Amerikada çalışan azərbaycanlı vəkil İsmayıl Şaxtaxtinski: “Azərbaycan məhkəmələrində çox geridə qalmış, ədalətsiz üsul və prosedurlar var”; “Azərbaycanlıların çoxu viza üçün müraciət edəndə səhv yol seçir”
Belə səhnələri daha çox Hollivud filmlərində görürük. Geniş məhkəmə zalı, ortada emosional çıxış edən vəkil, onu heyranlıqla dinləyən məhkəmə heyəti, andlılar və sonda”¦ qanun zəfər qazanır”¦ Hüquq sistemi, vəkillik institutu barədə bir azərbaycanlının təsəvvürünü dəyişdirən sistem də deyə bilərik buna.
Bu günlərdə sosial şəbəkədə qarşıma çıxan bir məlumat isə məni daha da maraqlandırdı. Məlum oldu ki, həsədlə baxdığımız Amerika vəkillik sistemində bir azərbaycanlı vəkil də təmsil olunur, fəal şəkildə işini qurub, hətta ABŞ vəkillər kollegiyasının üzvüdür.
“İ.S.Iaw Firm, PLLC”-in təsisçi və direktoru, ABŞ-ın hüquq doktoru, ABŞ vəkillər kollegiyasının üzvü İsmayıl Şahtaxtinski ilə virtual tanışlıqdan sonra Amerikada vəkilik, bir azərbaycanlını oraya aparan yol, ordakı yüksəlişi”¦ bir sözlə, məni maraqlandıran bütün məsələlərdən danışdıq. Söhbət zamanı müasir azərbaycanlıları daha çox maraqlandıran Amerikaya mühacirət mövzusuna da toxunduq. Son illər Azərbaycanda hüquq sisteminin, vəkillik institutunun iflasa uğradılığını nəzərə alanda maraqlı paralellər də apardıq.
-Amerikada azərbaycanlı vəkil”¦ Azərbaycan cəmiyyəti bu fakta o qədər də öyrəşməyib. Sizi Amerikaya aparan yol haradan və necə keçib?
-Mən ABŞ-a 14 il əvvəl köçmüşəm. O vaxtdan vətəndaşlıq alıb, burada ailə qurub yaşamışam. ABŞ-ın Nyu Orleans şəhərində, Loyola Hüquq Universitetində hüquq doktoru təhsili almışam. Orda öz firmamı yaratmaq qərarına gəldim. 2007-ci ildən öz işimi qurdum, ABŞ-ın paytaxtı Vaşinqtonda və Vaşinqtonun ətraflarında hüquqi xidmətlər göstərirəm.
-Amerikada vəkil kimi çalışmaq, özünə bu sahədə yer tutmaq çətindirmi? Xüsusən də əgər buna iddialı olan şəxs amerikalı deyilsə və uzaq Azərbaycandan gəlibsə...
-İstəyi və iradəsi olan adam üçün heç nə çətin deyil. ABS-da vəkil olmaq üçün gərək Hüquq Doktoru dərəcəsi alasan, sonra isə hansı ştatda hüquqşünaslıq edəcəksənsə, orada imtahan verib hüquqşünas lisenziyası almalısan. Hüquq Doktoru üçün gərək bakalavr təhsilindən başqa 3, bəzən də 4 il əlavə təhsilin olsun. Bu təhsili yalnız akkreditə edilmiş Hüquq Universitetləri verir.
Məsələn, öz hüquq təhsilimi Loyola Hüquq Universitetində almışam.Təhsil zamanı burada çox böyük rəqabət olur.Hətta proqramı yarımçıq atan, oxumağı buraxan tələbələrə də rast gələrsən. Tələbələr arasında reytinqlər təyin olunur və gələcəkdə iş tapma şansı bu reytinqdən asılıdır. Hüquqşünas işinin böyük bir hissəsi yazı və ünsiyyətdən ibarətdir.Yəni uğurlu hüquqşünas olmaq üçün yaxşı nitq qabiliyyətin olmalıdır, ictimai fəallıq da vacibdir. O cümlədən, dəqiq, aydın, ədəbi dildə hüquqi sənədlər yazmalısan. Bu mənada, əlbəttə ki, ingilis dilinin ana dili olmaması ABŞ-da hüquqşünas kimi işləməyə bir qədər çətinlik yaradır. Amma iradə, səbr və dözüm nəticəsində bu çətinliyin də öhdəsindən digərləri kimi gəlmək mümkündür.Nəticədə ingilis dili ana dilindirmi, deyilmi, heç bir fərqi qalmır.
Məndən tez-tez soruşurlar, Amerikada məhkəmələrdə və ya imiqrasiya proseslərində necə ola bilər ki, yerli hüquqşünaslardan daha effektivli və ya daha bacarıqlı ola bilərsən? Axı dil fərqi var və s. Bu suala ətraflı cavab vermək çətindir; çünki onda gərək özümü tərifləyəm. Birincisi, ABŞ-da belə bir problem yoxdur.Tarix boyu ən böyük işləri aparan vəkillərin böyük hissəsi müxtəlif ölkələrdən köçənlər olub.Bir də ki,Amerika imiqrantlar ölkəsidir, burda aksent ve ya dialekt məsələsi heç bir işdə uğur qazanmağa mane olmayıb. İkincisi, hüquq doktoru dərəcəsi almaq üçün 3-4 il ərzində intensiv təhsil alırsan. Bu zaman da dil, yazi problemləri tamamilə aradan götürülür.Belə olmasa, onda Hüquq Doktoru dərəcəsi və lisenziya almaq mumkün deyil. Ona görə də, ABŞ-da doğulmayan vəkillərin ingilis dilində, nəinki çətinliyi olur, hətta yerlilərin çoxundan belə daha yaxşı, qrammatik və ədəbi dildə danışıb yaza bilirlər. Bu, həqiqətən belədir, amma hər dəfə özümü tərifləyib bu nəzəri izahı verməkdənsə, müştəriyə deyirəm, əmin olun ki, gördüyün işin nəticəsi sizin bu suala tam cavab olacaq.
-Firmanızın istiqamətləri nələrdir? Məhkəmə işlərinə çıxırsızmı? Ümumiyyətlə, hansı növ işlərə baxırsız?
“Cinayət işlərində məhkəmə zamanı ittiham olunanın qəfəsdə saxlanması onun hüquqlarını pozur və onu bir günahkar kimi təqdim edir. ABŞ-da cinayət işi ilə bağlı məhkəmə proseslərində ittiham olunan nəinki sərbəst formada iştirak edir, onun gunahsiz olduğunun göstərilməsi üçün hər cür şərait yaradılır"
-Bizim firma imiqrasiya, biznes, beynəlxalq ticarət və zərərçəkənlərə kompensasiya almaqla məşğuldur.Tez-tez məhkəmələrə çıxıram, istər imiqrasiya, istər beynəlxalq məhkəmələrdə, istər də mülki işlərdə iştirak edirəm.
-ABŞ-da hakim vəkillə tanış olarsa, bu, prosesə təsir edirmi?
-Cüzi şəkildə ola bilər, yəni deyə bilmərəm ki, belə şey mümkün deyil. Amma geniş mənada, hakimlə vəkilin tanışlığı, yaxınlığı prosesə çox az təsir edr. Bir də ki, böyük işlərin çoxu “jury” andlılar tərəfindən həll olunur deyə, hakimi tanıyıb-tanımamaq o qədər də önəmli deyil. Digər tərəfdən, əgər hakimin bir və ya hansısa tərəfin vəkili ilə əlaqəsi varsa, onda ya hakimin özü, ya da digər tərəflərin müraciəti əsasında iş başqa hakimə keçir.
-Ümumiyyətlə, Amerikada miqrant statusu almaq üçün şərtlər nədir?
-Bu çox ümumi sualdır. Imiqrant status almağın çox üsulları var. Və hər üsulun şərti fərqlidir. Ümumi şərtlər budur ki, cinayət işi, keçmişdə imiqrasiya firildaqları, müəyyən qruplarla əlaqələr olmasın və s.
-Amerika azərbaycanlılara miqrant statusunu asanlıqla verir?
-Bəli, çünki ölkələr arasında fərq qoyulmur.Yalnız bəzi viza növləri var ki, ölkələrarası müqavilələr əsasında verilir. Məsələn, Azərbaycanla ABŞ arasında olan müqavilə əsasında Amerikada biznes yaradan azərbaycanlılara E-2 vizası verilir, amma Rusiya ilə belə bir müqavilənin imzalanmamasına görə, Rusiya vətəndaşlarına bu viza növü şamil edilmir.
-Bu günə qədər hansısa tanınmış azərbaycanlıya miqrant statusu almaqda yardım etmisizmi?
-Əlbəttə, çoxlarına. Amma onların kimliyi və ya işləri haqqında danışa bilmərəm. Bu məsələlər çox məxfidir. Müştərinin kimliyi və işi haqqında məlumatı yayan vəkil ABS-da öz vəkillik lisenziyasini ömürlük itirə bilər.
-Amerika bütün siyasi mühacirlərə yaşıl işıq yandırırmı?
-“Siyasi muhacir” hüquqi termindir.Yəni adamın siyasi muhacir olub-olmaması gərək hüquqi cəhətdən sübut edilsin. Əgər sübut olunsa, onda ABŞ o adama hansı ölkədən olub-olmadığına baxmayaraq, siyasi sığınacaq verir.
-Bir azərbaycanlının Amerikadan mühacirət alma şansı ilə başqa bir ölkə vətəndaşının şansı eynidirmi? Üstünlük daha çox kimdədir?
“ABŞ-ın hər bir ştatı əlindən gələni edir ki, investisiya cəlb etsin. Bunun üçün çalışırlar ki, bütün qeydiyyat sistemlərini, hökumət orqanlarını, lisenziya sistemlərini mümkün qədər təkmilləşdirib asanlaşdırsınlar. Bizneslə olan işlərdə hökumət işçiləri daimi nəzarət altında olurlar ki, hər hansı bir biznesin yaranmasına və inkişafına maneçilik yaranmasın"
-Elə bir fərq yoxdur.Yalnız müvəqqəti viza muraciətlərində, inkişaf və şəffaflıqdan asılı olaraq, bəzi ölkə vətəndaşları üçün viza almaq daha asandir.Amma daimi yaşayış icazəsi və ya vətəndaşlıq almaq üçün azərbaycanlıların şansı hamı kimidir.
-Maraqlıdır ki, Amerikaya getmək üçün viza almaq çox çətindir. Müsahibə şərtlərinin ağırlığı, tələb olunan sənədlərin çoxluğu ilə bağlı fikirlər var. Bunlar stereotiplərdir, yoxsa bu çətinlikləri aşmaq üçün asan yollar var?
-Asan yol yoxdur.Var düzgün yol və səhv yol. Təəssüflər ki, keçmiş Sovet ölkələrindən vizaya müraciət edənlərin çoxu səhv yolu seçir: əvvəldən lazımlı sənədləri hazırlamır, müsahibəyə ilk dəfədən tam hazırlıq görmür və çox təəssüf ki, tez-tez saxta sənədlərdən istifadə edirlər. Buna görə, sterotip deməzdim, sadəcə, Azərbaycan daxil, digər post-Sovet ölkələrdən olan viza müraciətlərinə daha şübhəli yanaşırlar. Bəzən görürəm ki, kimsə hətta ilk dəfədən düzgün yolla viza almağa şansı ola-ola, nədənsə saxta uydurmalara əl atırlar, rədd cavabı alandan sonra vəkilə üz tuturlar. İlk dəfədən, imiqrasiya üzrə ixtisaslaşmış vəkillə məsləhətləşsələr, bu problemlərin çoxu yaranmaz.
-Maddi məsələlərə də toxunaq mümkünsə. Məsələn, sizin firmanızdan hüquqi məsləhət xidmətinin məbləği nə qədərdir? Dogrudanmı, Amerika vəkilləri çox baha olur?
-Bizim firmada vəkildən məsləhət almağın giyməti 200 dollardır.Hazırda biz Azərbaycanda fəal reklam kampaniyası apardığımız üçün bu qiymət 100 dollardır.Əgər müştəri məsləhətdən sonra bizim digər xidmətlərimizdən istifadə edərsə, onda biz bu 100 dolları növbəti xidmətin pulundan çıxırıq.Yəni bu halda vəkil məsləhəti pulsuz başa gəlir, yalnız görülən işin xərçi ödənir.
Bilirsiz, vəkillik də həkimlik kimi çox məsuliyyətli işdir. İşlərin çoxunda insanların taleyi, maddi həyatı və ailə həyatı həll olunur. Müştərilərin peşəkar səhvlərdən qorunması üçün vəkillərdən aylıq iri məbləğdə sığorta xərcləri, illik kvalivikasiya kursları keçmək, yüksək dərəcədə nəzarət və əlavə xərclər tələb olunur. Yaxşı vəkil olmaq üçün hətta şəxsi həyatınla bağlı qurbanlar verirsən. Məsələn, məzuniyyətə çıxsam da, daima telefondayam. Elə vaxt olur ki, məzuniyyətdə ola-ola telefonla məhkəmə ilə danışıram. Bəzən işlər o qədər emosional və müştərinin həyatı üçün vacib olur ki, yuxum ərşə çəkilir, gecə-gündüz bu barədə duşünürəm. Ona görə də bütün bu xərcləri və ABŞ vəkilindən edilən tələbləri üst-üstə gələndə, heç də demək olmaz ki, Amerika vəkilləri çox bahadır.
-Miqrant statusu almış şəxs üçün Amerika nələr vəd edir? Yəni, ona hansı güzəştlər edilir, hansı ödəmələr edilir?
-Elə bir avtomatik guzəştlər olmur.Amerika, ümumiyyətlə, imkanlar ölkəsi sayılır. Və bura gələn insanlara olunan ən böyük güzəşt ”“ onlara verilən imkanlar və azadlıqlardı. Amma sosial güzəştlərlə yaşayıb-dolanmaq fikri olanlara, yəqin ki, Avropaya və ya Kanadaya köçmək daha uyğun olar.
-Azərbaycanın hüquq sistemi, məhkəmələri ilə bağlı yəqin ki, məlumatlısız. Sizcə, ölkəmizdə bu sahə hansı vəziyyətdədir? Vəkillik institutunun iflasa uğradığı barədə deyilən rəylərdə həqiqət payı nə qədərdir?
-İki nöqtənin ikisində də - həm nəzəri, həm də praktik baxımdan vəziyyət çox pisdir. Nəzəri baxımdan: çox geridə qalmış, ədalətsiz üsullar və prosedurlar var. Məsələn, cinayət işlərində məhkəmə zamanı ittiham olunanın qəfəsdə saxlanması onun hüquqlarını pozur və onu bir günahkar kimi təqdim edir. ABŞ-da cinayət işi ilə bağlı məhkəmə proseslərində ittiham olunan nəinki sərbəst formada iştirak edir, onun gunahsiz olduğunun göstərilməsi üçün hər cür şərait yaradılır. Psixoloqlar müəyyən ediblər ki, insanın sağ əli tərəfində oturan şəxs onun fikirlərinə daha çox təsir edə bilir. Ona görə də ABŞ məhkəmələrində, adətən, ittiham olunan şəxs hakimin sağ tərəfində oturur. İttihamçı ilə ittiham edilən eyni formada və eyni səviyyədə təmsil olunur.
Sonra, məsələn, Azərbaycanda andlılar (“jüri”) məhkəməsinin olmamağı narahat edicidir. Andlılar məhkəməsi faktlar barədə ən ədalətli qərar verir. Amma Azerbaycanda andlılar məhkəməsi yoxdur. Sistemdə belə problemlər çoxdur. O ki qaldi praktiki baxımdan, Azərbaycanda hüquq sistemində rüşvətxorluq, korrupsiya, saxtakarlıq və ədalətsizlik barədə heç danışmağa dəyməz.
-İsmayıl bəy, hüquq firmanız həm də bir biznes sahəsidir. Bizə ABŞ-da xırda, orta biznes qurmaq imkanlarından danışın. Bunun üçün bürokratik əngəllər varmı? Məsələn, ilkin sərmayə üçün nə qədər kapitala ehtiyac var? Rəqabatə davam gətirmək olurmu? Xırda, orta sahibkarlıq üçün güzəştlər mövcuddurmuı?
-Yaxşı sualdır. Birinci onu deyim ki, ABŞ-da biznes qurmaq, mülk almaq, iş görüb pul qazanmaq üçün heç burda olmaq və ya Amerikanın vətəndaşı olmaq lazım deyil; statusa ehtiyac yoxdur. Yəni, Azərbaycandan istənilən şəxs üçün biz burda biznes də qura bilərik, korporasiya, bank hesabları aça, mülk də ala bilərik. Və həmin biznesin əsasında da onlara ABS-a imiqrasiya etməkdə kömək edə bilərik. İlkin kapital deyilən şey yoxdur. Bank və ya sığorta şirkətləri istisna olmaqla, biznes qurmaq üçün hüquqi baxımdan heç bir minimal kapital tələb olunmur.
Bürokratik əngəllər azdır; çox vaxt heç olmur. ABŞ-ın hər bir ştatı əlindən gələni edir ki, investisiya cəlb etsin. Bunun üçün çalışırlar ki, bütün qeydiyyat sistemlərini, hökumət orqanlarını, lisenziya sistemlərini mümkün qədər təkmilləşdirib asanlaşdırsınlar. Bizneslə olan işlərdə hökumət işçiləri daimi nəzarət altında olurlar ki, hər hansı bir biznesin yaranmasına və inkişafına maneçilik yaranmasın. O cümlədən, xırda sahibkarlara ve bizneslərə kütləvi güzəştlər edilir. Qısaca onu deyim ki, Amerika imkanlar və azad biznes ölkəsidir. Nə bacarırsan, onu da et və açıq, ədalətli rəqabətə girərək istədiyin hər şeyə nail ol!
-Yaxşı, bəs xidmətlərinizdən istifadə etmək istəyən azərbaycanlılar sizinlə necə əlaqə yaratsınlar?
-Bizim Azərbaycan dilində saytimiz var: //amerikavekil.com/ Arzu edənlər bizə məktub da yaza bilərlər: [email protected]
Musavat.com




































































































