İqtisadçı millət vəkili Vahid Əhmədov gündəmin bəzi aktual iqtisadi mövzuları ətrafında Moderator.az əməkdaşının bir neçə sualını cavablandırıb.xa0
V. Əhmədov ilk öncə Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının rəhbəri Rüfət Aslanlının prezident İlham Əliyevdən 4 dəfə artıq maaş alması barədə saytımızda gedən materialla tanış olduqdan sonra keçirdiyi hisləri bölüşüb:
- Mən bu rəqəmi oxuyanda çox təəccübləndim. Çünki hansısa dövlət məmurunun və ya dövlətdən maliyyələşən qurumun rəhbərinin dövlət başçısından yüksək əmək haqqı alması heç anlaşılan şey deyil. Yadımdadır, Milli Məclisin komitə iclasında Maliyyə Bazarlarına Nəzarət Palatasının yaradılması ilə bağlı qanun layihəsi müzakirə olunanda sual verdim ki, bu qurum hardan və necə maliyyələşəcək? O zaman Rüfət Aslanlı cavab verdi ki, biz banklarla müqavilələr bağlayacağıq, banklara müəyyən hüquqi və maliyyə yardımları edəcəyik, əvəzində onlar da bizə müəyyən vəsaitlər ödəyəcəklər. İndi görsənir ki, bu gün banklar faktiki olaraq bu qurumun tabeliyindədir, ona görə də istədikləri bankla istədikləri şərtlər altında müqavilə bağalayaraq vəsaitləri götürür, özlərinə də bu cür izaholunmaz əmək haqqılar yazırlar.xa0
- Ümumiyyətlə MBNP yaradılması ölkənin bank-maliyyə sisteminə nə verdi?
- Mən bu qurumun yaradılmasının tarixçəsini sizə danışım. MBNP-nin yaranması Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında geniş müzakirə olundu. Orada mən bu məsələni qaldırdım və təbii ki, çıxışım da parlamentin stenoqramında var. Orda soruşdum ki, axı bu qurumun yaradıılmasında məqsəd nədən ibarətdir? Bu palatanın yaradılması nəyə xidmət edəcək? Əgər Palata bankların sağlamlaşdıılmasına xidmət edəcəksə, bundan ötrü Mərkəzi Bank var. Ola bilər ki, Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov kimisə qane etmir, dəyişdirin və ya müəyyən qərarlar verərək həm inzibati məsuliyyəti sərtləşdirin, nəzarət mexanizmini gücləndirin, yaxud struktur islahatları yolu ilə bu problemi tənzimləyin. Yoxsa əlavə bir qurumun yaradılmasına nə ehtiyac var? Cavab verdilər ki, İsveçrədə və daha bir neçə ölkədə belə bir struktur var və prosesləri bu yolla tənzimləyirlər. Doğrudur, dünyanın bəzi dövlətlərində bizdəki palata kimi strukturlar mövcuddur. Amma mən iclasda ikinci dəfə çıxış edərək söylədim ki, indiki şəraitdə Azərbaycanda belə bir qurumun yaradılmasına ehtiyac yoxdur. Bu qurumun yaradılması əlavə problemlər yaradacaq. Çünki ölkənin pul-kredit siyasətini Mərkəzi Bank həyata keçirir. Tutaq ki, sabah MBNP bank sistemində müəyyən sağlamlaşdırıma tədbirləri həyata keçirmək üçün Mərkəzi Banka müraciət edəcək ki, ona müəyyən qədər vəsait ayrılsın. Mərkəzi Bank da deyəcək ki, mənim vəsaitim yoxdur, bəs onda necə olacaq? Yəni MBNP yaradılmaqla faktiki olaraq Mərkəzi Bankla bu qurum arasında ikitirəlik yarandı. Mən onda da qeyd etdim, bu gün də o qənaətdəyəm MBNP yaradılması vaxtından qabaq atılmış addım idi. Baxın, bu qurum il yarımdan artıqdır fəaliyyət göstərir, amma bu müddətdə ölkənin bank sistemində yaxşılığa doğru nəsə dəyişibmi? Yeganə nəticəsi o oldu ki, 11 bank bağlandı. Halbuki biz deputat həmkarım Əli Məsimli ilə dəfələrlə təklif etmişdik ki, bankların bağlanmasından daha çox onların təmərküzləşməsinə, yəni birləşərək iri banklara çevrilməsinə diqqət yetirmək lazımdır. Cənab prezidentin bunların qarşısına qoyduğu vəzifə də elə bundan ibarət idi ki, bankların bağlanması yox, birləşməsi istiqamətində fəaliyyətə üstünlük verilsin. Amma bu istiqamətdə ya heç bir addım atılmadı, ya da atılan addımlar kəsərsiz və yetərsiz oldu. Nəticədə bu gün banklar iki devalvasiyanın sarsıdıcı təsirlərindən hələ də özlərinə gələ bilməyiblər. Banklardan nağd vəsaitlərin çıxarılmasına qoyulan məhdudiyyətlərsə onsuz da çətin durumda olan bankları dizi üstə qoyub. Ortaya atılan 30 min manatdan artıq pulun nağdlaşdırılmasının qadağan edilməsinə gərək vardımı? Əgər bununla manatın məzənnəsinin sabit saxlanılması və valyutanın ölkədən çıxarılmasının qarşısını almaq niyyəti güdülürdüsə,bunun başqa yolu yox idimi? Niyə sahibkarlıq mühitini bu cür korladılar?xa0
- Bir müddət öncə Milli Məclisin sədri Oqtay Əsədov da Rüfət Aslanlının iştirak etdiyi plensar iclasda hamının qarşısında açıq şəkildə bildirdi ki, 30 min manat məsələsinə yenidən baxmaq lazımdır. Amma aradan xeyli müddət keçsə də sanki spikerin bu təklifi də unuduldu.
- Tamamilə haqlısınız. Amma təkcə bu fakt deyil ki. Yadınızdadırsa devalvasiyadan sonra biz Əli Məsimli ilə birlikdə dollarla olan kreditlərin qaytarılması mezanizminin sadələşdirilməsi üçün 14 səhifəlik təkliflər paketi hazırlayıb təqdim etdik. Amma bu günə qədər həmin təklif də Milli Məclis sədri cənab Oqtay Əsədov tərəfindən bəyənilsə də nəinki sonradan yaddan çıxdı, heç bizə rəsmi cavab da verilmədi.
- Heç bir qurumdan cavab almadınız bu günə qədər?
- Yox, almamışıq. Nə prezidentin iqtisadi islahatlar üzrə köməkçisindən, nə parlament rəhbərliyindən, nə də palatadan. Aldığım məlumata görə MBNP müsbət rəy vermədiyindən təkliflərimiz bu cür aqibətlə üzləşib. Bildiyim qədər digər orqanların bu təkliflə bağlı müsbət rəyləri olub. Bax bütün bunlar bank sistemini gətirib indiki duruma çıxarıb. Yadınızdadırsa parlamentin yaz sessiyasının növbədənkənar iclasında dövlət büdcəsinə dəyişiklik etdik. Yəni məcbur olduq ki, dövlət büdcəsindən əlavə olaraq 550 milyon manat vəsait ayıraraq Əmanətlərin Sığortalanması Fonduna verilsin. Bu qərar dövlət başçısının çox böyük humansit addımı kimi qiymətləndirilməlidir və vətəndaşlartın əmanətlərinin qorunması üçün çox böyük fədakarlıqdır. Amma indi gəlin görək Əmanətlərin Sığortalanması Fondu həmin əmanətləri necə xərcləyəcək? Yaxşı olardı ki, Hesablama Palatası dövlət büdcəsindən həmin fonda ayrılmış vəsaitin hansı istiqamətlərə xərclənməsinə nəzarət etsin. xa0































































































