“Milli şüur formalaşmadan milli ideologiya yarana bilməz”
Bu sözlər fəlsəfə doktoru Faiq Qəzənfəroğluna məxsusdur. Onun Moderator.az a verdiyi müsahibəni oxucularımıza təqdim edirik:
-Belə bir fikriniz var ki, milli şüur formalaşmadan milli ideologiya yarana bilməz. Milli şüur hansı mərhələlərdən keçərək formalaşa bilər?
-Əgər biz hər hansı ideya formalaşdırmaq istəyiriksə ilk öncə şüurumuzu formalaşdırmalıyıq.
Ümumiyyətlə şüur üç qismə ayrılır:
1. milli şüur
2. dini şüur
3. beynəlmiləl şüur.
Biz hər şeyi Avropadan götürdüyümüz üçün hesab edə bilərik ki, milli ideyalar Fransa inqilabından, İngiltərədən sonra başladı. Mən və mənim kimi düşünən insanlar var ki, bunun əleyhinəyik. Buradan belə sual çıxır ki, əgər ideologiya Con Lock, Heige və digərləri formalaşdırırsa bəs onlardan öncə yaşayan millətlər millət deyildi? Mənim deməyim budur ki, Qərb xristian kimliyindən əlavə Fransa kimliyini, İngilis kimliyini ortaya çıxardı. Onlar bunu etməyə məcbur oldular. Çünki onlar gördülər ki, xristian kimliyi ilə çox şeyləri uduzdular. Buna görə də başqa yollara əl atdılar və bu seçimləri də çox uğurlu oldu. Əslində onlar xristianlıqdan imtina etmədilər. Qərbin irəli sürdüyü milli şüur buna söykənir. Yəni millət kimi onlar özlərini daha da önə çəkməyə başladılar.
Qərblə Şərqi müqayisə etdikdə onların dünyagörüşündə müəyyən fərqlər var. Məsələn Türk xaqanı Göktürk Xaqan deyirdi ki, ey türk, özünə dön, sən özünə dönəndə gözəl olursan. Buradan da məlum olur ki, insan ilk öncə özünü dərk etməlidir. Bunun üçün də millət ilk olaraq öz milli, dini kimliyini mənimsəməlidir ki, ideologiyasını da formalaşdıra bilsin.
-Azərbaycanda sizcə milli ideologiya formalaşıbmı?
-Azərbaycanda da bir çox qurumlar müxtəlif ideologiya irəli surə bilərlər. Məsələn Azərbaycançılıq, islamçılıq, bunlarla yanaşı beynəlmiləlçilik ideologiyaları da var. Bugün Azərbaycanda daha çox Azərbaycançılıq ideologiyası üstünlük təşkil edir. Bu da daha çox torpağımızda yaşayan bütün etnik qrupları və ya azsaylı millətləri Azərbaycançılıq adı altında birləşdirmək istəyindən irəli gəlir. Ancaq bu mümkün deyil. Ilk olaraq mən qeyd edim ki, Azərbaycanda milli şüurun Azərbaycançılığa söykənməsi məsələnin ancaq bir tərəfidir. Bu ideologiya bizim milli şüurumuzun ancaq bir hissəsi ola bilər. Yəni demək ki, Azərbaycançılıq olmadan Azərbaycanın gələcəyi yoxdur, bu çox yalnış fikirdir. Hələ M.Ə Rəsulzadə, M. Məmmədzadə və s. şəxsiyyətlər də bildirirdilər ki, biz Azərbaycançılığı dövlətçilik anlamında qəbul edirik. Yəni bura hamının vətənidir. Eyni zamanda onlar heç zaman türkçülükdən imtina edib geri çəkilmirdilər. Çünki nəinki cümhüriyyətin yaradıcıları, hələ ta qədimdən torpağımızda mövcud olan dövlətlər məhz türksoylu xalqlar olub. Ona görə də heç zaman Azərbaycançılıq, Türkçülük kimi ayrımlara ehtiyac yoxdur.
-Son zamanlar daha çox “Azərilər”, “Azəri türkləri” kimi deyimlərin daha çox şahidi oluruq.
-Əslində Azəri anlamı Azərbaycan sovetləşəndən sonra meydana çıxdı. O zaman böyük çoxluq türklərdən ibarət idi, bu o demək deyildi ki, o zaman azsaylı xalqlar inkar olunurdu. Bu daha çox İranın və Rusiyanın siyasəti idi. Əfsuslar olsun ki, Türkiyədə olan bir qrup insanlar da bu siyasəti dəstəkləyirdi. Bu bir qrup insanlar da türklüyü ancaq türk dövlətçiliyi qismində saxlamaq istəyirdilər. Bu mənada biz azəri olurduq. O zaman Orta Asiyada yaşayan bir sıra xalqlar da özlərini türk kimi göstərirdilər. yəni indi “Azəri” sözünün formalaşması hələ o zamanlardan bünövrəsi qoyulmuşdur. Yəni o zaman irəli sürülən ideologiya indi öz təsirini göstərir. Biz indi “Bütöv Azərbaycan” ideologiyasını irəli sürsək və bunu kor- koranə deyil, sistemli, proqramlı şəkildə həyata keçirsək bir neçə müddətdən sonra bunun nəticəsini görmüş olarıq. Biz daha çox şüarlardan, populist fikirlərdən istifadə edirik. Bu gün bizim ziyalılar, aydınlarımız gündəıilk həyatlarını yaşamaqla, roman yazmaq, kitab çıxarmaqla məşğuldurlar. Və bu insanlar özlərini ziyalı sayırlar. Ziyalı belə insanlar deyil, ziyalı cəmiyyəti yaxşı mənada dəyişməklə məşğul olmalıdırlar. Sovet dönəmində bizim beynimizə yeridilib ki, şeir, roman yazanlar ziyalıdırlar. Ziyalı o deyil. Ziyalı insanlar xalqın gələcəyini görməlidirlər, fikir irəli sürməlidirlər. Bəli, ziyalılar öz əsərlərində də fikir irəli sürə bilərlər. Mən düşünürəm ki, heç Sovet dövründə də fikir irəli sürə biləcək ziyalılar yetişdirə bilmədik. Çünki hələ 1937-ci illərdə repressiya dövründə ziyalılarımızın kökü kəsildi. O zaman üçün müasir ziyalılara örnək ola biləcək kim isə qalmadı. H. Cavid, Ə. Cavad, M. Müşfiq və başqa o dönəm ziyalıları öz əsərlərində belə ideyalar irəli sürürdülər ki, bu ideyalar da xalqın gələcəyinə, rifahına xidmət edirdi. Ola bilər ki, indi çoxları özlərinə alim, ziyalı deyir. Bu elə deyil. Kimsə Elmlər Akademiyasnda çalışırsa, və ya AYB nin üzvüdürsə heç də o demək deyil ki, o mütləq ziyalıdır. Əsl ziyalı, aydın odur ki, xalqın düşüncəsini yaxşı yönə yönləndirsin. Əgər cəmiyyətdə mənəvi çatışmazlıq, əxlaqsızlıq varsa ziyalı insanlar bununla mübarizə aparmalı, insanları düzgün yola çəkməyə cəhd etməlidirlər. Alimin rolu professor, dossent adı almaq deyil. Əgər general bir kəndi işğaldan azad etmədən bu adı alırsa, bir alim də cəmiyyət üçün heç bir xidməti olmadan alim, ziyalı adı alar. Biz bu problemləri həll etmədən yeni dönəmə qədəm qoya, inkişaf edə bilmərik. Elə Qərbi yamsılamaqla, ya da Sovet fikirlərini müasir formada qəlibə salmaqla tətbiq edəcəyik və bu da inkişaf deyil. Belə bir görünüş var ki, bizim bir çox ziyalılarımızın şüurunda rus fikirləri var, görünüşcə Avropalı olub, amma hələ özü olmamışdır. Yəni biz hələ Sovet zehniyyətindən qurtula bilmədik, Avropaya inteqrasiyada sürətlə inkişaf edirik, ancaq özümüzü tapa bilmədik.
-Son zamanlar M.Ə. Rəsulzadənin getdikcə yaddaşlardan silindiyinin şahidi oluruq. Bunun səbəbini nə ilə izah edərdiniz?
-Bizim problemimiz onda oldu ki, biz müstəqillik əldə edəndən sonra milli özünüdərki formalaşdıra bilmədik. Bu gün cəmiyyətin M.Ə. Rəsulzadəyə bəslədiyi münasibət əslində özünə qarşı etdiyi bir jestdir. Bu gün Rəsulzadənın adının BDU ”“ nin adından silinməsi, doğum günlərinin səthi qeyd olunması və.s müasir cəmiyyətimizin səviyyəsindən xəbər verir. Bu o demək deyil ki, cəmiyyətimizin inkişafı aşağı səviyyədədir. Ola bilər ki, xalqımızın 99 % -i savadlıdır. Söhbət şüurun formalaşmamasından gedir. Bizdə adətən yazıb oxumağı bacarana savadlı deyilir. Indiki anlamda isə texnologiyadan baş çıxara bilirsənsə, ingilis dilini bilirsənsə deməli savadlısan. Amma belə deyil. əgər milli və dini dəyərləri bilmiriksə, bunu dərk edəcək cəmiyyətimiz yoxdursa o zaman bizim cəmiyyətimiz şüuri cəhətdən formalaşmayıb.
-Cəmiyyətimizə milli dəyərləri necə aşılamalıyıq?
-Milli şüur, ilk növbədə bizim milli adət -ənənələrə bağlıdır. Milli dəyərlər ilk növbədə ailədaxili münasibətlərdən başlamalıdır. Hər bir ailə başçısı istəyər ki, öz övladlarına milli dəyərlərimiz haqqında məlumat versin, onları milli ruhda tərbiyələndirsin. Milli dəyərlərə hörmət ilk növbədə insanın özünə, xalqına verdiyi qiymətdir. Ilk olaraq övladlarımıza Türk olmağın nə demək olduğunu öyrətmək lazımdır. Övladlarımıza Kitabi Dədə- Qorqud, Nəsimi, Tomris haqqında məlumat verməliyik. Mənim üçün milli dəyərlərin əsas qaynağı Dədə Qorquddur. Milli dəyərlərimizi bilmək istəyən insan ilk növbədə “Kitabi Dədə Qorqud” dastanını oxumalıdır.
Qadınlarımızı hicabdan, kişilərimizi papaqdan azad etməklə milli dəyərlərimizi qəsb etdilər. Bilirik ki, milli dəyərlərimiz sırasında ən ümdə yeri qadın, torpaq və papaq dururdu. Məhz bunların qəsb edilməsi, belə desək, gündəmdən çıxarılması milli dəyərlərimizə vurulan ən böyük zərbə oldu. Sovet dönəmində isə bunlar demək olar ki, sıradan çıxarıldı və buna müasirlik donu geyindirildi. Bu gün isə papaq uşaqların əlində oyuncaq olub.
Son iki əsrdə biz demək olar ki, öz yolumuzdan kənara çıxmışıq. Rusların vasitəsi ilə Qərbin yolu ilə gedirik. Ruslarla Qərb arasında münaqişələr olur, olacaq da. Amma unutmayaq ki, onlar Şərq xalqları olan yerdə din baxımından tərəfdaşdırlar. Bu əslində Şərqlə Qərb arasında mədəniyyətlərin, sivilizasiyaların savaşıdır. Bu gün əslində Qərb mədəniyyəti daha yüksəkdə dayanır. Əlbəttə ki, Qərb sivilizasiyasına Rusiya da aiddir.
Qərblilər mədəniyyəti Şərqdən öyrənib. Ancaq Qərb mədəniyyəti daha sürətlə inkişaf etdi, nəinki Şərq mədəniyyəti...Əslində qərblilər əvvəlcə də mədəniyyətə sahib idilər. Yunan, Roma mədəniyyəti və.s. Sonradan onlar İslam, türk mədəniyyətinə yenildilər.16- cı əsrdən yavaş-yavaş dirçəlməyə başladılar. 18 ”“ci əsrdən isə bu dirçəlmə sürətli inkişafa öz yerini verdi. Bunun təsiri ilə İslam və Türk mədəniyyəti çökməyə başladı və hələ də qalxa bilməyib. Son əsrlərdə İslam mədəniyyətinin bir az da olsun yüksəldən Türklər oldu.
Bəli, Qərb mədəniyyəti Şərqdən də çox şeylər götürdü. Bütün hallarda onlar öyrəndilər, ancaq öz mədəniyyətlərini Şərq mədəniyyəti üzərində qurmadılar. Və onlar Şərq mədəniyyətini Qərb mədəniyyətinin təsirinə saldılar.
Lalə Novruzlu

































































































