Moderator.az YAP-ın qurucularından olan texniki elmlər doktoru, professor Əli Nağıyevlə müsahibənin ikinci hissəsini təqdim edir:
(Oxucuların diqqətinə-Müsahibənin əvvəlini mayın 2-də 10.22 bölümündəki xəbər lentindən tapmaq olar)
Hər kimdə bir hünəri görüb tərif etməsən,
Onun hünər gövhəri düşər itər əlindən.
Kimsədə bir qüdrəti görüb vəsf etsən əgər,
Onun qüdrət çeşməsi birə-beş qüvvətlənər.
-Niyə məhz 91 nəfər? Bu siyahını 100-ə çatdırmaq mümkün
olmadımı?
-O 91 iki gün geciksəydi ola bilərdi ki, siyahıda 130 adam
olsun. Yaxud o siyahını iki gün tez çap etsəydik ola bilərdi ki, 91 yox, lap 81
nəfər olardı. Yəni 91 nəfərlik siyahı çap olundu deyə o rəqəm bir simvol kimi
tarixə düşdü. Dedim axı, bu, görülən məqsədyönlü işlərdən biri idi. Sonradan
Ali Sovetin sessiyasını çağırmağa bəs edən sayda deputatların müraciətinə
imzaların yığılması və qəzetlərdə çap olunması daha böyük əks-səda yaratdı.
-Həmin siyahıda elə adamın adı vardı ki, sonradan vay-şivən
qopararaq ordan adını çıxartdırsın?
-Onu dəqiq
yadıma sala bilmirəm. Ancaq onu dəqiq bilirəm ki, siyahıda adı olmasından xəbəri
olmayan adamlar vardı. Həmin siyahı indi qarşımda olsaydı, deyə bilərdim ki,
bunun icraçıları kimlər olub. Yəni 7-8 nəfər vardı ki, bu siyahının tərtib
edilməsinin icraçıları idi.
-Ali Sovetin
keçmiş sədri Yaqub Məmmədov da iddia edir ki, adı həmin “91-lər”in siyahısında
olmasa da o da bir neçə adamın adını ora tövsiyyə edib.
-Mən o ərəfədə
iki dəfə Yaqub Məmmədovla görüşmüşəm. Sonralar Abşeronun polis rəisi olmuş
Cahangir Hüseynov Yaqub Məmmədovla Tibb Universitetindəki kafedrasında görüşü təşkil
etmişdi. Birinci dəfə mənə “teoriya” danışmağa başladı. Dedi ki, Dağlıq Qarabağ
münaqişəsi çox mürəkkəb məsələdir və Heydər Əliyev gəlib bunu necə həll edəcək?
Mən də ona etiraz etdim ki, ay kişi, sən Ali Sovetin sədri olmusan və akademiksən,
Heydər Əliyevin də sənin bu mərtəbəyə çatmağında xidmətləri olub. Yəni istəyirdim
Yaqub Məmmədov da getsin desin ki, a kişi, keçmişdə nə olub, olub, bu gün sənsən
və biz də səni dəstəkləyirik. İkinci görüşümüzdə isə mənə dedi ki, burdan getsəm,
görərlər, mən “çerez” Türkiyə gedəcəyəm. Mən getdim onun bu sözünü Heydər
Əliyevə dedim. Heydər Əliyev də dedi ki, eybi yox, Türkiyədən gəlsin. Ancaq
Yaqub Məmmədov getmədi. Bilirsiniz, tarix düz yazılmalıdır və hər kəsin etdikləri
və etmədikləri orda qeyd edilməlidir. Bu gün mən də sağam, Cəlal Əliyev, Yaqub
Məmmədov və Ağabəy də sağdır. Qoy durub mənə desinlər ki, filan şeyi düz demirsən.
Sizinlə keçən dəfəki müsahiubədən sonra bir nadan dınqıldanmışdı, ancaq mən o
nadana cavab verməyi özümdən çox aşağı hesab edirəm.
-Hər il
mayın 10-da Heydər Əliyevlə bağlı ilk olaraq nələri xatırlayırsınız?
-İlk dəfə
Heydər Əliyevlə görüşəndə 38 yaşım vardı. Özü də mən həyatım boyu hansı dəyərli
kişiylə bir yerdə çalışmışamsa, onlardan mənim xarakterimdə dərin izlər qalıb.
Universitetdə Tofiq Bektaşi vardı, Heydər Əliyevin də müəllimi olmuşdu, əsl
alim, gözəl müəllim idi. Bəzən onu və məni tanıyanlar mən danışarkən deyirlər
ki, aha, filan yeri Tofiq müəllim kimi dediniz. Azad Xəliloviçlə münasibətim də
o cümlədən. Birdən mənə deyirlər ki, lap Azad müəllim kimi danışırsan. Mən 4 il
Leninqradda yəhudilərin arasında çalışdım. Orda da çox böyük alimlər vardı və
onlar həm də çox gözəl insan idilər. Ancaq 38 yaşımdan sonrakı hansı Əli
Nağıyevəmsə, hər bir nailiyyətim üçün Heydər Əliyevə borcluyam. Nəyə müvəffəq
olub-olmamağım ayrı bir şeydir. Yəni mənəviyyatı zəngin olan, sözün qədrin-qiymətin
bilən adamla həmsöhbət olmaq insanın formalaşması üçün bir məktəb rolunu
oynayır. Mən hər görüşümdə Heydər Əliyevdən çox böyük mənəvi qida almışam. Heydər
Əliyev tarix quran kişiydi.
-Tarix onun
haqq etdiyi qiyməti verə bildimi?
-Hələ
sağlığında Heydər Əliyev özünə öz qiymətini verdi və o sağlığında tarix yaratdı
və özünü də həmin tarixə yazdı. Tarixin verdiyi qiymət nə idi? Bzezinski kimi
bir siyasət uzmanı Heydər Əliyevin böyük siyasət adamı olduğunu deyirsə, məgər
bu, tarixin verdiyi qiymət deyil? Bir epizod danışmaq istəyirəm və bununla göstərmək
istəyirəm ki, bəzilərinin iddia etdiyi kimi bu günki Azərbaycan göydən torbayla
düşməyib, bu dövlət zərrələrdən yığılıb və bunun yolunu da, siyasətini də,
icrasını da Heydər Əliyev edib. 1994-cü ildə Heydər Əliyevlə İslam Konfarnsı Təşkilatının
toplantısında iştirak etmək üçün nümayəndə heyətinin tərkibində Kasablankaya
getmişdim. Hava çox isti idi və iclaslar axşamüstü saat 4-5 radələrində
başlayırdı, səhərlər isə Heydər Əliyev ora gələn böyük dövlət adamlarıyla
görüşlər keçirirdi. Bunlardan biri də İordaniya kralı Kral Hüseyn idi. Görüş
başlayandan sonra hal-əhval tutuldu və birdən Heydər Əliyev qayıtdı ki, ermənilər
sizin vətəndaşlarınızdı, onlarla bağlı mən sizə bir şey demək istəmirəm, amma
bilirəm ki, Klinton sənin dostundur, hər dəfə görüşəndə elə bir-iki kəlmə bizim
haqqımızda yaxşı sözlər desən, bu da bizə qardaş xidməti olar. Bununla ona başa
saldı ki, ermənilərin ipin çəkmək lazımdır. Yaxud Bakı-Ceyhanla bağlı
İstanbulda saziş imzalanma mərasimini yada salın. Klinton Heydər Əliyevin
solunda oturmuşdu, Heydər Əliyevin sağında Süleyman Dəmirəl, onun sağında isə
Nazarbayev. Heydər Əliyev çıxışında deyir ki, hər dəfə Türkiyəyə gələndə məndən
soruşurdular ki, Bakı-Ceyhan nooldu, mən də deyirdim ki, olacaq, olacaq,
olacaq. İndi deyirəm, Bakı-Ceyhan oldu. Bu zaman Klintonun Heydər Əliyevə necə
böyük heyranlıqla baxdığına fikir vermək lazım idi. Yəni bu epizodları görmək
lazımdır. Yəni Heydər Əliyev bu dövləti qurmaq üçün nə qədər ağır və məşəqqətli
yollardan keçib. Ona görə də Heydər Əliyevlə yan-yana olmaq qanan adam üçün
dünya idi. .
