər meydana çıxa bilər. 1931-ci ildə onun təşəbbüsü
ilə bu qurumun ilk iclası keçirildi. 1932-ci ildə isə ilk konqres təşkil
olundu. Həmin vaxtdan bu günə qədər adıçəkilən qurumun toplantıları davam edir.
Bu toplantı dörd ildən bir keçirilir. Bizim də iştirak etdiyimiz XVII konqresdə
Portuqaliyadan, İngiltərədən, Fransadan və digər ölkələrdən də türkoloqlar gəlmişdi.Mövzular
8 seksiyaya bölünmüşdü. Bunlara Osmanlı, Qafqaz və s. bu daxil idi. Bu mövzular
üzrə maraqlı çıxışlar oldu. Azərbaycan qurumda 30 alimlə təmsil olunmuşdu.
Tarix İnstitundan isə 8 alim toplantıya qatılmışdı. Bizim alimlər toplantıda
olduqca fəal idilər. Onlar bütün məsələlərlə bağlı öz baxışlarını ortaya
qoyurdular. Elmdə Hind-Avropa, Altay və s. nəzəriyyələr var. Azərbaycan alimləri
Urmiya nəzəriyyəsini ortaya qoyublar. Bu, türk alimləri tərəfindən maraqla
qarşılandı. Orta Asiyadan, İrandan gələn alimlər isə bunu o qədər də dərindən dərk
edə bilmirdi. Alimlərimiz isə öz mövqelərini məntiqli şəkildə müdafiə edirdi. Toplantıda
Türkiyənin prezidenti və baş nazirinin iştirakı da gözlənilirdi. Lakin bəzi səbəblərdən
onlar bu toplantıda iştirak edə bilmədi. Toplantıda baş bakan yardımçısı
iştirak etdi və gözəl, dərin mənalı çıxış ilə yadad qaldı. Ilk gün isə Atatürk kültür
dil mədəniyyət və tarix qurumunun rəhbəri çıxış edərək toplantı iştirakçıları
ilə öz fikirlərini bölüşdü. Bütövlükdə tədbirdə 247 alim iştirak edirdi. Cari
ilin 15 oktyabr tarixində Türkiyədə daha bir konfrans keçiriləcək.
-15 oktyabr konfransı hansı
tarixi hadisəyə həsr olunub?
-I
Dünya Müharibəsi ilə bağlı Türk Tarix Qurumu və Atatürk Araşdırmalar Mərkəzi
Türkiyəınin müxtəlif ərazilərində, o cümlədən Avropada, Macarıstanda
konfranslar düzənləməyi qərara alıb. Oktyabrın 15-də qatılacağım konfrans da
bunlardan biridir. Bugünlərdə Ərzurumda da bir konfrans keçirilir və Azərbaycan
alimləri də o konfransada iştirak edir. Sevindirici haldır ki, Türkiyə Tarix
Qurumu öz konfranslarını Şərqi Anadoluya doğru yönəldir. I Dünya müharibəsinin
səbəblərinə bir sıra amillərlə yanaşı həm də Osmanlı imperiyasılnı parçalamaq,
onun ərazilərinə sahib olmaq, neftlə zəngin əraziləri ələ keçirmək daxil idi. Bu
məqsədlə də iri güclər etnik məsələdən məharətlə istifadə etdilər. Bunun üçün
öncə Balkanlardan faydalanmağa çalışdılar. Lakin gördülər ki, Balkanlardan
lazımınca yararlana bilməyəcəklər, ermənilərə üstünlük verməyə başladılar. Ilk
erməni üsyanları Şərqi Anadoluda başladı. I Dünya müharibəsi ilə bağlı
konfransların burada keçirilməsi də həm də həmin ərazidə baş verən qırğınları,
itkiləri göstərmək, dünyaya haqq, ədalətlə bağlı mesaj verməyə hesablanıb.
-Sizcə doğrudanmı dünya 1915-ci
ildə baş verən olayların əsl mahiyyətindən xəbərsizdir?
Mən
hesab etmirəm ki,dünyanın əsl həqiqətdən xəbəri
yoxdur. Onların bu həqiqətlərdən xəbəri var. Lakin elə bir güclü ideologiya işləyib
hazırlayıblar ki, qondarma erməni məsləsi bu gün də öz aktuallığını qorumaqdadır.
Mənim qatılacağım toplantı I Dünya Müharibəsində Osmanlı əleyhinə düzənlənən
üsyanlar və Balkanlarla bağlıdır. Mən Rusiya və sovet tarixşünaslığında Balkan
üsyanlarının təsviri mövzusunda çıxış edəcəm. Qərbi Avropa və sovet
tarixşünaslığında bu, milli-azadlıq hərəkatı kimi təqdim edilir. Həqiqətdə isə
burada heç bir milli-azadlıq hərəkatından söhbət gedə bilməz. Ən azından ona
görə ki, Balkan xalqları Osmanlı imperiyasına həsrətlə baxırdı və gözləyirdi
ki, Osmanlı imperiyası nə zaman bu əraziləri özünə birləşdirəcək və nəticədə
Balkanlardakı xalqlar xoşbəxt həyata qovuşacaqlar. Orada xaos və özbaşınalıq
hökm sürürdü. Insanların vəziyyəti ağır idi. Kənd təsərrüfatı bərbad vəziyyətdə
idi. Balkan xalqları Osmanlı torpaqlarına baxır və görürdü ki, burada insanlar
şəriəıt qanunları ilə idarə olunur, qayda-qanun, haqq-ədalət mövcuddur. Osmanlı
imperiyasının sərhədləri genişləndikcə, bura Balkanlar da qatıldı. Nəticədə 400
il müddətində onlar rahat bir şəkildə yaşadılar. Şərqi Avropada millətləşmə
prosesi nəticəsində dövlətlər yarandı. Bu dövlətlərin meydana çıxmasından sonra
Qərb tərəfindən Hindistana gedən yol, Şərqin işğalı məsələsi ortaya çıxdı. Bu
işğalı isə hazırlamaq lazım idi. Bunun üçün isə etmik amildən istifadə etməyə
başladılar. Halbuki, Osmanlı imperiyası bu ərazilərdə yaşayan xalqların din və
mədəniyyətinə müdaxilə edilmirdi. Kilsələr, sinaqoqlar fəaliyyət göstərirdi.
Xalqları əritmə məsələsi yox idi.
-Madam ki, xalqlar arasında heç bir narazılıq yox
idi, o zaman bu üsyanlar necə meydana çıxdı?
-Qərb dövlətlərinin təmsilçiləri
burada missioner məktəbləri açdılar, Balkan xalqlarının bəzi nümayəndələrini bu
məkttəblərə cəlb etdilər. Sonra onları Avropada oxutdular və yenidən öz vətənlərinə
qaytardılar. Onlar apardıqları təbliğat zamanı milli-azadlıq şüarlarını ortaya
atdılar. Bunun nəticəsində Balkanlarda ilk üsyanlar baş qaldırdı. Balkanlarda
baş verən üsyanlar əslində Qərb dairələri tərəfindən idarə olunurdu. Həm Qərb, həm də sovet
tarixşünaslığında bu üsyanlar milli azadlıq hərəkatı kimi təsvir edilsə də,
bunun heç bir əsası yoxdur. Mənim məqaləm də buna həsr olunub. Baş verənlərin
arxasında sadəcə İngiltərə və Rusiyanın Osmanlı imperiyasını parçalamaq, onun
torpaqlarına sahib olmaq məqsədi dayanırdı. Vaxtiylə II Yekatirina İstanbulu
alandan sonra yenidən adını Konstintinopol qoymaq istəyirdi. Nəvəsinin də adını
Konstantin qoymuşdu. Artıq imperator hazır idi. Allah böyük bir sərkərdə
yetirdi və bu sərkərdə türk xalqının, türk qoşunlarının qabağına çıxaraq onları
qələbəyə çatdırdı. Atatürk düşmən dövlətlərin planlarını pozdu.
-Bəzi siyasilər iddia edir ki, Azərbaycan qondarma
erməni soyqırımına qarşı mübarizə məsələsinə Türkiyənin işi kimi baxır və bu məsələdə
rəsmi Ankaraya lazımi dəstək vermir. Sizcə doğrudanmı Azərbaycanın bu müstəvidə
Türkiyəyə dəstəyi yetərli deyil?
-Mən deməzdim ki, Azərbaycan
bu məsələdə lazımi dəstəyi vermir. Mən konqresdə bildirdim ki, nə qədər ki,
bir-birimizin tarixini ayrı-ayrılıqda yazacayıq, bizim üzərimizə hücumlar
başlayacaq. Dünya tarixində müharibələ çox olub. Avropada yüz illik, otuz illik
müharibələr buna nümunədir. Lakin bu gün Avropa tarixi öz maraqlarına xidmət
edir. Türk fatehlərinin bir-biri ilə mübarizəsini bizə düşmənçilik adı ilə
sırıyıblar və biz bu gün də bunun təsiri altındayıq. Biz vahid mövqedən çıxış
edib ortaq tarix yaratmalıyıq. Nə qədər ki, ortaq tarix yazılmayıb, bizə qarşı
hücumlar davam edəcək. Tarix sadəcə öyrənmək üçün deyil. Tarix həm də nəticə
çıxartmaq üçündür. Tarixdən nəticə çıxartmayan xalqın faciələrlə üzləşməsi təbiidir.
Türk dövlətləri heç vaxt bir-birlərini işğal etmək məqsədi ilə müharibə aparmayıb.
Məqsəd Turan dövləti yaratmaq olub. Bu necə işğal ola bilər ki, qısa müddət
sonra orada böyük kültürlər, mədəniyyətlər meydana gəlirdi?
-Sizcə tarixi təhrif edən və eləcə də siyasiləşdirən
ermənilər və bu qəbildən olan türk düşmənlərinə qarşı hansı addımların atılması
zəruridir?
-Biz ermənilərin,
yunanların türklərə qarşı həyata keçirdiyi qırğınların üzərinə birgə getməliyik.
Hətta Kiprdə belə ermənilər yunanlarla birlikdə qətliyam törədiblər. Türkiyənin,
Azərbaycanın özündə, Mərkəzi və Orta Asiyada da bu cür faciələr yaşanıb. Hesab
edirəm ki, bu məsələləri araşdıran birgə komissiya yaradılmalıdır. Bu komissiya
ayrı-ayrı türk dövlətlərində öz toplantılarını keçirməli, nəticə ortaya
qoymalıdır. Yəni hazırlanan sənədlər türk dövlətləri adından beynəlxalq təşkilatlara
göndərilməlidir. Hətta beynəlxalq məhkəmə, beynəlxalq tribunalara qədər bu məsələləri
çıxartmalıyıq. Bax buna nail ola bilsək, o zaman bu işin nəticəsi ilə öyünə bilərik.
-Bu gün bəzi siyasi və ziyalılar hesab edir ki,
türk dövlətləri arasındakı münasibətlər xalqlararası münasibətlər yox, daha çox
hökumətlərarası münasibətdir. Bu qənaəti bölüşürsünümü?
Ardı var
Seymur Əliyev































































































