“Rusiyanın Nadejda Savçenkoya qarşı irəli sürdüyü ittihamlar tamamilə uydurmadır”x9d

Hazırda oxunan: “Rusiyanın Nadejda Savçenkoya qarşı irəli sürdüyü ittihamlar tamamilə uydurmadır”x9d

125746

Son günlər Rusiya dünyaya səs salan yeni qalmaqalla üzləşib. Bu dəfə problem Ukraynanın Donbas döyüş bölgəsindən tutulub Rusiyaya gətirilən, Rostov vilayət məhkəməsində mühakimə olunan Ukrayna ordusunun qadın hərbi pilotu Nadejda Savçenko ətrafındadır. Məsələyə aydınlıq gətirmək üçün Moderator.az olaraq İctimai Tədqiqatlar Mərkəzinin rəhbəri, hüquqşünas-kriminalist İlqar Altayla söhbət etdik.

 

-  İlqar bəy, Nadejda Savçenko məsələsi niyə qalmaqala çevrilib və sizcə hüquqi baxımdan hansı tərəf ədalətsizdir?

 

- Bu problem Rusiya tərəfindən, elə ilk anından beynəlxalq miqyaslı hüquqa zidd addımlarla başlayıb. Bu hal təbii ki, qalmaqal yaratmalı idi. Söhbət özgə bir hərbçi qadının özgə ölkənin ərazisində ələ keçirilib, gətirilib bu ölkədə absurd ittihamlarla mühakimə olunmasından gedir. Artıq, il yarımdır ki, Rusiya xüsusi xidmət orqanları Ukrayna ərazisində ukraynalı hərbçi N. Savçenkonu tutub gizli yolla Rusiyaya gətiriblər. Gətirəndən sonra ittiham irəli sürüblər ki, guya Ukrayna ərazisində iki Rusiyalı jurnalistin öldürülməsində iştirak edib. Sonra aydın olub ki, jurnalistlər Savçenko tutulub gətiriləndən sonra döyüş bölgəsində həlak olublar. Yəni, görünür bu, aktiv mübariz gənc qadını əvvəl zərərsizləşdirmək üçün ələ keçiriblər və sonra fikirləşiblər ki, üstünə hansı ittihamı qoyaq.

 

- Rusiya tərəfi isə göründüyü kimi, təkidlə Savçenkonu jurnalistlərin öldürülməsində günahkar bilir.

 

- İstintaq materialları və məhkəmə prosesindən göründüyü kimi, bu ittiham tamamilə uydurmadır.  Bunu artıq bütün dünya bilir. Hətta bu belə olsa belə, Savçenko hərbçidir, öz ölkəsində separatçı banditlərlə öz mübarizə funksiyasını yerinə yetirib. Səhv Rusiya tərəfdədir ki, öz telekanal jurnalistlərini icazəsiz, razılıq olmadan başqa ölkənin ərazisinə, döyüş bölgəsinə göndərib və təhlükəsizliyini təmin etməyib. Ukrayna hərbçiləri, vətənlərini qoruyur, Rusiya tərəfindən silahlanmış güclü separatçı hərbi birləşmələrlə ölüm-dirim savaşı aparır. Onlar atışma zamanı necə ayird edə bilərlər ki, qarşı tərəfdəki separatçı birləşmələrin içərisində jurnalist var?

 

- Hal-hazırda məhkəmə prosesi nə yerdədir?

 

- İl yarım müddətində bu mübariz döyüşçü qadının boynuna heç nə qoya bilməyiblər. Savçenko bütün təzyiq və işgəncələrə baxmayaraq, sınaqlardan qürurlu vətənpərvər kimi çıxıb. Məhkəmə yekunlaşmaq üzrədir. İş son dərəcədə siyasiləşib. Savçenkonun dəyişdirilməsi kimi bazarlıq məsələsi də ictimailəşib və artıq əhəmiyyətini itirib. Mühakimə prosesi də bu boyda dövlətə yaraşmayan tərzdə hüquqi yox, komik dərəcədə absurdluğa çatıb. Bu tərəfdən də Savçenko hamını, bütün dünyanı silkələyəcək ölüm aclığına başlayıb. Bu saat böyük ictimai rezonans yaranıb bu ətrafda.

 

- Rezonans nə səviyyədədir, yəni hansı sferaları əhatə edir?

 

- Əvvəla, Ukrayna dövləti öz qadın hərbçisi Savçenkonun Rusiyada mühakiməsini absurd adlandırıb və dərhal azad edilməsini qəti tələb edir. Artıq Qərb dövlətləri, beynəlxalq ictimaiyyət bu istiqamətdə qəti hərəkətə gəliblər. ABŞ və Avropa İttifaqı, beynəlxalq  təşkilatları bununla bağlı konkret addımlar atırlar. Hətta Türkiyədə, qonşu Tbilisidə bununla bağlı mitinqlər, yürüşlər keçirilir. Son məlumata görə Avropa deputatları xüsusi “Savçenko siyahısı”x9d hazırlayıblar. Yəni Savçenko işi ilə əlaqəsi olan Rusiya rəsmilərinin Avropaya buraxılmaması qərarı üçün. Siyahının da başında Putin durur.

 

- Bu səs-küylü məsələnin gedişatı nə ola bilər sizcə? Bu məsələ göründüyü kimi, çox davam edə bilməz yəqin.

 

- Rusiya rəhbərliyi özü-özünü çətin bir duruma salıb. Niyə? Nadejda Savçenko Ukraynanın tanınmış milli qəhrəmanıdır. Ukrayna parlamentinin üzvüdür, deputatdır. Mətin milli vətənpərvər və ölkəsinin ərazi bütövlüyü və demokratik inkişafı uğrunda mübariz gənc kimi imic qazanıb. İndi, Savçenkonu azad edib ölkəsinə qaytarmaq Kremlin nüfuzuna böyük zərbədir. Onu həbsdə saxlamaq isə açlığın davam etməsi, ölümü deməkdir. Bu variant bütün dünyada nifrət qazanması baxımından daha ziyanlıdır Rusiya üçün.

 

- Nəticə barədə nə deyə bilərsiniz? Hər halda siyasətçilər adətən ən mürəkkəb vəziyyətdə və kritik anda belə, ən gözlənilməz çözüm yolu tapırlar.

 

-  Bu gün, martın 9-u məhkəmədə son söz günüdür. Savçenkonun taqəti imkan versə, çıxıb son sözünü deyəcək və çox yəqin ki, aclıq davam edəcək. Bir ekspert kimi onu deyim ki, bu qız psixoloji cəhətdən artıq özünüqoruma instinktini itirib və aclığı, ölümü göz altına alıb. Açıq bəyan edib ki, mən istənilən halda bu avanturanı quran Kreml rəhbərliyi üzərində qalibəm və məni onsuz da tezliklə öz vətənimə qaytaracaqlar, fərq etmir, ya diri, ya meyid kimi. Dəfələrlə vəkillərin, keşişin, nüfuzlu insanların aclığı dayandırmaq xahişlərini qəti qəbul etməyib.  Yəni zarafat etmir, çox ciddidir. Çox güman ki, bu məsələ ətrafında paytaxtlar və liderlər arasında ciddi mübadilə gedir. Yəqin ki, Kreml və cənab Putin nəsə bir razılaşma variantlı adı ilə bu məsələdəki məğlubiyyətlərini ört-basdır etmək variantı ilə Savçenkonu ölkəsinə qaytaracaq. 

 

- Bu məsələnin də Rusiya üçün növbəti nüfuz itirməsi ilə nəticələndiyini nəzərə alsaq, ümumiyyətlə Kreml sahiblərinin son illərdəki siyasəti barədə nə deyərdiniz? Rusiya bu addımlarla nə edir, hara gedir?

 

- Ümumiyyətlə, tarix göstərir ki, istər bir orqanizm olsun, dövlət, ya imperiya olsun, nə vaxtsa yorulub tükənir. Bu andan da onun daxilindəki özünüməhv proqramı işə düşür.  Onun bütün addımları yanlış, səhv olur, problemə çevrilir və hamısı onun dağılma, məhvinə yönəlir. Rusiyanın 2008-də Gürcüstana basqısından başlayaraq bütün son addımları özünə qarşı çevrilir, Rusiya Federasiyasının ziyanına və zəifləməsinə işləyir. Ukrayna, Krım və Donbass məsələsi, Suriyanı və türkmənləri bombalamaq, Türkiyə ilə münaqişə, hamısı dərindən analiz olunsa, faktiki  Rusiyanın məğlubiyyəti ilə nəticəılənib. Hələ daha əvvəl, Azərbaycana yaratdığı Qarabağ və Moldovaya yaratdığı Dnestryanı problemləri də, hamısı o cür,  Rusiyanın ugursuzluğuna doğru gedir.

 

- Savçenko məsələsi də deyəsən elə, bu göstərdiyiniz münaqişələr qədər ugursuzluq təlatümü yaradıb.

 

- Bəzən bir insan ətrafında problem bir böyük münaqişəyə bərabər ola bilir. Özünü dünyada ğüc, qütb mərkəzi hesab edən imperiya, bir qadın döyüşçünü onun ölkəsindən qanunsuz tutub öz ölkəsinə gətirib qanuni mühakimə etmək istəyir. Bu necə ola bilər? Bilmirsən komediyadır, ya faciə. İl yarımdır biabırçı vəziyyətdədir. Düşünmür ki, qurduğu mühakimə elə ilk, Savçenkonun Ukraynadan Rusiyaya gizli-qaçaq gətirilməsi anından korlanıb. Bir normal müstəntiqin bir yanlış hüquqi prosedur - addımi görüb, düşünüb çəkinə biləcəyini, bir böyük dövlət rəhbərliyi öncədən görə bilmir. Bu nə deməkdir? Bu, böyük bir dövlət başında duranların özünü, qonşularını, hamını fəlakətə sala biləcək dərəcədə yanlış, qeyri-stabil psixoloji durum yaşamasıdir.

 

Seymur Əliyev

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin