“Qeyri-səlis məntiq mənə həmişə elmdən çox dini xatırladıb”- Rafiq Əliyevlə qeyri-səlis Zadə söhbəti...

Hazırda oxunan: “Qeyri-səlis məntiq mənə həmişə elmdən çox dini xatırladıb”- Rafiq Əliyevlə qeyri-səlis Zadə söhbəti...

210857

Dünyanın nəhəng alimlərindən biri, bəşər tarixində elmə yanaşmanı dəyişən, elmi nəzəriyyələri ilə inqilab yaradan Lütfi Zadə dünyasını dəyişsə də, onun irsi həm davamçıları, həm də soydaşları tərəfindən davam etdirilməlidir.

Bu istiqamətdə ən böyük addımı onun elmi irsinin varisi, dünya çapında tanınan həmyerlimiz, professor Rafiq Əliyev atıb. Rafiq Əliyev Zadənin ona vəsiyyət etdiyi mirası “Lütfi Zadə irsi və Süni İntellekt” Assosiasiyasına bağışlamaqla Zadə irsinin təbliği ilə yanaşı, gənc alimlərin uğurlarına da töhfə verəcək.

Rafiq Əliyev həm də dünyada Lütfi Zadə şəxsiyyəti və elmi irsinin ən yaxşı bilicisidir. 40 ildən artıq dönəmdə onunla birgə müxtəlif elmi layihələr üzərində işləyib.

Professor Rafiq Əliyev Moderator.az-a Lütfi Zadənin şəxsiyyəti, Azərbaycana bağlılığı, həmçinin, zəngin elmi irsi barədə silsilə müsahibələr verib.

Silsilənin dördüncüxa0 müsahibəsində də biz Lütfi Zadənin şah əsəri sayılan qeyri-səlis məntiq barəsində Rafiq müəllimlə söhbət aparacağıq. Burada bir haşiyəyə çıxaq ki, bundan əvvəlki müsahibə (Zadənin qeyri-səlis məntiqə qədərki elmi fəaliyyəti barəsindəki söhbət) məzmun etibarilə, mürəkəbliyinə görə oxucularda müəyyən dərəcədə çətinlik yaratmışdı. Bu da təbiidir. Professor Rafiq Əliyev nə qədər geniş auditoriya kütləsi üçün çatımlı olan mülahizələr irəli sürsə də, Zadənin böyük elmi nəzəriyyələrinin ağırlığı yenə də hiss olunurdu. Odur ki, qeyri-səlis məntiq haqqında müsahibəni oxuculara rahat olsun deyə iki hissəyə ayırdıq. Həm həcmcə, həm də məzmunca oxuculara çətinlik yaşatmamağa çalışdıq. Qeyri-səlis məntiqlə bağlı müsahibənin birinci hissəsində əsasən, bu məntiqin yaranma tarixçəsi, onun dünyaya necə yayılması barəsində danışdıq. Həmçinin, qeyri-səlis məntiqin tətbiq olunduğu elm sahələri barəsində də danışdıq ki, ikinci hissədə də bu barədə söhbətimizi davam etdirəcəyik:


-Rafiq müəllim, söhbətimizin əvvəlində qeyri-səlis məntiqin əsas uğurlarından biri kimi, onun klassik riyaziyyatın çata bilmədiyi sərhədlərə varmasını göstərdiniz.xa0 Bəs, qeyri-səlis məntiqlə ölçmə, rəqəmli riyaziyyata alternativxa0 hesablama necə aparılır?

-Qeyri-səlis məntiqin canı iki şeydir: birincisi budur -xa0 dünyada hər bir şeyin öz dərəcəsi var. Mütləq heç nə yoxdu. Mütləq yalnız Tanrıdı. İkincisi də budur-qeyri-səlis məntiqdə qavrayış toplum halında olur, dənəvari yox. Məsələn, həkim analizdən, mümkün prosedurlardan qabaq əvvəlcəxa0 xa0yanına gələn xəstəninxa0 üzünə baxır. Xəstənin simasına baxanda onun durumu barədə özündə ilkin təəssürat yaradır. O, bu zaman durub xəstəlin simasındakı rəngi, solğunluğu ölçmür ki! Yaxud, xəstəliyin əsas nişanələrindən biri olan göz saraltısını durub cihazla ölçmür ki! O, sadəcə olaraq, xəstənin siması vasitəsilə onun səhhətindəki problemləri ölçmə aparmadan qavrayır. Yəni, toplum halında qavrayır, dənəvari şəkildə, ayrı-ayrılıqda xırda zərrəciklər halında yox!
Bax, qeyri-səlisin canı budur! Yəni, qeyri-səlis məntiqdə klassik rəqəmlər işləmir. Daha bir misal çəkək: tutaq ki, birxa0 qum təpəsini götürək. Kim deyə bilər ki, o qum təpəsində neçə ədəd qum zərrəciyi var? Heç kim durub oradakı qum zərrəciklərini bir-bir saya bilməz! O yalnız həmin təpə haqqında toplum qərar verə bilər: qum təpəsi böyükdür, ortadı, yaxud kiçikdi... Yəni, burada toplumsal qavrama əsas rol oynayır.xa0


-Şəxsən sizin hansı tədqiqat sahənizdə qeyri-səlis məntiq özünü daha qabarıq əks etdirir?xa0
xa0
-1965-ci ildə yaranan qeyri-səlis məntiq sonradan bütün elmlərə tətbiq olundu. Xüsusən də idarəetmə elmində çox işə yaradı. Qeyri-səlis idarəetmə sistemlərinin yaranmasına səbəb oldu. Xüsusən də, qərarqəbuletmə sistemləri dəyişdi. Allah rəhmət eləsin, Zadə ilə bizim son 15-20 ildə apardığımız bütün tədqiqatlar ancaq qeyri-müəyyənlik şəraitində qərarqəbuletmə nəzəriyyəsi ilə bağlı olub.xa0

-Rafiq müəllim, fəaliyyətinizin bir hissəsini də uzun illərdir ki, qeyri-səlis məntiqə həsr etmisiniz. Qeyri-səlis məntiq şəxsən sizin üçün nə deməkdir? Bu nəzəriyyə sizə nəyi xatırladır?

-Bu barədə əvvəllər də yazmışam: deyərdim ki, qeyri-səlis məntiq elmdən çox dinə oxşayır. Nəyə görə? –Yayılma sürətinə görə! Bu gün dünyada elə bir sahə yoxdur ki, orada qeyri-səlis məntiq olmasın. Dünyanın elə bir universiteti yoxdur ki, orada qeyri-səlis məntiq keçirilməsin. Başda Yaponiya, Çin olmaqla dünyanın bir çox ölkələrinin iqtisadiyyatı qeyri-səlis üzərindən inkişaf etdi. Yayılma sürəti və arealına görə mən qeyri-səlis haqqında bu fikirdəyəm. Cəmi 50 ildir, yaranıb. 50 il nə böyük tarixdir ki?! Amma bu 50 ildə dünyada inqilabi dəyişikliklər etdi. Bu iki parametrinə görə, qeyri-səlis məntiq nəzəriyyəsixa0 mənə dini xatırladır.

-Müsahibələrinizdə bir neçə dəfə yeni sivilizasiyanın düşüncə tərzinin qeyri-səlis düşüncə olacağını demisiniz. Bunu nə ilə əsaslandırmaq olar?

-Qeyri səlis məntiqi xarakterizə etsək, ona həm dəxa0 tolerantlıq məntiqi deyərəm. Çünki bu məntiqin mahiyyətində çox böyük dözümlülük var. Bayaq siz dediniz: mütləq məntiq ya “dost”, ya “düşmən”, ya “ağ”, ya “qara” tanıyır. Bu, onun məntiqin tələbidir. Amma qeyri-səlis məntiqə görə kimsə daha yaxın dost, kimsə bir az yaxın, kimsə nisbətən uzaq, kimsə daha uzaq dost ola bilər. Yəni, dostluq müxtəlif dərəcələrlə qiymətləndirilir. Burada düşmənlik anlayışı yoxdu. Lenin dediyi “dostum deyilsənsə, deməli düşmənimsən” ifadəsi bu məntiq üçün deyil. Məsələn, partiya üvzlərinin bir-birilərinə münasibətini götürək: bu partiyanın üzvü o biri partiyanın üzvünə düşmən kəsilib. Niyə? Çünki aralarında tolerantlıq yoxdu. Onlar klassik məntiqlə düşünürlər. Ona görə də, fikrimcə, yeni sivilizasiyanın düşüncə tərzi qeyri-səlis məntiq olacaq. Bu, haradasa 2040-2050-ci illərə təsadüf edəcək.xa0


-Qeyri-səlis məntiq təbii ki, çox mürəkkəb elmi mülahizələr sistemidir. Sağ olun ki, bizə bunu bu cür anlaşıqlı üsulla izah edirsiniz. Amma oxucuların adından bu nəzəriyyəni anlamaq üçün sizdən daha bir anlaya biləcəyimiz nümunə xahiş edərdik:

-İnternetdə belə bir tipik hesablama proqramı var; ona akademik dildə bençmant deyirlər. Bundan proqram istifadəçisi həyat yoldaşını seçmək qərarını vermək üçün yararlanır. Bu, çoxmeyarlı bir məsələdir. İnternetdə bunu görmək olar, amma klassik variantda. Biz, qeyri-səlis məntiqin mahiyyətini sadə üsulla təsvir etmək üçün həmin proqramı nümunə çəkək. Məsələn, deyək ki, beş nəfər namizəd var və istifadəçi onların arasından özünə həyat yoldaşı seçə bilər. Bu seçim zamanı tələb olunan kriteriyalar ölkədən ölkəyə dəyişir. Amma ümumən dünyada proqramın bir neçə oxşar meyarları var: birinci kriteriya – gözəllik! Burada namizədlərin gözəllik göstəricilərinə diqqət edilir.xa0 Axıxa0 istifadəçinin elə bir cihazı yoxdu ki, durub bir-bir namizədlərin gözəllik dərəcəsini hesablasın. Bu, persepsiyadır. Ümumiyyətlə, informasiyanın iki növü var: hesablama və persepsiya. O şeyi ki, ölçüb dəqiq qiymət vermək olar, bu, hesablama informasiyasıdır. Məsələn, biz təzyiqimizi ölçüb dəqiq nə qədər olduğunu bilirik. İkincisi isə qavrayış, persepsiyadır. Məsələn, gözəlliyi ölçmək mümkün deyil. Kimin gözəl, kimin isə çox gözəl olması insandan asılıdır. Amma istənilən insan təbii ki, seçəcəyi insanın gözəllik dərəcəsini öz özlüyündə qavrayır.

Proqramdakı ikinci meyar isə evdarlıqdı. Yaxşı, mən bu evdarlıq göstəricisini həmin namizədlərdə necə ölçüm?! Elə bir cihaz varmı ki, mən bir-bir gedib həmin beş namizədin evdarlıq qabiliyyətini hesablayım? Yoxdur! Demək, burada yenə də qeyri-səlis məntiq köməyə gələcək. Seçim edən şəxs bu meyar əsasında kimin nə qədər qabiliyyətli olduğunu ölçə bilməsə də, qavrayacaq. Bu qavrayış hesabına da ümumi nəticəyə varacaq.

Üçüncü meyar isəxa0 ailədə tolerantlıq, ailədaxili münasibətlər sistemidir. Gördünüzmü, heç bunu da ölçmək mümkün deyil. Mən bir adamın öz ailəsində necə dil tapdığını necə hesablaya bilərəm ki?! Bunu da ancaq qeyri-səlis yolla qavramaq olar.xa0
Növbəti meyar isə ziyalılıqdır. Biz heç vaxt həmin xanım namizədlərin ziyalılıq göstəricisini hansısa yolla dəqiq hesablaya bilmərik.
Yuxarıda meyarlar dedik, onların hansını klassik yolla hesablamaq olar?-Heç birini! Bax, bu zaman mən qeyri-səlis informasiyalar vasitəsilə qərar qəbul edib, beş namizədin içərisində həmin meyarlara ən yaxın olanı seçməliyəm. Bu misalı mən internetdən dedim. Kifayət qədər populyar proqramdır, həm də həyati bir misaldır.xa0
Deməli, qarşıdakı sivilizasiyada biz elə bu cür hesablamarla qərarlar verəcəyik. Qeyri-səlis məntiq həyatın özünü də idarə edəcək. Biz əslində, çox sadə misal çəkdik. Amma gördünüzmü, təkcə o misalda belə, qeyri-səlis məntiq beş dəfə köməyimizə çatdı.


-Çəkdiyiniz nümunə bir məsələni xatırlatdı: deyilənə görə, qeyri-səlis məntiqin yaranması da qadınların gözəlliyinin müqayisəsi zamanı müydana çıxıb.xa0 Aralarında Zadənin də olduğu alimlər qrupu kimin həyat yoldaşının daha gözəl olması ilə bağlı mübahisə edib. Sonda qərara gəliblər ki, əslində, hər bir qadın gözəldir. Amma həmin gözəlliyin yanında onun dərəcəsini göstərən bir əmsal da olmalıdır... Bu versiya nə dərəcədə ciddidir?

-Xeyr, bu uydurulmuş bir əhvalatdı. Amma Zadənin xanımı Fey son dərəcə gözəl bir qadın olub. Baxın, mən burada da sizə qeyri-səlis məntiqlə cavab verdim. Yəni, “son dərəcə gözəl” dedim. Gözəlliyini hansısa faiz göstəricisi vəxa0 konkret rəqəmlərlə demədim. Siz deyən əhvalatı mən də eşitmişəm. Amma bu, uydurmadır.

-Qeyri-səlis məntiqin humanitar sahələrlə, məsələn, ədəbiyyatla əlaqəsindən danışaq. Qeyri-səlis məntiq humanitar sahələrə, yaradıcılığa nə dərəcədə təsir göstərdi?

-Son 10 ildə qeyri-səlis məntiqin ən çox tətbiq olunduğu sahələrdən biri də humanitar elmlərdir. Məsələn, qeyri-səlisi tətbiq etməklə bədii mətnlərdən müəyyən nəticələrxa0 çıxarılır.xa0 Tutaq ki,xa0 nağıl oxuyuruq. Nağılda ibrətamiz məqamlar çoxdu. Böyük bir nağıldakı ibrətamiz məsələləri mən üç cümlə ilə necə əhatə edə bilərəm? Qeyri-səlis məntiq həmin bu nəticə çıxarmaqda insanlara çox kömək edir.xa0 Biz qeyri-səlis məntiqi tətbiq etməklə, istənilən böyük romanın ümumi qayəsini bir neçə cümlə ilə ümumiləşdirə bilərik.xa0
Bu bilirsiz harada lazım olur? Təsəvvür elə ki, bir müəllifə aid xeyli saydaxa0 mətnlər var. O mətnlərin hamısını kompüter proqramına cəlb edib, müəllifin ümumi qayəsini, nə demək istədiyini bir neçə cümlə ilə müəyyənləşdirmək olar. Bu başdan-başa qeyri-səlis məntiqdir.xa0
Nağıllarda nəticə çıxarmaq, mətni üç cümlə ilə əvəz etmək qeyri-səlis məntiqin vasitəsilə həyata keçirilən proseslərdir.

-Rafiq müəllim, bu gün qeyri-səlis məntiqin ən çox tətbiq olunduğu sahələrdən biri də təbabətdir. Bu baxış sistemi gələcəyin təbabətində nəyi dəyişəcək?

-Bəli. Bu gün qeyri-səlis məntiq bəlkə də, ən çox elə təbabətdə tətbiq olunub. Tibbdə çoxlu ekspert sistemləri var. Onlardan birini misal çəkək: ekspert öz sahəsinə mükəmməl vaqif olan mütəxəssisdir. Allah hamıya uzun ömür versin. Amma həmin mütəxəssislər də nə zamansa dünyalarını dəyişəcəklər. Həmin bilikləri də özləri ilə aparacaqlar. Çünki onların biliklərinin hamısı kitablarda yazılmayıb. Bir usta həkim çox zaman əli ilə yoxlayandan sonra orqanizmdəki problemi bilir. Onun əl ilə yoxlanışı kitabda yazılmayıb ki! Odur ki, həmin sistem mütəxəssislərin biliklərini alıb, verilənlər bazasına daxil edir. Həmin biliklər bazası vasitəsilə gələn simptonların əsasında diaqnoz qoymaq mümkün olur. Həmçinin, bu zaman diaqnozda müəyyən ehtimallar daxa0 olacaq. Çünki bu, qeyri-səlis informasiyadır. Məsələn, qərar veriləcək ki, insandaxa0 80 faizə yaxın bu xəstəlik,xa0 20 faizə yaxın isə başqa xəstəlik var.xa0

Biz hələ yalnız bir nümunə çəkdik. Bu cür metodlar xeyli çoxdu. Qeyri-səlis məntiq gələcəyin tibb elmini bu cür dəyişəcək.xa0 Amma təkcə təbabət deyil ki! Bax orada bir kitab var-qeyri-səlis kimya. Bu artıq ayrıca bir elm sahəsidir və təbii ki, qeyri-səlis məntiqin bazasında yaranıb. Yaxud qeyri-səlisxa0 fizika, qeyri-səlis biologiya və s.
Bütün emlər, sahələr qeyri-səlis məntiqə keçdi.xa0 Artıq qeyri səlis iqtisadiyyat anlayışı yaranıb. Bu nəzəriyyə iqtisadiyyatı da dəyişib. Mənim qeyri-səlis iqtisadiyyatla bağlı məqalələrim var. Zadə ilə qeyri-səlis qərarqəbuletmə üzərində uzun illər bərabər çalışmışıq. Burada verilən bütün qərarlar qeyri-səlis yolla ölçülür. Qarşındakı insanla bağlı necə qərar qəbul etmək olar? Onun dürüstlük göstəricisixa0 nə qədərdir? Sən ona inanmaqla nə dərəcədə riskə yol verirsən?xa0 Bunları hesablamaq üçün xüsusi cihaz yoxdur! Bunların hamısı qeyri-səlis məntiqlə anlaşılır.xa0
Görürsüzmü, təkcə qeyri-səlis məntiq nəzəriyyəsi Lütfi Zadənin adını bəşəriyyətin mövcudluğu boyu qoruyub saxlaya bilərdi. Çünki gələcək sivilizasiya da dediyim kimi, qeyri-səlis məntiq sivilizasiyasıdır. Amma Zadə bunlarla kifayətlənməli. O, ömrünün sonuna qədər çalışdı və başqa mükəmməl elmi nəzəriyyələr də yaratdı. Onlar barəsində isə gələn söhbətimizdə danışaq.

Elmin Nuri

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin