Fikrət Cəfərli: “Bəziləri unudurlar ki, ordu məğlubiyyətə düçar olduqda təkcə sərkərdə məğlub olmur”

Hazırda oxunan: Fikrət Cəfərli: “Bəziləri unudurlar ki, ordu məğlubiyyətə düçar olduqda təkcə sərkərdə məğlub olmur”

31607


“Milli Şura sədrinin Tiflisdə şura üzvlərinin bir hissəsi ilə qurumla bağlı yaranmış son durumu müzakirə etməsini yenə də bəziləri öz xislətlərinin həyata keçirilməsi üçün əlverişli situasiya kimi dəyərləndirirlər. Amma, həmin adamlar bir nüansı unudurlar ki, Milli Şuranın təsisi ənənəvi müxalifətin şəxsi arzusu ilə yox, məhz həmin şəxslər tərəfindən uzun illər boyu aparılan səbatsız siyasətin heç bir perspektiv ortaya qoya bilməməsi nəticəsində, ictimai fikrin diktəsi ilə və Rüstəm İbrahimbəyovun xarizması fonunda reallaşdırılıb. Kimsə, Tiflisin Vere Palace otelində keçirilən son dəyərləndirmələrə, Milli Şuranın qarşısına qoyduğu hədəfdən yayındırıb öz marginal qrup maraqlarını həyata keçirmək üçün bir fürsət kimi yanaşırsa, o yanılır”.  

Bu sözləri Moderator.az-a açıqlamasında KXCP üzvü Fikrət Cəfərli qurum daxilində aparılan son müzakirələrə münasibətində söyləyib. Onun sözlərinə  görə,  qısamüddətli strategiyası 2013-cü ilə prezident seçkilərinə hesablansa da, qurumun uzunmüddətli strategiyası isə təkcə 2013 il prezident seçkilərini yox, ümumilikdə Azərbaycanda siyasi hakimiyyəti mövcud avtoritar rejimdən alıb xalqa qaytarmaq məqsədini ehtiva edir: 

“Mili Şuranın hədəflədiyi bu yolun həm uzun, həm də məşəqqətli olması görünür ki, bəzilərini müəyyən nüansları hesablamağa, qurumla birlikdə bu yolu gedə bilməyəcəklərini, gələcəkdə öz cəsarət defisiti və yaranmış situasiyaya adekvat addımlar ata bilməyəcəklərini qabaqcadan anlayıb bu qurumu gözdən salmaqla ordan uzaqlaşmağa vadar edir. Azərbaycan müxalifəti eks-prezident Ə.Elçibəydən sonra ilk dəfə olaraq Rüstəm İbrahimbəyovun başçılığı ilə mövcud rejimə qarşı mübarizə aparan bütün qüvvələri bir araya gətirə bildi və hesab edirəm ki, bu amili heç kəs nəzərdən qaçırmamalı, ilk növbədə Rüstəm İbrahimbəyov ilə başlanan bu prosesin qələbə ilə sona çatdırılması uğrunda mübarizənin açıq formasına keçmək barədə düşünülməlidir. Təbii ki, burada söhbət demək olar ki, xalqının böyük əksəriyyətinin etimadını qazanmış, beynəlxalq miqyasda tanınmış bir ziyalıdan gedir və onun Rusiyada ikili vətəndaşlıq məsələsinə də adi bir məsələ kimi, sıravi hansısa vətəndaşın Rusiya Federasiyası vətəndaşlığından imtina etməsi prosedurası kimi baxılmamalıdır.Bu məsələni demokratiya həsrəti ilə yaşayan bir xalqın onu məhrumiyyətlərdən qurtara biləcək ,Milli birliyini təmin edən oğlunun xalqının önündə getmək istiqamətindəki formal baryerlərin aradan qaldırılması kimi dəyərləndirilib onun ikili vətəndaşlıq probilemini açıq mübarizə formasında çözülməsi üçün də mücadilədən  çəkinməməlidir. Bu gün Azərbaycan vətəndaşını düşündürən bir məqsəd var ki, o da mövcud rejimin əlindən qansız-qadasız qurtulmaqdan ibarətdir. Məhz elə buna görə də kimlərinsə cəmiyyətə sırımağa çalışdığı guya vətəndaşlıqdan imtina məsələsi İbrahimbəyovun Rusiyadan və prezident Putindən aslılığını yaratması kimi fikirlər təbii ki, mövcud rejimin mətbəxinin məhsulu olan növbəti manipulyasiyalardan biridir. Tam əminliklə də deyə bilərəm ki, belə böhtanlar xalq tərəfindən də qəbul edilmir. Düşünürəm ki, Rüstəm İbrahimbəyovun qarşısında dayanan bu texniki məsələ təkcə onun yox. həm də bütövlükdə demokratik düşərgənin problemidir.Və bunun çıxış yolu da ondan ibarətdir ki, Milli Şura bir qurum olaraq Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı diplomatik nümayəndəliyi ilə də paralel olaraq təcili danışıqlar aparıb, bu kimi diplomatik kanallar vasitəsilə də Rusiya hakimiyyətinə bu məsələnin müsbət həlli üçün hüquqi proseduraların tezləşdirilməsi xahişini etməlidir. Ola bilsin ki,bu metod kimlərinsə xoşuna gəlməsin amma, nəzərə almalıyıq ki, bu adi vətəndaşlıqdan imtina prosedurası deyil. Bu siyasi məsələdir və təbii ki, söhbət dövlət başçısı postu uğrunda aparılan siyasi mübarizədə xalqın böyük kəsiminin namizədi olan bir şəxsdən gedir. Onu da nəzərə almalıyıq ki, yəqin ki, bu məsələnin vaxtında həll olunmamasında Azərbaycan hakimiyyətinin də maraqları var və beləliklə məsələ şəxsi yox, siyasi müstəviyə keçmiş olur. Siyasi məsələnin həlli mətbəx səviyyəsində olan dedi-qodulardan, intriqalardan, kuluar söhbətlərindən yox, siyasi danışıqlardan keçir. Kimsə düşünürsə ki, xalqın rejimin dəyişməsi uğrunda mübarizədə ümid bəslədiyi şəxsin ikili vətəndaşlıq problemini vaxtında həll edə bilməməsini əlində bayraq edərək, prosesi qurban verib məqsədlərini həyata keçirmək üçün yaranmış vəziyyətdən yararlanacaq və özünün haqlı olduğunu sübut etməyə cəhd edəcək, o yanılır. Bəziləri unudurlar ki, ordu məğlubiyyətə düçar olduqda təkcə sərkərdə məğlub olmur, bütövlükdə ordu və ölkə bu məğlubiyyətin nəticələrinə qatlaşmalı olur. Bu həqiqəti həmin şəxslərə xatırlatmağa da ehtiyac yoxdur. Çünki, analogiya aparılan zaman çəkilən misalda təsvir olunan situasiya ilə onlar illər öncə qarşılaşıblar. Rüstəm İbrahimbəyov Rusiya vətəndaşlığından rəsmən imtina edib. Qaldı ki, onun Rusiya Federasiyasının hansısa idarəsindən xüsusi qrifli arayış gətirməsi artıq hüquqi yox, siyasi məsələdi və bu məsələni aşmaq təkcə Rüstəm müəllimin işi yox, ümumilikdə bütün demokratik düşərgənin problemidir. Qalib gəlməyimizin ilk addımı elə vahid namizədin ətrafında yaranmış süni əngəlləri güc olaraq aşmağımızdan keçir”.

 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin