Deputat: "Müstəntiqin əvəzindən deyə bilmərik ki, niyə filankəsin həbs müddəti artırıldı" -MÜSAHİBƏ

Hazırda oxunan: Deputat: "Müstəntiqin əvəzindən deyə bilmərik ki, niyə filankəsin həbs müddəti artırıldı" -MÜSAHİBƏ

33120

 Prezident seçkiləri yaxınlaşdıqca xarici mediada və beynəlxalq qurumların hesabatlarında Azərbaycan hakimiyyətinin ünvanına tənqidlərin sayı artır. Azərbaycan hakimiyyətini tənqid edənlər ölkədə siyasi azadlıqların məhdudlaşdırıldığını, siyasi fəalların kütləvi həbsini, müxalifətin vətəndaşlarla ünsiyyətinə yaradılan maneəni əsas kimi göstərirlər. Milli Məclisin İnsan Hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova ilə söhbətimizdə bu və digər məsələlərdən danışdıq.

- Rəbiyyət xanım, seçkiqabağı proseslərə nəzər yetirəndə hakimiyyətin qələbəyə əminliyi görünür. Bu əminlik sizdə haradandır? Ölkədə siyasi rəqabət mühitinin olmaması, siyasi fəalların həbsi bu əminliyi yaradıb?

- Sualınızın o hissəsi ilə razı deyiləm ki, İlham Əliyevin qələbəsinə hər birimizin inamı hansısa sadaladığınız məsələlərlə bağlıdır. Əvvala onu deyim ki, İlham Əliyevin qarşıdakı seçkidə qələbəsini zəruri edən bir sıra səbəblər var. Birincisi, cənab prezidentin ötən beş illik fəaliyyətinə diqqət yetirmək lazımdır. Bu beş il ərzində Azərbaycan iqtisadiyyatı sürətlə inkişaf edib. Ölkədə işsizlik problemi demək olar ki, aradan qalxıb. Regionların sosial-iqtisadi inkişafı proqramları uğurla həyata keçirilib. Ötən illər ərzində əhalinin sosial rifahı daha da yaxşılaşıb. Sovet banklarında qalan əmanətlər qaytarılıb. Ölkədə insan hüquqları sahəsində ciddi irəliləyişlər əldə edilib. Azərbaycanın beynəlxalq mövqeyi daha da güclənib. Artıq Azərbaycanla dünyanın bütün ölkələri hesablaşır. Bütün bunlar bizə əsas verir ki, 9 oktyabr seçkilərində İlham Əliyevin qalib olacağını deyək.

- Ancaq reallıqda vəziyyət fərqli görünür. Məsələn beynəlxalq qurumlar da təsdiqləyir ki, Azərbaycanda normal seçki şəraiti yoxdur. Belə olan halda normal seçki mühitindən danışmaq olarmı?

- Azərbaycanda seçki şəraiti var. Hər kəs qanunla müəyyən olunmuş qaydada bu prosesdə iştirak edə bilər. Bu gün ölkədəki vəziyyəti tənqid edənlər bunu əsaslandırmalıdır. Müxalifət qüvvələrinin cəmləşdiyi Milli Şura növbəti namizədini elan etdi və qanuni formada seçkiyə buraxıldı. Bu gün Milli Şuranın namizədinin müdafiəsi üçün imza kampaniyası başlanıb. Hamıya eyni şərait yaradılıb. Ölkədə azad seçkilərə təminat verən qanunverici baza var. Azərbaycan seçkilərin müşahidəsini aparmaq üçün dünyanın bir çox qurumlarına müraciətlər edin. Artıq ATƏT-in Müşahidə Missiyasının üzvləri Bakıdadır. Missiyanın ilk açıqlaması ilə tanış oldum. Azərbaycanda bəziləri istəyir ki, onların dilindən tənqid səslənsin. Amma onlar haqlı olaraq bildirir ki, işləri tənqid yox, müşahidədir.

- Azərbaycanda seçkiqabağı normal vəziyyət olduğunu deyirsiniz. Faktdır ki, vətəndaşların sərbəst toplaşmaq azadlığı hələ də tam təmin olunmur. Müxalifətçilər həbsxanalardadır.

- Milli Şura qanunla müəyyən olunmuş yerdə öz mitinqini keçirdi. Onlara mane olan da olmadı. Polis də həmin tədbirdə asayişi qorudu. Bu başqa məsələdir ki, insanların gur yerində mitinq keçirib, qarışıqlıq yaratmaq istəyi var və bunun da qarşısı alınır. Həbslə bağlı sualınıza gəlincə, bildirim ki, heç kəs günahsız yerə tutulmur. Mən o həbslərin təfərrüatlarını bilmədiyimdən geniş danışa bilmərəm. Kimsə həbs olunubsa, qanunla müdafiə hüququ var. İstintaq və məhkəmə araşdırmalarında onun günahkar olub-olmaması bilinəcək.

- Təcrübə göstərib ki, siyasi səbəblərə görə, başqa cinayətdə ittiham olunan adamlara ittihamlar sübut olunmur. Hazırda həbsdə olan xeyli adam var ki, istintaq hərəkətləri aparılmır amma onlar barəsində həbs-qətimkan tədbirinin müddəti artırılır.

- Cinayət prosessual qanunvericiliyin tələbləri var. Görünür, istintaqın tam və hərtərəfli aparılması üçün bu edilir. Siz ya da mən müstəntiqin əvəzindən deyə bilmərik ki, niyə filankəsin həbs müddəti artırıldı.

- Rəbiyyət xanım, rəqabətli seçkidə qalib olmaq daha qürürvericidir, yoxsa, bütün güclü rəqibləri sıradan çıxarmaq, rəqabətsiz seçkinin qalibi olmaq?

- Prezident seçkilərində rəqabət mühiti var. Çoxsaylı namizədlərin prosesə qoşulması bunu göstərir. Bu başqa məsələdir ki, Azərbaycanda İlham Əliyevə rəqib olacaq şəxs yoxdur.

 

Pərviz Həşimli

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin