Ələkrəm Hümbətovun xanımı ərinə qarşı çıxdı

Hazırda oxunan: Ələkrəm Hümbətovun xanımı ərinə qarşı çıxdı

34655
“Yeni Müsavat” qəzeti separatçı Ələkrəm Hümbətovun xanımı Südabə Rəsulovanı danışdırıb. İsveçrədə yaşayan jurnalist Elbəyi Həsənlinin götürdüyü müsahibədə Südabə Rəsulova deyib ki, əri hələ Hollandiyaya qayıtmayıb.

- Bəllidir ki, həyat yoldaşınız oğlunuzu da Ermənistana aparıb. Bəziləri deyir ki, Ələkrəm onu aldadaraq özü ilə aparıb, bəziləri isə oğlunuzun öz istəyi ilə getdiyini deyir. 

- Oğlum Avropada böyüyüb. Qafqazda baş verənlərdən o qədər də xəbərdar deyil. Uşaq atasını çox istəyir. Onun sözünü yerə salmaz. Biz tərəfdə böyük-kiçik söhbəti güclüdür. Atası deyib, o da gedib.

- Sizin hansı etnik kökənə sahib olmağınızla bağlı fərqli fikirlər var. Bəzi yerdə talış, bəzi yerlərdə isə türk kimi təqdim olunursuz.

 - Mən talış, türk kimi ayrımları qəbul etmirəm. Millətçilik mənim üçün qəbuledilməzdir. Mən cənub bölgəsində doğulmuşam. Etnik mənsubiyyətim haqqında dəqiq bir şey deyə bilmərəm. Mən heç talış dilini də bilmirəm. Rus məktəbində oxumuşam. Atam Masallının Mahmudavar kəndindən olub. Atam heç bizə deməyib ki, biz talışıq, yoxsa türkük. Əslində, bunun elə bir fərqi də yoxdur. Əsas odur ki, insan olasan.

- Siz Azərbaycanın bütövlüyünün tərəfdarısınız, yoxsa “Talış-Muğan Respublikası” qurulması arzusu ilə yaşayırsınız?

- Azərbaycanın birliyinin tərəfdarıyam. İstəyirəm ki, vətənimdə demokratiya olsun. Azərbaycanda demokratiya olduqdan sonra bütün məsələlər ağılla-başla öz həllini tapar. Hakimiyyət xalqın əlində olmalıdır. Avropada niyə problem yoxdur? Çünki demokratik yolla işləri yoluna qoyurlar.

- Ələkrəm Hümbətov deyir ki, Azərbaycanda talışların problemləri var. Sizcə, bizdə talışların hansı problemi mövcuddur və necə həll olunmalıdır?

- Azərbaycanda təkcə talışların problemi yoxdur ki. Bütün xalq problem içindədir. Həbsə atılan təkcə talışlardımı? Xeyr, yüzlərlə azərbaycanlı demokratiyaya görə həbsdədir. Mən arzu edirəm ki, siyasi baxışlara görə həbslər olmasın.

- Ələkrəm Hümbətovun Ermənistana səfərinə münasibətiniz necədir?

- Düzü, Ermənistana getmək fikrində olduğunu bilməmişəm. Bizim evdə bu mövzuda söhbət olmayıb. Nəyə görə Ermənistana gedilməli idi ki? Mən bu səfəri heç vaxt lazım bilməmişəm. Ermənistan elə bir ölkədir ki, özünün köməyə ehtiyacı var. İndiyə qədər də ağlıma sığışdıra bilmirəm ki, o nəyə görə Ermənistana gedib.

Moderator.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin