Milli Şuranın Beynəlxalq Əlaqələr komissiyasınım sədri Gültəkin Hacıbəylini şərləyərək ona qarşı Yasamal rayon məhkəməsində xüsusi ittiham qaydasında iş qaldırmış keçmiş baldızı Aynur Lətif qızı Mehdiyevanın Bakı Ağır Cinayətlər məhkəməsinin 19 may 2014-cü il tarixli hökmü ilə insan alveri və əməyin istismarı cinayətlərini törətməkdə təqsirli bilinib ifşa olunması barədə oxucularımız məlumatlıdır.
Hakimiyyətin G.Hacıbəyliyə qarşı bir ildən artıq müddətdə apardığı siyasi təqib və şərləmə kampaniyasında əsas oyunçulardan biri olan Aynur Mehdiyeva 8 il 6 ay həbs cəzası alsa da, ona qadın və himayəsində üç uşağı olmaq bəhanəsi ilə məsuliyyətdən yayındırılaraq Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə yalnız bir il şərti cəza verildi. Bununla da hakimiyyət Milli Şura üzvünə qarşı bu ləyaqətsiz kampaniyanın arxasında olduğunu Mehdiyevanı törətdiyi iki ağır cinayət və 12 il həbs qarşılığında faktiki olaraq cəzasız qoyması ilə növbəti dəfə etiraf etdi. Daha öncə hakimiyyət bunu Mehdiyevanın qardaşı, 2010-cu ildə Baş Prokuror Zakir Qaralovun əmri ilə hərbi xidmətdən yayınmağa və prokurorluq orqanı əməkdaşına yaraşmayan hətəkətlərə görə bu orqandan qovulmuş Mahmud Mehdiyevi elə həmin Zakir Qaralovun əmri ilə Xətai rayon prokurorluğuna müstəntiq təyin etdirməklə etiraf etmişdi. Aynur Mehdiyevanın insan alverçisi kimi ifşasından sonra Yasamal rayon məhkəməsində hələ də davam edən prosesə aydınlıq gətirməyi G.Hacıbəylinin vəkili Bəhruz Bayramovdan xahiş etdik:
- Mayın 19-u Aynur Mehdiyeva ilə bağlı hökm elan olundu və o, dövlət tərəfindən Cinayət Məcəlləsinin 144.1.2.8 (ÿzərərçəkmiş şəxsə işgəncə verməklə və ya onunla qəddar, qeyri-insani, yaxud onun ləyaqətini alçaldan rəftar etməklə insan alveri) və 144.2.1-ci ( əməyin istismarı) maddələri ilə cinayət törətməkdə təqsirli bilindi. Mayın 30-u növbəti prosesdə bizim xüsusi ittiham qaydasında icraata xitam verilməsi ilə bağlı vəsatətimizə münasibət bildirilməli və o, birmənalı qaydada təmin edilməli idi. Çünki Mehdiyeva şikayətində heç vaxt cinayət törətmədiyini, Gültəkin xanımın KIV-lərə istnadən onun saxlanması xəbərini yaymaqla ona böhtan atdığını iddia edirdi. Aynur Mehdiyeva barəsində məhkəmə hökmündən sonra onun özünün Gültəkin xanıma qarşı böhtan atdığı bəlli oldu. Mehdiyeva yalnız ona görə həbs edilmədi ki, Gültəkin xanımın üzünə durmaqda davam etsin. Şəxsiyyətinə və ləyaqətinə dövlətin məhkəmə hökmü ilə, özü də məhz həmin faktla bağlı “insan alverçisi” kimi hüquqi qiymət verdiyi şəxs başqa bir məhkəmədə hansı şərəf və ləyaqət davası apara bilər? Mehdiyevanın cinayətləri tək bununla bitmir.
- Başqa hansı cinayətləri var?
- O, barəsində cinayət işi açılandan, təqsirləndirilən şəxs kimi cəlb ediləndən və başqa yerə getməmək haqqında iltizama imza edəndən iki həftə sonra məhkəmədə zərərçəkən kimi yalan ifadə vermiş və heç vaxt təqsirləndirilən şəxs qismində cəlb edilmədiyini bildirmişdir. Mahmud Mehdiyev həmçinin məhkəmədə zərərçəkən qismində iki dəfə yalan ifadə vermiş, təkidli suallarımıza və yalan danışdığına görə cinayət məsuliyyəti daşıdığı haqqında xəbərdarlığımıza baxmayaraq şəxsiyyətini səciyyələndirən hal kimi önəmli olan sonuncu həyat yoldaşından da rəsmən boşanması faktını və Baş Prokurorluğa yeni təyinatını danmışdır. Bununla da Mehdiyevlər Cinayət Məcəlləsinin 297.1-ci maddəsi ilə məsuliyyət daşımalıdırlar. Bundan əlavə Mehdiyevlər məhkəmədə dəfələrlə Gültəkin xanımı təhdid, təhqir etmişlər. Məsələn, filippinli qadına ağır işgəncələr verən, onunla insan ləyaqətini alçaldan şəkildə, qeyri-insanı davranan Aynur Mehdiyeva Yasamal rayon məhkəməsində də özünü buna bənzər aparırdı. 24 yanvar 2014-cü il tarixli məhkəmə iclasında o, onlarla insanın və hakim Sərdar Mehrəliyevin gözü qarşısında Gültəkin xanımı açıq şəkildə təhdid və təhqir etdi, “gör sənin başına nə oyun açacağam, səni dizin-dizin süründürəcəyəm” dedi.
- Bu barədə müvafiq qurumlara müraciətiniz olubmu?
- Əlbəttə. Biz bu barədə polisə şikayət etmişik. Biz bu davranışı Mehdiyevaya bağışlamaq niyyətində deyilik və onun, eləcə də məhkəmədə oxşar davranış nümayiş etdirən qardaşının Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə məsuliyyətə cəlb olunmasını tələb edirik. Bu barədə məhkəməyə altı vəsatət təqdim etmişik, lakin hakim Sərdar Mehrəliyev Cinayət-Prosessual Məcəlləsinin 121-ci maddəsinin tələblərini kobud şəkildə pozmaqla bugünədək bu vəsatətlərimizi baxılmamış saxlayıb. Paradoks ondadır ki, Mahmud Mehdiyev gülünc ifadələrə görə şərəf və ləyaqət davası açdığı məhkəmədə müvəkkilimi təhqir edir, onunla bağlı adını burada çəkmək istəmədiyim bir saytın ləyaqətsiz yazılarını oxuyur və biz Mehdiyevin bu təhqirlərə görə cəzalandırılmasını tələb edəndə o “bunu mən demirəm, jurnalist deyir, hakimiyyət deyir, mən hakimiyyətin sözlərini təkrar edirəm” deməklə məsuliyyəti özündən kənara atır, ancaq həmin məhkəmə həmin Mehdiyevlərlə bağlı onlarla KIV-də yayılmış məlumatların təkrarlanmasına görə saxta icraata başlayaraq Gültəkin xanımı on aydır təqib edir. Belə çıxır ki, Mehdiyevlər nə özlərinin səsləndirdikləri, nə də səviyyəsiz mətbuata istinadən yaydıqları ağır təhqirlərə görə məsuliyyət daşımadıqları halda, Gültəkin Hacıbəyli onlarla KIV-də yayılmış adi informasiya xarakterli və özündə heç bir təhqir elementi ehtiva etməyən məmulatların təkrar yayılmasına görə cinayət məsuliyyəti daşımnalıdır? Aynur Mehdiyevanın saxta və yalan şikayəti ilə ictaat başladılır, ancaq onun cinayət törətdiyi və məhkəməni aldatdığı sübut olunduqda hakim bunu görməzdən gəlir. Bu, sadəcə, biabırçılıqdır. Indi də hakim əsassız icraatı xətm etmək, əsaslı vəsatətlərimizi dəyərləndirmək və Mehdiyevlər barəsində cinayət işinin başlanması haqqında Baş Prokurorluq qarşısında məsələ qaldırmaq əvəzinə linqvistik ekspertiza təyin edib.
- Hesab edirsiniz ki, bu addım sadəcə işi-ört-basdır etmək üçündür?
- Bəli. Əvvəla, hər birimiz Azərbaycan dilini bilirik və bu ekspertizaya ehtiyac yox idi. Digər tərəfdən, Gültəkin xanım filologiya üzrə fəlsəfə doktorudur və onun özü linqvistika sahəsində nüfuzlu ekspertdir, alimdir. Mahmud Mehdiyevin Gültəkin Hacıbəyliyə qarşı məhbuat konfransında səsləndirdiyi təhqirləri və böhtanları bütün ölkə eşitdi, gördü. Mehdiyev keçmiş xanımını açıq mətnlə Cinayət Məcəlləsinin 12 maddəsi ilə ağır və xüsusilə ağır cinayətlər törətməkdə ittiham edirdi və buna görə cinayət məsuliyyəti daşımalıdır. Mahmud Mehdiyevin böhtanları və təhqirləri o qədər açıq-aydın idi ki, onu cinayət məsuliyyətindən müvəqqəti də olsa xilas etmək üçün hakimlər Fuad Babayev və Vüqar Məmmədov şikayətimizi icraata götürməkdən imtina etdilər və buna görə saxta şikayət əsasında icraata başladan Sərdar Mehrəliyev kimi Cinayət Məcəlləsinin 295-ci maddəsi ilə məsuliyət daşıyırlar. Ekspert bunun qarşılığında Gültəkin xanımın dediyi “pis idimsə, niyə yalvarırdın ki, boşanma” sözlərində cinayət tərkibinin olub-olmamasını müəyyənləşdirəcək? Bu, sadəcə, gülüncdür. Yaxud, Mehdiyev deyir ki, “məndən maddi cəhətdən asılı idi” ifadəsinə görə G.Hacıbəyli cinayət məsuliyyəti daşımalıdır. Gültəkin xanımın rəsmi gəlirləri evlilik dövründə M.Mehdiyevdən dörd dəfə çox olub. Bundan əlavə, Mehdiyevlərin anası Nəhayət Məmmədova Nəsimi rayon məhkəməsinə verdiyi iddia ərizəsində göstərir ki, Gültəkin xanım evlilikdən əvvəl ona məxsus olan öz mənzilini özü təmir etdirməli, mebellə və avadanlıqla təhciz etməli və oğlu ora köçüb yaşamalı idi. Bu maddi asılılığın etirafı deyilsə, bəs nədir? Əslində, Mahmudu Gültəkin xanım yox, bu iddia ərizəsi ilə anası təhqir edib. Təbii ki, bu ittihamlar absurddur. Lakin Aynur Mehdiyevanın məhkəmədə Gültəkin Hacıbəylinin ünvanına səsləndirdiyi “gör sənin başına nə oyun açacağam, səni dizin-dizin süründürəcəyəm” ifadəsində, Mahmud Mehdiyevin digər ifadələrində təhqir və təhdid elementləri danılmazdır, qərəzsiz və obyektiv ekspertin bu barədə başqa rəyi ola bilməz. Linqvistik ekspertiza birtərəfli qaydada aparıla bilməz, Mehdiyevlərin məhkəmədə və mətbuat konfransında səsləndirdiyi bütün təhqir və təhdidlərə də şamil olunmalıdır və bu barədə vəsatətimizi məhkəməyə təqdim etmişik. Mahmud Mehdiyevin Gültəkin xanıma qarşı xuliqanlıq hərəkəti törətməsi ilə bağlı aprel ayının dördündə verdiyimiş şikayət ərizəsinə iki ay keçməsinə baxmayaraq bügünədək Baş Prokurorluq cavab verməyib və bu ciddi qanun pozuntusudur. Eyni zamanda, Aynur Mehdiyevanın məhkəməsində Mahmud Mehdiyevin və polis zabiti olan qardaşı Allahverən Mehdiyevin ağır cinayətləri bilib nənki qarşısını almağa cəhd etməmələri, hətta bu cinayətləri himayə etdikləri ifşa olundu. Hərbi xidmətdən yayınmaq, prokurorluq orqanlarını aldatmaq, xuliqanlıq, məhkəmədə yalan ifadə vermək, ağır cinayətləri bilib xəbər verməmək və himayə etmək, eləcə də keçmiş həyat yoldaşı və oğlunun anasını şərləmək, ona ağır böhtanlar atmaq kimi kişi adına yaraşmayan hərəkətlərlə zəngin dosyesi olan Mahmud Mehdiyevin Xətai rayon prokurorluğunun müstəntiqi vəzifəsində cinayətkarlıla necə mübarizə aparacağı çox maraqlıdır. Istənilən az-çox normal hüquq sistemində özləri konkret cinayətlər törətdikləri halda məhkəməyə saxta şikayətlə müraciət edib Gültəkin xanıma, onun 10 yaşlı oğluna qarşı 10 aydır mənəvi terror aparan, böhtan atan, məhkəməni aldadan Aynur və Mahmud Mehdiyevlər cinayət məsuliyyətindən kənarda qala bilməz.
azadlıq.info




































































































