“Rəfiqəm də, dostum da dərdinə çarə tapılan xəstələrim və daim ünsiyyətdə olduğum seçicilərimdir”

Hazırda oxunan: “Rəfiqəm də, dostum da dərdinə çarə tapılan xəstələrim və daim ünsiyyətdə olduğum seçicilərimdir”

49646

Moderator.az-ın müsahibi Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı, Sabunçu rayonu 4 saylı Vərəm Əleyhinə Dispanserin baş həkimi Sədaqət Vəliyevadır.

 - Bütün peşə fəaliyyətiniz vərəmlə mübarizəyə həsr olunub. Odur ki, bu sahənin mütəxəssisi kimi bir suala cavab istəyək - Azərbaycan səhiyyəsi vərəmə qalib gələ bilibmi?

- Sualınıza bir qədər əhatəli cavab vermək istəyirəm. Hələ təhsil aldığım müddətdə, 1976-cı ildə Malakan bağının yanında yerləşən Döş Qəfəsinin Cərrahiyyə Xəstaxanasında tibb bacısı kimi işə başlamışam. 1980-ci ildə institutu bitirdikdən sonra Bakı Şəhər Səhiyyə İdarəsinin göndərişilə Suraxanı rayonu, Zığ qəsəbəsində yerləşən 6 saylı Vərəm Xəstəxanasında həkim-ordinator kimi fəaliyyətə başladım. 1984-cü ildən 1985-ci ilədək baş həkiməvəzi, 1985-ci ildə isə xəstəxananın baş həkimi kimi fəaliyyətimi davam etdirmişəm. 1987-ci ildə isə 6 saylı Vərəm Xəstəxanasının dispanserə çevrilməsi təşəbbüsü ilə çıxış etdim. Əlbəttə ki, bununla Suraxanı rayonunda vərəm xəstələrinin qeydiyyatı, uçotu aparıldı, sənədləşmə işlərilə əlaqədar bütün problemlər həll edildi. Beləliklə də, 22 il Suraxanı rayonunda səhiyyə sahəsində çalışmışam, 2002-2006-cı illərdə Sabunçu rayon Səhiyyə Şöbəsinin müdiri işləmişəm, 2006-cı ildən isə Sabunçu rayonu 4 saylı Vərəm Əleyhinə Dispanserin baş həkimi vəzifəsinə təyin edilmişəm.

Gördüyünüz kimi, peşə fəaliyyətimin 38 ili vərəmlə mübarizəyə həsr edilib. Ötən müddət ərzində vərəmlə mübarizədə həqiqətən, böyük nailiyyətlər əldə edilib. Bu mənada demək olar ki, vərəmlə mübarizədə Azərbaycanın nailiyyətləri dünyanın bir çox ölkələri üçün təcrübə rolunu oynaya bilər. Dövlətin diqqət və qayğısı sayəsində vərəm xəstələrinin sayının və ölüm hallarının xeyli azalması, xəstəliyin ağır formasının müalicəsində effektiv nəticələrin çox olması bir daha sübut edir ki, Azərbaycan vərəmlə mübarizədə böyük uğurlar qazanıb.

- Ölkə əhalisinin neçə faizi vərəmli xəstədir? Bu statistika hərbi xidmətə çağrılanlar, əsgər və məhbuslar arasında necədir? Bununla bağlı hər hansı məlumatlarınız varmı?

- Ümumiyyətlə, ölkə miqyasında vərəmlərin sayı ilə bağlı konkret məlumatım yoxdur. Bu da əlbəttə ki, obyektiv səbəblərdəndir. Çünki, mən Sabunçu rayonu 4 saylı Vərəm Əleyhinə Dispanserin baş həkimi olduğumdan yalnız bu miqyasda vəziyyətin necə olduğuna dair təhlil verə bilərəm.

O ki qaldı əsgərlər və məhbuslar arasında vərəmli xəstəxələrə, deməliyəm ki, bu kateqoriyalardan olan insanlar arasında yüksək vərəm müşahidə olunmur. Qeyd edim ki, keçmiş Sovet dönəmində bu sahədə vəziyyət daha ağır olub. Amma bu gün Azərbaycanda həm hərbi xidmətdə olan əsgərlər, həm də həbsxanadakı məhbuslar arasında vərəm xəstəliyinə az rast gəlinir. Çünki, hələ 1994-cü ildən Azərbaycan Hökumətilə Dünya Səhiyyə Təşkilatı birgə infeksion xəstəliklərlə mübarizədə müxtəlif layihələr həyata keçirməyə başlanıb. Elə bunun nəticəsidir ki, nəzarət altında müalicəni ehtiva edən D.O.T.S. (Directly Observed Treatment Short-course) layihəsi uğurlu nəticələrin əldə olunmasına gətirib çıxarıb.

Bundan başqa, gənclərimiz hərbi xidmətə getməmişdən öncə yaşadıqları ərazi üzrə vərəm dispanserlərində müayinədən keçirlər. Bu mənada, onların vərəm xəstəsi kimi hərbi xidmətə getməsi mümkün deyil. Hətta, hərbi xidmətdən qayıdanlar arasında belə vərəm xəstəliyinə demək olar ki rast gəlinmir. Təkcə, bu il ərzində Sabunçu rayonu 4 saylı Vərəm Əleyhinə Dispanserin ərazisində müalicə olunaraq, tərxis edilmiş hərbi xidmətdən qayıdan 2 nəfər qeydiyyata götürülüb.

Bir sözlə, "2011-2015-ci illər üçün vərəmlə mübarizə üzrə Tədbirlər Proqramı"nın təsdiq edilməsi, dövlətin bu sahəyə diqqət ayırması, xəstələrin bütün dərman preparatları ilə təmin olunması və s. vərəm xəstəliyinin azalmasına səbəb olub.

- Dünya ölkələrinin vərəmə yoluxma göstəriciləri necə paylanılır, dünyada ən çox və ən az vərəmli xəstə hansı ölkədədir?

- DST-nin məlumatına görə, dünyada hər il 9 milyon insan vərəm xəstəliyinə tutulur, onların 1.8 milyonu vəfat edir. Hətta, məlumatlar var ki, dünya əhalisinin 1/3 hissəsinin orqanizmində aktiv vərəm çöpləri mövcuddur. Azərbaycandan fərqli olaraq, bir sıra MDB ölkələrində vərəmlə mübarizə normal səviyyədə deyil, hətta, əldə olan məlumatlara görə, postsovet məkanında, xüsusilə də, Ermənistanda, gün ərzində yeni 70-80 insan vərəm xəstəsi kimi qeydiyyata düşür, 30 nəfər isə ölür. Amma elə bir statistika ilə tanış deyiləm ki, hansı ölkədə çox, digərində isə az vərəm xəstələri olsun.

- Vərəm dispanserlərində çalışan tibbi personalın vərəmə yoluxma riski necədir və bunun qarşısı necə alınmalıdır?

- Əvvala, deyim ki, vərəm çöpləri hər bir insan doğulandan onun orqanizmində mövcud olur. Yaşamaq qabiliyyətinə malik olan bu mikrob insan orqanizminin vəziyyətindən asılı olaraq aktivləşir və ya əksinə. Bu səbəbdəndir ki, immunitet zəifliyi olan insanlarda vərəm xəstəliyi bir çox hallarda özünü göstərir. Məsələn, AİDS, HİV, hepatit C xəstəliyi olan insanlarda vərəm də müşahidə oluna bilir. Ona görə də, dispanzerizasiya keçirilməlidir, risk qrupları mütəmadi yoxlanılmalıdır.

O ki qaldı, dispanserdə çalışan personallara, onlar sanitar-maarif işini tam dəqiqliklə bilməlidir. Çünki, infeksion xəstələrlə çox yaxından ünsiyyət olmamalıdır, onların əşyalarından istifadə edilməməlidir və s. Lakin əminliklə demək istəyirəm ki, bu günədək bizim dispanserdə tibbi personal arasında vərəm xəstəliyinə yoluxanlar olmayıb. Bu da əlbəttə ki, işin peşəkar səviyyədə təmin edilməsindən asılıdır.

- Cəzaçəkmə müəssisələrindəki acınacaqlı durumu önləmək üçün etdiyiniz təklif, yəni vərəmli məhbuslar üçün ayrıca cəzaçəkmə müəssisəsi və ona bitişik vərəm dispanseri inşa edilməsinə deyəsən Ədliyyə Nazirliyi o qədər də sıcaq yanaşmadı...

- Əslində, mən həbsxanalarda vərəm xəstəliyilə əlaqədar vəziyyətin acınacaqlı olduğunu və bununla bağlı ayrıca cəzaçəkmə müəssisəsinin və ya ona bitişik vərəm dispanserinin inşa edilməsi haqqında fikir bildirməmişəm. Sadəcə olaraq, Nazirlər Kabinetinin hesabatında infeksion xəstəliyi olan məhbusları ümumi cəzaçəkmə müəssisələrindən ayırıb xüsusi yerlərdə saxlanılması ilə bağlı təkliflə çıxış etmişəm. Aydındır ki, Azərbaycanın cəzaçəkmə müəssisələrində olan məhbusların müəyyən hissəsi infeksion xəstəliklərdən əziyyət çəkirlər. Onların bir çoxu da məhz, vərəm, hepatit C kimi digər xəstəliyin daşıyıcısıdırlar. Onların bu cür xəstəliklərin mənbəyi olması, əşyalardan birgə istifadə halları isə digər sağlam məhbusların da eyni xəstəliyə yoluxmasına səbəb olur. Bununla da, sağalması uzun sürən xəstəliklərin yayılması halları başlayır. Mənim xahişin onunla bağlı olub ki, bu cür xəstəliyi olan məhbuslar xüsusi şəraiti olan cəzaçəkmə müəssisələrində saxlanılsın və müalicə olunsun. Çünki, infeksion xəstəliyinin daşıyıcılarının müalicə və yaşam şəraiti müəyyən olunmuş normalar çərçivəsində reallaşdırılır. Əgər bu gün göstərilən istiqamətdə lazımi addımlar atılsa, yoluxucu xəstəliklərin daşıyıcılarının sayı tamamilə azalmış olar.

Postsovet ölkələrinin bir neçəsində ”“ Ukraynada, Türkmənistanda və digərlərində bu cür halların qarşısını almaq üçün əşyalardan birgə istifadəni məhdudlaşdırırlar. Amma məhbuslara paylanan əşyalar təkrar istifadəyə cəlb edildiyindən infeksion xəstəliklərin yayılmasının qarşısını almaq mümkün olmur. Bu səbəbdən də, Avropa təcrübəsinə müraciət edilə bilər. Yəni, infeksion xəstəliyinin daşıyıcılarının xüsusi şəraiti olan cəzaçəkmə müəssisələrinə köçürülməsi həyata keçirilə bilər. Orada onların müalicəsi və cəzasının çəkilməsi reallaşdırıla bilər.

- Seçildiyiniz dairədə neçə vərəmli seçicinizin olduğunu bilirsinizmi?

- Seçildiyim dairədən bu günədək vərəm xəstəliyilə əlaqədar cəmi 2 nəfər müraciət edib. Onların da müalicəsilə bağlı müvafiq addımlar atılıb. Amma ümumi vərəm xəstələrilə əlaqədar statistika Nizami rayonunun ərazisinə daxil olduğu Xətai rayonu 2 saylı Vərəm Əleyhinə Dispanserdə var. Daha dəqiq rəqəmləri həmin dispanserdən və ya aidiyyatı orqanlardan əldə etmək olar.

- Vərəmli xəstələr tamamilə Azərbaycan səhiyyəsinə etibar edirlərmi? Yoxsa digər xəstəliklər kimi bu tip xəstələr də xaricə üz tutur? Ümumiyyətlə, il ərzində nə qədər vərəmli xəstənin xaricə üz tutduğu barədə məlumatınız varmı?

- Əminliklə deyirəm ki, bu gün Azərbaycanda vərəm xəstələrinə dövlət səviyyəsində böyük diqqət və qayğı var. Qeyd etdiyim kimi, dövlət tərəfindən vərəm xəstələrinin müalicəsi üçün pulsuz dərman preparatları da verilir. Hətta deyim ki, dövlət ağır vərəm xəstəsinin müalicəsinə 50 min manat vəsait də ayırır. Ona görə də, vərəm xəstələrinin xaricə üz tutmasına ehtiyac qalmır. Hətta, mən elə faktlarla qarşılaşmışam ki, xaricə gedib yenidən Azərbaycanda müalicə almaq üçün qayıdanlar olub. Həmin xəstələr etiraf edirlər ki, vərəm xəstələrinə Azərbaycandakı kimi heç bir ölkədə qayğı yoxdur.

- Müsahibələrinizin birində demisiniz ki, 4 saylı Vərəm Dispanserində ictimai əsaslarla baş həkim işləyirsiniz. Görünür ölkə tarixində bu cür çalışan ilk baş həkimsiniz...

- Qeyd etdiyim kimi, vərəm sahəsində 40 ilə yaxın müddətdir ki, çalışıram. Eyni zamanda, bildiyiniz kimi, 2008-ci ildən Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri kimi fəaliyyət göstərirəm. Eyni zamanda, 2010-cu ildə Nizami rayonu 25 saylı II Seçki Dairəsindən dördüncü çağırış Milli Məclisə deputat seçilmişəm. Bu səbəbdən də, qanunlara müvafiq şəkildə rəhbərliyimizin məsləhətilə ictimai əsaslarla Sabunçu rayonu 4 saylı Vərəm Əleyhinə Dispanserin baş həkimi kimi də fəaliyyətimi davam etdirirəm.

- Saytların birinə “Mənim heç vaxt rəfiqəm olmayıb” demisiniz, dostlardan qəsdən qaçırsınız, yoxsa heç vaxt etibar etdiyiniz birisi rastınıza çıxmayıb?

- Ümumiyyətlə, rəfiqə məsələsi nisbidir. Mənim amalım dövlətimizin siyasi kursuna dəstək olaraq, insanlara xidmət etmək, işin profilinə uyğun olaraq, insanlara imkan daxilində köməklik göstərməkdir. Bu baxımdan da, düşünürəm ki, elə mənim rəfiqəm də, dostum da dərdinə çarə tapılan, müalicə olunan xəstələrimdir və daim ünsiyyətdə olduğum seçicilərimdir.

- Rəfiqəniz olmasa da görünür düşmənləriniz və ya rəqibləriniz yetərincədir ki, 80-ci illərin əvvəllərindən karyera yüksəlişində olsanız da bütün uğurlarınızı Rövnəq Abdullayevlə bağlamaq cəhdləriylə üzləşirsiniz...

- Söhbətimizdən informasiyanız oldu ki, 38 il səhiyyə sahəsində çalışıram və müxtəlif vəzifələrdə - baş həkimlikdən tutmuş rayon səhiyyə şöbəsinin müdirinədək ”“ işləmişəm. Düşünürəm ki, dediniz məsələ ilə əlaqədar olaraq, yalnız qərəzi olanlar bu cür fikirləri səsləndirə bilərlər. Məncə, əlavə şərhə də ehtiyac yoxdur.

- Deputat həmkarlarınız elmi dərəcə almaq üçün əldən-ayaqdan gedirlər. Siz necə, elmi fəaliyyətinizlə bağlı planlarınız necədir?

- Deputat həmkarlarımın elmi ad alması ilə əlaqədar məsələlərdən xəbərsizəm. O ki qaldı, mənim elmi ad almağıma, istərdim ki biləsiniz, mənim elmi işim hələ 1987-ci ildə hazır idi. 1989-cu ildə artıq Moskvada müdafiə üçün minimum imtahanları da əla qiymətlərlə vermişdim. Elmi işim isə xroniki vərəm xəstələrinin müalicəsində immunostimulyatorlardan istifadə metodlarına aid idi. Lakin keçmiş SSRİ-də siyasi problemlərin meydana çıxması, Moskvada azərbaycanlılara olan münasibətin ermənilərin sayəsində pisləşməsi, eyni zamanda, Dağlıq Qarabağ məsələsilə əlaqədar mitinqlərin başlanması, baş həkim olduğum xəstəxanada problemlərin çox olması müdafiə məsələsini arxa plana keçirdi. İndi isə elmi ad almaq kimi planlarım yoxdur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin