“Azərbaycanda istənilən iqtidar Rusiya ilə işləməlidir”

Hazırda oxunan: “Azərbaycanda istənilən iqtidar Rusiya ilə işləməlidir”

47895

Azərbaycanın Rusiyanın silah bazarı və hərbi-sənaye kompleksinə göstərdiyi maraq sürətlə artmaqdadır. Yaxın həftələrdə ölkəmizin Rusiyadan yüzə qədər tank alması, habelə bu ölkəyə məxsus döyüş vertalyotları ilə maraqlanması ölkəmizin rus silahının əsas alıcılarından birinə çevrildiyini göstərir. Lakin bəzi siyasilər hesab edir ki, Azərbaycanın Qarabağın işğalında aşkar rol oynayan, bu gün də həmin torpaqların erməni işğalı altında saxlanmasında ciddi xidmətləri olan bir ölkənin hərbi-sənaye kompleksinə bunca diqqət yetirməsi düzgün deyil. Ekspertlərin qənaətincə, bu gün bütün sahələrdə olduğu kimi silah bazarında da ciddi rəqabət mövcuddur ki, ölkəmizin bu rəqabətdən səmərəli surətdə faydalanması və texniki xüsusiyyətlərtinə görə rus texnikasından daha üstün olan silah-sursata yiyələnməsi mümkündür.

Moderator.az olaraq millət vəkili Zahid Orucla söhbətimizdə bu barədə səslənən bəzi fikirlərə aydınlıq gətirməklə yanaşı, digər məqamlarla bağlı da müsahibimizin fikirlərini öyrənməyə çalışdıq.  

 

- Zahid bəy, bugünlərdə Azərbaycanın Rusiyadan aldığı 100 ədəd tankın son nümunələrinin də ölkəmizə gətirilməsi başa çatdı. Lakin Azərbaycan mediasında bu məsələ sadəcə silah ticarəti kimi deyil, həm də Rusiyanın nüfuz üstünlüyü kimi şərh olundu. Medianın silah ticarəti ilə bağlı sərgilədiyi mövqe sizi qane etdimi?

 

- Öncə onu deyim ki, bu informasiyanın ölkə mediasındakı təqdimatına çox üzüldüm. Sanki sinxron olaraq kimlərinsə əlinə işləyən bir stildə məlumatlar dövriyyəyə buraxılmağa başladı. Xatırlayırsınızsa, bu faktları ictimaiyyiləşdirmək üçün Azərbaycanın media orqanları “rus tankları Azərbacana daxil oldu” və buna bənzər şəkildə manşetlər seçmişdi. Bu, təəssüf və təəccüb doğurur. Axı həmin tanklar Azərbaycan tərəfindən ölkənin müdafiə və təhlükəsizliyini qorumaq məqsədi ilə pul vasitəsi ilə alınıb. Əgər Rusiyanən tankları başqa məqsədlə Azərbaycan ərazisinə daxil olsa, media bunu hansı adla təqdim edəcək? Bu, səriştəsizlik, eyni zamanda qüsur və siyasi səhvdir.

 

- Bəzi siyasilər hesab edir ki, Azərbaycanın tarixi düşməni olan Rusiyanın silah bazarına rəsmi Bakının bunca maraq göstərməsi düzgün deyil. Bəs sizcə necə, tarixi keçmişimiz və bugünün reallıqları baxımından Rusiya ilə silah ticarəti normaldırmı?

 

- Rusiyaya 200 illik tarixi dövr ərzində baş verən müharibələr, Azərbaycan əleyhinə siyasət və s. konteksdə yanaşılmamalıdır. Biz nəzərə almalıyıq ki, Rusiya dünya miqyasıda böyük bir silah istehsalçısıdır. Rusiya ildə 30-32 il milyard dollar məbləğində silah ticarətindən pul qazanır. Rusiyanın hərbi partnyorları arasında Çin, Hidnistan və s. kimi nəhəng dövlətlərlə yanaşı, ABŞ-ın ayrı-ayrı kompaniyaları, Fransa, Yaponiya və digər nəhənglər var. Belə olan təqdirdə Azərbaycan mövcud vəziyyəti Rusiyanın ölkəmizin keçmiş həyatında hansı mənfi rol oynadığı konteksdən dəyərləndirməməlidir.

 

- Sizcə Rusiya ilə belə bir əməkdaşlıq zəruridirmi? Ümumiyyətlə, Rusiya ilə normal münasibətləri qoruyub saxlamaq Azərbaycan üçün şərt hesab oluna bilərmi?

 

- Rusiya böyük qonşudur və Azərbaycanın istənilən iqtidarı bu dövlətlə işləməlidir. Bu gün Rusiya beynəlxalq münasibətlər sisteminin əsas tərəflərindən biridir. Son aylar ərzində Rusiya dünyaya belə bir mesaj verməkdədir ki, belə arxitektura və dünyanın belə bölgüsü onları qane etmir. Belə olan təqdirdə Azərbaycanın Rusiyadan silah alması bu ölkənin gücünü məxsusi olaraq nə artırmır, nə də azltmır. Çünki bu silahların onsuz da alıcısı mövcuddur.

 

- Rusiya ilə münasibətlərin inkişafı Azərbaycana nə vəd edir? Azərbaycanın bu münasibətlərdən konkret qazancı nədir?

 

- Azərbaycan Rusiya ilə münasibətləri yaxşılaşdırmaqla bu ölkənin bütün resurs və arsenalının ölkəmiz əleyhinə yönəlməsinin qarşısını alır. Əgər siz erməni mediasına analitik nəzərlə baxsanız, bu günlər ərzində onların Rusiya əleyhinə çox kəskin bəyanatlar səsləndirdiyini görəcəksiniz. Onlar tamamilə satın alındıqları bir ölkə tərəfindən indi də bazarlaşma predmetində olduqlarından bəhs edirlər və Kremli qınayır, Rusiyanın siyasi elitasına yönəlik ittihamlar səsləndirirlər. Bunun nəyi pisdir ki? Biz Ermənistanı for-post adlandırmaqla bundan nə qədər çox fayda görmüşüksə, eyni zamanda bir o qədər də ziyan görmüşük. Axı bir diplomatiya və xarici siyasətin məqsədi, düşməni tərk-silah edib onu meydan tək qoymaqdan ibarətdir. Biz istəyərik k, Ermənistan Rusiyanın əlindən çıxsın. Hərbi-siyasi meydanda bizimlə Rusiyasız qalsın. Öz himayədarları və partnyorlarından uzaq düşsün.

 

- Doğrudan da, düşünürsünüz ki, Azərbaycan Rusiyanı Ermənistandan ayırmağa nail ola biləcək?

 

- Bəli, bütün bunlar qeyri-real və ağlasızmaz görünən fikirlərdir. Amma siyasət və diplomatiyanın buna çalışmaması da qüsur olardı. Azərbaycanın hərbi əməkdaşlığı Rusiya ilə məhdudlaşmır. Bu əməkdaşlıq Polşa, Rumıniya, Pakistan, Türkiyə və s. ölkələri əhatə edən əməkdaşlıqdır. Lakin bunu da unutmaq olmaz ki, Azərbaycanın Rusiyadan aldığı silahlar öz texniki parametr və göstəricilərinə görə də kifayət qədər qənaətbəxşdir. Rusiya dünyada ən müasir, ən modern silah və texnologiyanı yarada bilən bir ölkədir. Bu, etiraf olunmalıdır. Buna görə də hesab edirəm ki, Rusiya ilə silah ticarətindən əndişələnməyə dəyməz. Hesab edirəm ki, zamanı yetişəndə Azərbaycanın Rusiyadan aldığı tanklar Ermənistana qarşı ölkəmizin gücünü artıran mühüm amilə çevriləcəkdir.

 

Seymur Əliyev


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin