Bir il öncə İranda 32 günlük məhbəs həyatı yaşamış AMEA Nizami adına Ədəbiyyat İnstitutunun əməkdaşı Xalidə Xalid Moderator.az-ın suallarını cavablandırıb, onunla söhbətimizi oxuculara təqdim edirik:
-Xalidə xanım, İranda həbs
olundunuz. Bu həbsə Sizin araşdırmaq üçün guya İran səfirliyindən iczə
almamağınız kimi don geyindirildi.
-Bilirsiniz, mənim həbsim zamanı çox distansiyalarda iznsiz getməyim gündəmə gəldi.Əlbəttə ki, bunlar hamısı absurd idi. Mən ölkə daxilində belə, rayonlara gedəndə icazə alıb gedirdim. Mümkün deyildi ki, mən İrana iznsiz gedəydim. Digər tərəfdən isə Azərbaycandan xeyli alim İrana araşdırma üçün gedəndə hər dəfəsində məgər İran səfirliyindən icazəmi alırlar ? İcazəni çalışdıqları müəssisələr verir. Düzünü desəm, İranın məni nəyə görə həbs etməsi hələ də qaranlıq qalıb. Çox suallarım cavabsız qalıb. Əlbəttə, gələndən sonra bəzi məqamlar aşkar olundu. Ziyalı bir qadını 32 gün həbsdə saxlamaq özünü islam dövləti adlandıran bir ölkə üçün çox utandırıcı bir haldır. Ola bilər Şəhriyarı türk ədədbiyyatında axtarmağım, mənim onun türkə mənsubluğu haqqında yazdığım məqalələr də İranı narahat edirdi. Bilmirəm, suallar çoxdur, cavabsız suallarım daha çoxdur. Ancaq əminəm ki, mənim heç bir günahım yox idi, günahsız yerə də orda qaldım, o əziyyətləri çəkdim və buna görə də peşman deyiləm. Ona görə peşman deyiləm ki, mən Şəhriyarın yolunda bu əziyyətləri çəkdim, dövlətimin yolunda mən sınmadım, xalqıma, vətənimə görə hər ağrıya, acıya tab gətirdim.
-Saytlarda xəbər yayıldı ki, İran Azərbaycanda həbsdə olan Ərdəbil
əyalətinin işçisi Mikayıl Kazımini azad etmək üçün sizi girov götürüb...
-Bəli, belə söhbətlər də var
idi. Amma mən orda bunlardan xəbərsiz idim, mənim orda nə vəkilim var idi, nə
də Azərbaycan konsulluğunun nümayəndələri ilə görüşməyə icazə verirdilər. Mən
ətraf aləmdən tamamilə təcrid olunmuşdum. Buna görə də Vətənə qayıtdıqdan sonra mənim çox şeylərdən xəbərim oldu. Bəlkə də, məni dəyişmək üçün orada saxlamışdılar.
Ancaq mən hər zaman Prezidentimizə arxayın olmuşam, əmin idim ki, o məni tək
qoymayacaq, məni oradan xilas edəcək. Bu hadisədən sonra mən İlham müəllimə əzim qardaşım, dəyərli Prezidentim
deyə müraciət edirəm. Mən ondan razılıq edəndə bəzi insanlar buna sərt reaksiya
verir, borcudur, etməlidir deyir. Ancaq elə məqamlar olardı ki, mənim azad
olunmağım illər çəkə bilərdi, bir az diqqətdən kənar qala bilərdim.Ancaq mən
əmin idim ki,bir il də , iki il də olsa mənim rəhbərim məni burdan azad edəcək.
Dövlətimə, ölkə rəhbərimə, xalqıma olan inanım məni qırmadı. Müsahibələrimin birində
mənə sual verdilər ki, dövlət, Şəhriya və övladlarınız. Bunlardan hansı sizin
ayaqda qalmağınıza daha böyük güc verdi, mən ilk olaraq dövlətim-dedim.
Övladlarım və Şəhriyar mənim üçün sonra gəldi. Bu sadaladığım üç sevgi olmasaydı
əmin ola bilərsiniz ki, Xalidə Xalid ordan sağ dönməyəcəkdi. Bu o demək deyil
ki, onlar orda məni edam edəcəkdilər. Sadəcə,
mən orda hər gün eyni suallardan, eyni təqsirləndirmələrdən , demək olar ki,
intihar həddinə çatmışdım. Və intihar yolunu da demək olar ki, seçmişdim. Bilirsiniz ki, şalvarımın düyməsini dişimlə
sökmüşdüm, ve saç sancağımı həmin yerə keçirtmişdim. Mən hər gün kamerada beton
döşəmənin üstündə onu yonurdum. Hər gün məni axşama kimi ETAALAT ”“ da
saxlayırdilar, sonra isə qadın təcridxanasına aparırdılar. Demək olar ki, mən
hər gün bu sancağı gizli şəkildə ora keçirdirdim. Bilirsiniz, ən çox da niyə
intihara hazir idim? Düşünürdüm ki, birdən mənə qarşı nəsə artıq-əskik hərəkət
etməyə qalxarlar, və yaxud dövlət əleyhinə nəyəsə imza etdirməyə çalışarlar, bax
o zaman mən ölməli idim. Bu 32 gün ərzində mən özümü sevməyə başladım. Bu
yaşıma qədər heç vaxt özümü sevməmişdim. Öz gücümə bu qədər inanmamışdım.
-Özünüzü zəif saydığınız üçün sevmirdiniz?
-Xeyr, ümumiyyətlə mən heç vaxt
özümü zəif saymamışam. Zəiflik mənim üçün absurddur. Müsahibələrimdə də qeyd
etmişəm ki, mən dincəlməyi sevmirəm. Elə bilirəm ki, dincəlsəm nəyi isə itirəcəm,
vaxtım hədər gedəcək. Kənardan elə görsənə bilər ki, mən dincəlirəm. Çünki öz
problemlərimdən dolayı elmi ve bədii yaradıcılığımdan bir az uzaqlaşmışam. Heç vaxt problemlərim
barədə, ehtiyaclarım haqqında heç kimin yanında danışmamışam, loru dildə desək
heç kimə ağız açmamışam. Ancaq indi sizin vasitənizlə mən cənab Prezidentimizə
öz müraciətimi edirəm. Xalidə Xalidin də öz problemləri, qayğısı var. Mənim də
əlacı olan dərdlərim var, amma mən heç vaxt bunu açıb ağartmıram. Bu
problemlərdən çıxmaq üçün mən iki övladımla birlikdə çabalayıram. Əfsuslar
olsun ki, mən bu problemləri çözmək üçün çox acizəm.Bu problemlərin
çözülməsində mənə mütləq dövlətin yardımı lazımdır. O dövlətin ki, necə mənə sahib
çıxdı, necə mənə arxa durdu. O Prezident ki, mənə dayaq oldu, mənimlə fəxr
etdi. Çünki mən onun etimadına layiq bir vətəndaş olaraq ordan çıxdım.
Xəyanətkar, nankor vətəndaş olaraq deyil.Mən qanımla, canımla Yeni Azərbaycan Partiyasına
bağlı olan bir insanam. Ümumiyyətlə, heç bir zaman heç kimə yaltaqlanmamışam
və bunu heç bacarmıram da.
Lənkəran Dövlət Universitetində
çalışarkən ( orda həm müəllim kimi dərs deyirdim, həm də Unveristetin Mətbuat
və İnformasiya xidmətinin rəhbəri vəzifəsində çalışırdım) mən YAP -a üzv olmaq
üçün müraciət etdim. O zaman mərhum Dilruba Camalova YAP-ın Lənkəran rayon
təşkilatinin sədri idi. O mənə dedi ki,
qızım, bir az düşün, çox partiyalar var, sənə təkliflər gələ bilər. Burda müəyyəın
çətinliklər ola bilər, sən də geri çəkilmək istərsən. Cavab verdim ki, müəllimə,
siz kimin kadrısınız? Cavab verdi ki, mən Heydər Əliyevin kadrıyam. Mən isə cavabımda-Mən də sizin kadrınızam,-
dedim. Əgər mən sizin kadrınzamsa , demək möhtərəm Öndərimizin də siyasi kursu
mənim üçün önəmli bir kurs olacaq və mən
heç vaxt nə dövlətimdən , nə partiyamdan heç bir çətinlik qarşısında vaz
keçmərəm.
18 ildir ki, mən tək ana
olaraq iki övlad böyüdürəm. Heç kim deyə
bilməz ki, istər dövlət məmuru, istərsə də iş adamı Xalidə Xalid bizə nə üçünsə
müraciət edib. Qızım beynəlxalq əlaqələr fakultəsini bititrib, beş dil bilir,
gözəl qələmi var, amma bu gün işsizdir.
Nəyə görə bu gün mənim bir ana olaraq onun təhsili
davam etdirməyinə imkanım olmasın? Bəli, Xalidə xanımın problemləri var, onu da qeyd edim ki,bu
problemlərimin bu həddə çatması son bir
ilə təsadüf edir. Və mən susurdum. Amma, necə deyərlər-həvəsdi, bəsdi. Elə şeylər
də var ki, mən bunları açmaq istəmirəm. O şeyləri yalnız o insanlara deməliyəm
ki, dövlətə rəhbərlik edirlər. İnanıram ki, mənim əziz qardaşım dediyim dəyərli
prezidentim və yaxud Azərbaycanın
birinci xanımı Mehriban xanım Əliyeva mənim səsimi eşidib, onlara deyilməsi
vacib olan sözlərimi dinləmək üçün mənə zaman ayıracaqlar. Çünki bunu istəməyə mənim haqqım var.
-Belə xəbər yayıldı ki, Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam
Allahşükür Paşazadənin İrana səfərindən sonra azad edildiniz...
-Bəli, belə xəbərlər yazıldı.
Amma bu belə deyil. Mən həbs olunandan səhv etmirəmsə iyirmi gün sonra A. Paşazadə İrana səfər etdi.
Danışıqlar aparıldı. İran söz verdi ki, məni azad edəcək. Amma əməl etmədilər.Ölkə
rəhbərimizin təkidli bəyanatından sonra
məni azad etdilər. Təbii, Şeyx həzrətlərinin də zəhmət var. İnkar etmirəm. Mən
ordan qayıtdıqdan sonra ölkə rəhbərimizə, eləcə də bu işdə əziyyəti olan bütün
qurumların rəhbərlərinə təşəkkür məktubları yolladım.Eləcə də Şeyx həzrətlərinə.
-Belə deyim var ki, dost dar gündə tanınar. Dar gününüzdə dotlarınızı
tanıdınızmı?
-Azad olunub vətənə qayıtdıqdan
sonra uşaqlarıma kim dəstək olub, onları kim tək qoyub hamısını bildim. Bundan
sonra çox insanlar ələkdən keçdi. “Ələkdə” indi cəmi üç və ya dörd nəfər qalıb.
-Kimlər yanınızda, kimlər geri qaldı?
-Məni mən olduğuma görən sevən
insanlar yanımdadr. Zamanında olan imkanlarıma, kürsümə görə yanımda olan
insanlar isə geridə qaldılar. Hətta bu hadisədən sonra cənab prezidentin
nəzərində olduğumu bilən və məndən istifadə etmək məqsədi ilə yanımda olan insanlar
indi mənimlə deyillər. Çünki onlar gördülər ki, Xalidə Xalid düşdüyü durumdan,
nə də ki başına gələn müsibətlərdən sui- istifadə edən insan deyil.
-Müsahibələrinizin birində fəaliyyət göstərdiyiniz institutdan haqsızlıq
gördüyünüzü demisiniz.
-Çox şey, mən olmayan müddətdə
övladlarıma qayğı və diqqət görmədim. Tək ”“ tük insanlar, bəzi qadınları çıxmaq
şərti ilə mənim övladlarımı belə bir gündə tək qoydular. Nə institut rəhbəri,
nə də illərlə bir süfrədə çörək kəsdiyim insanlar mənim balalarıma dəstək
olmadılar. Çox incimişəm bu institutdan, onlar hamı məni yaxşı tanıyırdılar, bilirdilər
ki, Xalidə Xalid ölər, amma, nə dövlətinə, nə xalqına, nə çevrəsinə xəyanət
etməz. Sadəcə burada itirdiyim illərimə heyfim gəlir. Amma mən rəhbər olsaydım,
mənim əməkdaşımın başına bu iş gəlsəydi,
hətta həbs olunmaq təhlukəsi qarşısında qalmalı olsaydım belə, ona sahib
çıxardım. O ki, ola qadın olaydı, ana olaydı.Mənə başqa bir dövlət casus
damğası vururdu, bunlar məndən imtina edirdilər, xəbərimiz yoxdur deyirdilərlər.
Görün nə qədər siyasi savad yoxdur ki, məni casus kimi həbs edərlərsə
demək mən dövlətim üçün casusluq etmişəm
də. Onlar həmin anda mənə sahib çıxmalı idilər, qucaq açmalı idilər. icazəsiz
getsəm belə onlar məni müdafiə etməli idilər. Allah razı olsun, heç kimdən
küsmürəm, incimirəm. Əksinə, hər kəs kim olduğunu sübut etdi. Mən ömrümün
32gününü yox, 32 ilini itirdimsə, onlar
etibarlarını itirdilər. Məlum, bu müsahibədən sonra mənə qarşı kinləri daha da
artacaq. Yenə deyirəm, nə düşünsələr də hər şey üçün yenə Allah razı olsun.
Onlar çox imkanlara sahibdirlər, əllərində hər cür imkan var. Mənimsə
güvəndiyim tək Uca Rəbbim, dəyərli Prezidentim və iki övladımdan başqa kimsəm
yoxdu. Təbii, var qohum-əqraba, dost-tanış. Amma, hamı sağ olsun özü üçün. Mənim
yuxarıda saydığım üçlükdən başqa kimsəm yoxdu...
-Məhəmməd Hüseyn Şəhriyarın həyat və yaradıcılığın araşdırırsınız.
-Bu gün elmi katibimiz Bədirxan müəllimlə
də bu sahədə söhbətimiz oldu. O da israr edir ki, mən artıq bu araşdırmanı
yekunlaşdırım, müdafiə edim. Bilirsiniz, elmi iş yazmaq çox asandır, baxır kim
üçün. Sadəcə elmi iş xatirinə elmi iş yazırsansa bunu yazmaq problem deyil.
Amma sən bu araşdırmaya illərini vermisənsə, qanını, canını bu yolda
qoymusansa, deməli, ortaya bunlara layiq bir şey qoymalısan. Mənim əlimdə də
çox gözəl mənbələr, materiallar var. Mən bu illər sponsor axtarıb kitab nəşr
etdirmək fikrində olsaydım, indi bəlkə də Şəhriyar haqqında 10 cild kitabım
olardı. Amma əfsuslar olsun ki, mənim maddi durumum buna yol vermir, sponsor
axtarmaq isə mənlik deyil. Artıq bu gündən Bədirxan müəllimə də, sizə də söz
verirəm ki, bütün problemləri kənara qoyub müdafiə işimi yekulaşdıracam. Bir
daha qeyd edirəm ki, mənim problemlərimin çözülməsi birbaşa ölkə rəhbərimdən
asılıdır. Inanıram ki, yaxın günlərdə onlar mənim problemlərimlə ilgilənəcəklər.
Mən sanballı işlər ortaya qoymağı planlaşdırıram. Buna gücüm də, savadım yetər.Çox gözəl
layihələrim var. Bəzən çox bədbinləşirəm, hərdən mənə elə gəlir ki, mənim
ideyalarım, arzularım mənimlə birgə məzara gedəcək. Çünki onları
gerçəkləşdirmək imkanım yoxdur. Amma söz verirəm ki, təbii, maneələr olmazsa, 2015
”“ ci ildə mən elmlər namizədi diplomumu
almalıyam.
-Bir araşdırmaçı kimi Şəhriyarı türk ədəbiyyatında görürsünüz, ya fars
ədəbiyyatında?
-Şəhriyar Güney Azərbaycanda
yaşayan türk kökənli şairdir. Şəhriyarın fars dilində çox gözəl əsərləri var.
Mənbələrin məlumatına görə onun cəmi 92 və ya 96 türkdilli əsəri var. Amma Şəhriyar bir tək
“Heydər babaya salam” əsəri ilə dünyaya tanındı. Onun türkcə, farsca olan
“Divan”ları çox sanballı bir əsər olaraq tarixdə qalıb. Mən bugün Şəhriyarı
Türk ədəbiyyatında axtarıramsa, bu haqda məqalələr yazıramsa fars bunu qəbul
etməlidi. Şəhriyar türk doğulub, türk olaraq da dünyasını dəyişib. Mən
Özbəkistanda olanda oradakı alimlər də mənə bu haqda suallar verirdilər ki,
Xalidə xanım, biz axı Şəhriyarı İran şairi kimi təqdim olunan şairlər
siyahısında görürük. Onlar belə deyirlər, amma biz onların sözünə görə
Şəhriyardan əl çəkəsi deyilik ki.
-Şəhriyarın yaradıcılığını bütün dərinliklərinə kimi aça bilmisinizmi? Yoxsa hələ çox vərəqlənməmiş səhifələr qalıb?
-Şəhriyarın yaradıcılığına tam
bələd olmaq üçün fars dilini mükəmməl şəkildə bilmək lazımdır. Bu dili bilmədən
onun haqqında sanballı bir araşdırma ortaya çıxarmaq qeyri ”“ mümkündür.
Şəhriyar kəşf olunmamış bir adadır. Özümü bu sahədə xoşbəxt sayıram ona görə
ki, onu türk ədəbiyyatında istədiyim kimi araşdırıb ortaya çıxarmağa çalışıram.
