Tanınmış iqtisadçı Qubad İbadoğlu mətbuata xa0müsahibə verib. O, bir müddət öncə qayıtdığı ABŞ səfərindən, həmçinin Azərbaycan iqtisadiyyatının vəziyyətindən və milli valyuta olan manatın gözlənilən məzənnəsindən danışıb.
Beləliklə Moderator.az müsahibəni təqdim edir:
xa0- Qubad bəy, ilk olaraq Amerika Birləşmiş Ştatlarına etdiyiniz uzunmüddətli səfər barədə soruşum. ABŞ səfəriniz necə keçdi?
xa0
- Bu səfər həm özümün peşəkar fəaliyyətim üçün əhəmiyyətli idi, həm də bütövlükdə bir insanın inkişafı və Amerika Birləşmiş Ştatları cəmiyyətinin üstünlüklərini görmək, orada yaşamaq üçün yaxşı bir dövrə təsadüf edirdi. Mənim üçün də maraqlı tərəflərdən biri Birləşmiş Ştatların siyasi həyatıdır. Çox maraqlı dövrdə orada oldum. Prezident seçkilərinə hazırlıq dövrü idi və həm Respublikaçılar, həm də Demokratlar Partiyası özlərinin ilkin seçkilərini keçirirdilər və bu seçkilərdə iştirak edən namizədlər arasında debatlar, namizədlərin seçiciləri ilə görüşü, bütövlükdə hər ştat üzrə yarış həqiqətən də Birləşmiş Ştatların siyasi həyatına yeni bir rəng qatmışdı. Bu prosesi izləmək, eyni zamanda bununla bağlı akademik dairələrdə müzakirələr aparmaq üçün bir şans idi. Ona görə mən özüm də maraqlı idim ki, bu məsələlərdə müəyyən faydalı tərəfləri görüm və onun Azərbaycana gələcəkdə transferi istiqamətində, ölkədə siyasi mübarizə mədəniyyətinin formalaşmasında bu təkliflərlə çıxış edim. Bu tərəfdən bir siyasi təcrübə qazandım.xa0
İkinci bir tərəfdən baxsaq, Birləşmiş Ştatlarda səfərim iki hissədən ibarət idi. Biri Vaşinqtonda Demokratiya Himayə Fondunun təşəbbüsü ilə, eyni zamanda Konqresin təşkilati dəstəyi ilə həyata keçirilirdi. Orada mən demək olar ki, müxtəlif səviyyələrdə görüşlərə və müzakirələrə cəlb olunmuşdum. Obama administrasiyası, Konqresin üzvləri, dövlətin məsul şəxsləri, Dünya Bankının, Beynəlxalq Valyuta Fondunun Azərbaycanla, regionla əlaqəli ekspertləri, analitikləri ilə görüşlərim oldu. Buradan da xeyli təcrübə qazandım. Biz Azərbaycanın bu gününü deyil, həm də sabahını müzakirə edirdik.xa0
Orada önəmli tədbirlərə qatıldım. Həmçinin səfərdən qazancım dünyanın nüfuzlu universitetlərindən olan Duke Universitetində professor vəzifəsində, iqtisadiyyat departamentində işimlə bağlı idi. Ağır dövr idi. Azərbaycanda da hadisələr, proseslər sürətlə baş verirdi. Xüsusilə də mənim ABŞ-da olduğum dövrdə bir vəzifəm də beynəlxalq tədbirlərdə iştirak idi. Müxtəlif tədbirlərdə iştirak üçün oranı səkkiz dəfə tərk etdim. O tədbirlərdən biri daha önəmli idi- Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü ilə bağlı beynəlxalq idarə heyətinin toplantılarına qatıldım. Keçən ilin aprelində toplantıda Azərbaycanla bağlı qərar verildi, ölkənin statusu əlindən alındı. Ondan sonra mənə və işlədiyim təşkilata təzyiqlər daha da şiddətləndi. Keçən ilin mayından bizim ofisdən maliyyə-mühasibat sənədlərini aparıblar. Bizim kompüter avadanlıqlarımızı müsadirə etmişdilər. İndi kompüter avadanlıqlarını qaytarıblar, amma geri qayıdan doqquz kompüterdən heç biri çalışmır.xa0
İndi maliyyə-mühasibat sənədlərini geri almaq istəyirik, hələ buna nail ola bilməmişik. Bizdən 156 qovluq və təxminən 70 maliyyə-mühasibat kitabçası, sənədlər götürüblər. Təşkilatın bütün müqavilələri, sənədlər hələ də Baş Prokurorluğun Ağır Cinayətlər İdarəsində qalır. Biz ümid edirik ki, bu sənədlər də geri qayıdacaq. Mən İqtisadi Tədqiqatlar Mərkəzində bir ekspert olaraq fəaliyyətimi davam etdirəcəm. Eyni zamanda burada baş verənlər təbii ki, Birləşmiş Ştatlarda məni də narahat edirdi, qayğılandırırdı.xa0
Və mən orada olduğum dövrdə heç də bu baxımdan arxayın deyildim. Yaranan narahatçılıq istənilən halda xoşagəlməz idi. Amma mən gedəndə də müəyyən proseslər başlamışdı, ondan əvvəl də. Mənim Birləşmiş Ştatlara səfərim planlaşdırılmış bir səfər idi, proseslərlə, təşkilata və şəxsən mənə olan təzyiqlərlə əlaqəli deyildi. Hesab edirdim ki, həqiqətən bu dövr bizim həm başladığımız işləri inkişaf etdirmək üçün, həm də şəxsi müstəvidə əlaqələrin qurulması üçün əhəmiyyətli dövr idi. Ona görə də Birləşmiş Ştatlarda fəaliyyətimi və ondan əldə edilən nəticələri uğurlu hesab edirəm. xa0
- İqtisadi Tədqiqatlar Mərkəzinin hesabı ilə bağlı problem həll olundumu? Bir çox QHT-lərin hesablarındakı borcun silinməsi, hesabların açılması, QHT-lərlə bağlı qaldırılan cinayət işlərinin dayandırılması ilə bağlı xəbərlər var. Sizin təşkilatda vəziyyət necədir?
- Bu məlumatlar səhih deyil. Müxtəlif mənbələrdən mətbuata sızdırılır. Heç bir QHT-nin vergi borcları silinməyib. Heç bir QHT-yə qarşı da cinayət işi dayandırılmayıb. Mən özüm bu prosesi yaxından izləyirəm. Düzdür, Mədən Sənayesində Şəffaflıq Təşəbbüsünə daxil olan qeyri-hökumət təşkilatlarının bank hesabları açılıb. Amma bank hesablarının açılması o demək deyil ki, azad şəkildə bankda olan vəsaitləri istifadə edə bilərik. Çünki orada olan vəsaitlərin istifadəsi qrantların qeydiyyatı haqqında bildiriş təqdim etmədən mümkün deyil.xa0
Bank hesabları açılsa da, oradakı vəsaitlər üzərində sərbəst sərəncam vermək hüququ hələ ki bir çox təşkilatlara nəsib olmayıb. Çünki onlar indi də qrant qeydiyyatları ilə məşğuldur. Bizim kimi təşkilatlar üçün bu, daha çətindir. Çünki biz qrant qeydiyyatına müraciət etmək üçün müqavilə sənədlərini də əlavə etməliyik. Amma bu gün biz bu sənədləri geri ala bilmədiyimizdən, rəsmi qaydada Ədliyyə Nazirliyinə qrantların qeydiyyatı ilə bağlı müraciət də edə bilmirik. Bu baxımdan, çətinliklər qalır. Amma müəyyən dəyişikliklər var.xa0
Hesab edirəm ki, bu bir başlanğıcdır, davam etməlidir. Çünki Azərbaycan hakimiyyəti bunu etməsə, xüsusilə də Mədən Sənayesində Şəffaflıq Təşəbbüsündə iştirak edən qeyri-hökumət təşkilatlarına tətbiq olunan məhdudiyyətlər aradan qaldırılmasa, iyun ayının 1-2-də Osloda bizim növbəti idarə heyətinin toplantısı olacaq ki, həmin toplantıda Azərbaycanla bağlı müzakirələr gündəlikdədir. Hesab edirəm ki, bu problemlər aradan qaldırılmasa, Azərbaycanla bağlı qərarlar daha da sərt ola bilər. Mən düşünürəm ki, bu, yalnız Mədən Sənayesində Şəffaflıq Təşəbbüsünü əhatə etməli deyil. Çünki bütövlükdə, böyük mənada vətəndaş cəmiyyətinin bütün tərəflərini, bütün iştirakçılarını əhatə etməlidir. Çünki vətəndaş cəmiyyəti yalnız Mədən Sənayesində Şəffaflıq Təşəbbüsündən ibarət deyil. İkincisi, bu, qısamüddətli, birdəfəlik tədbir kimi həyata keçirilməli deyil. Uzunmüddətli dəyişikliklər üçün əsaslar yaradılmasına xidmət etməlidir. Uzunmüddətli dəyişikliklər üçün əsaslar yaranması üçün də mövcud qanunvericilikdə ciddi dəyişikliklərə və əlavələrə ehtiyac var.xa0
