“Bizdən fərqli olaraq dünyanın heç bir yerində məhkəmə cinayətkarlığa qarşı mübarizə aparmır”
Milli Məclisin son toplantısında millət vəkili Siyavuş Novruzov hakimlərlə bağlı maraqlı təkliflə çıxış edib. Avropa Məhkəməsi tərəfindən insan haqları ilə bağlı Azərbaycana qarşı tətbiq edilən cərimə cəzalarının çoxluğuna diqqət çəkən S.Novruzov, problemi azərbaycanlı hakimlərin elə öz vəsaiti hesabına həll etməyi təklif edib. Millət vəkili bildirib ki, bu qərarlar savadsız hakimlərin günahı ucbatından meydana çıxdığı üçün cərimə cəzaları da hakimlərin əmlakı hesabına ödənilməlidir. Lakin S.Novruzov tərəfindən irəli sürülən bu təklif ictimai rəydə birmənalı qarşılanmayıb. Müstəqil hüquqşünaslaırn bir çoxu hesab edir ki, əslində Azərbaycanı Avropa Məhkəməsi qarşısında arzuedilməz vəziyyətə salan bu qərarlar hakim savadsızlığı deyil, hakimlərə “yuxarıların” göstərdiyi təzyiq nəticəsində meydana gəlir. Məhz bu baxımdan da onlar məhkəmələrə siyasi hakimiyyətin təzyiq və basqısının azaldılmasının daha effektiv ola biləcəyi qənaətindədirlər. Moderator.az və “Hürriyyət” qəzetinə müsahibə verən hüquqşünas Əyyub Kərimovla söhbətimizdə məlum məsələyə aydınlıq gətirməklə yanaşı, digər problemlərə də toxunmağa çalışdıq.
- Əyyub bəy, bugünlərdə millət vəkili Siyavuş Novruzov belə bir təkliflə çıxış etdi ki, Avropa Məhkəməsinin insan haqları ilə bağlı Azərbaycan dövlətinə qarşı tətbiq etdiyi cərimə cəzaları bu məsələdə adı keçən savadsız hakimlər tərəfindən ödənilsin. Sizcə Azərbaycana qarşı tətbiq edilən məlum cərimələr hakimlərin savadsızlığının, yoxsa hakimiyyətin sifarişlərinin məhsuludur?
- Öncə onu deyim ki, bu cür fikirlər Siyavuş Novruzovun məlum açıqlamasından öncə də səsləndirilib. Vaxtiylə hüquq müdafiəçiləri özləri də bu cür fikirlər irəli sürüblər. Lakin mən baş verənləri hakimlərin savadsızlığı ilə əlaqələndirmək niyyətində deyiləm. Azərbaycanda müstəqil məhkəmə hakimiyyəti istənilən səviyyədə olmadığına görə, belə hökmlər var. Məhz buna görə də Azərbaycan Avropa Məhkəməsi tərəfindən cərimələrə məruz qalır. Lakin eyni problem başqa ölkələrdə də mövcuddur. Avropa Məhkəməsinə yalnız Azərbaycandan şikayət ünvanlanmır.
- O zaman nə üçün bu məsələdə Azərbaycanın adı daha çox hallanır?
- Bizdə daha çox siyasi sifariş olduğuna görə bu, özünü daha çox hiss etdirir. Lakin sonra həmin sifarişləri yerinə yetirən hakimlərin özləri də tutduqları vəzifədən azad olunurlar. Vaxtiylə istər jurnalistlərə, istərsə də siyasi şərhçilərə hökm çıxardan hakimlərin çoxu hazırda hakim mundirindən məhrum ediliblər. Bir sözlə, mən baş verənləri əsla hakim savadsızlığı ilə əlaqələndirmirəm. Azərbaycanda istənilən qədər hüquqi savada malik hakimlər var. Sadəcə olaraq bu şəxslər hakim kürsüsündə otursa da, kifayət qədər müstəqillik nümayiş etdirə bilmir. Bu cür hallar bəzi dövlətlərdə də müşahidə edilir. Çar Rusiyasında da buna bənzər olaylar olub. Lakin orada son nəticədə məhkəmənin müstəqilliyi özünü göstərib. Bir dəfə çar Rusiyası dönəmində ədliyyə naziri bir işlə bağlı həm prokuror, həm də hakimə bildirib ki, bu, mübahisəli bir işdir və bu məsələdə hökumətə kömək eləmək lazımdır. Lakin hakim bildirir ki, ədliyyə hökumətə kömək eləmir, qanuna, qanunun şahlığına kömək edir. Bu iş tarixdə hakimin, məhkəmənmin müstəqilliyinin nümunəsi kimi qaldı.