-Belə çıxır
ki, Heydər Əliyev “xəzinə”sindən Sizdən çox götürən olmayıb.
-Bilirsiniz,
mən də mələk deyiləm. Mən də pul qazanmışam, ev tikdirmişəm, balalarımı
oxutmuşam. Yəni bütün bunların hamısın tərəzinin bir gözünə qoy, Heydər Əliyevlə
yan-yana olub mənalanmağı isə qoy tərəzinin o birisi gözünə. Fərq rəhmətlik
Adil İsgəndərov demişəkən, odu ey...(əliylə qollarını aşağıdan yuxarı açaraq
göstərir)
-Fəxri
Xiyabana tez-tezmi gedirsiniz?
-İldə iki dəfə
gedirəm, Heydər Əliyevin doğum və ölüm günlərində.
-Səhər heç
kim gəlməmiş gedirsiniz ki, izdiham gələnədək hamıdan qabaq vəfa borcunuzu verəsiniz?
-Yox, yox,
mən mayın 9-da və 11 dekabrda gedirəm.
-Niyə, o izdihama görünmək istəmirsiniz? Sizə xəyanət
etmiş simaları görməmək üçünmü?
-Bilirsiniz,
dünyada xeyir də var, şər də. Mən ora kiməsə özümü göstərmək üçün getmirəm. Ora
gedirəm “Fatihə”ni verib, o böyük dahinin ruhuna ehtiramımı bildirirəm, gülümü
qoyub gəlirəm. Nəsimidən bayaq dediyimiz bu sözlər lap yerinə düşdü:
Həqiqət
haqqı biləndir verən malını yəğmayə,
Taraş olub
nəməd deyən düşəmmədi bu sevdaya.
Səfasız
sufiyi gör ki, həram der, dinləməz sazı
Ki əhl-həqq
olan kişi, nə qəm girsə kəlisayə.
Yəni get
bir gündöyən yerdə daşın üstündə otur və Allahınla danış. Allahınla ürəyində
danışmağın üçün sənə vasitəçi lazım deyil. Mənim də Heydər Əliyevdən aldığım bu
mənanın təşəkkürünü ona bildirməkdən ötrü orda mənim ətrafımda adam lazım
deyil. Ya qardaşımla, ya oğlumla gedirəm, ziyarət edib gəlirəm.
-Bu gün bir
bayağılaşmış dəb formalaşdırılıb ki, az qala hər bir məmurun yaxasında Heydər
Əliyevin imzası olan nişanlar gəzdirirlər, Heydərçi olduqlarını sanki gözə
soxurlar. Amma çox vaxt bunlar camaatda ikrah doğurur ki, axı sən nə vaxtdan
Heydərçi oldun...?
-Sən özün
dedin də. Mən daha nə əlavə edim? Heydər Əliyevin vəfatının birinci ildönümündə
Rəşid Behbudov adına Mahnı Teatrında çıxışım olub. Orda demişəm ki, bu gün hər
yerdə Heydər Əliyevin heykəlini qoyurlar, bunlar onun halal haqqıdır, amma Heydər
Əliyev sağlığında özünün yüzlərlə, minlərlə heykəlini qoyub və bu Azərbaycanı
yaradıb. Sözsüz ki, hər bir məscidi tikəndə orda Məhəmməd Peyğəmbərə-bu dini gətirən
adama ehtiram var. Amma bu məsələni o ucuz adamların iyrənc istəklərini həyata
keçirmək taktikasına çevrilməsinə yol vermək olmaz. Pasternakın bir sözü var:
“Vsyakiy stadnost pribejişe neodaryonnost, xot budet vernost Leninu, xot budet
vernost Kantu, xot budet vernost Marksu.” Yəni dəyərli adamları uca olanlar
ucalda bilər. Peğəmbərin də belə bir Hədisi var: “Təbliğatda məqsədin özünü
insanlara sevdirməkdirsə, çalış təbliğatçıların xalqın sevdiyi adamlar olsun.”
O siz dediyiniz yaxasında nişan gəzdirənlərin də içərisində ürəkdən Heydər
Əliyevi sevənlər var. Həsən Zeynalov o nişanı taxırsa, ona yaraşır. Ağabəy Əsgərov,
Zahid Qaralov o nişanı taxırsa,onlara yaraşır.
-Amma bu
gün 4 partiya dəyişənlərin Heydərçi statusuyla zühur etməsi adamın ürəyini
bulandırır...
-Mən axı bu
sualına nə cavab verim? Vaxtilə Universitetin rektoru Mirabbas Qasımov Heydər
Əliyevə müraciət məktubu hazırlamışdı. Məğzi də ondan ibarət idi ki, niyə Mütəllibova
mane olursan, onu işləməyə qoymursan? O universitetin Naxçıvandan olan
ziyalılarını həmin müraciətə imza atmağa məcbur edirdi. Qapı-qapı düşərək həmin
bədnam müraciətə imza yığanlar bu gün millətin qabağında gedənlər olub. Bilirsən,
elə məsələr var ki, hökmən deyilməlidir və hesab edirəm ki, komandanın içindən
tənqidə meydan vermək lazımdır. Özü də hökmən. Bayaq Çörçildən misal gətirdim
axı: “On obraşaet vnimaniye na nezdarovoye sostayaniye del”
-Siyavuş
Novruzovun adın bir neçə dəfə çəkdiniz. Bu günlərdə onun bir uğursuz açıqlaması
oldu. Amma mən dediyiniz həmin sistemdaxili tənqidlə bağlı bir yazı yazdım və
orada Siyavuş Novruzovu təqdir etdim ki, yalnız o martın 17-də parlamentdə
hökumətin hesabatında Artur Rəsizadəyə xitab etdi ki, biz qeyri-neft sektorunun
inkişafından danışırıq, amma gəlin razılaşaq ki, ölkədə maykadan tutmuş corabadək
hər şeyi xaricdən alırıq.
-Onun o bir
cümləsi artıq hər şeyi açır. Bilirsən, Siyavuş təpədən dırnağadək Heydər Əliyevə
və onun yoluna sədaqətli adamdır. Bir epizod deyim sənə. Bir dəfə 92-ci ilin
payızında Həsən Zeynalov mənə zəng elədi ki, kişi zəng edib ki, İlham Əliyev
Naxçıvana gələcək, onun yanına bir adam qoşmaq lazımdır. Heç tərəddüd etmədən
dedim ki, Siyavuş Novruzov. Bilirdim ki, həm sadiqdir, həm də cəsarətli və eyni
zamanda çüssəli. Və bu gün də o adam həmin sədaqətində qalır. Mən 3 ildir
Bakıdayam və bu adamların heç biriylə hər hansı əlaqəm yoxdu. Amma mən haqqı
dana bilmərəm.
-Deyilənə
görə Fikrət İsmayılov bərk xəstədir. Heç onu ziyarət etməmisiniz ki?
-O dializdən
keçir, amma işə də gəlir. Onunla görüşməyimiz çox az-az olur, amma telefonla
tez-tez hal-əhval tuturuq. Bilin ki, Fikrət İsmayılov etalon təmiz bir adamdır
və o bütün addımlarını ürəkdən eləyir.
-Amma onun
Tağı Əhmədov kimi müavini də var...
- Tağı Əhmədov
da lazımdır.
-Eşitdiyimə
görə partiyanın rayon təşkilatının sədri olan dostlarınızı da onlara söz gəlməsin
deyə ziyarət etmirsiniz...
-Bilirsən,
sözsüz ki, YAP-da ürəyim istəyən yaxşı kişilər çoxdur, yenə deyirəm, o iblis
xislətli məkrli adamlara cəfəngiyyat uydurmağa daha fürsət vermək istəmirəm.
Oturmuşam evimdə, kitabımı oxuyuram, öz işlərimlə məşğul oluram. Axı bayaq mən Eynulla ilə bağlı məsələni
dedim.
-Bəlkə
Eynulla haqqında deyilənlər doğru imiş. Nəzərə alın ki, o bir neçə dəfə səngər
dəyişib...
-Bilirsən,
Heydər Əliyevlə çox açıq söhbətimiz oldu bu barədə. Ona dedim ki, bilirsiniz
necədi, bu adam savadlıdır, mən də istəmişəm ki, bu cür adamlar bizim olsun.
Eyni zamanda savadlı adamı idarə etmək də çətindir, gərək o özü bu yola əqidə
ilə bağlana ki, sabit qədəm ola. Özü də o vaxt cavan və emosional idi. Nə isə...
-Bayaq
dediniz ki, prezident bir yox, ən azı 5 mənbədən informasiya alır. Necə ola bilər
ki, həmin 5 mənbənin hamısı Əli Nağıyevlə bağlı prezidentə ancaq neqativ şeyləri
desinlər?
Əli Nağıyev
çoxları üçün heç vaxt asan adam olmayıb. Özü də heç vaxt çalışmamışam ki,
hamının xoşuna gəlim. 1993-cü ilin sentyabrın sonlarında, hansı ki, Heydər
Əliyev hələ prezident seçilməmişdi, Ali Sovetdə çox dar bir “kruq”da-mən, Lalə
Şövkət, Rəfael Allahverdiyev, Arif Rəhimzadə və daha bir-iki nəfər Heydər
Əliyevin yanında idik. Orda daxili işlər naziri Vaqif Novruzov haqqında çox kəskin
çıxış etdim. Mən onun bir neçə yaramaz əməllərini bilirdim və bu barədə hər
yerdən məlumat alırdım. Ayağa durub dedim ki, Heydər Əliyeviç, bu cür adam necə
sizə sədaqətlə xidmət edə bilər? Heydər Əliyev heç nə demədi, dedi otur. Gəldim
partiyaya, bu zaman mənə Heydər Əliyev zəng elədi. Dedi bilirsən nə var, dediklərini
mən də bilirəm, ancaq qoy bunu da özümüzə düşmən etməyək görək başımıza nə gəlir.
Məəttəl qaldım ki, ay kişi, bu sözü orda mənə niyə demədi? Axı onun yanında cəmizi
5-6 adam idik. Səhərisi gün Vaqif Novruzov qardaşım Nazimi çağırdı yanına ki, sənin
qardaşın məndən nə istəyir? Deməli, bu sözü orda oturanlardan kimsə gedib
çatdırdı. Yəni Heydər Əliyev hamını tanıyırdı deyə, orda mənim sözümə cavab
vermədi ki, gedib deyəcəklər. Yəni dedim axı, mən asan adam olmamışam..
-Ona görə də
hər zaman Sizi sıradan çıxarmaq istəyən bədxahlar olub...
-Mən 99-cu
ildə partiyanın qurultayında hesabat vermişəm. Onda partiyanın 140 min üzvü
vardı. Amma mən partiyaya qəbulun qarşısını kəsirdim. Qoymurdum dünəni qaranlıq
və ya naməlum olanların partiyaya gəlişini. Heydər Əliyevin də özü deyirdi ki, əlimlə
böyütdüyüm adamların bir çoxu dar ayaqda məni satdı. Ancaq bu gün dalımca heç
vaxt tanımadığım adamlar gəlir. Mən belələrini yaxına qoymurdum.
-Onda belə
çıxır ki, bu günədək hələ də YAP sədrinin müavini olsaydınız 600 min üzvünüz
olmazdı, uzağı 300 min olardı...
-Mən də elə
hesab edirəm ki, indiki qədər olmazdı. Bayaq Pasternakın sözün dedim sənə. Mən
yenə sənə deyirəm, prezident dünən Heydər Əliyev idi, bu gün İlham Əliyev. Azərbaycan
dövləti, Azərbaycan xalqı və prezidentinə üçünə bir yerdə ən çox sədaqətli olan
adamlardan biridir Əli Nağıyev.
-Heydər
Əliyevin arzusu bu günki Azərbaycan idimi?
-Əgər bu
gün Amerika Azərbaycanı özünün strateji müttəfiqi adlandırırsa, bundan artıq
Heydər Əliyev nə istəyirdi? Azərbaycan BMT TŞ-ın üzvü oldu, bundan artıq nə istəyə
bilərdi? Əhatəmizdəki bu qədər dövlətlər varkən Birinci Avropa Oyunları Bakıda
keçiriləcəksə, axı bu çox böyük nailiyyətdir. Bütün bunlar əminliklə onu söyləməyə
əsas verir ki, Heydər Əliyevin arzu etdiyi məhz bu günki Azərbaycandır və özündən
sonra qoyub getdiyi layiqli varisdir. Amma sözsüz ki, çatışmazlıqlar da var,
sözsüz ki, onlar tənqid olunmalıdır, özü də komandanın içindən tənqid
olunmalıdır ki, rəqiblərin əlinə fürsət verməyəsən.
-Komandanın
içindən gözü çıxmış qardaşlarından ibrət götürüb qorxularından kimsə heç nə deməyə
cəsarət etmir axı...
-Baxır
nöqsanı kim deyir. Yəni bu adamın o nöqsanı dilə gətirməyə mənəvi haqqı çatır,
ya yox. Sözsüz ki, Xadarkovskinin, Berezovskinin Putini korrupsiyada
günahlandırması ən azı gülüncdür.
-Bir neçə
suala da Sizdən diplomat kimi cavab istəyəcəm. Ukraynada baş verənlər Azərbaycana
nə dərəcədə təsir edə bilər?
-Hesab edirəm
ki, Ukraynada baş verən olaylar Azərbaycana mənfi təsir göstərə bilməz. Çünki
ölkə prezidenti İlham Əliyev Azərbaycana tuşlanan siyasi maraqları zamanında dəqiq
qiymətləndirərək balanslaşdırılmış xarici siyasət həyata keçirir. Xüsusən də
Avropa İttifaqı, ABŞ və Rusiya ilə münasibətlərdə çox həssas məqamlar nəzərə
alınmaqla aparılır. Konkret olaraq Ukraynada baş verən xoşagəlməz olaylara gəldikdə
isə, bu siyasət Kuçmanın da, Yuşşenkonun da vaxtında eyni olub. (bax
Bzezinskinin kitabına) Ancaq bu hadisələr o zaman baş vermədi, indi siə
qaçılmaz oldu. Deməli, doğrudan da böyük Cavid demişkən,
İdrakı
sönük başçıların qəfləti ancaq
Etmiş, edəcək
milləti həp əldə oyuncaq
Burada yenə
də rəhmətlik Əbülfəz Elçibəy yadıma düşdü. Yanukoviç müxalif qüvvələrin
qarşısında heç bir ay da duruş gətirə bilmədi. Xalqı pis günə salıb qaçdı. Əbülfəz Elçibəysə sonadək Azərbaycanı
dağıtmaq istəyən məkrli xarici siyasətin qarşısında dayandı, Heydər Əliyevin
arxasınca gec də olsa təyyarə göndərdi. Heydər Əliyev gəldi və məhv olmaq təhlükəsiylə
üz-üzə qalan Azərbaycanı xilas elədi.
-Cəlal
Əliyevlə necə, zəngləşirsinizmi heç olmasa?
-Yox, heç
bir əlaqəmiz yoxdur. Amma insaf naminə deyim ki, əgər Heydər Əliyevin batmaqda
olan “Azərbaycan” adlı gəminin sükanı arxasına keçməsində ayrıca bir şəxsiyyətin
əvəzolunmaz xidmətindən söhbət gedirsə, bu yalnız Cəlal Əliyevdir. Cəlal Əliyev
bu yolda tarana gedib. Cəlal Əliyev Heydər Əliyevdən ötrü gözünü qırpmadan ölümə
gedib. Bu dəqiqə məndə Cəlal Əliyevin öz əliylə yazdığı siyahı var ki,
partiyanı yaratmaq prosesində, get filankəsin, filankəsin yanına. Mən bunların
hamısıyla dəqiq əlaqədə olmuşam və faktlar əsasında danışıram.
-Putinin
keçmiş SSRİ ərazisində yaşayan rusdilli əhaliyə Rusiya vətəndaşlığı verilməsi
qaydalarının sadələşdirilməsi haqqında qanunu imzalamasından sonra çoxlarını
bir sual düşündürür, bu adam enində-sonunda nə etmək istəyir?
-Rusiya
dünya siyasətini müəyyən edən 3-4 dövlətdən biridir. Rusiya mövcud dünyada öz
mövqelərini qoruyub saxlamaq üçün manevrlər etməyə cəhd edir. Bu, Rusiyanın öz
getdiyi yol və seçdiyi strategiyadır. Məncə biz “Rusiya nə etmək istəyir”
sualına cavab axtarmaqla özümüzü yormaqdansa “biz hansı addımları atmalıyıq”
sualını müzakirə etməliyik. Bu baxımdan prezident İlham Əliyevin xarici siyasət
startegiyasının olduqca məzmunlu və zərgər dəqiqliklə hazırlanıb həyata
keçirildiyini görmək lazımdır. Diqqətlə fikir verin, BMT-də Ukraynanın ərazi
bütövlüyünə də tərəddüdsüz dəstək verdi, AŞPA da anti-Rusiya ovqatlı qətnaməyə
də səs vermədi və qərarını əsaslandırdı ki, belə ədalətliydinizsə, illərdi Azərbaycan
torpaqlarını işğalda saxlayan bir işğalçını niyə qovmurdunuz qurumdan?
-Siz
2011-ci ildən boşsunuz və yaxud belə deyək ki, Xarici İşlər Nazirliyinin sərəncamındasınız.
-Belə demək
olar. Sadəcə deyim ki, 2011-ci ildə ordan qayıdanda nazirlə görüşmüşəm, ondan
sonra da heç vaxt heç bir qapını açmamışam, qanun necədirsə, o cür də mənə
münasibət var. Mən Əli Nağıyevəm, prezidentə, Azərbaycana və millətə sədaqətimi
saxlayıram və insanlara münasibətdə ikiüzlü deyiləm. Bu gün də mənim hər zaman
fəxr elədiyim odur ki, 10 il akademiyada, 10 il də universitetdə işləmişəm, 10
il nazir, 5 il deputat, 4 ildən artıq səfir olmuşam. Amma Azərbaycanda bir adam
yoxdur ki, onu görəndə başımı aşağı salam, yaxud üzümü yana çevirəm.
-Nəhayət,
bir suala da cavab istəyim. Bu günədək SSRİ-nin dağılma prosesinə start veriləndən
müstəqilliyin ilk illərinədək, oradansa YAP-ın hakimiyyətə gələrək ölkənin idarə
edilməsində iştirakıyla bağlı tarixi faktlara və sənədlərə əsaslanan, gələcək nəsillər
üçün əsl mənbə rolunu oynaya biləcək bir kitab oxumusunuzmu?
- Sözsüz
ki, dəyərli kitablar da var. Ona haqqı çatıb yazan kişilər də var, amma saxta
yolla ordan pul qazanmaq istəyənlər də çox oldu...
-Bəlkə bu
ara boşluqdan istifadə edəb Azərbaycanın müasir tarixini oturub yazasınız?
-Ona sənin
kimi bir oğlan lazımdır ki, oturaq, bunları əvvəldən axıra olduğu kimi yazaq.
-Biz deyək
ki, 200-500 il bundan qabaq yazılmış tariximizdə baş verən bir çox gerçəkləri
bilməməkdə haqqımız ola bilər, amma çoxumuzun gözünün qabağında baş vermiş
tarixi dövrü olduğu kimi yazmamaq qəbahətdir.
-Axı bu gün
hamımız sağıq və hər şey indiki nəslin gözləri önündə baş verib. Bu müsahibədə
adını çəkdiklərimin 90 faizi sağdır. Sözsüz ki, dəqiq tarix hamıya lazımdır. Əks
halda sonradan yenə tarixçi axtaracağıq...
Söhbətləşdi Zülfüqar Hüseynzadə






























































