Amma çox istəyərdim fars dilini mükəmməl bilim. Bu dili bilməməyim mənə
araşdırmada çox mane olur. Far dilini bilsəydim Şəhriyarın "Heydər babaya salam" mənzuməsinə türk xalqları poeziyası adı altında başqa aspektdən də yanaşardım.
Farsdilli şairlərin Şəhriyarın bu əsərinə hansı gözlə baxmalarını çox bilmək
istərdim. Ola bilməz ki,onların arasında bir nəfər də olsa onun bu əsərinə bizim
istədiyimiz rəyi yazmasın, onu türk
şairi kimi qəbul etməsin.
-Fars dilini bilən tərcüməçilərə müraciət etməyi düşünməmisiniz?
-Düşünmüşəm, amma nəzərə alsaq
ki, mən 200 manat maaş alıram, bu pulla tərcüməçi ilə işləmək qeyri ”“
mümkündür. Mən çox əsərləri tərcümə elətdirmişəm. Ancaq hamısını tərcümə
etdirməyə mənim imkanım çatmır.
-AYB-nin qurultayı oldu. Anar bəy yenə sədr seçildi. Sizin
fikrinizcə Azərbaycan ədəbiyyatının inkişafında, onun dünyaya tanınmasında bu
qədər zaman ərzində sədr olmuş bir insanın hansı xidmətləri ola bilər?
-Bilirsiniz , mən bunu düzgün
saymıram. Hər bir kürsüdə qədərində oturmaq yaxşıdır. Mən AYB nin üzvü deyiləm,
heç olmaq da istəməmişəm. Çünki Yazıçılar Birliyində nələrin olduğunu, nələrin
hansı yollarla baş verdiyini çox yaxşı bilirəm. Oranın üzvü olan bəzi
“yazar”lara Allahdan hidayət istəyirəm.
-Bəzi yazarlar Yazıçılar Birliyini lazımsız təşkilat sayır. Bu fikirlə
razısınızmı?
-Bugünki, zəmanə ilə müqayisə
etsək, gərəksiz bir təşkilat deməzdim. Məsələn, qardaş Türkiyədə də yazarların
təmsil olunduqları müxtəlif qurumlar var. Amma onlar bizim birlik kimi
işləmirlər. Bizdə elə bil ki, möhür vurulub. Məsələn bu il mən prezident
təqaüdünə layiq görülmüşəmsə iilər boyu bunu mən almalıyam. Ev verilir,
kirayədə yaşayanlar qalır kənarda, beş evi olanlar siyahıya salınır.
Məsələn elə mən özüm, bu günə
kimi kimsə kirayədə qaldığımı bilmir. Çünki özümə sığışdırmamışam deyəm ki, otuz
ilin rəfiqəsinin hesabına sahib olduğum evim, imkanlarım əlimdən çıxıb və mən
bu gün iki usaqla kirayə qalıram. Çünki mən həmişə başqalarına, mənə ehtiyacı olanlara yardim etməkdən qaçmamısam. İnsanlıq mənim üçün önəmli olub.
İnanmışam, sevmişəm insanları. Bu da mənə baha başa gəlib. 2000-ci ildən
Jurnalistlər Birlyinin üzvüyəm, amma hec avxt bu qurumun adından sui -istifadə
edib, kimsədən nəsə ummamışam.
Yazıçılar Birliyinin sədri Anar müəllim olsun, lap yaxşı, amma bu birliyi ədalətli idarə etsin. Orada elə şairlər var ki, qələmlərindən qızıl damır. Amma bugün onları yaşadıqları evə gedək, baxaq görək onlar hansı şəraitdə yaşayır. Məgər bu dövlətdə hərşeyi president idarə etməlidir? O zaman bu dövlət məmurları nəyə gərəkdir?
Onda elə prezident məmur
vəzifələrin ləğv etsin, onlara ayrılan məvacibləri də öz maaşına əlavə
etsin və hər işi də özü görsün. Qazansınlar, halal xoşları olsun. Beş dəfə özlərini
düşünəndə nə olar bir dəfə də ehtiyacı olanları düşünsünlər.. Kasıbın,
imkansız qələm əhlinin qanını sormadan əldə etdikləri pula halallıqla sahib
olsunlar.
Lalə Novruzova

































































































