Dünən məhşur dissident, 18 il sovet zindanlarında həbs çəkmiş Nadir Ağayevin döyülməsi xəbəri gündəmə damğasını vurdu. Keçmiş baş prokuror, Sosial Ədalət Partiyasının sədri Mətləb Mütəllimli də dünən onu ziyarət edənlərdən olub və gecə saatlarında o Moderator.az-la əlaqə saxlayaraq olaya aydınlıq gətirmək istədiyini bildirib. Onunla sayt əməkdaşının qısa söhbətini olduğu kimi təqdim edirik:
-Dünən saat 12-də evindən çıxıb çörək almağa
gedib. 6-cı mikrorayonda yaşayır. Gedib çörək alıb qayıdanda evin giriş
qapısında dəmir alətlə vurublar. Başında 4-5 barmaq izləri var idi. Belə
görünürdü ki, onu beşbarmaqla vurublar. Təcili yardımdan da gəlib təcili yardım
göstəriblər, polisdən də gəlib araşdırma aparıblar. Xəstəxanaya aparıblar və
başına 16 tikiş qoyulub.
-Ekspertiza onun beşbarmaqla vurulduğunu
sübuta yetiribmi?
-Onun üzünün sağ nayihəsində beşbarmağın yerləri
aydın görünür. Gicgah nayihəsindən vurulub, bu zərbə adətən öldürmək üçün
vurulur. Müayinə zamanı bəlli olub ki, sağ almacıq sümüyündə də 3-4 santimetr
çat var. Hal-hazırda evdə müalicə alır. Biz də onu ziyarətə gedəndə sistem köçürürdülər.
-Ondan soruşmaq imkanınız oldu ki, nədən, kimdən
şübhələnir? Son zamanlar o mətbuatda hansısa açıqlama ilə çıxış edibmi?
-Elə polisdən gələnlər də ona sual veriblər
ki, kimdən şübhələnirsən? O da deyib ki, mən iki nəfərdən şübhələnirəm. Yəni bəllidir
ki, onu siyasi baxışlarına görə cəzalandırıblar. Əsas səbəblərdən də biri onun
uzun illər ərzində davamlı olaraq hökumətə müraciət edərək qanunsuz olaraq
uzunmüddətli həbs yatdığına və sonradan bəraət aldığına görə kompensasiya tələb
etməsidir. Onun bu məzmunlu son müraciəti də bir neçə gün öncə olub.
-Təkcə kompensasiya istəyinə görə adamı ölümünə
vurmazlar ki...
-Həm kompensasiya istəyinə, həm öz saytında
vaxtaşırı tənqidi yazılarına görə. Nəzərə almaq lazımdir ki, o yaşlı bir
insandır, səhhətində də kifayət qədər problemlər var, ağır şəkər xəstəsidir.
Zarafat deyil, Sovet vaxtı bu adam 18 il zindanlarda zülm çəkib. Belə bir
insanı fiziki yolla aradan götürmək istəyiblər.




































































