- Sizcə məhkəmələrin müstəqil fəaliyyətini təmin etmək üçün hansı addımlar atılmalıdır?
- Müstəqil məhkəmənin mövcudluğu üçün hakimlərə müstəqillik verilməlidir. Baxın görün, Azərbaycanda çıxarılan bəraət hökmlərinin faizi nə qədərdir. Doğrudanmı prokurorluq və polis orqanları bu qədər səhih işləyirlər? Onda nə üçün eyni səhihlik məhkəmə sistemində yoxdur? Onda belə çıxır ki, polis, MTN, prokurorluq orqanlarının istintaqında çalışan hüquqşünaslar məhkəmnə sistemində işləyən hüquqşünaslardan qat-qat güclüdürlər? Əslində isə heç də belə deyil. Sadəcə olaraq, məhkəmələr sovet dönəmində olduğu kimi cinayətkarlığa qarşı mübarizə aparan orqana çevrilib. Dünyanın heç bir yerində məhkəmə cinayətkarlığa qarşı mübarizə aparmır. Müttəhimin kimliyindən asılı olmayaraq hakimi yalnız bir şey maraqlandırır. Istintaq orqanının təqdim etdiyi sübutlar kifayət edirmi ki, həmin şəxs mühakimə edilsin? Əgər sübutlar buna imkan vermirsə, o zaman həmin şəxsə bəraət verilir və bildirilir ki, bu bəraətə səbəb sübutların yetərsizliyidir. Yox əgər həmin şəxsin əməlində ümumiyyətlə cinayət yoxdursa, o zaman bəraəti bu şəkildə verir ki, şəxsin əməlində cinayət tərkibi yoxdur. Bəraətin özünün də növləri mövcuddur. Məhkəmələrin bu şəkildə -azad, müstəqil fəaliyyəti polis, MTN və prokurorluq orqanlarının istintaqlarının da daha yaxşı işləməsinə sitimul verə bilər. Azərbaycanda isə əksinədir. Zəif məhkəmə obrazı yaradırlar. Məsələn, əgər bir hakim hansısa məsələ ilə bağlı kiməsə bəraət verirsə, həmin dəqiqə məsələyə belə yanaşırlar ki, kiməsə bəraət vermisənsə, deməli bu işdə sənin hansısa marağın olub. Bu yaxınlarda Gəncə Ağır Cinayətlər Məhkəməsində narkotiklə əlaqədar bəraət işi verilmişdi. Apellyasiya və Ali Məhkəmə həmin hökmü qüvvədə saxladı. Mən bir hüquqşünas kimi həmin məlumatı oxuyanda sevinc və təəccüb hissi keçirirdim. Düşünürdüm ki, doğrudanmı bəraət məsələsində heç deyilsə bir dənə də olsun fakt göstərmək mümkündür?
- Ola bilərmi ki, təqsirləndirilən şəxslərin cinayəti sübut edildiyi üçün onlara bəraət verilmir?
- Mən cəsarətlə deyə bilərəm ki, silah və narkotiklə bağlı işlərin 70%-i polis tərəfindən vətəndaşların üzərinə atılır. Polisin üslubu budur. Lakin cəzalanmalar yoxdur. Tək-tək hallarda məhkəmələr özündə cəsarət taparaq bəraət verir. Məhkəmə bəraəti verirsə, görək həmin şəxsə qarşı ittiham irəli sürən, ittiham aktı tərtib edən prokuror, istintaqı aparan müstəntiq, narkotik atan polislə bağlı hansı addımlar atılır? Xüsusi qərardat çıxardırlar. Və bu qərardat hansısa bir şkafın siyirməsinə atılır və məsələ bununla da qurtarıb gedir. Əgər polis cinayətkarlığa qarşı mübarizəni silah, narkotik atmaqla aparırsa, bu, mübarizə deyil, bu imitasiyadır. Mən demirəm ki, Azərbaycanda vətəndaşların heç biri narkotikdən istifadə etmir və ya qanunsuz silah gəzdirmir. Xeyr. Bu qəbildən olan istənilən qədər vətəndaş var. Bu şəxslərə qarşı mübarizə aparmaq lazımdır. Yoxsa siyasi rəqiblərə, müstəqil fikirli insanlara, müxalif şəxslərə qarşı narkotik və silahdan istifadə eləmək cinayətkarlığa qarşı mübarizə sayıla bilməz. Bu siyasi mübarizənin ən eybəcər elementlərindən biridir. Təbii ki, bu cür hallar Avropaya çıxanda məlum formada qarşılanır.
- Bu baxımdan digər ölkələrdə vəziyyət necədir?
- Mən demirəm ki, bu xətlər yalnız bizdədir. Hər yerdə bu cür xətlər var. Polis özbaşınalığı da, digər şeylər də var. Avropa Məhkəməsi bugünlərdə bizim həmkarımız İntiqam Əliyevin şikayəti əsasında Türkiyənin DİN-ni cərimələdi. Hansı ki, türk polisi onunla rəfdarda qanunu pozmuşdu. Bu da bir reallıqdır. Lakin məsələ bundadır ki, bizdə imitasiya daha çox rol oynayır. Tənqidi fikirlər söyləyəndə bildirirlər ki, Ə.Kərimov polisin düşmənidir. Onun polisi görməyə gözü yoxdur və s. Niyə? Mən bu ölkədə yaşamıram? Mən istəmərəm ki, hər şey qaydasında olsun? Lakin eybəcərlikləri görəndə, müəyyən xətlərə şahid olanda istər-istəməz buna etiraz etməli olursan. Şübhəsiz, polisdə də, prokurorluqda da, məhkəmə sistemində də bacarıqlı müstəntiqlərimiz, prokurorlarımız var. Demək olmaz ki, bütün polis və ya bütün prokurorluq belədir. Lakin bu cür neqativ hallar da mövcuddur.
- Demək belə çıxır ki, mövcud şərtlər daxilində cinayətkarlığa qarşı gerçək mübarizəyə ümid bəsləmək əbəsdir?
- Məhkəmə cinayətkarlıqla mübarizə orqanına çevrilirsə, deməli heç bir həqiqi mübarizədən söhbət gedə bilməz. Məhkəmə cinayətkarlığa qarşı mübarizə orqanı deyil, olmayıb və olmayacaqdır. Məhkəməni maraqlandırmır ki, bu ölüm işi açılacaq, yoxsa yox. Məhkəməni maraqlandırır ki, adı ölüm işində keçən adam həmin cinayəti törədib, yoxsa törətməyib. Əgər həmin şəxsin bu cinayəti törətməsinə ciddi şübhələr varsa, məhkəmə həmin şəxsi azad etməlidir. Belə bir hüquqi aforizm var: təqsiri sübut edilməyən bir günahsızın həbsindənsə, yüz günahkarın azad edilməsi daha məqbuldur. Və ya belə bir deyim də var: yüz dovşan hələ bir fil deyil. Bu baxımdan yüz şübhə də bir sübut sayıla bilməz.
Seymur Əliyev




































































