Çünki son zamanlar qəbul edilmiş bir çox qaydalar Azərbaycanda nəinki yerli qeyri-hökumət təşkilatlarının, həm də xarici donorların fəaliyyətini məhdudlaşdırıb. Onların üzərində dövlət orqanlarının müdaxiləsi imkanlarını artırıb. Ona görə də bu barədə ciddi dəyişikliklər gözləyirəm. Yenə də ümidlərimi itirməmişəm. Çünki bizi qarşıda beynəlxalq səviyyədə iki çətin müzakirə gözləyir. Biri mayın 3-4-də Cənubi Afrika Respublikasında açıq hökumət tərəfdaşlığı ilə bağlı idarə heyətinin toplantısında Azərbaycanla bağlı müzakirədir. İkincisi isə iyunun 1-2-də Mədən Sənayesində Şəffaflıq Təşəbbüsünün beynəlxalq idarə heyətinin toplantısında Azərbaycanın öhdəliklərini necə icra etməsinin qiymətləndirilməsi ilə bağlıdır. Hər ikisi Azərbaycan üçün önəmlidir. Hər iki təşəbbüs Azərbaycanın inkişafında önəmli rol oynaya bilər. Düşünürəm ki, açıq hökumət, hesabatlılıq və şəffaflıq bu gün Azərbaycanda gözlənilən islahatların əsas prinsiplərindən biridir. Azərbaycan hökuməti ciddi islahatlar aparmaq niyyətindədirsə, bu, yalnız daxildə sərəncamlarla ifadə olunmalı deyil. Həm də xaricdə beynəlxalq təşkilatlarda götürülən öhdəliklərin vaxtı-vaxtında və tam şəkildə yerinə yetirilməsinə xidmət etməlidir. O baxımdan hər iki tədbirin Azərbaycanla bağlı qərarı iqtisadi islahatların səmərəliliyində əhəmiyyətli rol oynaya biləcək. Azərbaycanın xarici borclara çıxış imkanlarının təmin edilməsində də hər iki təşkilatın qərarının mühüm əhəmiyyəti ola bilər.
- Hazırda ölkədə iqtisadi vəziyyət necədir?
xa0
- Hazırda hesab edirəm ki, Azərbaycan iqtisadiyyatı tənəzzülə girib və bu tənəzzül dövründə baş verənlər həm biznes, həm istehlakçı cəmiyyətində xüsusi narahatçılıq doğurur. Mənim müşahidələrimə görə, tənəzzülün baş verməsinin çox müxtəlif səbəbləri var. Onların bəziləri obyektiv səbəblərdir. Bundan çox danışırıq və buna misal olaraq dünya bazarında neftin qiymətinin ucuzlaşmasını göstəririk. Amma bunun subyektiv səbəbləri də var. Bu gün xüsusilə də Mərkəzi Bankla Maliyyə Nazirliyinin apardığı siyasətlər Azərbaycanda iqtisadi tənəzzülün sürətlənməsinə xidmət edir. Çünki hər iki təşkilat heç bir koordinasiya olmadan özlərinin maraqlarına xidmət edən siyasət yerinə yetirirlər.xa0
Əvvəla, Mərkəzi Bank dövriyyədəki manat kütləsini məhdudlaşdırmaqla iqtisadi aktivliyi xeyli aşağı salır və bunun əsas məqsədlərindən biri ondan ibarətdir ki, monetar üsullarla qiymət artımının qarşısını alsın. Hesab edirəm ki, bu, bütövlükdə Azərbaycanda həm kredit qoyuluşlarının aşağı düşməsi, investisiya qoyuluşlarının azalması, işgüzar aktivliyin səngiməsinə və eyni zamanda alıcılıq qabiliyyətinin məhdudlaşdırılmasına xidmət edir. Bu gün həm də Mərkəzi Bankın apardığı məzənnə siyasəti də heç bir iqtisadi məntiqlə izah oluna bilməz. Onun əsasında duran inzibati vasitələr də düşünülmüş və məqsədəmüvafiq deyil.
Çünki bu gün Azərbaycan manatının məzənnəsi Azərbaycan iqtisadiyyatının durumundan asılıdır. Mərkəzi Bank bir tərəfdən manatın məzənnəsini möhkəmləndirmək siyasətini yeridir, digər tərəfdən isə dövriyyədəki manat kütləsini məhdudlaşdırmaqla həm də ümumdaxili məhsulun aşağı salınmasını sürətləndirir. Maliyyə Nazirliyi də öz fəaliyyətini önə çəkərək özünün daxili siyasəti ilə bütövlükdə dövlət büdcəsi vəsaitlərinin məhdud şəkildə xərcləməsi əsasında ölkədə ümumdaxili məhsulun aşağı düşməsini şərtləndirir. Birinci rübün nəticələrinə görə, ölkədə dövlət büdcəsində profisit yaranıb. Eyni zamanda ölkədə kifayət qədər həm cari, həm də kapital tələbi olduğu bir halda, xərcləmələr cəmisi 73 faiz yerinə yetirilib.xa0
Yəni bununla da Maliyyə Nazirliyi öz siyasəti ilə öz maraqlarını qoruyur və Azərbaycanda büdcə tarazlığını təmin edib profisit yaratmaqla bir tərəfdən Maliyyə Nazirliyinin daha yaxşı işlədiyini göstərməyə çalışır. Digər tərəfdən də unudurlar ki, bu siyasətləri ilə həm də Azərbaycanda ümumdaxili məhsulun aşağı düşməsini sürətləndirirlər. Çünki ümumdaxili məhsulun əsas komponentlərindən biri dövlət xərcləmələridir.xa0
Dövlət xərcləmələrinin də məhdudlaşdırılması son nəticədə ümumdaxili məhsulun özünün də tənəzzülünü daha da artırır. Bu, onu göstərir ki, Azərbaycan iqtisadiyyatında vahid mərkəzdən koordinasiya olunmuş və eyni zamanda eyni proqram əsasında idarəetmə yoxdur. Çünki ölkədə demək olar ki, hökumət fəaliyyətsizdir. Ölkənin hökumətinə rəhbərlik edən Nazirlər Kabinetinin sədri və baş nazir bu müzakirələrdən kənardadır. Hesab edirəm ki, bu gün nə qədər ki, Azərbaycanda kompleks fundamental proqramlarla iqtisadiyyatdakı prosesləri vahid mərkəzdən tənzimləməyəcəksə, bir o qədər də biz mövcud tənəzzülün qarşısını ala bilməyəcəyik.xa0
Bu da ölkədə işsizliyin səviyyəsinin getdikcə artmasına gətirib çıxaracaq. Eyni zamanda işsizliyin səviyyəsinin artması kifayət qədər sosial fəsadlar yaradacaq. Bunun həm dolanışıqla bağlı məsələlərə, həm də kriminal münasibətlərə qədər çox neqativ təsirləri olacaq. Ona görə də bu gün Azərbaycan iqtisadiyyatı üçün çox vacib məsələlərdən biri ölkədə işgüzar fəallığı artırmaq və əhalinin alıcılıq qabiliyyətini əvvəlki səviyyədə bərpa etməkdən xa0ibarətdir.xa0
Əks təqdirdə, yeni dövr həm də biznüs strukturlarının fəaliyyətinin məhdudlaşdırılmasına və bəzilərinin isə fəaliyyətini dayandırmasına gətirib çıxaracaq. Bu siyasət, həm Mərkəzi Bankın apardığı buxovlayıcı monetar siyasət, həm də Maliyyət Nazirliyinin apardığı məhdudlaşdırıcı fiskal siyasət hər ikisi Azərbaycan iqtisadiyyatının ümumiləşdirilmiş göstəricisi olan ümumi daxili məhsulun və milli gəlirin azalmasını şərtləndirir. Ayrı-ayrılıqda hər ikisi ola bilər ki, öz göstəriciləri ilə prezident qarşısında daha yaxşı təqdim oluna bilər.xa0
- Hər kəsi bu gün milli valyutanın gələcəyi düşündürür. Manat sərbəst buraxılsa, hansı həddə kimi bahalaşa bilər?
xa0
- Alıcılıq qabiliyyətinin prioritetləri əsasında hesablamalar var. Bu hesablamaları biz əvvəllər aparmışdıq. Onda alıcılıq qabiliyyəti daha da yüksək idi. Bunun əsasında manatın gerçək məzənnəsinin hazırkı məzənnə ilə müqayisədə ən azı iki dəfə aşağı olduğu nəticəsi əldə edilmişdi. İndiki halda yeni hesablamalara ehtiyac var. Ola bilsin, yeni rəqəm bu məzənnənin daha da aşağı olmasını şərtləndirsin. (musavat.com)


































































































