“Qərb zınqrovu pişiyin boğazına Rusiyanın asmasına çalışır”

Hazırda oxunan: “Qərb zınqrovu pişiyin boğazına Rusiyanın asmasına çalışır”

47323

Millət vəkili, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev Moderator.az-a geniş müsahibə verib. Onunla söhbətin birinci hissəsini təqdim edirik:

 -Qüdrət bəy, Qarabağın işğaldan azad olunması qarşılığında Rusiya hərbi bazalarının Azərbaycanda yerləşdirilməsi təklifinizin süngüylə qarşılanacağını gözləyirdinizmi?

-Mən siyasətçiyəm və 27 ildir, yəni tələbəlik illərindən siyasətdəyəm və bilirəm ki, bəzən bu tip açıqlamalar verəndə onun mahiyyəti geniş ictimaiyyətə olduğu kimi çatdırılmır. Tutaq ki, ilkin olaraq hansısa mətbu orqanda bu fikirlər verilir, bəziləri ona istinad edərək müəyyən fikirləri konteksdən çıxararaq özlərinə sərf edən şəkildə verirlər, bir çox insanlar da məhz birinci mənbədən deyil, sonda təqdim olunan fikirlərdən çıxış edərək mühakimə yürüdürlər. Nəticədə yanlış qənaət yanlış cavabların verilməsinə səbəb olur. Ona görə də sizin də dediyiniz kimi bu fikirlərin süngüylə qarşılanacağını əvvəlcədən gözləyirdim. Amma siyasətçi öz fikirlərini ictimai rəyin reaksiyası üzərində qurmamalıdır. Əgər siyasətçi cəmiyyətin aparıcı qüvvəsinin təmsilçisidirsə, məhz o özü cəmiyyətdə ictimai fikir formalaşdırmalıdır. Peşəkar siyasətçi dövlətin və xalqın maraqlarına xidmət edə biləcək təklif və ideyaları sadə vətəndaşlardan daha tez görməli və bunu ictimai fikirə təqdim etməlidir. Mən bu fikirləri səsləndirəndən sonra bir müddət kənara çəkilib müşahidələr apardım və gördüm ki, bunu yanlış olaraq mənim əleyhimə kampaniyaya çevirmək cəhdləri də var. Burada da iki məqsəd ola bilərdi. Birincisi, mənə hücum etməklə Rusiyanın Rüstəm İbrahimbəyov proyektində rol almış insanlar keçmişlərinin üzərinə pərdə çəkməklə məni Rusiyapərəst, özlərini isə  Qərbyönümlü, necə deyərlər, Roma papasından artıq katolik kimi göstərmək istəyirdilər. İkincisi də Qərbdən siyasi dəstək almaq niyyəti güdülürdü ki, baxın, biz Qərbin maraqlarının ifadəçisi statusunda çıxış edə bilərik, siz Rüstəm İbrahimbəyov məsələsin unudun, biz burada Azərbaycanın Rusiyaya yaxınlaşmasına qarşıyıq və Qərbin çağırışlarına cavab verə bilərik. Yəni bütün bunların çoxu sadəcə bəhanə idi və mənə qarşı “qara piar”ın üzərində bu kampaniyanı aparamaq istədilər. Amma dərindən düşünən adamlar, Qurban Məmmədov kimi vicdanını itirməyən siyasətçilər hətta siyasi məsələlərdə mənimlə fərqli fikirdə olsalar da haqlı olduğumu və fikirlərimin yalnız milli mənafeyə, ərazi bütövlüyünün bərpasına xidmət etdiyini görüb dəstək nümayiş etdirdilər. Tutaq ki, mən bir çox məsələlərdə Qurban bəyin radikal mövqeyini bölüşmürəm, hesab edirəm ki, Azərbaycandakı bir çox problemlər rəhmətlik Əbülfəz Elçibəyin söylədiyi kimi, zamanla öz həllini tapacaq. Bu da müəyyən mənada hər bir xalqın inkişaf indeksinə, taleyinə bağlıdır. Mənim düşüncəmə görə, hər bir fərdin bir fərqli taleyi olduğu kimi xalqların da yazılmış ilahi aqibəti var və bu bir çox hallarda da bu aqibət təkcə o millətin cəsarətindən, siyasi inkişaf səviyyəsindən asılı deyil, regionda və dünyada baş verən proseslərə bağlıdır.

-Yeri gəlmişkən, bir halda ki, söhbət Qurban bəydən düşdü, o Moderator.az-a müsahibəsində “könül istərdi ki, Qüdrət bəy də Milli Şurada olsun” demişdi...

-Sözün doğrusu, mən də çox istərdim ki, Qurban bəy Milli Şurada olmasın. Onsuz da o hal-hazırda heç bir siyasi partiyanın üzvü deyil və istərdim ki, o xalq hərəkatında müstəsna xidmətləri olan bir şəxs kimi müstəqil hüquqşünas olaraq öz sözünü desin. Qurban bəy bəzən öz xeyirli fikirlərini də elə sərt formada təqdim edir ki, çoxları bunu yanlış anlayır. Bəzənsə onun elə radikal çıxışları olur ki, hətta radikal müxalifət partiyasının lideri o kəlmələri dilinə gətirməyə ehtiyat edir. Halbuki iddiası və hikkəsi yerə-göyə sığmayan həmin partiya liderlərindən fərqli olaraq Qurban bəyin heç bir siyasi iddiası yoxdur. Əgər onun hansısa bir siyasi iddiası olsaydı, ən azından pariya sədri də olmasa hansısa partiyada nəinki sıravi üzvlükdə, rəhbərlikdə təmsil olunardı. Adətən siyasi iddiası olanlar o cür sərt mövqe ortaya qoyurlar. Yeri gəlmişkən, Allah qapısın açsın, hesab edirəm ki, Qurban bəy barəsində qərara yenidən baxılmalıdır. Vaxtilə Milli Məclisdə onunla bağlı müraciət də etmişdim və bu gün də hesab edirəm ki, Qurban bəy kimi insanlar həbsdə yatmamalıdır. O Azərbaycan üçün öz xidmətlərini davam etdirməlidir. Milli Şurada da olmamağımın səbəbini səmimi şəkildə deyim ki, həm orada radikallığın çox olması, həm Milli Şura ideyasının Rusiyadan gəlməsidir, yəni ilk gündən hamımız bilirdik ki, Rüstəm İbrahimbəyov xüsusi missiya ilə göndərilmiş bir adam idi. Sonrakı proseslər bunu çılpaqlığı ilə ortaya qoydu və onun kartları çox tez açıldı. Eyni zamanda ora toplaşan qüvvələr ölkənin maraqlarını deyil, öz qrup mənafelərini düşünənlər idi. Onlarda qəsdən yanlış təsəvvür formalaşdırmışdılar ki, Azərbaycan və Rusiya rəhbərliyi arasında münasibətlərədə soyuma baş verib və Moskva indiki hakimiyyətə alternativ axtarışına çıxıb. Bunlar nəyin bahasına olur-olsun, yanlız hakimiyyət naminə bir araya gəlmiş qüvvələr idi. Təsəvvür edin ki, həmin qurumda hətta iqtidardan çox bir-birinə nifrət edən qüvvələr təmsil olunurdu və bu gün də bu cür qeyri-səmimi birlik davam edir. Mənim belə bir birlikdə olmağımsa mümkün deyil.

-Vaşinqton-Bakı və Bakı-Moskva münasibətlərini müqayisə edəsi olsaq hansı daha çox strateji müttəfiqlik səviyyəsinə uyğun gəlir?

-Etiraf edilməlidir ki, ABŞ dünyanın ən nəhəng dövlətidir və Azərbaycan da bu ölkə ilə münasibətlərin qaydasında olması üçün öz tərəfindən lazımı addımları atmalıdır. Uzun müddət bu prosesləri içəridən izləyən bir şəxs kimi mənim qənaətim ondan ibarətdir ki, Vaşinqtonun əsas niyyəti Dağlıq Qarabağı məhz Rusiyanın əli ilə alıb Ermənistana verməkdir. Burada iki məqsəd güdülür, həm əsl istəklərinə nail olaraq erməni lobbisinin ömürlük dəstəyini qazanmış olurlar, həm də Azərbaycanı Rusiyaya əbədi nifrətə kökləyirlər və bu iki ölkə arasındakı münasibətləri düşmənçilik həddinə çatdırırlar. Nəticədə Azərbaycanın Qərbin siyasətini dəstəkləməkdən başqa yolu qalmır və onların bütün istəklərini tərəddüd etmədən yerinə yetirən zorən müttəfiq qazanmış olurlar. Obrazlı desək, amerikalılar və onların Avropadakı müttəfiqləri bir güllə ilə iki dovşan vurmaq istəyirlər. Yaxud zınqrovu pişiyin boğazına Rusiyanın asmasına çalışırlar. Hesab edirəm ki, Azərbaycan iqtidarı da bu niyyətin fərqindədir və biz Rusiyanı da inandırmalıyıq ki, Qərbin gerçək istəyi nədir. Biz mütləq Rusiyanı inandırmalıyıq ki, Qərb sizi təxribata çəkir. Bizim Rusiya ilə danışıq aparan rəsmilər rəsmi Moskvanı inandırmalıdırlar ki, siz bu təxribata getməyin.

-Sizcə Rusiya paytaxtına yola düşən Milli Məclis sədri Oqtay Əsədov rəsmi Bakının bu istəyini Moskvaya çatdıra biləcəkmi, onları inandırmaq mümkün olacaqmı?

-Hər halda çox istərdim ki, o görüşəcəyi şəxsləri buna inandıra bilsin. Rusiyanı inandırmaq lazımdır ki, onsuz da Ermənistan heç bir halda sizin siyasi orbitdən kənara çıxmaq imkanında deyil. Ona görə də Moskva Ermənistanı özünün hərbi-siyasi müttəfiqi kimi inandırmalıdır ki, işğal etdikləri Azərbaycan torpaqlarından çəkilsinlər. Biz də Dağlıq Qarabağın statusunu özünə qaytaraq. Yəni mən hətta onlara əvvəlki statuslarının verilməsiylə razıyam, nəinki Qurban bəyin dediyi kimi onların tamamilə köçürülməsiylə. Bundan sonra biz necə ki, təhlükəsiz yaşamaları üçün onlara Ermənistanla birbaşa əlaqə üçün verəcəyimiz dəhlizin əvəzində bizim də Naxçıvanla birbaşa əlaqəmiz üçün müvafiq təhlükəsizlik zolağı yaradırıq. Ruslar bunu edə bilərlər. Ermənilərin bu razılaşmaya getməyəcəyi təqdirdə Moskvanın bircə həftəlik müşahidəçi statusu kifayət edər ki, Azərbaycan hərbi əməliyyatlarla Dağlıq Qarabağətrafı 7 rayonu azad etsin. Bunun qarşılığında Azərbaycan da Avroasiya İttifaqına girə bilər. Bundan sonra Türkiyənin də bu prosesə qoşulması xeyli dərəcədə asanlaşa bilər və əslində bu birliyin gerçək modeli Türk-Slavyan Respublikalar İttifaqı olur. Heç şübhəsiz, Azərbaycan bu quruma üzv olan kimi bu gün növbə gözləyən Qırğızıstandan sonra Özbəkistan və Türkmənistan da anoloji istəkdə bulunacaq və nəticədə bu birlikdə Türkiyənin və 5 türk cümhuriyyətinin hesabına özünü çox rahat hiss edər. Ona görə də biz ağıllı siyasət yürütməliyik və bir nömrəli vəzifəmiz Qarabağın işğaldan azad olunmasına nail olmaq olmalıdır. Qarabağı isə Qərb heç zaman qaytarmayacaq. Qurban bəy Rəsulzadədən də gözəl misal çəkib. Yəni sabah bu ittifaq da dağıla bilər. Amma biz Qarabağı Azərbaycana qaytarmış olarıq. Özü də mən bunu illər öncə parlamentdə söyləmişəm. Çoxları elə zənn edir ki, guya mən Gömrük İttifaqı məsələsi ortaya çıxandan sonra bu ideyanı ortaya atmışam. Axı elə sizin də iştirak etdiyiniz parlamentin iclasında bu təklifi 2009-cu ildə Madrid Prinsipləri məsələsi gündəmə gələndə səsləndirmişdim. Yəni artıq Qərbin maskası yavaş-yavaş yırtılmağa başlayanda ki, bizi Dağlıq Qarabağda referendum keçirməyə məcbur etdilər, o zaman mən dedim ki, Qərbdən imdad gözləmək zavallılıqdır. Bir yandan deyirdilər ki, beynəlxalq münasibətlərdə heç bir tərəf zor tətbiq edə bilməz, bu gün də hər addımda bizdən tələb edirlər ki, müharibə ritorikasından imtina edək və ancaq sülh barədə düşünək. Amma bir dəfə də olsun demirlər ki, axı tərəflərdən biri artıq bu zoru tətbiq edib. Adama deyərlər ki, siz hələ tərəflərdən birinin tətbiq etdiyi bu zora qiymət verin, sonra zora qadağa qoyun. Amma Qərb dairələri əslində Azərbaycanı zorən alçaldıcı sülhə sürükləməklə zora haqq qazandırırlar. Ona görə də baxmyaraq ki, Qərbin müəyyən cəlbedici təşəbbüsləri və oturuşmuş dəyərlər sistemi var, ancaq bütün bu qanunun aliliyi və insan haqlarının qorunması, demokratiyanın inkişafını öz ölkələrinindəki vətəndaşlarının mənafelərini qorumaq üçün əllərində bayraq ediblər, ona görə də bu çağırışlara aldanmaq olmaz. Unutmaq olmaz ki, onlar bizə heç də vəd etdikləri xöşbəxtliyi verəsi deyillər. Mən NATO-nun sonuncu tədbirində də sual verdim ki, axı bu Ermənistan dünyanın bu vaxtında bir suveren ölkənin 20 faiz ərazisini işğal edərək bir milyon insanı öz ata-baba yurdundan qovub, əmlaklarını talan edib, bəs niyə belə bir işğalçı dövlətin təmsilçisi gəlib burda oturub? Amma bu gün sizin maraqlarınıza cavab vermir deyə, Rusiyanı NATO Parlament Assambleyasından uzaqlaşdırmısınız. Bu sualıma nə sədarətdən bir cavab verən oldu, nə zalda oturanlardan. Sadəcə müdrikcəsinə susdular...

 Ardı var...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin